Adil Mirseyidin əvvəllər heç yerdə dərc olunmamış bu şeirləri ilk dəfə “Kaspi” qəzetində çap edilib. Kulis.az həmin şeirləri təqdim edir.
cənnətin qapısında
yuvalarını dağıtdığım qarışqalar
daş atıb vurduğum quşlar
sevib unutduğum qızlar
namaz üstündə ağlayan ana
ölümdən o tərəfə kəfən mövlana
torpağa diz qoyub əkdiyim ağac
kim alar məni ölümün əlindən
ağlamaq istəyəndə şeir oxuyuram
ya da müasir incəsənət muzeyinə gedirəm
bir fincan qara qəhvə bir siqaret
bir gözəl qadın bir mücərrəd rəsm
nədənsə bir şey qırılır içimdə
nədənsə titrəyir səsim
kim alar məni ölümün əlindən
gəzib gördüyüm şəhərləri xatırlayıram
məscidlər sinaqoqlar provaslav kilsəsi
orqan musiqisi fleyta naləsi
meydanlar fəvvarələr heykəllər göyərçinlər
dərd uçub qonur çiynimə
dili lal qulağı sağır
kim alar məni ölümün əlindən
bir müjdə gözləyirəm bir müjdə
bir telefon zəngi bir məktub
bir söz bir təbəssüm bir nar çiçəyi
ya dənizin ötəsindən gələn bir bulud
ya tanrı dağlarından əsən rüzgar
ya bir yağmur mələyi
kim alar məni ömrün əlindən
uzun gecənin şeiri
bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var
mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil
hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm
pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı
gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə
eşq günahı
sənin gözlərində eşq günahı var
bilirəm ayrılıq izləyir bizi
haralardan əsdi bu qara rüzgar
sanki bir fəlakət izləyir bizi
bir yol ayrıcında üz üzə durduq
qarşıda uçurum arxada boşluq
biz gül yarpağında bir yuva qurduq
sevda dediyimiz gözəl sərxoşluq
nə durmusan bir hava çal çal aşıq
ürəyimiz parçalanır axşamlar
olum ölüm arasında qalmışıq
səsimizə hay vermədi adamlar
bu nə dərddi umud yoxdu sabaha
yandırdılar mənim isti yuvamı
dur bir ruhani çal ölürəm daha
qiyamətə saxlamışam davamı
ayan üçün daha bir nəğmə
allah elə bilirdim
ömür uzun bir yoldu
gözümü yumub açdım
bu dünyaya nə oldu
nə oldu birdənbirə
göyüzündə qaçdı ay
qaranlığın qoynunda
uçdu uçdu uçdu ay
bilmədi ayrılıqdan
dəli olacaq könlüm
mənim izimə düşüb
gəlir qanadlı ölüm
ilahi yorub məni
bu enişlər yoxuşlar
nə şairlər xoşbəxtdi
nə ağaclar nə quşlar
qürbət heyvası
qürbətdə özləmişəm
məmləkət havasını
rəngindən tanıyıram
mən ağdaş heyvasını
bir fincan qəhvə gətir
bəxtimdən qara olsun
pəncərəni aç payız
axıb sinəmə dolsun
bir yağış yağdır oğlan
bir pəncərə önündə
mən qürbətdən gəlirəm
sarı cümə günündə
soyuq axşam qüssəsi
divarlara yapışır
haradasa bir qərib
qədəriylə çırpışır
o nə məni tanıyır
nə də artur rembonu
bir bulud yer üzündən
alıb aparır onu
istanbul nəğməsi
dənizdə gün batırdı
mavi nisan günündə
martı quşları uçur
başımızın üstündə
neçə yol ölüm ilə
gəldik burun buruna
gecikmişəm bu axşam
son dəniz vapuruna
barları dolaşıram
həsrətinlə qol boyun
gəl apar məni burdan
sona yetsin bu oyun
nə doğmadı nə yaddı
ay ulduzlu bu şəhər
minarələr oyaqdı
gecə səhərə qədər
gecə qatar uzaq yol
şəhərin son evləri
uzaqda qalıb indi
qatarın fit səsindən
yaz gecəsi diksindi
boylanıb aya baxdım
qatar pəncərəsindən
amma işıq gəlmirdi
göydən ay hücrəsindən
hardasa çay axırdı
hardasa it hürürdü
gözlərim oyaq idi
ruhum yuxu görürdü
könül başqa oyunu
get ölümə hazır ol
mən fatalist adamam
gecə qatar uzaq yol
piter breygelin rəsmləri üstünə
mənim taleyimdə xəncər yarası
ana duası var mənim ruhumda
bu dünyada olum ölüm arası
ikicə addımdı gördüm yuxuda
yuxumda breygel mənzərələri
və göylərə qalxan sirli nərdivan
qanımda peyğəmbər zəlzələləri
atar damarımdan fışqırar zaman
amma mən zamanla heç uzlaşmadım
yeddinci əsrdən gəlirəm indi
tanrı dağlarında qanad açmadım
petrol şəhərində ölürəm indi
ilgəyi boynuma keçirin dostlar
ölüm məlhəm olar dost amacına
başımın üstündə dar ağacı var
sağsağan qonubdu dar ağacına