Corc Oruell (George Orwell) dünya ədəbiyyatına gətirdiyi Böyük Qardaş (Big Brother “1984” romanı) obrazı ilə çox məşhurdur.
Corc Orueldən söz düşəndə “Heyvanıstan” və “1984” romanları yada düşür. Dilimizə tərcümə olunmuş hər iki kitab, oxucuların diqqətini çəkib, xüsusilə gənc intellektuallar arasında müzakirə mövzusuna çevrilib.
Corc Oruell kimi tanıdığımız ingilis yazıçısının əsl adı Erix Artur Bleyerdir. O, 1903-cü ildə Hindistanın Benqal əyalətində, ingilis-hind ailəsində dünyaya göz açıb. Atası Riçard Bleyer Hindistan mülki xidmətində çalışırdı. Erix Artur bir yaşında ikən anası ilə birlikdə İngiltərəyə köçüb, uşaqlıq və ilk gənclik illərini burada keçirib.
Bleyer 1917-1921-ci illərdə Britaniyanın nüfuzlu təhsil müəssisələrindən sayılan İton kollecində təhsil alıb. Kolleci bitirdikdən sonra universitetdə oxumağa maddi imkanı olmadığından, altı il Böyük Britaniya İmperiya polisinin tərkibində Birmada xidmət edir. 1927-ci ildə özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəldiyindən dövlət xidmətindən ayrılır.
1928-1929-cu illərdə Bleyer "gerçəkliyi öyrənmək məqsədi" ilə Parisə köçür və həyat təcrübəsini artırır. Paris həyatından sonra Birma və Paris təəssüratlarını əks etdirən "Edam" (1931), "Paris və Londonla aşağı-yuxarı" (1933), "Birma günləri" (1934), "Fil ovu" (1936) kitablarını yazır.
İkinci kitabından başlayaraq bütün əsərlərini Corc Oruell təxəllüsü ilə çap etdirməyə başlayır.
Müstəmləkəçi məmur ailəsində doğulsa da Oruell gənclik illərindən müstəmləkəçilik və imperializmə qarşı kəskin münasibəti ilə fərqlənirdi. Böyük Britaniya əsarəti altında olan Birmada çalışdığı illər onun siyasi dünya görüşünün formalaşmasına ciddi təsir göstərir. Birmada əsil sosial-demokrat kimi yetişir. Sosial-demokrat ideyalara sadiq yazıçı yazdığı əsərlərdə də, bu dünyagörüşündən çıxış edir.
"Solçu Kitab Klubu"nun üzvü olan Corc Oruell İngiltərənin şimal əyalətlərindəki kasıb bölgələri, ehtiyac və yoxsulluq içərisində yaşayan fəhlələrin məskunlaşdığı bölgələri gəzmiş, gördüyü və müşahidə etdikləri əsasında "Viqan Perə yol" kitabını yazmışdı. İki hissədən ibarət olan bu kitab bədii əsərdən daha çox sosioloji tədqiqat hesab olunur. Kitabın ikinci hissəsi faşizm və kapitalizm qorxusundan çap olunmur.
Faşizm əleyhinə döyüşçü, antikommunist yazıçı
Siyasi baxışları onu 1936-cı ilin dekabrında Frankoya qarşı döyüşən ispan partizanları sıralarına gətirir. O qələm dostu, "New English Weekly" jurnalının redaktoru Filipp Maretə məktubunda "Bu faşizmi kimsə durdurmalıdır!"-yazırdı. O İspaniyaya yazıçı yox, döyüşçü və əsgər kimi getmişdi. Oruell deyirdi: “Kitab yazmaq ikinci dərəcəli işdir, məni İspaniyaya gətirən əsas səbəb faşizmə qarşı döyüşməkdir".
O İspaniyaya xanımı Elanla birlikdə getmişdi. O, Marksist Fəhlə Partiyasının hərbi dəstələrinin tərkibində vuruşurdu. Döyüşlər onun həyatından izsiz ötüşmür. Hətta döyüşlərin birində boynundan ağır yaralanır və bir müddət danışıq qabiliyyətini itirir. SSRİ-nin dəstəyi ilə formalaşan beynəlmiləl briqadaların İspaniyada faşizmin kökünü kəsib yerində kommunizm ideologiyasını yaymağa çalışdığını görən Oruell 1937-ci ilin iyununda bu ölkəni qatı antikommunist və antistalinist kimi tərk edir.
İspaniyadakı gərgin günlərdən sonra yarım il Mərakeşdə yaşayır. Burda həm aldığı yaradan müalicə olunur, həm də iştirakçısı olduğu mübarizəyə həsr olunmuş "Kataloniyaya məhəbbətlə" kitabını yazır.
İspaniyadakı çətinliklərdən sonra yazıçı Oruell səfər və macəra həvəsindən əl çəkir və yaradıcılığı ilə məşğul olmağa başlayır. 1940-cı ildə Londonda məskunlaşır və burada "New English Weekly", "New Statesman", "Time and Tide" kimi jurnallarla əməkdaşlıq edir.
“Təpiklənən portağal”- BBC-nin müxbiri
II Dünya müharibəsinin genişləndiyi 1941-ci ildə Corc Oruell könüllü kimi Londonun hava hücumundan müdafiə batalyonuna qoşulur və BBC-nin Şərq xidmətində fəaliyyətə başlayır. BBC-də onun Tomas Eliot, Edvard Forster, Rac Anand, Uilyam Empson kimi görkəmli ədəbi şəxsiyyətlərlə tanışlığı və əməkdaşlığı başlayır. BBC radiostansiyasının da tərkibinə daxil olduğu İnformasiya Nazirliyi isə sonralar "1984" romanında təsvir edilən nazirliklərdən birinin prototipinə çevrilir.
Yaradıcılığına böyük köməyi olsa da, yazıçı 1943-cü ildə məşhur radiostansiyanı tərk edir. Daha sonra "Tribune" qəzetinin ədəbi redaktoru, müharibənin son aylarında isə Fransa və Almaniyada hərbi müxbir kimi müstəqil jurnalist fəaliyyəti ilə məşğul olur. Radiodan getməyinin əsas səbəbi burada ürəyinə yatmayan təbliğat fəaliyyətinə cəlb olunması idi. Corc Oruell sonralar yazırdı ki, hər dəfə belə materiallar hazırlayan zaman "özünü çox çirkli çəkmə ilə təpiklənən portağal kimi hiss edirdi".
Maddi sıxıntılar və həyatındakı çətinliklər səbəbindən Oruel çox erkən yaşda həyatdan köçüb. 1945-ci ildə uğursuz bir əməliyyatdan sonra həyat yoldaşını itirən Oruel, ölümündən qısa müddət öncə yenidən evlənir. Ancaq uzun sürən vərəm xəstəliyi onu gücdən salmışdı. 10 kitab və saysız-hesabsız məqalələr müəllifi 1950-ci ilin yanvarında, 46 yaşında dünyasını dəyişir.
Stalinin donuza bənzədildiyi roman - "Heyvanıstan"
II Dünya müharibəsinin Sovet İttifaqının və antifaşist koalisiyasının qələbəsi ilə başa çatdığı ərəfədə-1945-ci ilin avqustunda Oruellin ilk antistalinist əsəri-"Animal farm"-"Heyvanıstan" romanı eyni vaxtda Böyük Britaniyada və ABŞ-da çap olundu. Bu kitab qısa müddət ərzində hər iki ölkədə bestsellerə çevrilmişdi. Maraqlıdır ki, Corc Oruell istər "Heyvanıstan", istərsə də "1984" romanlarını SSRİ-nin yüksəliş dövründə olduğu, Avropa və Amerikanın sovet rəhbərliyi ilə əlaqələr yaratmağa can atdıqları bir zamanda yayınlanmışdı.
Siyasi baxışlarına görə özünü "sosial-demokrat" sayan Oruell Böyük Britaniya leyboristlər partiyasının üzvü olsa da, trotskiçilərin və anarxistlərin təsirindən çıxa bilmirdi. Onun sovet rejiminə qarşı yazdığı sərt, tənqidində anarxistlərin və L.Trotskinin ciddi təsiri duyulur. "Heyvanıstan" romanında Oruell Sovet İttifaqının timsalında qəddar idarəçilik üsulunu göstərir.
Heyvanıstana rəhbərlik edən donuz Napoleon Stalinin obrazıdır. Napoleonun rəqibi olan digər donuz Snouboll isə Trotskinin obrazıdır. Üsyan zamanı o, Napoleondan daha fəaldır. Gözəl natiqdir, intellektualdır, yalnız zora əsaslanan Napoleonla müqayisədə daha ziyalı və demokratdır. İnqilabın haqqında düşüncələri və inqilabın gələcəyinə münasibəti də fərqlidir.
Stalin Trotskini SSRİ-dən qovduğu kimi Napoleon da Snoubollu Heyvanıstandan didərgin salır. Heyvanıstandakı bütün repressiyalar da Snoubollun tərəfdarlarına qarşı aparılır.
Çığırğan obrazı Molotovu və "Pravda" qəzetini əks etdirir. O, Napoleonun - Stalinin əsas informasiya dəstəyidir. Əsərdə epizodik şəkildə adı çəkilən şair Minimusun Maksim Qorki olduğunu düşünənlər var.
Pincfild ferması və mister Frederik adları altında faşist Almaniyası və onun füreri Adolf Hitler nəzərdə tutulur.
Romandakı digər heyvan personajların daşıdıqları alleqorik yük də maraqlıdır. Üç at-Bokser, Klover və Molli müvafiq olaraq aşağı, orta və yuxarı təbəqənin təmsilçiləridir. Proletariatı təmsil edən, ən çox istismara məruz qalan və "Mən daha çox işləyəcəyəm" sözlərini öz həyat şüarına çevirən Bokser eyni zamanda Staxanov hərəkatına işarədir. Napoleonun yalançı və riyakar olduğunu bildiyi halda toxunmadığı əl qarğası Moses ortodoks rus kilsəsinin ümumiləşmiş obrazıdır.
Ağ keçi Müriel ziyalıların, toyuqlar qolçomaqların, daim Napoleonun yanında olan köpəklər gizli xidmət orqanlarının, pişik qanuni oğruların, qoyunlar geniş xalq kütlələrinin, göyərçinlər sovet təbliğatının rəmzləridir. Romanda "Heyvanıstan"la SSRİ-ni eyniləşdirməyə əsas verən çoxlu simvollar var.
Gələcəyin ştrixləri - “1984”
“1984″ adlı roman-antiutopiyada Corc Oruell dünya birliyinin mümkün gələcəyini hamının nifrət və qorxu ilə dolu, dözülməz fiziki və mənəvi əsarət içində olacağı iyerarxik totalitar rejim şəklində təsvir edir. Hakim və yeganə partiyanın üzvü olan Uinston Smit quruluşa olan nifrətini yazmaq üçün qadağan olunmuş yolla bir
gündəlik əldə edir. Ancaq adamın hər addımının izlənildiyi, daim telekranın obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Ancaq o yazmağa iddialıdır. Romanda haqqında danışılan arzuolunmaz sistemi SSRİ ilə müqayisə etsələr də, Oruell bu əsərində kapitalizmi, faşizmi və sosializmi birlikdə tənqid edir.
Bu elə bir sistemdir ki, hər bir şeyə sahib olan Partiya öz düşmənini də özü yetişdirib, partiyaya yad təlim olan Qoldşteynin gizli kitabını da məhz partiyanın sədaqətli üzvü O’Brayn başda olmaqla partiya nümayəndələri tərəfindən yazılıb.
Oruell əsəri “Avropada sonuncu insan” adlandırmaq istəyi təsadüfi deyil. Uinston Smit zülmə qarşı dirənən, həqiqəti yalnız bir nəfərin gördüyü, lakin sonunda işgəncələr nəticəsində əyilməyə məcbur olan insandır. Uinston Smitlə Culiyanın sevgisi də, mistik və simvolik detal kimi çox maraqlıdır.
“1984” romanında Böyük Qardaş partiyanın əbədi rəmzidir. O dünyanı idarə edən və aralarında savaş aparan üç böyük dövlətdən birinin Okeaniyanın rəhbəridir. Bu üç böyük dövlət, Okeaniya, Avrasiya, İstasiya seçimləri də çox maraqlı detaldır. Okeaniyanın hər bir yerində onun rəsmi asılıb. “Böyük Qardaş səni izləyir” sözləri hər bir yeri bəzəyir.
İnsanlar evlərdə, küçələrdə olan telekran vasitəsilə izlənilir. Bu ekranlar kiçicik bir mimikadan da partiyaya qarşı çıxa biləcək insanı müəyyənləşdirir. Danışılan hər bir söz dinlənilir. Sənədlər üzərində Okeaniyanın qüdrətli dövlət olduğu söylənilir.
Corc Oruelin “1984” romanı antiutopik əsər olsa da müasir dövrdəki bir sıra texnoloji nailiyyətlər, dünya xüsusi xidmət orqanlarının istifadə etdiyi metodlar Corc Oruelin “istəmədiyi dünya”nın bərqərar olduğundan xəbər verir. Baxmayaraq ki, Oruelin mübarizə obyekti olan SSRİ çoxdan dağılıb, bununla belə özünün öncəgörmələri ilə böyük yazıçı günümüzdə də maraqla oxunur.
Qeyd: Azərbaycan dilinə böyük ustalıqla tərcümə edilən hər iki romanın tərcüməçisi Vilayət Quliyevdir. Yazıda tərcüməçinin hər iki kitaba yazdığı ön sözdəki məlumatlardan istifadə edilib.