LAYİHƏ-YAZIÇI XANIMI
Qan Turalı
Məzuniyyətdən qayıdanda stolum üstündə Tofiq Abdinin məqalə və müsahibələrini topladığı yeni kitabını gördüm.
Avtoqraflı kitabı oxumağa elə həmin gün, yazıçı Şahmar Hüseynovla xanımı Elmira Hüseynovanın müsahibələrini oxumaqla başladım.
50 yaşına çatmamış vəfat edən Şahmarın Fərid Hüseynin “Kaspi”də dərc elətdiyi hekayələrini oxumuşdum.
Tamam fərqli ruhda qələmə alınmış bu hekayələr haqqında Kamal Abdulla deyirdi ki, sanki başqa yazıçıları oxuyanda ağ-qara, Şahmarın hekayələrini oxuyanda isə rəngli televizora baxırsan.
Təhkiyədən üsluba, formadan ruhuna qədər fərqli olan bu hekayələrin müəllifindən xanımı Tofiq Abdinin müsahibəsində soruşurdu: “Şahmar nə zaman evimiz olacaq?”.
Biz bu sualı 25 il sonra Elmira xanıma verdik.
Şahmar müəllim Elmira xanımla uzun illər bir teatrda çalışıb, kuklaları qabağa verərək özü arxada dayanıb.
Ədəbiyyatda da mövqeyi bundan fərqli olmadı, hekayələri öndəydi, özü arxada.
Cəmi bir kitabı vardı, adı da “Elçilik”.
Və o amansız “evimiz nə zaman olacaq” sualına da cavabı Elmira xanımdan aldıq.
87-ci ilin 7 yanvarında ev alıblar, amma evin təmiri və uşaqların təhsilinə görə köçməyi ertələyiblər.
Bir il sonra hələ köçmədikləri evin 1 illiyini qeyd ediblər, sabahısı gün isə gözlənilmədən Şahmat vəfat edib.
Bu da ev...
Ölümündən sonra ona ona “Axundov” mükafatı veriblər.
Dostları yeni kitabını da çap ediblər.
Nə xalq yazıçısı olmağa macal tapmışdı, nə də xalq artisti.
Heç əməkdar artist də deyildi.
Kukla Teatrının kiçik otaqlarının birində Elmira xanımın gətirdiyi qalaq-qalaq fotoların, jurnalların, qəzetlərin arasında ondan Şahmar müəllimi xəbər aldıq...
- Nə vaxt çap olunmağa başlayıb?
- İlk hekayəsi 1976-cı ildə çap olunub. Amma yaradıcılığa çoxdan başlamışdı. Mən onu tanıyandan, 70-ci ildən yazırdı.
- Deməli 37 yaşında çap olunub. Bəs yazıya münasibəti necə idi? Çoxmu yazırdı?
- Bəli, çox yazırdı. Bəzən gecə sabaha qədər işləyirdi. Nə vaxt gözümü açırdım, onu yazan görürdüm. Gözləyirdi ki, mən ev işlərini bitirim, uşaqlar yatsın və sonra yazmağa başlayırdı. Səhər də teatra gedirdi. Həm aktyor idi, həm də rejissor köməkçisi.
- Ədəbi mühitdə kimlərlə dostluq edirdi?
- Vidadi Məmmədov, Azər Abdulla, Baba Vəziroğlu, Əkrəm Əylisli tez-tez bizə qonaq gəlirdi. Mən onların yanında çox da oturmurdum. Ən çox xəngəl yeməyə gəlirdilər.
- Şahmar müəllimin vəfatından sonra gəlib-gedən oldumu?
- Vaqif Cəbrayılzadə gəlib dəydi bir-iki dəfə, Azər Abdulla maraqlanırdı. Sonralar çox çətinliklərim olsa da, heç kəsə müraciət etmədim. (Kövrəlir.)
- Siz oxuyurdunuzmu onun hekayələrini?
- Əlyazmalarını yox, çap olunmuş kitablarını oxuyurdum. Hətta “Sehirli güzgü” pyesini yazanda müəyyən düzəlişlər də elədim. Ondan sonra əl-ayağım soyudu, mütaliə etməyə həvəsim olmadı.
