Kulis.az məşhur fransız rejissoru Jan-Lyuk Qodarın ayrı-ayrı illərdə verdiyi müsahibələrdən parçaları təqdim edir.
Başqaları necə zənci və yəhudidirsə, mən də eləcə kinorejissoram.
İndiyəcən yazdıqlarımın dörddə üçünü bu gün təkrar qələmə alardım, amma başqa cür. Cümləni elə əvvəlki tək başlayar, amma başqa cür bitirərdim. Ya da əksinə.
Oktyabr inqilabından əlli il sonra dünya kinematoqrafiyasında Amerika kinosu meydan sulayır. Mövcud vəziyyətə müdaxilə etməyə heç bir imkanımız yoxdu. Azman Hollivud imperiyası daxilində kasıb canımızla “Çineçitta” (Romanın cənub-şərqində yerləşən dünya şöhrətli italyan kinostudiyası – red.) – “Mosfilm” sayağı iki-üç Vyetnam yaratmağa çalışmalıyıq. Yəni həm iqtisadi, həm də estetik tərəflərinə fikir verməliyik. Azadlığa, qardaşlığa, yoldaşlığa və dostluğa xidmət edən milli kinematoqrafiya yaratmalıyıq. (Manifest 1967-ci ilin avqustunda “Çinli qadın” filminin bukletində çap olunub. Yazının məzmunu dünyanın hər yerində “çoxlu Vyetnamlar” yaratmağa çağıran Çe Gevaranın sitatına işarə edir – red.)
Əvvəlcə burjua rejissoru, sonra mütərəqqi rejissor oldum, indi artıq rejissor deyil, işçi kinosuyam.
“Ciqa Vertov” (Ciqa Vertov, sovet kino rejissoru, ssenarist, kino nəzəriyyəçisi – red.) qrupunu siyasi film çəkmək məqsədilə yaratmışdıq. Biz bu ada Vertovun proqramını həyata keçirmək məqsədilə müraciət etməmişdik. O, bir növ təftişçi rejissor Eyzenşteyn (Sergey Eyzenşteyn, sovet teatr və kino rejissoru, rəssam, ssenarist, incəsənət nəzəriyyəçisi – red.) əleyhinə qaldırılmış bayraq idi. Vertov bolşevik kinosunun əvvəlində tamam başqa nəzəriyyə irəli sürmüşdü. Ona görə, tamaşaçı sadəcə gözlərini geniş açıb, dünyanı proletariat diktaturası naminə dərk etməliydi.
Mən özüm heç vaxt normal kino tərəfindən qəbul edilməmişəm. Bu kinonun içində heç vaxt qiyamımı davam etdirə bilməmişəm, bu kinonun içində mənə roker, ya da anarxist kimi baxıblar, hətta yaxşı pul qazandığım dönəmlərdə belə. Elə bu səbəbdən sayəsində yavaş-yavaş sistem xaricində qaldığım qəfil qiyamımın mayda məni hara apardığını yaxşı anlayırdım (1968-ci ili nəzərdə tutur – red.). Bu, fərdi qiyamıydı və sonralar çox gec də olsa, böyük siyasi hərəkatlara sıx bağlılığın zərurətini anladım.
Kino hər yerə ayaq basmalıdı. Onun olmadığı yerlərin siyahısını tutmalı və sonra özünə hesabat verməlisən: kino, bax, ora yollanmalıdı. Əgər o, fabriklərdə yoxdusa, deməli, ora getməlidi. Əgər universitetlərdə yoxdusa, deməli, ora baş çəkməlidi. Əgər fahişəxanalarda yoxdusa, deməli, oranın qapılarını açmalıdı.
Hər dəfə üçüncü dünya ölkələrinə baş çəkəndə orda belə deyirəm: ürəyinizcə olmayan filmlərdən imtina etməyin, sadəcə onları dəyişdirin. Görüntü elə sadədi ki. Film heç nədi. Film onu hər cür yapa biləcəyiniz bir şeydi. Sistemdə heç vaxt inqilabi film olmayıb. Heç ola da bilməz. Sistem xaricində sağ qalmaq üçün yerini meydanda rahatlayıb, sistemin ziddiyyətlərindən yararlanmağa cəhd etməlisən.
Yararlı siyasi filmlər çəkmək üçün siyasi nöqteyi-nəzərdən özlərini düzgün aparan insanlarla ittifaq qurmaq lazımdı. Yəni əzilmişlərə, repressiyaya məruz qalanlara və ona qarşı çıxanlara üz tutmalıyıq. Onlara xidmətə getməliyik. Onlardan öyrənməli və eyni zamanda onları öyrətməliyik. Film çəkməyə son qoymalıyıq. Müəlliflik adlı mövcud anlayışdan imtina etməliyik.
Bu anlayış başdan-ayağa mürtəcedi, satqındı. (...) Sosialist cənnətində rejissor olmaq istəyən birisi mütləq həmin peşəyə yiyələnmir. O, yalnız ümumi fayda naminə buna gedir. Götürək elə Emil Zolyanı. O, şaxtaçılarla, işçi sinfin vəziyyəti ilə sıx-sıx maraqlanan mütərəqqi yazıçı kimi fəaliyyətə başladı. Sonra daha çox öz əsərlərinin satılmağında maraqlı oldu. O, əsl burjuaya çevrildi. Elə həmin dönəmdə fotoqrafiya ixtira edildi və yazıçı bu dəfə incəsənətin o növüylə məşğul olmağa başladı. Lakin gəlin görək həyatının sonuna doğru nə cür şəkillər çəkdi? Zolya obyektivi küçədə tətil edənlərə yönəltmək əvəzinə bağda arvad-uşağını model rolunda görməyə üstünlük verdi. Lap impressionistlər sayağı etdi. Mane (Eduard Mane, fransız rəssamı, oymaçı, impressionizmin banilərindən biri – red.) kətanda vağzalı əks etdirirdi. Əvəzində dəmir yolunda irimiqyaslı tətilin baş verməsi onun heç vecinə də deyildi. (...) Kino təmiz texnikadan ibarət deyil, neytral kameradan söhbət belə gedə bilməz. Kameranı... yalnız və yenə də yalnız sosial yönə istiqamətləndirməlisən.
