Kulis.Az tənqidçi Ülvi Babasoyla müsahibəni təqdim edir.
- Ülvi, yazıçılarımızı dünya səviyyəli əsərlər yaratmamaqda qınayırlar. Kobud şəkildə desək bizim yazıçıların Nobel almağı heç uzaq ehtimal da deyil. Bəs ədəbi tənqidimiz necədir? Dünya səviyyəsindədirmi, dünya standartlarına cavab verirmi?
- Ədəbiyyatı dünyaya çıxa bilməyən ölkənin tənqidindən dünya səviyyəli nəticə gözləmək sadəlövhlük olardı. Çünki mətnin özü gərək tənqidçiyə imkan verə ki, əsər üzərində dünya səviyyəli mətn yarada. Bunu bu tərəfə də yozmaq olar ki, mətnin özü o səviyyədə olmasa da tənqidçi onun qüsur və kəsirlərini göstərərək ortaya dünya səviyyəli əsər qoya bilər. Burda da başqa səbəblər ortaya çıxır. Tənqid anlayışı bizdə ancaq müsbət və mənfi tərəfləri göstərmək kimi qəbul olunur.
- Bəs dünyadakı çağdaş tənqid necədir?
- Tənqid yaradıcı sahədir, mətn üzərindən yeni mətn yaratmaq sənətidir. Bizdə isə tənqidçilər mətnin üzərində yeni mətn yaratmaq yerinə əsəri, daha doğrusu, müəllifi mühakimə edirlər. Tənqidçi özünün görmək istədiyi mətni axtarır, bu mətn yaxşıdır, o biri pisdir deyir. Dünya ədəbi tənqidində isə belə deyil. Dünya tənqidində yaxşı bir tənqidi mətn hər hansı bir şeirdən, hekayədən, romandan geri qalmır. Tənqid bu deməkdir. Yazıçı ilə tənqidçinin fikirləri üst-üstə düşməyə də bilər. Dünyada tənqidi məqalə iki cür olur, akademik səviyyədə və bir də bədii-estetik səviyyədə. İkisinin cəmindən daha yaxşı tənqid yaranır. Tənqidçi məsələyə etik yanaşmalıdır. Tənqidçi bir əsəri götürüb ancaq pisləməli və ya başqa əsəri ancaq tərifləməli deyil.
- Tənqidçinin bədii əsəri pisləməyi qəbul edilmir?
- Yox. Nöqsanları demək olar. Tənqidçi nə istədiyini bilməlidir; yazıçının üslubunu təkmilləşdirməsini istəyir, yoxsa onun qüsurlarını üzər çıxarmaq istəyir. Mətndə xırdalıqlara getmək, mətninin özünün deyəcəyi məqsəddən uzaqlaşmaq olmaz. Dünya ədəbi tənqidində təfərrüata getmək yoxdur, mətnin üzərindən yeni mətn yaratmaq anlayışı var. Axı tənqid həm də göstərmə sənətidir. Yaxşını və pisi, gözəli və çirkini. Özü də şair və yazıçılardan geri qalmayacaq səviyyədə.
- Ülvi, bizdə sənin dediyin kriteriyalara cavab verən tənqid var?
- Konkret yoxdu deməzdim. Bizim tənqidçilər bir də görürsən müasir romanı XIX əsr roman ənənələri ilə tənqid edirlər. Axı, belə olmaz! İndiki ədəbiyyat daha fərqlidir.
- Belinski prinsipləri ilə Ekonu tənqid edirlər.
- Və ya Nekrasov baxışı ilə Rolan Bart məsələlərini qoyurlar. Halbuki bunlar estetik olaraq tamam fərqli hadisələrdir. Və yaxud tənqidçilər mətndə təkcə yaxşı və ya pis cəhətləri axtarırlar. Başqa vacib məsələlər kənarda qalır. Belə olmur.
- Sənin deməyindən belə çıxır tənqidi yazı ayrıca bədii əsərdir.
- Bir baxımdan bəli, elədir.
- O zaman əsərlə tanış olmadan da onun haqqında yazılmış tənqidi məqaləni oxuyub anlamaq olar?
- Yox. Əsəri oxumadan tənqidi yazını tam anlamaq olmaz. Ancaq oxucunu əsərə yönləndirən bir sənət sahəsi kimi təsir və nüfuzu güclüdür. Belə olmaldır. Tənqid romanla oxucu arasında ünsiyyət yaradır. Tənqidi yazı əsərin tanınmasında, dünyaya çıxmasında da önəmli rol oynayır. Bizdə tez-tez Nobel mükafatının adını çəkirlər. Başqa hansı mükafatları aldıq ki, indi də Nobeldən danışırıq?
- Doğru deyirsən, Pulitserdən, Qonkurdan, Bukerdən xəbərimiz yoxdur, ağzımızı açan kimi Nobel deyirik. Əslində bizim birbaşa Nobelə iddia eləməyimizin gülünc olması başqa mükafatları tanımamağımızdan görünür.
- Beynəlxalq ədəbiyyat mükafatlarını ala bilməməyimizin bir səbəbi də tənqiddir. Çünki həm akademik səviyyədə, həm də estetik səviyyədə tənqidçilərimiz formalaşmalıdır ki, dünyaya çıxan tənqidi məqalələr yazılsın. Axı dövrümüzdə normal əsərlər yazılır. Bunların təqdimatını aparmaq lazımdır. Amma elə tənqid ki, təkcə Azərbaycan oxucularına hesablanmasın, estetik olsun, dil baryerini aşsın və dünyadakı elmi dərgilərdə çap olunsun. Belə yazılar bizim ədəbiyyata maraq oyada bilər. Əlbəttə, nəşriyyatlar kimi tərcümə etmək lazım olduğunu bilirlər. Sadəcə bizdə prosesə başqa amillər də təsir edir. Mən onları burda sadalamaq istəmirəm. Amma tənqidin də rolu olmaldır. Bu yaxında Buker mükafatını koreyalı bir xanım aldı. Səbəb isə sadə idi. Bir koreyalı professor öz ədəbiyyatının dünya səviyyəsində təqdimatını aparırdı. Burda söhbət təkcə müasir ədəbiyyatdan getmir, klassik ədəbiyyat da bura daxildir. Əlbəttə ki, bu uğurun arxasında birinci növbədə xanım yazıçı Han Kanqın halal zəhməti dayanır. Ancaq ədəbiyyatşünas və tənqidçilərin üzərinə də yük düşür. Başqa vacib bir amilə də toxunaq. Dünya ədəbiyyatşünaslığında özünü göstərən tendensiya müqayisəli ədəbiyyat anlayışıdır. Bizdə kafedralarda müqayisəli ədəbiyyat öz əksini tapmayıb. Yəni, istənilən səviyyədə deyil. Müqayisəli ədəbiyyat anlayışı ilə biz dünyaya çıxa bilərik. Azərbaycan ədəbiyyatından hər hansı bir əsəri götürüb onu dünya ədəbiyyatında başqa bir əsərlə müqayisə edə bilərik.
- Nizami ilə Şekspiri müqayisə edə bilərik.
- Bəli. İşə klassiklərimizdən başlamalıyıq. Dünya ədəbiyyatşünaslığında Füzulinin təqdimatı var, amma özümüzün dünya ədəbi ictimaiyyətinə Füzuli təqdimatımız yoxdur. İtalo Kalvinonun Nizami haqqında yazısı var. Neçə azərbaycanlı oxucu Kalvinonun Nizami haqqında essesindən xəbərdardır?
- Lap tutaq ki, azərbaycanlı oxucu bilmir, elmi dairələrdə, ədəbi mühitdə necə bilirlərmi?
- Məsələ belədir ki, heç elmi dairələrdə də bilmirlər. Kalvino Nizamini başqa dünya klassikləri ilə müqayisə edir, onların sırasına daxil edir. Bu bizim üçün fəxarətdir. Amma özümüzün bundan xəbərimiz yoxdur. Bu həqiqətən bizim böyük bəlamızdır. Və yaxud Orhan Pamukun “Mənim adım qırmızı” əsərində Nizami əsərlərini dekonstruksiya eləməsi elə bizim ədəbiyyatla əlaqə yaratmaq deməkdir. Bəs bunu biz hansı dərəcədə təbliğ edə bilmişik?
- Təbliğ edə bilmərik. Çünki bizdə çox vaxt ədəbiyyat yox, şəxsi münasibətlər ön planda olur.
- Bəzən vəzifə, tanışlıq amili hansısa müəlliflərin əsərlərini toxunulmaz edir. Əslində isə ədəbiyyatda etik çərçivə daxilində toxunulmaz mətn yoxdur. Biz mətnlə ünsiyyətə giririk, hər hansı bir şəxslə, müəlliflə yox. Mətn yazılandan sonra müəllifin nəzarətindən çıxır. Oxucuların mətninə çevrilir. Onun üçün də mətnin üzərindən təhlil aparılmalıdır. Əlbəttə pozitiv resenziyalar da var, neqativ resenziyalar da. Təəssüf ki, bizim tənqidçilər bunun dozasını müəyyənləşdirə bilmirlər. Yazılar ya hədən artıq pozitiv olur, ya da həddən artıq neqativ. Heç bir sosial statusa malik olmayan yazıçıların əsərləri neqativ şəkildə təhlil olunur.
- Tanınmış, imtiyazları olan yazıçının üstünə gül-çiçəklə gedirlər, amma gənc yazıçının üstünə yaraq-əsləhə ilə.
- Məsələ burasındadır ki, zamanla belə olmayacaq. Əlli il sonra təriflənən əsər ədəbiyyatda qalmayacaq. Bax bu haqda düşünmürlər. Bu da ədəbiyyat adına çox ağrılı hadisədir.
- Ülvi, elə Türkiyədən nümunə gətirək. Bax orda tənqidçilərin işi təkcə hansısa əsər haqqında məqalə yazmaq deyil. Araşdırmalar aparırlar, ədəbiyyatı tədqiq edib elmi-kütləvi əsərlər yazırlar, hansısa sosial-ictimai problemi ədəbiyyat kontekstində araşdırırlar. Bizim tənqidçilərdə bu cür yaradıcılıq miqyası demək olar yoxdur.
- Tənqidçi ancaq resenziya yazmalı deyil. Tənqidçi hər hansı bir dərgi də çap edə bilər, müzakirələr keçirə bilər, oxucularla yazıçıların görüşünü təşkil edə bilər, onlara moderatorluq edə bilər. Türkiyədə Fərhad Qorxmaz adlı bir ədəbiyyatşünas - tənqidçi Orhan Pamukun “Kafamda bir tuhaflık” əsəri çıxandan sonra “Pamukun “Kafamda bir tuhaflıq” romanında Mövlud flaneur xarakter kimi” adlı məqalə yazmışdı. Flaneur nədir? Valter Benjamin Şarl Bodler haqqında yazdığı yazıda onu bu cür adlandırır. Flaneur ziyalı təbəqədən olan şəxslərin mənəvi sərgərdən həyatına deyilir. Flaneurluğun da növləri var. Heç bir ali təhsili olmayan, küçə satıcısı Mövludun gözü ilə biz İstanbulun 50 ilini görürük, bu da flaneurluğun bir növüdür. Bu məqalə demək olar dünyanın bütün elmi dairələrində yayılıb. Elə demək olmaz ki, guya Pamukun buna ehtiyacı yoxdur. Qətiyyən. Əsərləri Buker və başqa mükafatlara aparan elə bu cür məqalələrdir. Səmih Gümüş özü oxucularla yazıçılar arasında görüşlər təşkil edir, jurnal çap edir. Və ya Yıldız Ecevidin “Türk ədəbiyyatında postmodernist açılımlar” kitabı elmi dairələrdə çox məşhurdur. Bax tənqid elə bu deməkdir. Görün bir dənə fundamental kitab türk ədəbiyyatını dünyaya necə tanıdır. Bəs bizdə tənqidə, ədəbiyyatşünaslığa aid nə qədər fundamental kitablar var? Çox azdır. Son 20-25 ilin ədəbiyyatı ilə bağlı hansı tənqidi kitab yazılıb? Bir dənə Tehran Əlişanoğlunun “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” kitabının adını çəkmək olar. Bu kitab da daha çox dərs vəsaitidir, üstəlik hələ birinci hissəsi çap olunub.