- Əsərləri nə üçün gec çap olunub?
- Əsərlərini aparırdı, təqdim edirdi, amma çap etmirdilər. Bir neçə dəfə Anara da müraciət etmişdi. O vaxt biz teatrda Anarın “Qaravəlli” əsərini səhnələşdirirdik. Özü tez-tez teatra gəlirdi. Hətta Anarın həyat yoldaşımla uzaq qohumluğu da vardı. O da imtina eləmişdi. İndiyəcən dediyi sözlər qulağımdadır: “Baxarıq da, mənim vaxtım yoxdur hələ”. Anar o zaman “Qobustan” jurnalında işləyirdi. Sonra Əkrəm Əylisliyə müraciət etdi. Əkrəm Əylisli ona kömək etdi. Bizə gəldi, birlikdə hekayəni oxudular, sonra isə “Ulduz” jurnalında çap etdirdi.
- Siz o dövrlərdə başqa yazıçıları da oxuyurdunuz. Şahmar müəllimin başqalarından fərqi nə idi?
- O həyatı olduğu kimi, necə var, elə də yazırdı. Məsələn onun bir “Köynək” hekayəsi var, öz başına gələnlərdir. Nə görürdüsə, onu da yazırdı. Heç nəyi uydurmurdu.
- Şahmar müəllimlə tanışlığınız necə olub?
- Mən teatra gələndə Şahmar burda işləyirdi. Mən bura əmrsiz, müsabiqə ilə gəlmişdim. O vaxt baş direktorumuz Əfrasiyab Məmmədov idi. Müsabiqə vaxtı o tez-tez başını otağa salıb, bizə baxırdı. Məni müvəqqəti işə götürdülər. Yavaş-yavaş öyrənməyə başladım. Kuklanı tuta bilməyəndə Şahmar mənə kömək edirdi. Bizdə çox yaxşı aktyorlar olub, amma mənim əsas müəllimim Şahmar olub.
- Ədəbiyyata ona qarşı olan laqeyd münasibətdən gileyi, şikayəti olurdumu?
- Xasiyyəti çox ağır idi. Yazılarını redaksiyaya aparırdı, üzügülər gələndə bilirdim ki, qəbul ediblər. Evdə qaradinməz idi. Üzügülər olanda bilirdim ki, hər şey yaxşıdır. Keyfi olmayanda heç nə soruşmurdum, bilirdim ki narazıdır. Çayını süzüb danışmağını gözləyirdim.
- Kitabının çapı necə baş tutdu?
- Elə dostları dəstək verdilər. Azər Abdulla, Vidadi Məmmədov, Vaqif Cəbrayılzadə və başqa dostları kömək etdi. Hətta Vaqif Cəbrayılzadə biz qastrolda olanda on gün bizim böyük oğlumuza baxıb. Onlar bizim evin adamları idi. Kitabı çıxanda çox sevinirdi. Elə bil ki, altı yaşlı uşağa nə isə alıb vermisən. Uşaq kimi evdə atılıb-düşürdü. Qonşular təbrikə gəlirdi. Sonradan jurnallarda tez-tez çap olunurdu. Əkrəm Əylisli və başqa dostları ona çox kömək edirdi. Əsasən jurnallarda çap olunan əsərləri daxil edilmişdi kitabına. Növbəti kitab haqqında düşünürdü, filologiyadan elmi iş yazırdı. Çoxlu əlyazmaları vardı. Mən şikayətlənəndə ki, bu kağızları ataq, deyirdi əl vurma, bunlar nə vaxtsa sənə lazım olacaq. Sonuncu hekayəsi yarımçıq qalıb. Sona çatdıra bilməyib.
- Ölümü necə oldu?
