“Əsl inqilabçı - zorakılığın düşmənidir, pasifistdir; o, ölümü yox, həyatı sevir. Ancaq elə olur ki, İnqilabı zorakı forma almağa məcbur edirlər - o vaxt ki, hakimiyyəti əlində tutanlar onu xalqa dinc yolla qaytarmırlar. Və bu vaxt zorakılıq öz bəraətini alır, çünki, bu, xalqların dinlər tərəfindən də haqq qazandırılan müqavimət hüququdur”
(Ernesto Kardenal. 1972-ci ildəki müsahibəsindən)
Nikaraquadakı Sandinist inqilabını “Şairlərin inqilabı”, dünya şöhrətli şair Ernesto Kardenalı isə onun “Qırmızı kardinal”ı adlandırırlar. Yanvarda 88 yaşını qeyd edən canlı klassik, Latın Amerikasında diktaturaya qarşı mübarizənin simvollarından biri olan Kardenal sonuncu dəfə auditoriya qarşısına ötən ilin 15 noyabrında çıxdı. Onun imicinə çevrilmiş “A-lya Çe” beretlə, həmişə gülən gözləri, dümağ saqqalı ilə.
Bu dəfə Madridi fəth edən şair kraliça Sofiyanın əlindən İspaniyanın ali ədəbiyyat mükafatını - “Sofiya mükafatı”nı alırdı. Marksist və kraliça - maraqlı tandemdir...
Şair, keşiş-yezuit, marksist, partizan, asket, nazir... - bir ömürdə saysız-hesabsız tale yaşayan Kardenal ilə istənilən xalq fəxr edə bilərdi. Ancaq o, ilk növbədə bapbalaca bir ölkəyə - Nikaraquaya məxsusdur.
2005-ci ildə Nobel mükafatına namizəd irəli sürüldü. Daha əvvəl Nikaraquanın inqilabi hökumətində 8 il mədəniyyət naziri oldu. Daha əvvəl, daha əvvəl... Olmazmı elə lap əvvəldən başlayaq?!
Əvvəldə isə 1925-ci ilin ilk ayında əsilzadə və çox zəngin ailədə dünyaya göz açan körpə vardı. Reaksioner mövqeli valideynlərin ağlına da gəlməzdi ki, onların övladı böyüyüb diktaturaya meydan oxuyacaq, var-dövləti atıb əvvəl sui-qəsdçi, sonra keşiş və zahid, sonra partizan və nazir olacaq, ancaq həmişə şair kimi qalacaq.
***
“Şair bütün anlamlarda əsl və bütöv insan olmalıdır. O, elə bir insan olmalıdır ki, öz xalqının problemləri, iqtisadi vəziyyəti və siyasəti ilə maraqlansın. Bir sözlə, şair - inqilabçı mövqeyində dayanmalıdır”
Ernesto Kardenal
İlk dəfə kimin dilindən səsləndiyi çoxdan unudulsa da, artıq folklora çevrilmiş bir epizod var: 1975-ci ildə Qarsia Markesə Hollivuddan zəng vurub “Yüz il tənhalıqda”nın ekranlaşdırılması üçün razılıq istəyirlər. Əvəzində 5 milyon dollar təklif edirlər.
Markes razılaşmır: “Ekranlaşdırma hüququnu sizə satardım - əgər aldığım pulları Latın Amerikasında inqilab üçün bağışlaya bilsəydim. Hazırda isə qitədə inqilab yoxdur”.
Bir neçə gün sonra Markesə Parisdən dostu Ernesto Kardenal zəng edir: “Qabriel, razılaş. Belə bir inqilab var. O, Nikaraquadadır”.
Bilmirəm, sonda Hollivudla Markes nədə razılığa gələ bilmir, ancaq bu günə qədər “Yüz il tənhalıqda”ya film çəkilməyib.
Kardenalın öz pullarını Sandinist gerilyaya yardım üçün heç vaxt əsirgəmədiyi isə danılmaz faktdır.
Ali təhsilini Mexikoda alır, filologiyanı və fəlsəfəni öyrənir. Zəngin ailədən çıxmağı dünyanı xeyli gəzməyinə imkan yaradır. İspaniyada yaşayır, Oktavio Pas ilə dostlaşır. Və 1950-ci ildə Nikaraquaya qayıdaraq siyasi mübarizəyə qatılır.
