İndi o yazıçı unudulub... Adı heç yerdə xatırlanmır. Əsərləri çap olunmur. Sovet dövrü yazıçılarının memuarlarında onun adına rast gəlmək olar. Onun adı indiki gənc nəslə heç nə demir. Amma deyilənə görə, Azərbaycan sovet ədəbiyyatı dönəmində çox məhsuldar bir yazıçı imiş.
Söhbət Əvəz Sadıqdan gedir. Həmin o quruculuq illərində “sabahı yaradanlar” çox yayğın və dəbdə olan bir ifadə idi. Mirzə İbrahimovun “Böyük dayaq” romanında dostunun Rüstəm kişiyə dediyi məşhur sözü yəqin xatırlayırsınız: “Mən səni gələcəyi yaradanlar sırasında görürəm, Rüstəm!”
Əvəz Sadıq indi unudulmuş və aradan çıxmış bir janrın, oçerk janrının ustalarından idi və onun yaradıcılığından bəhs edilərkən müharibədən sonrakı dövrü əks etdirən “Sabahı yaradanlar” oçerki xüsusi qeyd edilir.
Əvəz Sadıq kim idi? Hardan gəlmişdi və hara gedirdi?
Əvəz Sadıq (Əbülfəz Əli oğlu Sadıqov) 1898-ci ildə Ordubad şəhərində xırda alverçi ailəsində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonra Ordubadda rus dilində ali-ibtidai məktəbə daxil olaraq 1920-ci ildə oranı bitirib. Həmin dövrdə Ordubadda yeni açılmış birdərəcəli məktəbə müəllim təyin edilir. Hərbi xidmətini başa vurduqdan sonra Ordubadda qəza komsomol komitəsinin katibi vəzifəsinə irəli çəkilir. Həmin illərdə Əvəz Sadıq ictimai işlərdə fəal iştirak edir, klub müdiri, teatr müdiri, hətta rejissor vəzifələrində çalışır. Eyni zamanda “Kommunist”, “Yeni fikir”, “Şərqin qapısı” qəzetlərinə yazılar yazır. 1925-ci ildə Əvəz Sadıq “Şərqin qapısı” qəzetinə redaktor təyin edilir və eyni zamanda Naxçıvan Partiya Məktəbində dərs deməyə başlayır.
1927-ci ildə o, Bakıya ailə təhsil almağa göndərilir. İndiki N. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alır və 1931-ci ildə oranı bitirir. “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalının məsul katibi olur. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı yaranan gündən bu təşkilatın üzvü seçilir.
Əvəz Sadıq Böyük Vətən Müharibəsi başlandıqdan bir neçə ay sonra ordu sıralarına çağırılaraq 1946-cı ilə qədər siyasi işçi sifətilə müxtəlif vəzifələrdə, o cümlədən Təbrizdə çıxan “Vətən yolunda” qəzetində çalışıb.
Əvəz Sadıq müharibədən sonra bir müddət Azərnəşrdə çalışır. 1952-ci ildə “Kirpi” adlı satirik jurnal nəşr edilməyə başlayır, Əvəz Sadıq bu jurnalın baş redaktoru təyin edilir və ömrünün sonuna qədər bu vəzifədə çalışır. O, məqalələrindən birində (“Molla Nəsrəddinlə Kirpinin görüşü”) “Kirpi”ni “Molla Nəsrəddin”in varisi və bu jurnalı bir çox cəhətdən öz “atasına” borclu hesab edirdi.
Əvəz Sadıq 1956-cı ilin avqustunda ürək xəstəliyindən vəfat edir.
Əvəz Sadıq təpədən-dırnağa kommunist idi və sosializm quruculuğu uğrunda mübarizədə özünü çox faydalı bir insan hesab edirdi. “Xatirələr”ində belə yazırdı:
“O zaman bizi qəzetə yazmağa məcbur edən heç də bir müxbir və bir jurnalist kimi şöhrət qazanmaq arzusu deyildi. Biz imzamızı hətta gizlin saxlamağa və özümüzü tanıtmamağa can atırdıq. Biz öz qələmimizlə ölkəmizin iqtisadi cəhətcə yüksəlməsinə və mədəniyyət və maarifin tərəqqisinə yardım etməyə çalışırdıq”.
Əvəz Sadıq sosializm realizminin qurbanı oldu. Həyatın içindən yazdığını zənn edib həyatdan nə qədər uzaq olduğunun fərqində deyildi. Onun tərənnüm etdiyi “həyat” yalanlarla süslənmiş həyat idi, rəsmi ideologiyanın diktəsilə yazılmış qurama həyat idi. Əsl həyatı yazanlar güllələnmişdi və onların faciəsi Əvəz Sadıq kimilərə görk olmuşdu. Əvəz Sadıq nədən yaza bilərdi? Mingəçevir tikintisindən, qızğın əməkdən, xalqlar dostluğundan, “sabahı yaradanlardan”...
Əvəz Sadığın bir hekayəsi var – “Zərqələm”. Yazıçı Təbrizdə olarkən rastlaşdığı bir dilənçi qızın taleyini qələmə alıb. Çox ağrılı bir hekayədir. Qızın atası tiryək çəkməkdən ölüb, anası üç yetimlə başsız qalıb. Qızın qardaşı İmaməlini xalça karxanasına şagird qoymuşdular. Amma Zərqələmin dilənçilikdən yığdığı pul qardaşının qazancından artıq olurdu. Biçarə qız xəstə, gözləri tutulan anasını saxlayırdı. Qızıl Ordunun zabiti onu tez-tez Səttarxan xiyabanında görürdü və həmişə ona pul verirdi. Bir gün Zərqələm öz həyat hekayətini bu zabitə danışır. Zabit düşünür ki, bu qız Təbrizdə açılan sovet məktəbinə getsə, həm təhsil alar, həm də həyatı dəyişər, bu səfalətdən qurtular. Fikrini qızın anasına deyəndə anası heç cür razılaşmır. “Balam oxuyar, kafir olar, verə bilmərəm” deyir.
Minlərlə, on minlərlə uşaq məktəbdən kənarda, yarımac və dilənçi kökündə yaşayır və məhv olurdu. 1945-ci ilin dekabrında Təbrizdə Milli Hökumət quruldu və yeni hökumət sahibsiz uşaqların küçələrdən yığılıb uşaq evlərinə verilməsi haqqında qərar çıxardı. Bu dəfə xoşbəxtlikdən Zərqələmin anası qızının uşaq evinə getməsinə razılıq verdi. Tale Zərqələmin üzünə gülür. İndi o, təmiz paltar geyinəcək, təhsil alacaqdı.
Qızıl Ordu Təbrizi tərk edərkən Zərqələm həmin zabiti aparan maşının ardınca qaçır və göz yaşları içində onun boynuna sarılır. “Ərbab, bizi qoyub gedirsiniz, hə?” deyir. Qız üzərində naxışlar tikilmiş yaylığı öz xilaskarına verir və deyir:
- Ərbab, al, yadigar qalsın!
Zərqələm o yaylığı gecəykən oturub göz yaşları içində tikmişdi. Bu, onların sonuncu görüşü idi. Zabit Zərqələmi bir daha görməyəcəkdi...
“Zərqələm” Əvəz Sadığın ən təsirli hekayələrindəndir. Bəlkə də Mingəçevir tikintisindən yox, Təbrizdə başına gələn hadisələri, gördüklərini, eşitdiklərini qələmə alsaydı, bir yazıçı kimi daha çox xatırlanardı. O, 1945-ci ildə Təbrizdə Milli Hökumətin qurulmasında iştirak etmiş, həmin tarixi hadisənin şahidi olmuşdu və bildiyi çox şeylər vardı. Əvəz Sadıqla birlikdə sovet qoşunlarının tərkibində Rəsul Rza, Ənvər Məmmədxanlı, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Qılman İlkin və digər yazıçı və şairlər də Təbrizə yollanmışdılar. Amma Qılman İlkin istisna olmaqla, onlardan heç biri Təbriz xatirələrini yazmadı. Şübhəsiz, dövrün xofu onlara gördüklərini, şahidi olduğu hadisələri yazmağa imkan vermədi.
Əvəz Sadıq həm də felyeton ustası idi. Onun “Bir balaca söhbət” adlı bir felyetonu var. Şair bir gün qəzeti açır və görür ki, tənqidçi onun poemasını tərifləyib. Üzü gülür və deyir: “Belə vicdanlı tənqidçilərimiz nə qədər çox olsa, ədəbiyyatımız bir o qədər inkişaf edər”. Bir həftə sonra həmin şair həmin qəzeti açanda özü haqqında məqaləylə rastlaşır. Bir həftə əvvəl onun əsərinə müsbət qiymət verən tənqidçi indi onu yıxıb-sürümüşdü. Şair dərhal özündən çıxır: “Adamın gərək qanacağı ola! Bunun özü nədir ki, yazdığı tənqid də nə olsun. Belə vicdansız tənqidçilər sıramızda qaldıqca ədəbiyyatımız inkişaf etməz!”
Yazıçı sonra yazır ki, indi yazıçılar arasında bu şüarlar daha çox moddadır: “Dəymə mənə, dəyməyim sənə”. Yəni sən mənim nöqsanlarıma göz yum, mən də sənin nöqsanların haqda ağzımı açmayım”.
Əvəz Sadıq tərcüməçilik fəaliyyətilə də məşğul olub. Sofokl və Esxilin, L. Tolstoyun və Emil Zolyanın əsərlərini dilimizə çevirib. Həmçinin Nizaminin “Xosrov və Şirin” poemasını nəsrlə tərcümə edib.
Biz əbədi sözün yolçularıyıq və bu yoldan nə vaxtsa Əvəz Sadıq da keçib.