“Postmodernizm” məqaləsi: I hissə
Alain Robbe Qrillet roman anlayışını bu sözlərlə ifadə edib və sanki onun dediyi sözlər indiki zamanda bir çox cəhətdən bizim mühit üçün də aktualdır: "Yeni roman heç bir qayda qoymayıb. Biz köhnə romandakı qatı qaydalara qarşı savaşmaq üçün bir-birimizlə birləşmişik. Bizə belə deyirlər : qəhrəmanları yerinə otuzdurmursunuz, deməli yazdıqlarınız həqiqi roman deyil. Bir xarakteri, bir mühiti araşdırmırsınız, deməli yazdıqlarını həqiqi roman deyil... Bizi nəzəriyyəçilikdə ittiham edirlər, halbuki biz həqiqi romanın necə olmalı olduğunu dəqiq bilmirik. Bildiyimiz bircə şey var ki, missiyamız, məqsədimiz dünənin romanın kopyasını çıxarmaq yox, onları keçmək, daha irəli getməkdir."
Grilletgildən sonra "yeni roman" anlayışı yerinə postmodernizm sözü daha çox işləklik qazandı və postmodernizm haqqında həm nəzəri müstəvidə, həm də bədii mətnlər çevrəsində çoxlu mübahisələr oldu ; "postmodernizm nədir ?" sualına hərə özünə görə cavab verməyə, onun konkret bir nəzəri proqramda ümumiləşdirməyə çalışdı, lakin indiyəcən bu mümkün olmayıb.
Postmodernizm bir şeyin nə olduğunu yox, necə olduğunu soruşur. Postmodernizm soruşmur ki, "varlıq nədir ?", o soruşur ki, "varlığa nə olur?".
Steven Bestlə Douglas Kellnər görə "post" ön şəkilçisinin anlamı modernizmi keçən, anti modern deməkdir ; Vattimoya görə müsbət mənada modernizmdən qopma, ayrılma, azadolma deməkdir ; Fukoya görə yeniliyin ifadəsi və işlənməsi, Arnold Toynbiyə görə acınacaqlı geriləmək, Habernasa görə modernizmdən azadolma, Mateiyə görə modernliyin yeni üzü, Eagletona görə modernizmə qarşı olan təpkilərin cəmi, Oktavia Paza görə modernin daha modern görünüşüdür.
Postmodernizm haqqında bir-birinə daban-dabana zidd fikirləri sonsuzluğa qədər uzatmaq mümkündür, lakin postmoderni maraqsız, darıxdırıcı bir düşüncələr toplamı, nəzəriyyələr məcmuəsi kimi təqdim etməkdənsə, onu Liotar sözləri ilə desək, bir vəziyyət kimi dərk etməyə çalışmaq fikrimcə daha məqsədə uyğundur. Bir də onu deməliyəm ki, mənə görə postmodernizm haqqında danışmağın ən yaxşı yollarından biri konkret əsərlər, yaxud konkret metodlar, fəndlər ətrafında danışmaqdır, nəinki ona tərif verməyə çalışmaq. Beləliklə, bir neçə metoda diqqət yetirək.
Metafiction.
Metafiction ( türklər üstkurmaca deyirlər ) modernist əsərlərdə də istifadə edilib, amma modernistlər bunu tərəfsizliyi, inandırıcılığı artırmaq üçün etsə də, postmodernistlər əksinə, əsərin qurulmuş, hörülmüş olduğuna işarə etmək üçün bu metoddan istifadə edirlər. Modernist əsərdə başqa bir əsərə aid ünsürdən istifadə edilsə də, bu simmetriya yaratmaq, əsəri gücləndirmək üçün edilir, lakin postmodern əsərlərdə pastiş-parodiyadan istifadə etməkdə məqsəd, əksinə, assimmetriklik, əsəri gücləndirmək yox, qurama olmasına eyham vurmaqdır.
Metafiction romanın necə əmələ gəlməsinin hekayəsidir. Bu hekayə ilə yazıçı romanın təhkiyəçisinə başqa bir təhkiyəçidən bəhs elətdirir və beləcə oxucu ilə aradakı məsafəni bir qat daha artırmış olur, yəni romanda əsas xəttdən başqa bir hekayə də olur və bu hekayəcik bizə romanda oxuduqlarımızın necə öyrənildiyinə, yazıldığına dair işarələr verir.
Metafiction effekti yaratmaq üçün bir neçə metod olsa da, əsas üç metoddan danışmaq olar :
1. Mətnin quruluşunu, yazılma prosesini faktlaşdırma, bundan başqa digər qurama mətnləri qısmən mətndə yerləşdirmə.
Təhkiyəçi bir gündəlik tapır və bizə bu gündəlikdəki yazılanları oxumağa başlayır. Beləcə, əsər qurama deyilmiş kimi göstərilir, amma oxucu anlayır ki, bu əsər xətrinə deyilmiş yalandır.
Klassik ədəbiyyatda, məsnəvilərdə "səbəb-i təlif" deyilən hissələr olurdu, bu hissələrdə şair əsərin yazılma səbəbinə aid bir hekayə danışırdı, müəyyən mənada demək olar ki, metafiction "səbəb-i təlif"ə bənzəyir. Hətta klassik ədəbiyyatda elə örnəklər var ki, konkret "səbəb-i təlif" hissəsi yoxdur, lakin şair, yazıçı hardansa tapdığı məktublardan, qeydlərdən, ya da xatirə dəftərlərindən bəhs edir və o tapdıqları bir növ əsərin önsözü, yazılma hekayəsi yerinə keçir.
2. Obyektiv reallıq ilə təqlid/qurama əlaqəsini, paradoksunu üzə çıxartmaq.
Təhkiyəçi oxuduğumuz mətnə açıqca roman deyir və bununla da əsərin gerçək olmayan, real olmayan, qurama bir hadisə olduğuna işarə edir. Bu anlayış postmodernizmin çox önəmli özəlliklərindəndir. Modernizmin saxta şəkildə gerçəyi ifadə etdiyini iddia etməsinin əksinə olaraq, postmodernizmlə səmimi şəkildə oxucusunda yazdığının bir əsər, bir roman, təxəyyül məhsulu ola biləcəyinə dair etiraflar edir.
3. Modernist romanda kimliyi arxa planda keçən təhkiyəçini aktiv fiqur kimi üzə çıxartmaq.
Təhkiyəçi roman qəhrəmanı kimi özü haqqında "mən" deyə danışır, bunun kökləri romantizmdə də var.
Burda mütləq mənada Alain Robbe Qrilleti və Andre Jidi yad etməliyik, çünki Jidin heraldika ( gerblər, emblemlər və s haqqında elmin adı ) sənətindən dartıb çıxardığı "mise en abyme" ( miz en abim - kimi oxunur ) adı verilən metodunu öz əsərlərində ən çox istifadə Qrillet olmuşdur və bu metod metafictionun bu bəndini izah etmək üçün xarakterikdir. Bu metodu daha anlaşıqlı etmək üçün çox istifadə olunmuş, məşhur bir analogiyanı təkrar edək. Reklamlarda körpələr üçün qida məhsullarını çox görmüsünüz. Onların üstündə eynən reklam olunan məhsulun şəkli olur, o şəklin içində də həmin məhsulun balaca şəkli və beləliklə bu şəkillər mozaikası sonsuzluğa qədər uzanır. Eyni effekt iki güzgü arasındakı hər hansı bir nəsnə üçün də keçərlidir.Bu fənd romanlarda romanın ana mövzusunun içinə o mövzuya oxşayan başqa hekayəciklər yerləşdirilərək tətbiq edilib.Yeni bir şey deməyən bu hekayələrə tez-tez qayıdaraq yazıçı elə bir effekt, illüziya yaradır ki, oxucu bilmir ki, bu hekayələrdən hansı gerçəkdir.
Oxucuda əsərin qurulmuş, yaradılmış olduğuna dair eyhamlar vuran başqa metafiction fəndləri də var :
1. Qəhrəmanın/təhkiyəçinin oxuduğumuz romanın müəllifi olduğunu deməsi.
2. Romanın içində başqa romanın yazılması.
3. Romanın içində başqa bir romanın yazılması və ya oxunmasının mövzu olması.
4. Romanın roman yazma sənətini, yaxud ədəbiyyat haqqında fikirləri mübahisə mövzusunda çevirməsi, öz yazılışından bəhs etməsi.
5. Roman müəllifinin romanın içində qəhrəman olaraq iştirak etməsi.
6. Romanın başqa romanları üslub, forma və məzmun olaraq təqlid etməsi.
7. Personajların başqa əsərlərdən bəhs etməsi və bu oxuduğumuz romanın haqqında danışdığı əsərlədən fərqli olaraq "guya real" olması illüziyasını yaratması.
8. Qəhrəmanın müəlliflə dialoqa girməsi, ona söz atması.
9. Romanda oxucu ilə söhbət edilməsi, ondan fikrinin soruşulması.
10. Hadisələrin xronologiya zəncirinin qırılması.
11. Ana hekayənin içində başqa hekayələrdən bəhs edilməsi.
12. Qəhrəmanın bir roman qəhrəmanı olduğunu dərk etməsi.
İntertekstuallıq
Bu metod hər əsərin mütləq özündənəvvəlki əsərlərlə bağlantısı, əlaqəsi olduğunü deyir. XX əsrin 60-cı illərində Yulia Kristeva və Rolan Bart kimi nəzəriyyəçilər tərəfindən aktuallaşdırılmışdır.
İntertekstuallıq ideyasının başlanğıc nöqtəsi yazıçının bir əsəri yazana qədər onsuz da başqa mətnlərdən xəbərdar olması düşüncəsidir. Postmodern yazıçı öz əsərində belə bir effekti normal qəbul edir və köhnə mətnlərə, hətta öz əsərlərinə də işarə vurur, göndərişlər edir. Postmodernizmə görə orjinallıq artıq mümkün deyil, deyiləcək yeni söz qalmayıb, demək yazıçının işi əvvəllər deyilmiş olanlara əlavələr edərək ortaya nəsə çıxartmaqdır.
Çağdaş sənətçi yaşadığı dünyaya yadlaşıb, özgələşib və o, bu yadlaşdığı reallığı əks etdirməkdən imtina edib, özündən əvvəl yazılmış mətnlərin dünyasına sığınır, onlara istinad edərək, qurama, alternativ reallıq yaratmağa çalışır.
İntertekstuallıq əslində, klassik ədəbiyyatda çox istifadə edilib. Nəzirə, təxmin, iqtibas kimi klassik şeirdə istifadə edilən bu metodlar bir növ çağdaş intertekstuallıq anlayışı ilə qohumdur. Lakin burda vacib bir məqama diqqət etmək lazımdır. Klassik ədəbiyyatdakı metodlarla çağdaş postmodern əsərlərdəki intertekstuallıq arasında məqsəd fərqi, niyyət fərqi var. Belə ki, klassik ədəbiyyatda, tutalım, nəzirə ustada ehtiram xarakterli idi ; postmodern estetikada isə məqsəd çox ölçülü oyun qurmaq, əsəri maraqlı etmək, dəyərlərin ənənəvi bütövlüyünü parçalamaqdır.