1954-cü ildə Nikaraqua müxalifətinin ən çeşidli qüvvələri birləşərək diktator Anastasio Somosaya qarşı qiyam qaldıranda, gənc Ernesto da onların cərgəsindəydi. Qiyamçılar məğlub olur, total terror başlayır. Tutulanlara diktator özü şəxsən işgəncə verirdi. Bu hadisələri Kardenal “Sıfır saatı” kitabında nəzmə çəkib və diktatorla bərabər, onun oğlu - gələcək diktator oğul-Somosanın da portretini cızıb: “Tako” (gələcək cəlladı bu cür çağırırdılar) Prezident sarayının işgəncə yerinə çevrilmiş zirzəmisi ilə yuxarı mərtəbədəki apartamenti arasında qalmışdı: Tez-tez qalxıb qana bulaşmış kostyumunu dəyişirdi. Həmin repressiyalarda Kardenal bir çox dostunu itirir. Onlardan biri isə Somosanın əmri ilə diri-diri yandırılır.
Azadlıqda qalan Kardenal ölkəni tərk edir. 2 il sonra başqa bir şair - Riqoberto Lopes Peres maskarad zamanı üzünü gizlədərək diktatoru güllələyir və özü də qətlə yetirilir. Ancaq ölkədə heç nə dəyişmir: ata diktatoru oğul diktator əvəzləyir. Sistemə toxunmadan personajları əvəzləməyin faydasızlığını Nikaraquada hələ o illərdə anlayırlar.
1960-cı illərdə Vətənə dönən Kardenal keşiş rütbəsi qəbul edir. Onun moizələri şeir formasında yayılırdı. Artıq o vaxtlar Kardenal “Azadlıq teologiyası”nın nümayəndəsi idi (diktaturaya qarşı marksistlərlə din xadimlərinin çiyin-çiyinə mübarizəsi). Onun keşiş fəaliyyətinə başlaması da bu cərəyanın ilk nümayəndələrindən olan Kamil Torresin Kolumbiya cəngəlliyində qətlindən 3 gün sonraya təsadüf edir (Torres Kolumbiyada partizan dəstəsinə başçılıq edirdi).
Sonralar “Azadlıq teologiyası”nı qəbul edən din xadimlərinin sayı durmadan artacaqdı. Salvadorun arxiyepiskopu Oskaro Romero (Ona “Salvadorun vicdanı” da deyirlər) onların arasında ən məşhurlarından idi. Romero 1980-cı ildə “Ölüm eskadronları” tərəfindən kilsədə qətlə yetirildi (Bu epizod Oliver Stounun məşhur “Salvador” filmində də əks olunub).
Yaxud Ernestonun kiçik qardaşı, sonralar Nikaraquanın təhsil naziri olacaq Fernando Kardenal da bu cərəyana məxsusdur. Nəhayət, böyük şairin bacısı oğlu Antonio Kardenal isə Salvador gerilyasında savaşırdı. Partizanlar ona “Qırmızı İsa” deyirdilər. Antonio 1991-ci ildə 41 yaşında döyüşdə həlak olur.
***
“İndiki bəşəriyyət nikaha ehtiyac duymayan və ömrünü cəmiyyətdən kənarda, tək-tənha yaşayacağını fərz edən 13 yaşlı qızcığaza bənzəyir... Biz yeni insan yaradırıq və inqilab bununla da bitməyəcək”
Ernesto Kardenal
Keşiş və şair Kardenal Nikaraquanın dünyada vizit kartına çevrilir. 1960-cı illərdə diktaturada ona dəyib-toxunan yox idi. Əksinə, Ruben Darionun yoxluğunda, diktator oğul-Somosa ona Nikaraquanı dünyada tanıdan adamlardan biri kimi baxırdı.
