Kulis.Az şairə Səhər Əhmədlə müsahibəni təqdim edir.
- İlk şeirlərini nə vaxt yazmısan?
- İlk şeirimi on yaşımda yazmışdım. Dördüncü sinifdə oxuyurdum, indiki kimi yadımdadır, qardaşımla oynamağa gedirdim. Birdən dedim, dayan, mən şeir yazmışam. Qəribə bir şey oldu. Evə gəlib şeiri kağıza köçürdüm.
- İlk şeirinin adı nə idi?
- “Ana” adlı şeir idi.
Ana müqəddəsdir, ana ülvidir,
Ana ömrü bir bahara bənzəyir,
Ana mirvaridir, ana incidir,
Ana ömrü laləzara bənzəyir.
Belə bir şeir idi. Sonra Molla Pənah Vaqifin “Durnalar” şeirindən təsirlənib mən də “Durnalar” adlı şeir yazdım. Həmin şeir yadımda deyil. Atam ədəbiyyat müəllimi idi. Ona göstərdim, dedi ki, niyə durnalar haqda şeir yazırsan? Mən də dedim ki, Vaqif də “Durnalar” qoşmasını yazıb. Amma siz Vaqifi dərslikdə keçirsiniz. Sonra daha yazdığım şeirləri evdə göstərmədim. Məndə kompleks yarandı və yazdıqlarımı gizlətməyə başladım.
- Niyə gizlətməyə başladın?
- Fikirləşirdim ki, yəqin yaxşı yazmıram.
- Bəs şeirlərini nə vaxt üzə çıxarmağa başladın?
- Mən o qədər tənbəl olmuşam ki, öz şeirlərimi kağıza da köçürməmişəm. Orta məktəbdə oxuyanda şeirlərimi rəfiqəm kağıza köçürürdü. Bu yaxınlarda onunla görüşmüşdüm. Dediyinə görə hələ də şeirlərimi saxlayır. İlk vaxtlar yazdığım şeirlərimi məhv etmişəm, rəfiqəmdən həmin şeirləri nə qədər istəsəm də vermədi. Deyir, ölənə qədər saxlayacam. Hə, rəfiqəm şeirləri “Pioner” qəzetinə göndərməyə başladı. Mən də deyirdim ki, göndərmə. Çap etmirdilər, pis olurdum. Xəbər tutmayım deyə şeirləri göndərəndə öz adresini yazırdı. Onlar da cavablarında yazırdılar ki, yaxşı şeirləriniz var, amma biz ədəbi əsərləri iki dildə qəbul edirik. Bəhanə gətirirdilər ki, gərək rus dilində də yazasınız. Ancaq rayon qəzetində çap olundum. İlk vaxtlar onlar da şeirlərimi çap etmirdilər. Şahmat turnirində yer tutandan sonra yavaş-yavaş tanımağa başladılar. Hətta qonorarı da o qızın adına göndərmişdilər.
- Rayondan baxanda Bakı ədəbi mühiti necə görünürdü?
- Ədəbi mühit əlbəttə ki, dövlət televiziyasının göstərdiyi şəkildə görünürdü. Ramiz Rövşəni, Nüsrət Kəsəmənlini, Tofiq Bayramı oxuyurduq. Atam ədəbiyyat müəllimi olduğuna görə mən gözümü kitabların içində açmışam. Kitabları da seçməmişəm, əlimə nə keçibsə oxumuşam. Atam əvvəllər rus ədəbiyyatı oxumağa qoymurdu. Nədənsə rus ədəbiyyatını xoşlamırdı. Şahmat turnirində yer tutanda mənə dünya uşaq ədəbiyyatını hədiyyə etdilər. İlk dəfə Lermontovun “Zəmanəmizin qəhrəmanı” və Puşkinin “Kapitan qızı” əsərini onda oxudum. Və vuruldum rus ədəbiyyatına. Evimizdəki kitabxanada isə dünya ədəbiyyatı çox vardı.“Anna Karenina”dan başqa rus ədəbiyyatına aid bir əsər yox idi.
Azərbaycan ədəbiyyatından isə Anarı, Elçini, Əkrəm Əylislini oxuyurdum. Dünya ədəbiyyatını oxuyana kimi Məmməd Səid Ordubadini, Mirzə İbrahimovun bütün əsərlərini oxumuşdum. Bilmirdim də, qarşıma nə çıxırdı oxuyurdum. Amma dünya ədəbiyyatını oxuyandan sonra gördüm ki, artıq Anardan, Əkrəm Əylislidən, İsa Hüseynovdan, İsi Məlikzadədən başqa heç kəsi oxuya bilmirəm.
