Tək-tək hekayələr üzərində dayanmayacağam. Heç ayrılmadan oxuduqlarım oldu. Onlar haqda yazacam.
Məhz hansısa bir seçilən keyfiyyəti vurğulamaq mütləqdirsə, fərdilik və fərqliliyi qabardardım.
Ümumilikdə bütün hekayələr oynaq, canlı dili ilə seçilir. Müəllif oxucunu yüz ilin tanışı kimi əlindən tutub kitabın səhifələri arasına alır sanki. Sanıram Qan Turalı əsasən buna görə və informativliyi ilə udur.
“Şahmat məktəbinin direktoru” – Rafiq Tağı ruhu ən çox burda duyulurdu.
“Şaxta babanın qətli” - Pamuk (Mənim adım qırmızı), Elif Şafak (Aşkın
40 kuralı) sayağı personajların dilindən nəql. Mentalitet yüklü əfsanə. Burda çox şeylər var: urbanizasiya problemi, paxıllıq, başqasının daxili işlərinə intervensiya cəhdləri, “millətin tərəzisini” əsas götürərək yaşam tərzini ümumi axına uyğunlaşdırmaq meyli, illərin zəhmətini 3-5 dəqiqəlik psixoloji böhrana qurban vermə başıpozuqluğu və əlbəttə ki, gender məsələləri.
“Çılğınlar” - 18 yaşım qayıtsaydı, bəyəndiyim tək bircə bu olacaqdı. Əfsus və nə yaxşı ki, gedənlər qayıtmır.
Amma kitabda bunun əksinə təsadüf edirik., qayıdanlar da olur. “Füzulinin qayıdışı” – xüsusi qeyd etmək istədiklərimdəndir. Ümumiyyətlə, qayıdış yaxşı bir şey deyil. Ən azından qoyduğunu yerində tapmayıb peşmançılıq baxımından.
Ədib və mütəfəkkirlərin parkda görüşü Dante ilə Vergilinin məlum səyahətində antik mədəniyyət nümayəndələri ilə qarşılaşmalarını xatırlatdı mənə..
Əsər “qayıt öz yerinə, şair, girmə dünyamıza. Yoxdu sevgi!”
hökm-fərmanını düşünən şairin dalğın-dalğın siqaret çəkməsi səhnəsi ilə bitir.
Füzuliyə, böyük eşq aludəsi, qəm şairinə “yoxdur sevgi!” hayqırmaq.. – məncə kulminasiya bu idi., və o məhz buna əmin olmaq üçün qayıtmışdı.
Povestin sonundan başlayalım. Əsər mistik bir qüvvənin komfort durğunluq məzarlığına gömdüyü Eqonun arabir sızıntıları ilə tamamlanır.
Müəllif maraqlı bir gediş edib burda. Dolaşıq təhqiqat işinə girişib, kələfin ucuna Qordi düyünü vurub, quyunun dibinə atıb. Sonra da nərdivanı yandırıb, oxucunu quyunun başına dəvət edib və sağollaşmadan çıxıb gedib..
Türkiyəyə bir həftəlik ezamiyyət məkan yox, zaman səyahəti kimi gəldi mənə, hadisələrin sonrakı axarında..., daha dəqiqi, kəskin dəyişimində.
Bir gözləntim vardı. Prokurorun bir neçə dəfə vəziyyətinin dəyişilməsi epizodunu (qətl törədilən məkanda, ikinci dəfə prokurorluqda) qəhrəmanın da civə buxarlarından zəhərlənməsi kimi başa düşdüm. Amma işlənmədi bu məqam. Bir də vurğulayıram: irad yox, gözləntidir.
Bəlkə də əsərin nə ilə bitəcəyini bilən müəllif onu ayrı məcraya yönəltmək və artıq detallarla yükləmək istəməyib. Amma qəhrəmanın 2 yerdə təsvir olunan vəziyyəti – ümumi halsızlıq, zəiflik, apatiya, əsəb gərginliyi – məhz civə-“ölüm metalı” ilə zəhərlənmə kimi görünürdü. (timerosol və mertiolatla bağlı müəyyən tədqiqatlar aparmış və müvafiq ədəbiyyatı araşdırmış biri kimi yazıram). Hər halda mən belə qiymətləndirdim, prokurorun civə buxarı hopmuş otaqda bir neçə saat qalmasından sonra isə ələlxüsus. (Civənin buxarlanması üçün kritik temperatur tələb olunmur. Otaq temperaturunda da bu proses gedə bilir). Müəllif prokurorun əsəb gərginliyini yorğunluğa yazır. Bəlkə də prokurorun başına gələnlərin (gətirilənlərin) fonunda əlavə bir zəhərlənmə faktı ifrat görünə bilərdi.
Sadəcə əgər sonra inkişafını tapmayacaqdısa, bu hal vurğulanmamalıydı.