İndi, mənfur, zəhərli duz beyninə daraşmaqda ikən o vaxtın bir daha geri qayıtmayacağını düşünmək nə qədər dəhşətli idi! Min cür ətir qoxuyan bahar kimi astanada dayanıb, ona doğru uzatdığı xırdaca əlində inam dolu pak bir ürək tutan o qız daha heç vaxt geri qayıtmayacaqdı!
O həyatını bizdən gizlədirdi.
Renar Mopassan haqqında
Mopassanın Rovyerada “Əziz dost” adlı motorlu qayığı vardı. Ən kədərli və çox gözəl “Su üzərində” əsərini Mopassan bu qayıqda yazmışdı.
”Əziz dost”-da iki matros işləyirdi. Böyüyünün adı Bernar idi.
Son vaxtlar öz “sahibkarlarının” nəsə yaxşı vəziyyətdə olmadığını görsələr də, hələ fikir-xəyalat bir yana dursun, adicə başağrısından onun dəli olmaq dərəcəsinə çatdığını duysalar da, matroslar bunu büruzə verməməyə çalışırdılar; onlar nə bir yersiz söz deyirdilər, nə də bir ehtiyatsız hərəkət eləyirdilər.
Mopassan öləndən sonra matroslar Paris qəzetlərindən birinin redaksiyasına böyük kədərlə dolu qısa və savadsız bir məktub göndərmişdilər. Mopassan barəsində nə qədər çirkin rəvayətlər gəzsə də, onun necə həssas və utancaq bir qəlbə malik olduğunu, bəlkə də, yalnız bu iki sadə adam bilirdi.
Mopassanın xatirəsi üçün onlar nə edə bilərdilər? Yalnız çalışıb-əlləşə bilərdilər ki, onun sevimli qayığı yad, laqeyd adamların əlinə keçməsin.
Matroslar çalışmışdılar. Qayığın satılma müddətini bacardıqları qədər uzatmışdılar. Matroslar kasıb adamlar idilər və bircə allah bilir ki, onlar üçün bu iş nə qədər çətin olmuşdu.
Onlar Mopassanın dostlarına üz tutmuşdular, Fransanın yazıçılarına müraciət etmişdilər, lakin nahaq yerə. Axırda qayıq varlı və avara qraf Bartelemin əlinə keçdi.
- Yox, qardaş, mən pis dənizçi deyildim, yaxşı dənizçi idim. - Bu sözlər Bernarın sözləridir. Ölməkdə olan bir adamın öz keçmiş həyatına bəslədiyi böyük hörməti ifadə etmək üçü bundan sadə söz tapmaq mümkün deyildir. Çox təəssüf ki, özü barəsində bu cür sözləri deməyə olduqca az adamların haqqı vardır.
Bu sözləri, bu vəsiyyəti Mopassan öz matrosunun dili ilə bizə yadigar qoymuşdur.
Olduqca sürətli və parlaq yazıçılıq yolu keçmiş Mopassan özü barədə nahaq yerə deməmişdi: “Ədəbiyyat aləminə mən bir meteor kimi daxil oldum və ondan ildırımtək çıxacağam”.
İnsanların ən eyibli, ən çirkin xasiyyətlərini yorulmadan müşahidə eləyən, həyatı “Yazıçılar üçün klinika” adlandıran Mopassan ömrünün son dövründə təmizliyə can atmışdı, həqiqi məhəbbətin sevincini, kədərini duymuşdu və onu tərənnüm etməyə başlamışdı.
Hətta ömrünün lap son saatlarında, hansı zəhərli bir duzunsa beyninə daraşdığını, beynini yeməkdə olduğunu duyduğu anlarda da Mopassan insani şeylər barədə düşünmüşdü, öz tələsik və yorucu həyatı boyunca eninə-uzununa səpələdiyi gözəl, insani hisslərin peşmançılığını çəkmişdi.
O, insanları bir şeyə çağırmışdımı? O, adamları arxasınca çəkib bir yerə aparmışdımı? O, insanlara bir şey vəd etmişdimi? Özünün avar çəkən və qələm tutan güclü əlləri ilə Mopassan dar gündə insanların əlindən yapışmışdımı?
Yox, yapışmamışdı və o özü də bunu bilirdi. Mopassan onu da bilirdi ki, yazdığı ifşa, kinayə ilə dolu əsərlərə insanın dərdi, kədəri də daxil olsaydı, insanlığın xatirində o, xoş əməlin, xeyir işin dahisi kimi qala bilərdi.
Unudulmuş, yetim qalmış uşaq kimi o, utana-utana, sıxıla-sıxıla təmizliyə can atırdı. Məhəbbətin təkcə şəhvət, ehtiras deyil, həm də gizli bir sevinc, incə bir hiss və bu dünyanın ən böyük poeziyası olduğunu Mopassan, nəhayət, başa düşmüşdü. Lakin gec idi, indi onun payına düşən vicdan əzabı, məzəmmət, danlaq bir də son peşmançılıq idi.
Bəli, o peşman olmuşdu. Qədrini, qiymətini bilmədiyi, lağa qoyduğu taleyi üçün o özünə lənət yağdırırdı. Rus rəssamı Başkirtseva Mopassanın yadından çıxmamışdı; o, demək olar ki, uşaq idi. Mopassana vurulmuşdu. Qızın çılğın məhəbbətinə Mopassan istehzalı, hətta bir az da ədabazcasına yazılmış məktublarla cavab vermişdi. O, qızdan özünə lazım olanı almışdı. Ona başqa bir şey lazım deyildi.
Hələ bu harasıdır ki! Paris fabriklərindən birində fəhləlik eləyən başqa bir cavan qızın əhvalatı Mopassanı bundan da çox yandırıb-yaxırdı.
