Kulis.Az Rövşənin yeni şeirlərini təqdim edir.
Şairin arzusu
aylardan dekabr ola, günlərdən şənbə
çıxasan Eyfel qülləsinə gecənin üçündə
ciyər dolusu nəfəs alıb tüpürəsən Parisə
yerlər göylərə qalxa bir neçə saatın içində
səhər mətbuat coşub bəd xəbərlə çalxana
“Sena çayı qəfildən aşıb-daşmış bu gecə
xəbərsiz qonaq düşüb bizim yurda fəlakət
erməni xalqı kimi xain, quduz dalğalar
16 yaşlı qızı alıb-qaçmış bu gecə.”
qoca şairlərini çıxardalar ekrana
üzünə dəsmal tutub ağladıqca ağlaya
səsindəki qəzəblə ürəkləri dağlaya
gözündəki atəşlə hamını çildağlaya
deyə: bu iş bəlli ki, almanların işidi
əsirdi yağılara doğma yurd yerlərimiz
bu qədər haqsızlığa susur dünya birliyi
əgər sülh yolu ilə qaytarmasalar Nantı
qoy bilsinlər almanlar bu işin sonu qandı
sonra meydan verilsin Paris aşıqlarına
dərd nəğməyə çevrilsin insanların dilində
millət qulaq assın ürəyi kədərli,
gözləri yaşlı
dərddən dingildəyən el aşıqları oxusun zildən:
Sena çayı aşdı-daşdı
Kozettanı aldı qaçdı...
Pişik
səhər açılar-açılmaz
daldalandığı zirzəminin divarlarına
tapşırıb qaranlığı
tükləri didilmiş qara bir pişik
çıxar günəşə
içində nəğmələrin ən itkini
ən çarəsizi
burnunda süd qoxusu
harasa tələsən adamların
gözlərindəki məzlumluğu yalayıb
eyvandan atılan
qanlı bezlərin yanından keçər
insan olmaq həsrəti səngiyər bir az
tələsər
tələsər süpürgəçi Yetərin
süd qoxuyan ayaqlarına
Etiraf
icazə ver gedim
yol ver çıxım ürəyindən
çox geçikmişəm sənə
mən səndə
çəkdiyim siqaretin
qoxusu qədər qala bilərəm ancaq
yuxudasan hələ
tanımaq istəmirsən məni
həyatını yandırırsan
şirin yalanlarımın odunda
sənə bir söz deyim
məndən vəfa umma heç vaxt
unutma
saxla bu sözümü yadında
mən sənin mersedesinin
rezinindən daha etibarsızam
Necə unudum səni?
səni nəfəs-nəfəs sevdim
sevdim udum-udum səni
ürəyimi oda atsan
yandıracaq odum səni
getmə inadına minib
acı susub, acı dinib
gülsən, səninlə sevinib
ağlasan ovudum səni
ayrılıq tütəyin çalıb
gedirsən xəyala dalıb
alt paltarın bizdə qalıb
mən necə unudum səni?
Ürəyim əllərində
saçların küləyin əllərində
qalxmasın deyə paltarının ətəkləri
əllərini cütləyib tutmusan qabağına
gedirsən
gedirsən ürəyim əllərində...