Kulis.az aktyor, Əməkdar Artist Vidadi Həsənovun şeirlərini təqdim edir...
... Ağlına
başqa şey gəlməsin….
... Mən oxumuş adamam,
kafir
Qalileo Qaliley isə
fırıldaqçıdı –
yerin yumru olduğunu
o tapmayıbdı,
yığışdırın bu söhbəti
ayıbdı...
... Bizim
sabirabadlılar
ondan qabaq
bilirdilər –
qarpız yumrudu,
yer də qarpız şəklindədi,
həqiqət budu...
***
... Quru,
kobud,
yonulmamış,
tilişkəli,
düyünlü,
mişar kəsməz,
balta batmaz –
qısası...
... Ağlına
başqa şey gəlməsin –
mən özümdən danışıram,
qadası...
***
... Əcəb işdi,
hələ də dözürəm –
amma
heç nə dəyişmir...
... Balıqlar
göydə uçmur,
quşlar
suda üzmür,
insanlar
pis əməllərdən bezmir...
... Əcəb işdi,
oturduğum stul sındı,
dözmədi –
axır ki,
nə isə dəyişdi...
***
Çox qəribədi ki,
qəribə deyil...
... Nə şairəm,
nə də yazar,
ala-babat aktyor
bir də
üç qız atasıyam –
nə kiminsə toyuğuna,
nə də ki,
göy üzünə
daş atasıyam...
... Nə kafirəm,
nə də mömin,
mən göylərin
xatasıyam –
günahlarım
özümdən də iridi,
bir gün elə
günahların içindəcə
batasıyam...
***
... Qəribə deyil –
qəribə
heç nə yoxdu...
... Amma –
çox qəribədi ki,
qəribə deyil...
***
... Onu
vurdular hara gəldi-
daşa,
divara,
dar ağacına,
çarmıxa...
... Bu adam
hər işdə kara gəldi-
əzildi,
əyildi,
axırda da döndü
əyri mıxa...
***
... Uşaqlar
kök,
gombul,
şar kimi şişman –
ağır,
ağır...
... Qadınlar
ətli,
piyli,
soyuducu kimi dolu –
ağır,
ağır...
... Kişilər
acgöz,
tamahkar,
siçovullar kimi dombaqarın –
ağır,
ağır...
... Bu şəhər
bir gün
batacaq,
batacaq –
ağır-ağır,
ağır-ağır...
****
... Yapış yaxasından
təpəgöz gerçəkliyin,
sonra dua üçün aç
ümidsiz əllərini,
qan qusan divarda
qatar şəkli çək –
unut yaddaşını
kimsəsiz vağzalda,
min o qatara və
tüpür hər şeyə...
... Amma getdiyin yerə
tək get,
nəbadə özünü aparma ora,
qoy qalsın o
daş adamlar yaşayan
bu şəhərdə –
əl açsın
vara-dövlətə,
diz çöksün
tükənməz əzablara...
... Bir gün bu şəhərə
göydən üç alma düşəcək:
birini qadınıma,
birini qızlarıma,
birini də harda görsəz
özümə verərsiniz –
qoy qan qusan divarda
qatar şəkli çəkib
dalımca gələndə
alma yeyə-yeyə gəlsin...
Könül, daha
şəkk eləmə…
.. Dəli könlüm
ərk götürməz,
baş aparar,
tərk götürməz –
ha deyirəm
görk dünyadı,
bu dünyadan
görk götürməz...
... Könül daha
şəkk eləmə,
ömrü-günü
sikkələmə –
bu gen dünya
nənni deyil,
məni belə
silkələmə...
... Bu yolun
başı uçurum,
dərdimi
söküm, uçurum –
tutaq ki,
çərlətdim səni,
ruhumu
hara uçurum?..
***
... Dişimi-dişimə sıxıb
hıçqırdım
səhərə kimi –
nə qadınım bildi,
nə uşaqlarım gördü...
... Qonşunun iti də
zəncirini çeynəyə-çeynəyə
hürdü,
hürdü –
səhərə kimi...
***
... Adam
hərdən dönür
qum dənəsinə –
hərdən
yazıq olur,
fağır olur...
... Hərdən də
dönür
qarışqaya –
çiynindəki yükü
özündən də
ağır olur...
... Hamının
çəkdiyi yükü
daşıya bilərsən –
bu hələ
yük daşımaq deyil...
... Adamlar arasında
hamı kimi
yaşaya bilərsən –
bu hələ
adam kimi yaşamaq deyil...