Bu əhvalatı Pol Burje qələmə almışdı. Mopassan qəzəblənmişdi. Burje kimi bir salin psixoloquna belə dəhşətli bir insan faciəsinə burun sorxmağa kim ixtiyar vermişdi? Əlbəttə, Mopassan özü təqsirkar idi. Lakin nə etmək olardı? Gücü yox idi, Mopassanın beynini yeməkdə olan o zəhərli duz yeni-yeni laylar bağlayırdı. Hətta Mopassan hərdən o duzun xırçıltısını da eşidirdi. O vaxtlar eşidirdi ki, narın və iti duz zərrələri onun beyninə sancılırdı.
Fəhlə qız! Sadəlövh, gözəl məxluq! O, Mopassanın neçə-neçə hekayələrini oxumuşdu. Ömründə bircə dəfə gördüyü Mopassana bir könüldən min könülə aşiq olmuşdu. O qızın ürəyi də gözləri kimi saf idi, təmiz idi.
Sadəlövh qız! O, Mopassanın tənha və subay olduğunu eşitmişdi. Ömrünü Mopassana həsr etmək, onun qayğısına qalmaq, bu adamın dostu, arvadı, qulu və qulluqçusu olmaq arzusu qızın qəlbinə elə bir qüdrətlə hakim kəsilmişdi ki, o qüdrətin qarşısında dayanmaq mümkün olmamışdı.
Qız yoxsul idi, geyimi də yaxşı deyildi. O, ilboyu ac-susuz qalıb, qəpik-qəpik pul yığmışdı ki, özünə qəşəng paltar alsın və bu paltarda Mopassanın qarşısına çıxsın.
Nəhayət, paltar hazır olmuşdu. Bir səhər sübh tezdən, hələ Paris yuxuda olanda və təzəcə baş qaldıran günəş şəhəri ağuşuna almış mürgü dumanı arasından solğun işıq saçanda, qız yuxudan ayılmışdı. Çökə ağacları əkilmiş xiyabanlarda ötən quşların nəğməsini eşitmək yalnız səhərin bu vaxtı mümkün idi.
Əl-üzünü yuyandan sonra qız zərif corablarını və xırdaca təptəzə başmaqlarını yüngül, çəkisiz bir şey kimi, min cür ətir qoxuyan qiymətli daş-qaş kimi götürüb ayağına taxmışdı. Sonra o, gözəl donunu da geyinib güzgü qabağında dayanmış və güzgüdə gördüyünə inanmamışdı. Orada sevincdən, həyacandan od tutub yanan, gözləri məhəbbətlə dolu, al dodaqlı bir qadın dayanmışdı. Mopasanın qarşısında da qız bax, beləcə dayanacaqdı və ona hər şeyi açıb deyəcəkdi.
Mopassan özünün şəhər kənarındakı yaylağında olurdu. Qız həmin evin darvazasını döymüşdü. Mopassanın dostlarından birisi - əhlikef və qadın düşkünü olan bir nəfər alçaq, qapını açıb demişdi ki, cənab Mopassan evdə yoxdur, o öz məşuqəsi ilə bir neçə günlüyə Etretiye getmişdir.
Qız qışqırmış, əllərini hasarın dəmir çubuqlarına sürtə-sürtə astanadan çəkilib, qaçmağa üz qoymuşdu: onun qəşəng əllərində qəşəng, çox tarım əlcəklər vardı.
Mopassanın əhlikef dostu qızın dalınca cummuşdu, onu faytona otuzdurub Parisə aparmışdı. Qız ağlayırdı, sayıqlaya-sayıqlaya qisas almaqdan danışırdı və elə həmin gecə öz acığına, Mopassanın acığına qız, onu faytonda oturdan qadın düşkünü ilə bir yastığa baş qoymuşdu.
Bundan bircə il sonra o qız Parisin ad çıxarmış cavan fahişələrindən biri olmuşdu. Ancaq Mopassan bu əhvalatı həyasızcasına nağıl eləyən dostunu evdən qovmamışdı, onun üzünə sillə çəkməmişdi, duela çağırmamışdı, Mopassan gülmüşdü: qızın bu əhvalatı Mopassana məzəli görünmüşdü, özü də hekayə üçün pis mövzu deyildi.
İndi, mənfur, zəhərli duz beyninə daraşmaqda ikən o vaxtın bir daha geri qayıtmayacağını düşünmək nə qədər dəhşətli idi! Min cür ətir qoxuyan bahar kimi astanada dayanıb, ona doğru uzatdığı xırdaca əlində inam dolu pak bir ürək tutan o qız daha heç vaxt geri qayıtmayacaqdı!
Hətta Mopassan o qızın adını da bilmirdi. İndi onun üçün ən gözəl adlar fikirləşirdi!
O ağrıdan qovrulurdu. Bu böyük, bu əlçatmaz Mopassan indi o qızın ayaq izlərini öpməyə hazır idi, onun qarşısında diz çöküb üzr istəməyə hazır idi. Lakin gec idi, vaxt keçmişdi. Bütün bu əhvalat Burjenin sirli, müəmmalı insan hisslərinə dair yeni bir məzəli lətifə yazmağı ilə nəticələnmişdi.
Sirli, müəmmalı? Xeyr, daha Mopassan üçün burada sirli bir şey qalmamışdı. Bizim sirli dünyada bundan müqəddəs bir şey yox idi! Əgər o zəhərli duz olmasaydı, bu barədə Mopassan öz böyük istedadı və sənətkarlığı ilə əsər yazıb yaradadı. O duz Mopassanın beynini yeyirdi. O hər dəfə öskürəndə ağzına duz gəlirdi - ovuc-ovuc duz.
Tərcümə: Əkrəm Əylisli
kultura.az