- Bəs ədəbiyyata nə vaxt gəldin?
- Doxsanıncı illərin əvvəlləri idi. Bizim üçün “Ulduz” jurnalında çap olunmaq böyük bir şey idi. O dövrün öz xüsusiyyətləri var idi. İndiki kimi internet yox idi. Bir-birimizi çətinliklə tapırdıq. Məsələn, Mətləb Ağa universitetdən bizim instituta əlyazmada şeirlərini gətirirdi.
- Sizin nəsil ədəbiyyata gəldiyi dövrdə Azərbaycan ədəbiyyatı durğunluq içində idi. Jurnallar çap olunmurdu, ədəbiyyat uduzmuşdu. O dövrdə yazmaq çətin deyildi?
- Prosesin içərisinndə olanda ədəbiyyatın durumu haqqında fikirləşmirsən. Elə düşünürsən ki, ədəbi mühit elə belə olmalıdır. İndiki dövrlə müqayisə edəndə görürük ki, o dövr necə çətin olub, nə qədər durğun bir dövr olub. O vaxt bizə elə gəlirdi ki, elə ən yaxşı ədəbi mühitə düşmüşük.
- Əvvəl bir dönəm oldu ki, şeir yazanların çoxluğundan şikayət edirdilər, indi isə roman yazanların çoxluğundan şikayət edirlər. O vaxt bu çoxluq gözə dəyirdimi?
- O vaxt bu gözə dəymirdi. O çoxluq indi saytlarda, sosial şəbəkələrdə gözə dəyir. Əksinə o dövr aclıq var idi. Necə gözə dəyə bilərdi? Oxucular şairlərdən, yazıçılardan doymamışdılar. İndi oxucular rahat-rahat sənə yaza bilir. Mən daha çox tələbəlik vaxtı populyar oldum. Ailə qurandan sonra gözə görünmədim. Bəzən heç bilmirdilər mən kiməm. Hətta bir dəfə Məhərrəm Qasımzadə dedi, mən elə bilirdim sən İran azərbaycanlısısan (gülür).
- Ədəbiyyata gəldiyin zaman ədəbi mühitdə kimlərin hegemoniyası var idi?
- O dövr hələ Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının, Bəxtiyar Vahabzadənin havası qalmışdı. Biz o vaxt Ramiz Rövşənin təzə-təzə kəşf edirdik. Ramiz Rövşən indiki kimi populyar deyildi. Elə bir dövr idi ki, söhbətlər təzə-təzə başlayırdı. Bir dəfə Nüsrət Kəsəmənli məndən soruşdu ki, bizim haqqımızda nə deyirlər? Dedim ki, sizə boz ədəbiyyat deyirlər. Elə beləcə də dedim (gülür). Yazıq dəhşət əsəbiləşdi. O vaxt sovet ədəbiyyatına ağız büzmələr hələ təzə başlamışdı. Amma nisbətən mədəni şəkildə başlamışdı.
- İlk kitabın nə vaxt çıxdı?
- İlk kitabım min doqquz yüz doxsan dördüncü ildə, ikinci kursda oxuyanda çap olundu.
- Həmin dövrdə vəziyyət çətin idi. Kitab çap etmək fikri necə yarandı?
- Mən heç vaxt kitab üstündə əziyyət çəkməmişəm. Düzünü deyirəm, ay nə bilim harasa ayaq döyüm filan, mən də belə bir şey olmayıb. Tələbə yoldaşım çox şeir sevən qız idi. Ona şeirimi dedim. Dedi bu kimin şeiridi? Ramiz Rövşəndi, ya Nüsrət Kəsəmənli? Kimdi bu? Mən niyə bunu oxumamışam? Sonra bir şeir də dedim. Dedi, mənə şirin gəlir (gülür). Bir neçə ay ona beləcə şeirlərimdən dedim, amma mənim yazdığımı demədim. Dedi, necə ola bilər Azərbaycan ədəbiyyatında belə şair olub, mən onu oxumamışam. İki aydan sonra etiraf elədim ki, həmin şeirlərin müəllifi mənəm. Sonra mən dedim, o köçürməyə başladı. Zahid Xəlil bizim fakültədə dərs deyirdi, rəfiqəm şeirlərimi ona göstərdi. O da oxuyub bəyənmişdi. Dedi, sənin kitabını çıxarmaq istəyirəm. Yalan deyərəm, necə oldu, heç nədən xəbərim olmadı. Bildiyiniz kimi o vaxt şeir kitablarının tərtibatı pis vəziyyətdə idi. Balaca bir kitab idi, elə universitetdə Zahid müəllim verdi mənə. O kitab çox populyar oldu o vaxt tələbələr arasındaş Bəzən başqa ali məktəblərdən tələbələr gəlib məni tapırdı. İndinin özündə də tələbə yoldaşlarım məni daha çox o şeirlərlə tanıyırlar. Həmin şeirləri sosial şəbəkələrdə paylaşırlar. Adımı yazıb paylaşanda əsəbiləşirəm, deyirəm adsız paylaşın (gülür).
