Türklərə qarşı bütün sərvətindən keçən şair

Türklərə qarşı bütün sərvətindən keçən şair
11 aprel 2013
# 11:26

1823-cü ilin iyulunda, ölümündən 9 ay əvvəl lord Corc Bayron son avantürasına start verir - İnqilab alovuna bürünmüş Yunanıstana yollanır. O, bu ölkəyə bütün sərvətini və sağlamlığını sərf edir, 1824-cü ilin 19 aprelində ölümünü də burada qarşılayır.

“Bacım mənim! Övladım mənim! Bədbəxt Yunanıstan!.. Mən sənə vaxtımı, dövlətimi, sağlamlığımı verdim. İndi isə həyatımı verirəm” - Missolonqi şəhərində vəfat edən şairin son sözləri bu cür olur...

***

Corc Bayronun yunan inqilabı haqda qeydləri onun “Kefaloniya gündəliyi”ndə əksini tapıb. İoniya dənizindəki bu adada şair avqustun 3-dən dekabrın 28-ə kimi yaşayır. “Kefaloniya gündəliyi” onun iyunun 16-da etdiyi bu qeydlə başlayır: “Ölülərin yuxusu pozulub - mən yatarammı? Tiranlar dünyanı əzir - mən susarammı?”

Susmayan şair Londondakı Yunan Komitəsi ilə əlaqə yaradır, onun vasitəçiliyi ilə yayda inqilabın mərkəzinə yollanır. Bu məqsədlə o, öz puluna gəmi, silah-sursat, atlar və ərzaq alır, 500 nəfərlik dəstə yaradır. İyulun 16-da Bayron dəstəsinin başında adanın əsas şəhəri olan Metaksataya yan alır.

Yunan inqilabı artıq 3-cü ildi ki, davam edirdi. Bu müddətdə türk qoşunları bir çox adadan və materikdəki torpaqların bir hissəsindən qovulmuş, ilk milli hökumət yaradılmışdı. Yunanıstanın ilk prezidenti Aleksandr Mavrokordato artıq devrilməyə vaxt da tapmış, onun səlahiyyətlərini Teodor Kolokotronis yerinə yetirməyə başlamışdı. Bu xəbər Bayronda yunanların öz aralarında yola getmədiyinə böyük təəccüb hissi yaradır. Habelə, şair Kefaloniyaya çatdığında əslində üsyan üçün heç bir ciddi hazırlıq işlərinin görülmədiyini, onun özünə isə bir çox inqilabçıların sadəcə “pul kisəsi” kimi baxdığını anlamağa başlayır.

Sentyabrın 28-də Bayron gündəliyində yazır:

“Gəlib çatandan dərhal sonra öz vəsaitim hesabına suliotlardan (yunan və albanlardan ibarət döyüşkən dağ tayfası - Red.) 40 nəfərlik dəstə yaratdım, bu sayı daha da artıracaqdım, ancaq anladım ki, onların arasında heç bir razılıq yoxdur, üstəlik günü gündən məndən daha çox pul istəyirlər. Mən onlara aylıq olaraq yunan hakimiyyətindən 1 dollar da çox pul verirdim, üstəlik 1 ayın pulunu da qabaqcadan ödəyirdim, onlar isə möhtəkir dükançılarla əlbir olub məndən bir az da çox qoparmağa çalışırlar. Belə olanda, onları toplayıb fikirləşdiklərimi söylədim və onları özümlə götürməyəcəyimi açıqladım...”

Beləliklə, Yunanıstan üçün heç nəyini əsirgəməyən Bayron yunanların əksəriyyətinin yalnız pul üçün vuruşmağa hazır olduqlarını kəşf edir. Onun qeydlərində yunanlar haqqında yaxşı ifadələrə get-gedə az rast gəlinməyə başlayır. Məsələn, döyüşdə həlak olan komandir Marko Bossaris barədə yüksək rəyini Bayron bu cür ifadə edir: “O, igid əsgər və namuslu adamdı, bu xüsusiyyətlərə isə bir yerdə (elə ayrılıqda həmçinin) heç də tez-tez rast gəlinmir”. Yəni, Marko qayda olmaqdan çox, istisnadır.