- Əsəd Cahangirin də “Kim yatmış, kim oyaq” adlı kitabı var.
- Əsəd Cahangirin yazdığı kitab dərs vəsaiti deyil, əlavə materialdır. Yeri gəlmişkən, onun “Səs” və “Söz” esseləri Azərbaycan ədəbi tənqidinin şedevrlərindədir. Baxın, ölkədə müasir ədəbi proses barədə 2000-lər, 2010-cular ədəbiyyatı barədə bir dənə kitab yoxdur, dərsliklər yoxdur. Sadəcə ayrı-ayrı monoqrafiyalarda ötəri nəzər salınıb. Bu halın özü acınacaqlıdır. Mən Sovet dövrünün təbliğatını aparmaq üçün demirəm, amma həmin dövr üçün görün nə qədər qaynaq var.
- Müasir ədəbiyyatdan bəhs etmişkən, belə bir fikir var ki, ölkədə roman bumu yaşanır. Bax bu kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə çevriləcəkmi?
- İnsanlarda yazmaq istəyinin olması müsbət haldır. Ancaq bunun yaralı tərəfi də bundan ibarətdir ki, yazıçı var bəlkə on roman yazıb, amma onunun içində bir dənə normal süjet yoxdur. Amma roman bumuna da müsbət yanaşmaq lazımdır. Müasir ədəbi prosesdə məni qane edən tərəf ondan ibarətdir ki, gənclər öz üzərində işləyirlər. Mən Axundovdan başlayan modern ədəbiyyat mərhələsini nəzərdə tutaraq deyirəm ki, Azərbaycan ədəbiyyatı tarixində heç bir vaxt yeni gələn yazarlar öz üzərlərində bu qədər çalışmayıblar. Yazıçı və şairlər heç bir dövrdə olmayacaq qədər öz üzərlərində işləyirlər, mütaliə edirlər, dünya və Azərbaycan ədəbiyyatını paralel şəkildə izləyirlər. Bu əlbəttə azlıq təşkil edir, bu azlıq özü keyfiyyət göstəricisidir. Azərbaycan ədəbiyyatında heç bir dövrdə mütaliə istəyi olan gənclik formalaşmamışdı, bu gənclik indi formalaşır. Baxın, nə qədər eksperimental mətnlər yaranır, bunların arasında uğurlu eksperimentlər də var. Məsələ Nobel almaqda deyil. Yaxşı nəsr Nobelsiz də dünya ədəbiyyatı hadisəsidir. Heç dünya ondan xəbər tutmasın. Əgər bu gün hər hansı bir mətn yazılıb dünyaya çıxmırsa belə bu o demək deyil ki, bu dünya ədəbiyyatı hadisəsi deyil.
- Çağdaş ədəbi mühitdə ümumi mənzərə necədi? Yazılan əsərlərin içində dünya səviyyəli əsərlər çoxdur, yoxsa bunun əksidir?
- Əksidir. Dünya səviyyəsində əsərlər azlıq təşkil edir. Bizim ədəbiyyatımız lazımı səviyyəyə çatsa dünya özü bizə maraq göstərəcək. Bu qaçılmazdır.
- Gündəlik qayğılar içində boğulan yazıçının dünya səviyyəli əsər yazması çətindir.
- Bizim yazıçıların məişət dərdi onları daha çox xalturaya yönəldir. Belə yanaşmalar var ki, bizim yazıçıların intellekti çatmır, savadı yoxdur ki, yaxşı əsər yazsın. Amma bu qədər ağır şəraitdə ciddi şəkildə mütaliə edən, yazan gənclik də var. Bu, ümid verir.