- Nəyə görə bu şeirlərdən narahatsan?
- Narahat deyiləm. Sadəcə vaxt keçdikcə keyfiyyət baxımından bəyənmirsən. Amma həddindən artıq səmimi şeirlər idi. Qohumlar, tələbə yoldaşlarım tez-tez deyirlər ki, sən nə yazırdınsa elə o vaxt yazırdın. İndi nə yazırsansa, heç nə başa düşmürük. Folklora yaxın şox sadə şeirlər idi. Bir dəfə anam dedi ki, dünən kənddə hüzr yerinə getmişdim, sənin şeirini ağı kimi deyirdilər. Hətta birinci kitabım Almaniyaya qədər gedib çıxıb.
- İstərdik, kitabın Almaniyada çap olunması ilə bağlı danışasan...
- Kitab təzə çıxmışdı. Qalın kitab deyildi. Tələbə yoldaşım kitabın arasına telefon bloknotu, bir də səhv etmirəmsə qiymət kitabçasını qoyubmuş. Oğru da elə bilib pul qabıdı, götürüb. Mən doxsan dördüncü ildən danışıram. Özümü lap “Titanik” filmindəki yaşlı qadın kimi hiss elədim (gülür). Qız da kasıb idi, yataqxanada qalırdı. Dedi ki, sənin kitabın da itib. Qızlar bir xeyli zarafatlaşdılar ki, sən çox varlı görünmüsən, ona görə sənin çantana giriblər. Sonra mənlə zarafat etdilər ki, yox, oğru Səhərin kitabına görə gəlibmiş. Qiymət kitabçası da itdiyinə görə qız narahat idi. Dedim, orda telefon dəftəri var, tələsmə, zəng edəcəklər. Dəftərdə də tələbə qızların telefon nömrələri olub. Yolda bir nəfərin rastına çıxıb, o da sənəd olduğuna görə götürüb. Mənim də nömrəm dəftərdə var idi. Təsadüfən mənə zəng etdi. Gedib onu götürdük. Bloknotu da qaytardı, qiymət kitabçasını da. Kitab yoxuydu. Qızlar yenə başladılar ki, deyirdik də oğru sənin kitabına gəlib (gülür). Nə isə hardasa on il keçdi. İki min dördüncü ildə mənə zəng gəldi. Dedi ki, mən Kəmalə Günəşəm, Almaniyada yaşayıram, bəs məndə sizin kitabınız var. Almaniyada yaşayan Albülkadir İnaltekin adlı bir türk tapıb həmin kitabı. Kitab sevər olub, görüb palçığa batmış kitabdı, götürüb. Aparıb yuyub təmizləyib. Sonra özüylə Almaniyaya aparıb. Kitabı Almaniyada çap edib dərnəklərindəki türklər arasında yayıblar. Kitabın da üstündə ancaq Səhər yazılıb. Sonra maraqlanmağa başlayıblar ki, bu şeirləri yazan kimdi. Xanım da dedi ki, mənə tapşırmışdılar ki, axtarım tapım səni. Mən də onda evlənmişdim. Məktəbdə müəllim işləyirdim. O vaxt internet yox, facebook yox, heç bir əlaqə yox idi. Yadımdadır ki, həmin qız zəng edəndə təzə email açmışdım. Dedi, Əkbər Qoşalının yanında idim, orda adımı çəkib, belə tapıb məni. Qız dedi ki, mən gedəcəm Almaniyaya. Mən də ikinci kitabımı imzaladım və emailimi də yazıb həmin adama göndərdim. Bayram günlərində təbrik mesajları yazırdı. Sonra facebookda tapdım onu. Dedi, Bakıda muğamla bağlı konfrans olacaq, gələcəm. Sözün açığı, gedə bilmədim onu görə görməyə. Amma bu hadisə mənə çox mistik təsir bağışlamışdı. İndi facebookda dostumdur, heç bir-birimizə salam da yazmamışıq. Ona görə deyirəm, o dövrün öz gözəlliyi var idi.
- Hər nəsil ədəbiyyatda itkilər verir. Sizin nəsildən elə bil ədəbiyyatda az adam qalıb.
- Haqlısınız. Çünki ele bir dövr idi ki, ədəbiyyatda qalmaq fədəkarlıq tələb edirdi. Hərə öz başını güclə saxlayırdı onda. Qonarar yox, iş yox, kitab çıxarmağa imkan yox. Ona görə də təsadüfü adamlar demək olar ki, az qaldı bizim nəsildə. Çox az adam dirənib qala bildi. Hamlet iş dalınca Rusiyaya getdi, orda həyatını itirdi. Şəfanı maşın qəzasında itirdik. Mətləb işləmək üçün rayona getdi, Xalidə ailə qurub xaricə üz tutdu. Bizim nəsildə qadınlar ümumiyyətlə az idi. Bizdən sonrakı nəsildə qadınlar daha çox ədəbiyyata vaxt ayırdılar. Xalidədən sonra mən qadın yazar xatırlamıram ki, onunla oturub söhbət edəm. Ancaq kişilər idi. Onlarla da az bir yerdə olduq. İndi baxıram, maşallah, gündə bir tədbir, bir təqdimat. Hətta evdar qadınlar həvəslə qatılırlar.
- Sizin nəsildə kimlər var idi?
- Mətləb Ağa, Salam Sarvan, Əkbər Qoşalı, Hamlet Kazımoğlu, Qulu Ağsəsin adlarını çəkə bilərəm.
- Sizin kult hesab etdiyiniz adamlara - Anara, Elçinə, Ramiz Rövşənə qarşı çıxanlar olanda siz onu necə qarşılayırdınız?
- Vaqif Bayatlı deyirdi ki, uşaqlar, siz çox tərbiyəlisiniz. Dogrudan eləydi, biz sizin kimi asi deyildik, ola da bilməzdik. Sovet tərbiyəsi bizi tərk etməmişdi. Bəzi az qala pərəstış olunan imzalara şəxsən özümü deyirəm, etirazım vardı, amma onu sizin kimi ifadə eləmirdim. Yəni, haqlı iradlarla razılaşırdım, hətta ürəyimdən tikan çıxırdı. Mən özümün deyə bilmədiyimi, aglıma gəlməyən fikri oxuyanda sevinirəm. Amma ifrata varmağı da xoşlamıram. O vaxt sizin dedikləriniz də bəzən şayiə kimi yayılırdı, kimsə oxuyurdu, üstünə də beşini qoyub deyirdi. Bəs filankəs belə deyib. Heyrətlə qarşılayırdıq bəzən, maraqlanirdıq ki, oxuyaq, görək, özləri nə yazır. Bu qədər də olmaz deyirdik. Bu adamın əməyi var, bu adamı bu dərəcə tapdalamaq olmaz.
- Səni ən çox kimə qarşı olan hücumlar narahat edib?
- Daha çox Ramiz Rövşənə qarşı. Mənimçün həmişə istadad yazıçını qiymətləndirmək üçün yeganə dəyər olub. Demişəm və yenə də deyirəm, Ramiz Rövşən böyük şairdi, başqa xalqlar onunla fəxr edərdi, biz məhv etmək istəyirik. Poeziyanı düşündürən bütün mövzuları işləyib o. Özü də necə lazımdı. Ağlına hansı poetik bir misra gəlir, görürsən bu fikri Ramiz deyib, üstünə deyiləcək də söz qalmayıb. Onu tənqid edənlərdən hansı Ramizdən daha güclü əsər qoyub ortalığa? Arqumentə bax. Durub kimisə klassik ədəbi məktəbin nümayəndəsi olduğuna görə qınayasan ki, sən niyə hecada yazırsan. Bu söz deyil axı. Əsas məzmundur, formanın nə dəxli var ki? Bir yaxşı fikri hecada dedin, yaxud da sərbəstdə dedin. Nə mənası var? Nə oldu, neçə əsrlər hecada yazılan şeirlər sevildi, indi birdən birə, bir nəsil onu qəbul eləmədi. Təbii deyil axı. Bəyəm sizin nəslin oxcuları Ramizi sevmir? İndiki tələbələr arasında da ən çox sevilən şairdi. İndi biz onu danaq ki, nədi, nədi hecada yazır. Hecada yazmaq ayıb zaddı? Cemal Safi haqqımda yazımda da yazmışdım. O mənə dedi ki, səncə hecada yazmaq daha rahatdı, yoxsa düzdə? Dedim ki, hocam, hecada yazmaq cizgidə yürümək kimidir. O qədər xoşuna gəldi ki, dedi, bravo.
- Müasir dövrdəki ədəbi prosesi necə görürsən? Vaqif Yusifli bir statistika açıqlayıb ki, ilə on yeddi roman çap olunur. Bu çox böyük rəqəmdir. Sən şeir bumu, roman bumu görürsənmi?
- Məncə, bizdə nəsr həmişə zəif olub. Biz nəsr xalqı deyilik, şeir xalqıyıq. Nə qədər bir-birimizi qırsaq da bu dəqiqə dünya ədəbiyyatına çıxacaq şairlər var bizdə. Biz poeziyanı bacarırıq. Bəlkə emosionalıq, bəlkə nəsr təcrübəmiz yoxdu, bilmirəm. Mən Türkiyədə tədbirlərdə çox olmuşam. İnanırsınız, onların bəyəndiyi şair bizim ən çox bəyənmədiyimiz şairdi. Hətta Cəmal Safi bir dəfə mənə dedi ki, şeir sizə bizdən gəlmiş. Mənim də atam sənin kimi azəri dilində danışırdı. Biz şeiri bacarırıq da, nəsri bacarmırıq. İndi nisbətən nəsrə daha çox müraciət olunur. Amma deməzdim ki, roman bumu yaşanır. Sözün əsl mənasında romandan söhbət gedir. Dünya ədəbiyyatına çıxara biləcəyimiz.
- Almaniyada qadın kitabxana müdirinin açıqlaması skandal yaratmışdı. Qadın demişdi ki, son beş ildə bir adam məndən şeir kitabı istəməyib. Şeirin ölməyi ilə bağlı aparılan müzakirələrə necə baxırsan?
- Almanları deyə bilmərəm, hələ ki bizimkilər şeri oxuyur. Görürsüz də nə qədər şeir paylaşılır sosial şəbəkələrdə? İki min üçüncü ildə “Kalbimin sokakları”nı bir qırağa qoysaq, Azərbaycan dilində şeir kitabım çıxmışdı. Fikirləşirdim ki, çap olunmuş şeirləri bir də çap etmək nəyə lazımdı. Onsuz da məni tanıyırlar, oxuyublar. İki cüt bir tək şeirim var, bilən bilir. Türkiyəyə tədbirlərə gedəndə getdiyim hər yerdə kitab istədilər. Haqlıydılar da məni tanımırdılar axı.Özümü lap yalançı şair kimi hiss elədim. Ondan sonra düşündüm ki, kitab lazımdı. Həm də özümüzü təbliğ etmək məqsədilə türkcəyə də çevirtdirdim. Nəysə, yayıldı o Türkiyədə, imza gününü də orda keçirdim, kitab mağazalarına da verdim, alındı da. Sizə deyim, orda bura nisbətən şeir daha yaxşı oxunur. Alınır da şeir kitabları. Bizim şeri sevir onlar. Elə olrdu ki, axşam otelin foyesində kitab bağışlayırdım, səhər yeməyində artıq adamlar fikir bildirir, əzbər misallar gətirirdilər.
Sözüm onda deyil, bu kitabdan sonra özümüzünkülər başladı gileylənməyə. İnanın, bu bir ildə başımı xarab elədilər ki, niyə türkcə çıxartmısınız, neynirəm türkcə kitabı, türkcə oxuya bilmirəm kimi iradlar çox gəldi. Artıq öz türkcəmizdə kitab şərt oldu. Ona görə də bu kitabı çap etdirdim və adını da “Görüşməyənədək” qoydum ki, bəlkə bir də kitabım çıxmadı (gülür). Fikirləşirəm ki, kitabın olması yaxşıdı. Mən özüm Ramiz Rövşənin, Vaqif bayatlının, Vaqif Səmədoğlunun əksər şeirini əzbər bilirəm amma, kitabları kitabxanamda olmasa sanki nəsə itirərəm. Hardasa ildə bir dəfə bu kitabları vərəqləyirəm. Yəqin mənim də oxucum istəyir ki, mənim kitabım onların kitabxanasında olsun. Dediyim odu ki, hələ ki bizdə şairdən şeir kitabı istəyirlər. Hətta fikir vermişəm, köşələrimdən daha çox şeirlərim maraqla qarşılanır. Elə mən özüm də yaxşı yeni şeri acgözlüklə oxuyuram. Yalandan şeir ölüb demək lazım deyil. Öləndə ağı yazıb ağlayırıq.