Bayron yazır: “Mən buraya hansısa güruha yox, bütövlükdə xalqa yardım etmək üçün gəldiyimdən və yırtıcılarla, oğrularla yox, namuslu adamlarla rastlaşacağımı fikirləşdiyimdən, özümü partiyalardan hər hansı biri ilə bağlamamaq üçün çox ehtiyatlı olmalıyam; bunu bacarmaq isə xüsusilə ona görə çətindir ki, bir-biri ilə düşmənçilik edən bir neçə partiyadan dəvətnamə almışam və hər biri də məhz özünün haqlı olduğuna inandırmağa çalışırlar”.

Bayron Yunanıstanda üsyançıların rəhbərləri arasında düşmənçilik və yalan, sıravilər arasında isə pulgirlik və oğurluqla qarşılaşır. O, yunanları bu cür xarakterizə edir: “Ən pisi odur ki, onlar şeytancasına yalançıdırlar və onlardakı qədər düz danışmağı bacarmamaq qabiliyyəti Həvvanın dövründən bəri görünməyib”.

***

50 günlük fasilədən sonra Bayron qeydlərinə dekabrın 17-də davam edir. Bu fasilənin səbəbi İngiltərədə qalmış qızı Adanın səhhətindəki problemlərlə bağlı ziddiyyətli xəbərlər olur. Və Adanın sağaldığını biləndən sonra Bayron yenidən “Kefaloniya gündəliyi”ni bərpa edərək yazır: “Mənim üçün yazmaq həmişə ağır və əzablı işdir. Şahidlər də göstərə bilərəm, ancaq yazı xəttim buna ən yaxşı təsdiqdir. Bu, çox, sürətlə və dərin düşünən, ancaq zövq almayan adamın xəttidir”.

Dekabrda yunanlar türklər üzərində həm quruda, həm də dənizdə bir neçə qələbə qazanır, buna baxmayaraq daxili ziddiyyətlər aradan qalxmır. Bayron ilk prezident Mavrokordato ilə görüşür və kədərlə yazır: “Görüş çətin ki baş tutardı, əgər mən Missolonqi şəhərinə yardım üçün 200 min piastr ayırmasaydım”. Həmin məbləğ 20 min dollara ekvivalentdi və o dövr üçün nəhəng rəqəm idi. Onun özünün də qeyd etdiyi kimi, “İmperatorların imperatoru Napoleon özünün İtaliya kampaniyasına bundan 2 dəfə az məbləğ xərcləyib”.

Eyni zamanda, Mavrokordato onu Missolonqiyə dəvət edir - həmin vaxt şəhər mühasirədə idi. Bayron oraya yanvarın 5-də (artıq türklər geri çəkiləndən sonra) gedəcək, 3 min nəfərlik ordunun yaradılmasını maliyyələşdirəcəkdi. Həmin orduya komandir də elə Bayron təyin olunacaqdı.

Avropa miqyasında məşhur sima olan şairi inqilabçı partiyaların hamısı öz tərəfinə çəkmək istəyir, habelə sıravi döyüşçülər arasında da Bayronun nüfuzu artmaqda davam edir. O, dekabrın 17-də gündəliyində yazır:

“Suliotlar mənə simpatiya bəsləyir və istəyirlər ki, onların başında dayanım. Mən bunu indi etmək istəmirəm - burada qruplaşmalar və başçılar olduqca çoxdur. Ancaq zərurət yaransa, razılaşaram - onlar bu ölkədə savaşanlar arasında ən mərdləridir. Onların vasitəsilə Yunanıstanda da, hüdudlardan kənarda da çox şeyə nail olmaq olar. Əgər indiki gəlirlərim və sərvətim sabit qalarsa, mən öz hesabıma onları təmin edə bilərəm. Sayları 1000 nəfəri ötmür, aralarında əsl suliot 600 nəfərdən çox deyil, ancaq onların hər biri 5 Avropa və ya 10 Asiya türkünə dəyər (bu, öyünmək deyil, yaxınlarda qəzetlər də bu haqda yazıb)... Biz onlarla böyük dostuq”.

İnqilab üçün xərclər artdıqca Bayron da İngiltərədəki bütün mülkiyyətini satışa çıxarmaq göstərişini verir və əldə olunan məbləği yunanlara xərcləyir. Həmin dövrdə özünün gəlirləri barədə o, yazır:

“Mənim qazancım istənilən ölkə üçün (İngiltərə istisna olmaqla) yetərincə böyükdür. Mən ABŞ prezidentinin, yaxud İngiltərə nazirinin və ya Vyanada fransız səfirinin qazandığı qədər - təxminən 15 min frank qazanıram. 3 milyon frank isə malikanənin satışından əldə edəcəm. Beləliklə, müəyyən müddət ərzində çoxsaylı ordunu təmin etməyi bacararam. Yunanıstanın rifahından başqa heç bir məqsədim olmadığından, bu xərclərin faydalı xidmət olacağını güman edirəm...”

***

Yanvarın ortalarında artıq Missolonqidə olan Bayron özünün suliotlardan təşkil olunmuş 3 minlik ordusu ilə türklərin əlində olan Lepanto şəhərinə hücum əməliyyatına hazırlaşır. Ancaq suliotlar qiyam edərək məvaciblərinin artırılmasını tələb edirlər, qiyam yatırılır və Lepanto ekspedisiyası da təxirə salınır.

Əvəzində isə Missolonqinin rütubətli, bataqlıq iqlimi sürətlə Bayronun onsuz da zəif olan sağlamlığını daha da zəiflədir. O, “bataqlıq qızdırması”ndan (malyariya) əziyyət çəkir, xəstəliyə ümidsizlik və yorğunluq da qoşulur. Martda gəzinti zamanı güclü yağışa düşür və bərk soyuqlayır.

Aprelin 19-da lord Bayron ömrünün 37-ci ilində Missolonqidə vəfat edir. Həkimlər onun bədənini balzamlamaq üçün yarıb orqanlarını çıxarırlar. Ağciyərlərini və qırtlağını yerli Müqəddəs Spiridon kilsəsində saxlamaq qərarına gəlirlər, ancaq tezliklə bu orqanlar kilsədən oğurlanır. Balzamlanmış bədəni isə İngiltərəyə yola salınır və təyinat yerinə ölümündən 3 ay sonra - iyulda yetişir. Bayron Nottinhemşirdə, ailə sərdabəsində dəfn olunur.

***

İnqilabçı şairin ölümü Avropada böyük rezonans doğurur. Valter Skott “Lord Bayronun ölümü” məqaləsini yazır.

“Ən nüfuzlu mənbədən bizə bəlli oldu ki, yunan üsyançılar üçün lord Bayronun əhəmiyyəti onun özünün fərz edə biləcəyindən də böyük olub” - Skott qeyd edir. Onun sözlərinə görə, “Ürəyi bu dərəcədə mərhəmət hissi ilə dolu, əli bu qədər yoxsullara yardım üçün səxavətli olan ikinci adam yaranmayıb”.

***

Məşhur yunan rejissoru Teo Angelopulosun 1998-ci ildə çəkdiyi “Əbədiyyət və bir gün” (“Eternity and a day”) filmində ömrünün son gününü yaşayan qoca yazıçı qaçqın uşağa sözü pulla alan şairdən danışır. O şair İtaliyada yaşayırdı və yunan dilini bilmirdi. Yunanıstanda inqilab başlayanda bu ölkəyə gəlir - İnqilabı vəsf etməyə. Ancaq sözləri bilmir. Yunanlar biləndə ki, aralarında böyük şair var, ona yunan sözlərini pulla satırlar.

Hərəyə özününkü. Yunanlar üçün şair onlara köməyə gəlmiş inqilabçı yox, sözləri satıb pul qazanmaq mənbəyidir. Gülməlidir? Elə Angelopulos da anası ilə vidalaşmağa gələn yazıçının dilinə eyni sualı qoyur: “Niyə anlamadıqlarımız bizə gülməli gəlir?”

Angelopulos Corc Bayronumu nəzərdə tuturdu?..

# 4757 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #