“60-cılar” nəslinin düşməni beynəlxalq mükafata namizəddir

“60-cılar” nəslinin düşməni beynəlxalq mükafata namizəddir
20 may 2013
# 11:30

Tanınmış rus yazarı Vladimir Sorokinin adı 2013-cü il üçün Beynəlxalq Buker Mükafatı (orijinal adı - Man Booker İnternational Prize) nominantlarının qısa siyahısına salınıb.

Sözügedən siyahı yanvar ayının son həftəsində Hindistanın Caypur şəhərində keçirilən Ədəbiyyat Festivalında açıqlanıb. Siyahıda 9 ölkədən 10 yazarın adı var.

Gəlin, əksəriyyəti bizdə heç tanınmayan qələm sahibləriylə tanış olaq: rus ədibi Vladimir Sorokin, Çin yazarı Yan Linke, amerikalı 2 qadın yazıçı – Lidiya Devis və Merilin Robinson, kanadalı nasir Cosip Novakoviç, israilli Aaron Appelfeld, hindli Udupi Anantamurti və Pakistan yazarı İntizar Hüseyn.

Ödülün verildiyi ötən illər ərzində ən gənc finalçı fransız yazarı Mari Ndyay siyahıda doqquzuncudur: bu qaradərili xanım hazırda 45 yaşın içindədir. Onuncu finalçı tanınmış İsveçrə nasiri Peter Ştammdır - o, ödülün final mərhələsinə yüksələn ilk İsveçrə yazarı kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, əsas Buker Mükafatı (Booker Prize) ədəbiyyat dünyasının «Oskar»ı sayılır və 1969-cu ildən bəri paylanır. İldə bir dəfə Böyük Britaniyanı, İrlandiyanı və Britaniya Birliyi ölkələrini təmsil edən, ingiliscə misilsiz əsərlər yaradan nasirlərə verilir.

Mükafatın adının önünə 2002-ci ildən etibarən artırılan «Man» kəlməsi onun daimi sponsoru «Man Group» şirkətlər qrupuna işarə eləyir. (Qeyd - Yük maşınları, avtobuslar və dizel mühərriklərinin istehsalı üzrə dünyanın aparıcı konsernlərindən biri sayılan bu şirkətin illik satışlarının həcmi ortalama 13 milyard avro civarındadır, dünyadakı şöbələrində çalışan personalın sayı isə 50 minə çatır – A.Y.)

Beynəlxalq Buker Mükafatı isə sözügedən ödülün bir növ əlavəsi kimi 2005-ci ildə təsis edilib və bu il beşinci kərə təqdim olunacaq. Bu ödül ingiliscə yazmasa da, ingilis dilinə tərcümə edilən əsərləri dünyada dərin oxucu rəğbəti qazanan xarici yazarlara iki ildən bir verilir. O, ədəbiyyat sahəsindəki müstəsna xidmətlərə görə də təqdim oluna bilər.

Öncəki illərdə Beynəlxalq Buker Ödülünə namizədlər sırasına dünya ədəbiyyatının tanınmış simalarından Sol Bellou, Mario Varqas Lyosa (hər ikisi Nobel mükafatçısıdır), Con Apdayk, Milan Kundera, Müriel Spark və Amos Oz da girib.

Builki jürinin tərkibi, əvvəllər olduğu kimi, 3 deyil, 5 ekspertdən ibarətdir. Mükafat komitəsinin icraçı direktoru Fyametta Rokko mediaya bildirib ki, münsiflər heyəti üzvlərinin sayca artması namizədlərin seçimini daha ciddi şəkildə aparmağa imkan verəcəkdir. Həm də bu ekspertlərin hərəsi bəlli bir region üzrə ixtisaslaşdığından çağdaş dünya ədəbiyyatının tamamilə əhatə olunması bu dəfə sözün həqiqi mənasında gerçəkləşibdir.

Laureatların adları Londondakı Viktoriya və Albert Muzeyində mayın 26-da təşkil olunacaq təntənəli şam yeməyi zamanı açıqlanacaqdır. Qalib yazara 60 min funt-sterlinq (təqribən 118.000 dollar), onun tərcüməçilərindən birinə isə 15 min funt-sterlinq məbləğində pul mükafatı veriləcək. Öz tərcüməçiləri arasından mükafatlandırılmaq üzrə hansını seçmək hüququ isə qalib yazara verilir.

2005-2011-ci illər üçün Beynəlxalq Buker Mükafatına layiq görülən yazarlar dörd nəfərdir: İsmail Kadare (Albaniya - 2005), Çinua Açebe (Nigeriya – 2007), Elis Munro (Kanada - 2009) və Filip Rot (ABŞ - 2011).

İndiyədək rus yazarlarından ilk dəfə görkəmli nasir Lyudmila Ulitskaya 2009-cu ildə bu ödülə iddialıların final siyahısına düşə bilib.

Sorokinin jüri üzvlərinin ən çox səsini toplayacağına dair anlaşılmaz bir inam var içimdə, bəlkə də bu, onun bənzərsiz üslubuna həm bələdliyimdən, həm də heyranlığımdan irəli gəlir. İndiyədək onun 3 hekayəsini («Qovaq püfəsi», «Boş dərs», «Snayperin səhəri») və bir müsahibəsini dilimizə çevirmək imkanım olub.

2003-cü ildə çap etdirdiyim «Hamı və Heç kim» adlanan şeirlər və rəsmlər kitabımda gedən rübailərdən 18-cisi Sorokinə həsr olunub. Kontrkultura və ədəbi gigiyena janrında yazılan bu dördlüyü sonralar çoxlarının əzbərdən dediyinin şahidi olduğum üçün onu bu yazıda da təqdim etməyi uyğun görürəm:

Epiqraf - Rus postmodernist yazarı Vladimir Sorokin "altmışıncılar" ədəbi nəslini yenilikçi yox, sosialist realizminin davamçısı sayır.

18.

Poxdan nə fərqi var poxun -
bir az rəngdir,
bir az qoxu…
Rahat olmaq istəyirsən -
nə yaxın get,
nə də toxun…

Vladimir Georgiyeviç Sorokin çağdaş rus ədəbiyyatının Viktor Pelevin və Eduard Limonov ilə yanaşı duran görkəmli simalarındandır. Bəzi ədəbi ekspertlər bu üçlüyün çağdaş rus nəsrindəki rolunu XIX əsrdə üç klassikin – Lev Tolstoy, Fyodor Dostoyevski və Anton Çexovun oynadığı misilsiz rolla eyniləşdirirlər. Ədəbiyyat nəzəriyyəçiləri Sorokini postmodernist yazarlara aid etsələr də, o, öz yaradıcılığının konseptualizmə və sos-arta daha çox uyduğunu düşünür və bu mənada tanınmış rus yazarı Yuri Mamleyevi öz ustadı sayır. Onu da vurğulayaq ki, Sorokinin əksər əsərləri Sovet quruluşunun beyinlərə zorla yeritdiyi ideoloji ştampları, sosialist realizminin süni pafosunu, onun gizli kodlarını, yaradıcılıq metodlarını və ənənələrini yerlə-yeksan etməyə köklənsə də, bəzi əsərləri aşkar kontrkultura janrındadır.

Haşiyə: 2001-ci ildə Rusiyadan vətənə dönəndən sonra mən postmodern rus ədəbiyyatındakı say-seçmə əsərləri ilk dəfə dilimizə çevirdim, onların oxunub başa düşülməsinə, müzakirələrinə imkan yaratdım. Həmin dövrdə ədəbiyyatımız çaş-başlığa qapılmışdı və onun sosialist realizmindən sonra məhz bu yönü seçməsində «Ədalət» qəzetinin «Alatoran» əlavəsində çıxan yazıların əhəmiyyətli rolu oldu, fərqli estetikaya malik bu əsərlərin çapına ilk dəfə mən orada nail oldum.

Sonralar bu mətnləri hazırladığım «Postmodern rus ədəbiyyatı» antologiyasında topladım və öz imkanlarımla kitab şəklində çap etdirdim. Adıçəkilən kitaba bu günün özündə də gənc qələm sahibləri arasında marağın sönməməsi bir daha sübut edir ki, ədəbiyyatımız yeniləşməyə, dünya miqyasına çıxmağa hələ də böyük ehtiyac duyur.

Həmin mətnlər yeni minillikdə ölkəmizdə postmodernist fəlsəfənin, dünyagörüşünün və zövqün formalaşmasında müəyyən rol oynadılar. O illərdə ədəbiyyatda ilk addımlarını atan, hazırda isə imzaları kifayət qədər tanınan yazarlardan bir neçəsi sonralar mənə səmimi etiraf etmişdi ki, onların yazı üslublarının formalaşmasında həmin çevirilərin rolu danılmazdır.