Bəzən sinfi mübarizə - bir görüntünün digəriylə, ya da bir səsin o biri səslə mübarizəsidi. Film – bir səsin o biri səsə müqavimət göstərməsidi. İnqilabın səsi imperializmin səsinə qarşı dayanır.
İmperialist filmin nümayişi zamanı ekran tamaşaçıya sahibin səsini satır. Bu səs yaltaqlanır, özünə tabe edir, ya da döyür. Mübarizə aparan filmdəsə ekran konkret vəziyyətin konkret analizini təklif edən qara lövhə, ya da məktəb divarıdı.
Bizlərin, marksçı-leninçi rejissorların qarşısında dayanan məsələ hələ də aldadıcı olan görüntüyə düzgün səslər seçməkdi. Səslər artıq dürüstdü, çünki onlar inqilabi mübarizəyə məxsusdu. Görüntü hələ də aldadır, çünki o, imperialist ideologiyanın düşərgəsində yaradılıb.
Sual. Tryuffo (Fransua Rolan Tryuffo, məşhur fransız rejissoru, kino aktyoru, ssenarist, Fransa kinosunda yeni dalğanın banilərindən biri – red.), ya Kutar (Raul Kutar, Qodarın bir çox filminin kinooperatoru, rejissor – red.) kimi burjua rejissorlarıyla münasibət saxlayırsınızmı?
Cavab. Onlarla bölüşəsi ortaq sözüm yoxdu. İndi biz bir-birimizlə mübarizə aparırıq. Şəxsi münaqişədən söhbət belə gedə bilməz. Sadəcə onlar burjua tullantısı ərsəyə gətirirlər, mənsə inqilabi tullantı (1970-ci il, oktyabr).
Maoizmə sözardı
1975-ci il sentyabrın 25-də “Mond” qəzetində çap edilmiş müsahibədən
Sual. Yenə də qayıtdınız?
Cavab. Mən heç getməmişdim də. Həmişə ildə iki-üç film çəkmişəm, amma heç də həmişə Fransada deyil və heç də həmişə kino ekranı üçün yox. 1968-ci ilin Mayının mənə yeganə təsiri o olub ki, daha çox bilməyə başlamışam.
Ekstremist olduğumu deyirlər; əslindəsə mən qızıl orta adamıyam, iki ifrat adamıyam, ziddiyyət adamıyam.
Heç vaxt “mübarizə kinosuna” aid olmamışam. Həmişə istehsal etdiyim filmlərin qarşılığında qazanmaq məcburiyyətində qalmışam. Ənənəvi “mübarizə kinosunda” məni heyrətləndirən tərəf onların pul qazanmaq kimi bir ehtiyaclarının olmamasıdı. Axı biz pulsuz cəmiyyətdə yaşamırıq. Heç bilmirəm, buna necə müvəffəq olurlar.
Bu dönəmi heç vaxt imtina kimi (kinodan imtina nəzərdə tutulur – red.) qəbul etməmişəm. Sadəcə azdığımı hiss elədim. İdeoloji dilə keçid də xeyrimə oldu, belə ki, müəyyənləşə və yolu yenidən tapa bildim.
Onların (Qrupda Qodarın mübarizə yoldaşları – red.) burjua övladları olduğunu aşkar etdim... Onlar kino çəkmək, məşhurlaşmaq, rejissor olmaq, filmlərə imza atmaq istədilər. Solçuların necə mövcud olduqlarını bilmirəm, bəziləri çox kasıb yaşayırdılar, amma çətinə düşəcəkləri təqdirdə arxalarında həmişə valideynləri vardı. Miladda daha çox tənha olurdum, çünki hamısı evlərinə dağılışırdı.
Romer (Erik Romer, fransız kinorejissoru, “Yeni dalğa”nın görkəmli nümayəndələrindən biri – red.) kimi söyləyim: bu illərdə biz yaşamamışıq... Həmin illərdə özüm də fərqinə varmadan adətkərdə olduğum şeylərin çoxunu etməmişəm: kitab oxumamışam, film seyr etməmişəm... Yoxluğum o qədər çox çəkdi ki, heç bilmirəm bu on ili necə belə keçirdim. Sanki elə hey qazırsan, neftsə çıxmır ki çıxmır, dostlarınsa deyir: “Gəl daşı ətəyindən tök, onsuz da neft çıxmayacaq”. Hətta doğru olmuşuqsa da, nahaq yerə doğru olmuşuq. Mənsə dərk etmədən tabe olan insanları nahaq yerə sövq etmişəm. Onları nəyə sövq etdiyimə görə heç də həmişə özümə hesabat verməmişəm.
Xəstəxanada iki, ya da üç dəfə müalicə almışam. Lakin bu, mənim şəxsi vətəndaş müharibəm olub. Başqaları Vyetnamda döyüşəndə mən xəstəxanada olmuşam. Zənnimcə, istənilən halda, bunu özüm arzulamışam. Necə ki, insanlar dayanmaq, bir az nəfəs dərmək üçün türməyə düşmək istəyirlər.