Şair Nikaraqua gölündə yerləşən Soletiname adasına çəkilir və bir müddət burada asket kimi, tənha yaşayır. Onun Solentiname dövrü (1966-1977) yaradıcılıq üslubunun formalaşdığı dövrdür. Burada Kardenal bir çox məşhur kitabını (“Amerika hindularına müraciət”, sandinist partizanlara həsr etdiyi “Milli nəğmə”, “Manaquada öncəgörmə”, “Solentiname İncili”, “İnqilabın müqəddəsliyi” və s.) yazır.
1970-ci ildə Fidellə görüşə yollanır və “Kubada” adlı kitabını yazır. Alyende Çilisinə yollanan şair orada marksistlərlə katoliklərin dialoqunda iştirak edir və “Mən buraya böyük inqilabçı olmağı öyrənmək üçün gəlmişəm” deyir. 1976-cı ildə isə Rassel Beynəlxalq tribunalının iclaslarında Somosa diktaturasını ifşa edir.
Kardenal adada kəndlilər üçün kommuna, kommunada da məktəb və iş yerləri açıb Tolstoy sayağı maarifçiliklə məşğuldu. Burada kəndlilər primitiv şəkillər çəkir, müxtəlif kustar əl əşyaları düzəldirdi. Şəkillər və əşyalar ABŞ və Avropada satılırdı.
Heç kəsin də ağlına gəlmirdi ki, keşiş və dünya şöhrətli şair satışdan gələn gəliri marksist partizanlara göndərir. Bu, bəlli olanda Somosa muzdlularını adaya cəza ekspedisiyası üçün yollayır, kitabxana, muzey, məktəb yandırılır, bütün kəndlilərə şəkil çəkmək qadağası qoyulur, bəzilərini məhbəsə atır. Və Kardenal gizli mübarizəyə yollanır - partizanların yanına gedir.
Sonralar Xulio Kortasar adadakı kommunanın məhvini “Solentiname apokalipsisi” adlandıracaqdı.
***
Kardenal Markesə zəng vuranda sandinistlər artıq 14 ildi ki, diktaturaya qarşı ümidsiz və kompromissiz savaş aparırdı. Ordunun yaradıcısı çəlimsiz, eynəkli intellektual Kalos Fonseka idi - ona baxıb böyük iradə sahibi olan inqilabçını təsəvvür etmək qeyri-mümkündü.
İnqilabi ordunu Fonseka 10 dostu ilə birlikdə uzaq 1961-ci ildə quranda mübarizənin 17 il çəkəcəyi, bu illərdə 200 min insanın Somosa repressiyalarının qurbanı olacağı (o vaxt Nikaraqua əhalisinin sayı 1,5 milyondan az idi) ağıllarının ucundan da keçməzdi. Və sandinistlər qalib gələndə həmin 11 nəfərdən yalnız biri salamat qalmışdı - Tomas Borxe (2012-ci ildə vəfat etdi). O da savaş illərində həyat yoldaşını və övladını itirmişdi.
Mübarizənin sirri onun yanğısının ziyalını da, fəhləni də, katolik kilsəsini də, savadsız kəndlini də əhatə etməyindəydi. Bir də mükəmməl təbliğatda. Xüsusən də “Mədəni cəbhə”də.
Fidelin mənəvi dayağından başqa sandinistlərin kənardan heç bir köməyi yoxdu. SSRİ Nikaraqua gerilyasını dəstəkləmirdi, çünki yerli kommunistlər - Nikaraqua Sosialist Partiyasının rəhbərləri - partizanların əleyhinə idi. Və Fonseka kommunistlərin baş katibinin hətta Marksla Engelsin “Kommunist Partiyasının Manifesti”ni oxumadığını açıqlayanda belə, bu, heç nəyi dəyişmədi.
***
“Hətta kapitalizmin strukturları daxilində qalmaqla da sosializm üçün çox şey etmək olar: kitab nəşr etməklə, maarifləndirməklə, istənilən ixtisas üzrə istənilən işdə çalışmaqla. Hər bir ixtisas sahibi inqilab və dəyişikliklər üçün savaşa bilər. Bu mümkün olmayanda belə, ailə, dostların əhatəsi qalır. Başqalarına kitablar və jurnallar verməklə onları radikallaşdırmaq olar. Yaxud uşaqları düzgün tərbiyə etmək vacibdir...”
Ernesto Kardenal
Əvəzində isə inqilabi Nikaraquada inqilabi kitablar oxuyur, Nerudanı, Ruben Darionu və Kardenalı əzbər bilir və… seriallara baxmırdılar. Bu triada diktatura əleyhinə mübarizlərin ştampı idi.
Bəli, 1970-ci illərin Nikaraquasında seriallara və şoulara baxmaq “ayıb sayılırdı”. İnqilabın “Mədəniyyət cəbhəsi” var-gücü ilə işləyirdi. Manaqua və Leon universitetlərinin tələbələri dəbdə olan burjua yazıçılarını, jurnalistlərini, aktrisalarını fitə basır, daşa tuturdular. “Dünya Gözəli” müsabiqəsində birinci yer qazanmış “Nikaraqua gözəli”ni Manaqua hava limanında çoxsaylı pərəstişkarları yox, ona “Fahişə! Get Somosanın yatağına gir!” qışqıran tələbələr qarşılamışdı.
Ağılda dərin olmayan 20 yaşlı gözəlçə isə bütün bunları görüb göz yaşlarına qərq olmuş və mikrofonlara demişdi: “Onlar ağıllarını itirib! Somosa qoca, tüklü və piylidir. Mənə dünyanı da versələr onunla yatağa girmərəm!”
Nəticədə qalmaqal yaranır, vəhşiləşmiş Somosa “Nikaraqua gözəli”ni türməyə göndərir. Gözəlçənin məxsus olduğu varlı klan - daha bir imkanlı nəsil - Somosaya müxalifətə keçir. Tələbələr isə diktaturanın “zövq cəbhəsi”ndə, düşmənin öz ərazisində çox sanballı qələbə qazanır.
***
“Dinc mübarizə zorakılıqdan üstündür, ancaq zorakı mübarizə də qorxaqlıqdan üstündür. Əvvəllər anarxist idim, elə indi də qalıram. Ancaq anarxist cəmiyyət ideyasının yalnız sosializmin qələbəsindən sonra mümkün olacağını düşünürəm. Hal-hazırda ilk növbədə sosialist dövlətinin qurulması mərhələsinə keçilməlidir”
Ernesto Kardenal
Ernesto Kardenalın diktaturaya barışmaz mövqeyini onun balaca bir şeirində izləmək olar. Şeirin adı da çox simvolikdir: “Somosa adına stadionda Somosanın heykəlini açan Somosa”.
Dominikan Respublikasında diktator Truxilyo özünə 7 min heykəl ucaltmışdı. Somosalar da istisna deyildi.
Nə şair, nə tərcüməçi olduğumdan, həmin şeirin tərcüməsini nəzmlə təqdim edirəm:
“Bu heykəli mənə xalq ucaldıb? Əlbəttə, yox.
Hamı bilir ki, bu monument mənim əmrimlə hazırlanıb
Və burada da mənim əmrimlə yerləşdirilib.
O, mənə əbədiyyət qazandırmır. Bilirəm:
Gün gələcək və bu mərməri dağıdacaqlar.
Mən heç də sağlığımda siz mənə ölümümdən sonra
Ucaltmayacağınız heykəli ucaltmaq məqsədi güdmürəm.
Bəs onda nə üçündür bu heykəl?..
Onun üçündür ki, mənim cismimə nifrət edənlərin gözünü
Yəni, hamınızın gözünü bu abidə qabar etsin!”
Vəssalam - budur diktatorların mütləq uçurulacağına əmin olduqları heykəllərin psixoloji izahı: Baxın və yanın, hələ nifrət edə-edə baş da əyin!..
***
Çoxlu şeir müəllifi olan Kardenal cəmisi 1 hekayə yazıb. “İsveçli” adlı o hekayə 1950-ci illərin sonunun məhsuludur.
SSRİ dönəmində yeniyetmələr və gənclər üçün nəşr olunan çoxsaylı keyfiyyətli jurnallardan birində - “Rovesnik” jurnalında uzaqdan uzaq 1990-cı ildə oxuduğum o hekayəni internet-kitabxanalarda axtarmaq cəhdlərim uğursuz oldu. Hekayəni 23 illik fasilədən sonra bir daha oxumaq üçün “Rovesnik” jurnalının internetdəki arxivini “endirmək” gərək oldu.
Lakonik olacam: Hekayə arxi-aktualdır, halbuki, 1990-cı ildə qarşılaşdığımda məndə xüsusi bir təəssürat doğurmamışdı. Çünki, o vaxt üçün olduqca irreal görünmüşdü və bizim Kafka “Prosesi”, Oruell antiutopiyalarının gerçəkləşəcəyi dövrdə yaşayacağımız utopik görünürdü.
İsveçli Erik Xalmar Ossianilsson 1897-ci ildə Nikaraquaya, kökü gedib dinozavrlara çıxan bir canlını axtarmaq üçün gəlir. Və onu tutub türməyə atırlar. Niyə? Heç kəs bilmir. Üstündən illər keçsə də, isveçli özü də səbəbi bilmir: “Görürsüz, mən xəbərdarlıq etdim axı, həqiqəti tapıb çıxarmaq mənasız vaxt itkisidir. Və hər şeyi olduğu kimi qəbul edin: məni həbs ediblər, vəssalam”.
İsveçli məhbəsdə ümid edir ki, 5 il sonra yeni prezident seçiləcək və onda azad olunacaq. Ancaq köhnə prezident təkrar seçiləndə o, uşaq kimi təəccüblənir. Və günlərin birində kameraya gəlib onu bayıra çıxarır, çimizdirir, əyninə frak geyindirib birbaşa prezident sarayına aparırlar. Demə, İsveçdən məktub gəlib, heç kəs bu dili bilmir, birdən kiminsə yadına düşür ki, məhbəslərdən birində kimsə daim şikayətlənərək “Mən - isveçliyəm” deyirmiş.
Məktub gözəl bir xanımdandır, o, qəpiklər kolleksiya edir, prezidentdən də ricası budur ki, ona Nikaraqua qəpikləri yollasın. Cavab məktubunda isveçli prezidentin mətninə əlavə kimi öz durumunu da yazıb kömək istəyir. Növbəti məktubda xanım onun üçün prezidentdən ricada bulunur, ancaq qəhrəmanımız məktubun bu hissəsini prezidentə oxumağa qorxur: deyərlər ki, nə haqla sən prezidentin cavabına özün barədə əlavələr etmisən...
Bir sözlə, məktublaşmalar davam edir və hər məktub gələndə, isveçlini çimizdirib-geyindirib saraya tərcümə üçün gətirirlər, ancaq azad etmək barədə söz də getmir. İkili oyun davam edir: xanımın məktubları məhbusadır, prezident isə elə bilir ki, onlar özünə ünvanlanıb. Hər dəfə məhbus yalandan prezident üçün mətnlər uydurur, cavab məktubunda isə yalnız özü və xilası barədə yazır. Bir sözlə, prezident özü də bilmədən 2 isveçlinin sevgi məktublarını masasının gözündə qoruyub saxlayır. Prezident isveçli xanıma vurulur, ondan dövləti necə idarə etməyində yardımçı olmağını istəyir. Və məhbus təbii ki, bu xahişləri yox, öz hisslərini yazıb məktubla yollayır, məsləhətləri də prezidentə özü verir. Bununla da o, mühacirətdəki müxaliflərin ölkəyə qayıtmağına, siyasi məhbusların azad olunmasına nail olur.
Yəni, məhbus ölkəni idarə edir, yalnız bir şeyə nail ola bilmir - Azadlığa qovuşmağa. Günlərin birində prezidentin isveçli xanıma ehtirası bitəndə isə hər şey köhnə əyyamlara qayıdır.
“O vaxtdan daha 4 il keçdi və mənim prezidentin hakimiyyət müddətinin bitməsinə olan ümidlərim yenə doğrulmadı - təsəvvür edirsiz, onu bu dəfə də təkrar seçdilər!” - hekayənin sonluğunda isveçli məhbus məktubunda öz dilində yazır...
Məgər diktaturalarda hər kəs sanki yad ölkədəymiş kimi, əhatələndiyi toplumu anlamayan və toplumun da anlamadığı, sonu görünməyən məhbus həyatını hansı səbəbə görə yaşadığını bilməyən və sonadək də bilməyəcək o isveçli deyilmi?..