- 1987-ci ildə ev aldıq, 1988-ci il yanvarın səkkizi rəhmətə getdi. Ev alandan bir il sonra dünyasını dəyişdi. Əhmədlidə, “Bakı” kinoteatrının yanında Əkrəm Əylislinin və digər dostlarının dəstəyi ilə ev almışdıq. Əvvəlcə iki otaqlı ev vermişdilər. Sonra kimsə narazılıq etdi, o evi əlindən alıb başqasına verdilər. Sonra isə dostların köməyi ilə üç otaqlı ev aldıq. Amma o evdə yaşamaq ona da, bizə də qismət olmadı. Fikirləşirdik ki, böyük oğlum məktəbi qurtarsın, kiçik oğlum da təzə evdə məktəbə getsin. Heyf ki, qismət olmadı. Ondan sonra mən çətinliklərə görə evi satdım. Hal-hazırda oğlum kirayədə yaşayır (doluxsunur). Orda çoxlu yazıçı qonşularımız vardı. Maarif Soltan, Saday Budaqlı ilə eyni blokda idi evimiz.
- Ölümündən öncə səhhətindən şikayət edirdi?
- Səhhətində problem yox idi. İdmanla məşğul olurdu. Səhərlər qaçırdı, həyətimizdə turnik vardı. Yüngülvarı narahatçılığı olanda mən israr etdim ki, həkimə getsin. Qonşumuz Məcid dayı onu həkimə apardı, xəstəxanada qalmağı məsləhət gördülər. Razılaşmadı ki, uşaqlar evə gəlib qorxar. Şahmar “Xətai”də maşınqayırma zavodunda, mədəniyyət evində tamaşa oynayırdı. Tamaşadan əvvəl Rəhman Rəhmanova zəng edib. Deyib ki, narahatam bəlkə kömək lazım oldu. Amma tamaşanı oynayıb. Aktrisa Şəfiqə Axundovaya deyib ki, qolum ağrıyır, deyəsən axırımdır. Şəfiqə xanım da ona təskinlik verib.
Sonra qonşumuz Məcid dayı ilə evə gəlib, qəzet köşkündə oturublar. Sonra o gedib Şahmarın dərmanlarını alıb.
Yanvarın yeddisi köhnə evdə köçmədiyimiz evin bir illiyini qeyd edirdik. Baba Vəziroğlu orda kiçik oçerk çəkmişdi. Hadisə isə yanvarın səkkizi olub. İşdən evə gələndə Məcid dayının oğlu qabağıma qaçdı. Dedi ki, Şahmar əmi yoxdu. Dedim ki, ola bilsin ki işdədir, bir azdan gələcək. Dedi ki, yox ee, Şahmar əmi yoxdu...Qorxma, Şahmar əmi ölüb. Evə necə gəldiyimi xatırlamıram. Çox qəfil oldu. Həkim ondan soruşub ki, nə olub? Deyib ki, ovcumun içi ağrıyır o da dirsəyimə, ürəyimə vurub. Bunu deyib və ani olaraq keçinib. Yazdığı hekayə də, içdiyi çay da yarımçıq qalmışdı.
Sonradan dostları onun kitabını çıxaranda o hekayəyə dəymədilər.
- Kimlərə zəng etdiniz?
- Oğlum zəng edib, yaxınlarına xəbər verdi. Böyük oğlumun 16 yaşı vardı və o mənə təskinlik verdi. Sonra Gəncəyə zəng edib, valideynlərinə xəbər verdik. 1988-ci ilin yanvar ayının doqquzunda Gəncədə dəfn olundu. Valideynləri istədi ki, Gəncədə dəfn olunsun. Onu Gəncəyə aparanda hava çox soyuq və sakit idi. Narın qar yağırdı. NZS-də sanki parad idi. Bütün yazıçılar hamısı orda idi.
- Rəhman Əlizadə ilə münasibətləri necə idi?
- Çox yaxın dost idilər. Onların öz söhbətləri vardı. Yazıdan, ədəbiyyatdan danışırdılar. Bir-birlərinin yazdıqlarını oxuyub, məsləhətləşirdilər.
- İndi ailənizin vəziyyəti necədir?
- Böyük oğlum neft şirkətində işləyir. Kiçik oğlum isə burda yaşamır. Ailə vəziyyətimizə görə İsveçə, yaxın adamlarımızın yanına köçdü. Orda universitet oxuyur.
Cəlil Cavanşir
Layihənin digər yazıları:
Vaqif Səmədoğlunun xanımı danışır...
İsa Hüseynovun xanımı: “Allah eləsin bir yerdə ölək”