Yazının sonunda Sorokinin həyat və yaradıcılığı barədə qısa bilgilərə yer verməyə gərək duydum:

Vladimir Georgiyeviç SOROKİN

1955-ci ildə Moskvanın Bıkovo qəsəbəsində doğulub. Moskvadakı Neft və Qaz İnstitutunu bitirsə də, aldığı mexanika mühəndisi ixtisası üzrə heç vaxt işləməyib. Bir müddət əlliyə qədər texniki kitaba bədii tərtibat verməklə çörəkpulu qazanıb. Həyatı boyu şair, nasir, opera librettoları müəllifi, kinodramaturq, dizayner və rəssam kimi fəaliyyət göstərib. İlk şeiri hələ birinci kurs tələbəsi ikən institutda nəşr olunan qəzetdə çap edilib.

Altı hekayəsinin və «Növbə» romanının bir arada toplandığı ilk kitabı 1985-ci ildə Parisdə nəşr olunub. Qısa zaman ərzində adıçəkilən roman Avropanın beş dilinə çevrilib. Bütün əsərləri Almaniyada dərin maraqla qarşılandığı üçün yazar bu ölkənin Mədəniyyət Nazirliyinin xüsusi mükafatına layiq görülüb. Rusiyada ilk əsəri («Düşbərə» pyesi) 1990-cı ildə, ilk kitabı isə 1992-ci ildə çapdan çıxıb.

Sorokinin «Buz» (2002), «Bro yolu» (2004) və «23000» (2005) adlı romanları trilogiya təşkil edir. «Norma» (1979-83), «Marinanın otuzuncu məhəbbəti» (1982-84), «Növbə» (1983-85), «Roman» (1985-89), «Dördlüyün ürəyi» (1991), «Mavi piy» (1999), «Opriçnikin bir günü» (2006) romanları, «Bir ay Dahauda» (1990), «Nastya» (2000), «Yığın» (2009) povestləri ədəbi mühitdə böyük çaxnaşmalar yaradıb.

Böyük hekayəçilik ənənələrinə malik rus ədəbiyyatına Sorokin öz hekayələri ilə görünməmiş yenilik gətirib. Yazıçının hekayələri aşağıdakı toplularda işıq üzü görüb: «İlk iməcilik» (1979-84), «Ziyafət» (2000), «Snayperin səhəri» (2002), «Moskva» (2002), «Dörd» (2005), «Üzüş» (2008), «Şəkərdən Kreml» (2008), «Monoklon» (2010).

O, həm də xeyli pyesin müəllifidir: «Düşbərə» (1984-87), «Qazma» (1985), «Rus nənə» (1988), «İnam» (1989), «Dismorfomaniya» (1990), «Yubiley» (1993), «Hochzeitreise» (1994-95), «Borş» (1995-96), «Dostoevsky-trip» (1997), «Yeni iliniz mübarək» (1998).

Nəsr əsərləri əsasında 8 film çəkilib.

Böyük Teatrın sifarişiylə bəstəkar Leonid Desyatnikovun «Rozentalın övladları» operasına libretto yazıb.

Əsərləri dünyanın 20-dən çox dilinə çevrilib. 2003-cü ildə yazarın bütün əsərlərinin bir arada toplandığı üçcildliyi işıq üzü görüb.

Çağdaş rus nəsri qarşısında xidmətlərinə görə 2001-ci ildə «Xalq Bukeri»nə və Andrey Belıy adına ədəbi mükafata layiq görülüb. 2005-ci ildə isə «Liberty» ödülünə sahiblənib. «Buz» romanına görə 2010-cu ildə Maksim Qorki mükafatını qazanıb. «Boran» povesti həmin il «Yeni söz sənəti» ödülünə, bir il sonra isə «Böyük kitab» müsabiqəsində ikinci yerə layiq görülüb.

Rus PEN-mərkəzinin üzvü olan yazar iki (əkiz) qız atasıdır.

V.Sorokini heç tanımayan oxucular onun sarsıdıcı hekayələrindən biri sayılan «Snayperin səhəri»ni burdan oxuya bilərlər.

https://www.facebook.com/azadyasharofficial

# 2962 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #