Kulis.az Elçin Əfəndiyevin "Kaşeyin ölümü" adlı kiçik povestini internet məkanında eksklüziv olaraq yayımlayır.
Bu gün povestinin üçüncü və sonuncu hissəsini təqdim edirik.
İLK İKİ HİSSƏ:
6.
Vaxtı ilə bir il ərzində atasını, anasını, sonra da bacısını itirən Anna Viktorovna özü öz fikirlərini təsdiq edərək, ürəyində deyirdi ki, elədir, bədbəxtlik gələndə dalbadal gəlir və aydın məsələdir ki, Zərbala Anna Viktorovnanın nə fikirləşdiyindən xəbərdar deyildi, ancaq sən demə, Zərbala üçün də bədbəxtlik həmin şənbə axşamı Kaşeyin döyüş meydanından o şərəfsiz qaçışı ilə qurtarmırmış, bədbəxtlik – hələ irəlidəymiiş.
Elə ki, Kaşey camaatın gözü qabağında döyüş meydanından o cürə qaçdı və növbəti xoruzlar meydana atıldı, Zərbala daha orada qalmadı, qutunu götürüb həyəcandan və sarsıntıdan titrəyən addımlarla badam ağacına tərəf getdi, ağacın yoğun gövdəsinin arxasında yenə də yerə sinib gizlənmiş Kaşeyi bir qanadından qaldırıb qutuya atdı. Kaşey gözlərini yumub səsini çıxarmadı, elə bil, özü öz biyabırçılığından utanırdı, ancaq Zərbala daha bunun fərqində deyildi.
Təbii ki, Əminə xoruz döyüşündəki biyabırçılıqdan xəbərdar idi və Zərbala əlində qutu həyətə girəndə bir söz demədi. Zərbala da bir söz demədi və Kaşeyi içindən çıxartmayaraq qutunu hinin qapısı ağzına tullayıb, təzədən çöl qapısına tərəf gedəndə Əminə sövq-təbii bir təlaşla soruşdu:
- Hara, Zərbala?
Zərbala qapıdan çıxa-çıxa:
- Gora!..- dedi.
7.
Nəsillikcə qəssab olan qəssab Mirzəağa Azərbaycan qəssabları arasınla bəlkə də, ən arıq adam idi, o qədər arıq idi ki, gicgahının, ənginin sümükləri də çıxmışdı və hər dəfə nəsə yeyəndə onun çeynəmə prosesi rentgen şəkili kimi adamın gözünün qabağında baş verirdi, ancaq bu dərəcədə arıqlıq nə onun ağır dəhrədən möhkəm yapışaraq başının üstünə qaldırıb, hətta öküz cəmdəyi parçalamağına mane olurdu, nə də onun işgüzarlığına.
Qəssab Mirzəağa mədəniyyətə xüsusi fikir verən, mədəni tədbirləri qiymətləndirən bir adam idi, özü kitab oxumasa da, kitab oxuyanlara hörməti var idi, azı ayda bir dəfə, bazar günləri həyat yoldaşını və övladlarını, gəlin və kürəkənlərini, bir sözlə bütün böyük ailəsini götürüb Bakı teatrlarında, xüsusən Musiqili Komediya Teatrında yeni tamaşalara baxmağa aparırdı və düzdür, Bakı teatrlarının bəzi artistləri hərdən onun bu teatr məhəbbətindən sui-istifadə edirdilər, xüsuən yay aylarında kafeyə gəlib, müftə yeyib-içirdilər, ancaq qəssab Mirzəağa bundan maddi zərər çəksə də, mənən məmnun qalırdı.
Bir dəfə – üç-dörd il bundan əvvəl – artistlər Moskva teatrlarından hansınınsa Bakıya qastrol səfərinə gəlmiş bir artistini də özləri ilə Qəssab Mirzəağanın kafesinə gətirmişdilər və bir az yeyib-içəndən sonra o rus artist onun uzun və arıq barmaqlarına baxa-baxa:
- Vaşi paltsı poxoji na paltsı pianistov!..- demişdi («Sizin barmaqlarınız pianoçuların barmaqlarına bənzəyir!..») və o çağdan etibarən Qəssab Mirzəağanın mədəniyyətə olan məhəbbəti daha da artmışdı, hərdən gözü öz barmaqlarına sataşanda kişinin içindən xoş və xəfif bir hiss ötüb keçirdi.
Bütün bunlara görə də kənd ziyalıları Qəssab Mirzəağanın simasında özlərinə layiq bir tərəf-müqabil görürdülər, hərdən Bakıdan gələn qonaqları ilə onun kafesində xudmani məclis qururdular və Bakıdan gələn o artistlərdən fərqli olaraq pulunu da ödəyirdilər.
Qəssab Mirzəağa Sovet İttifaqı dağılandan sonra qəssab dükanını özəlləşdirmiş və burada həmin kafeni açmışdı. Bir küncü kafellətdirmişdi, orada üstü mərmərdən olan səliqəli bir piştaxta düzəltdirmişdi və ət satılan yer də ora idi. Kafenin cəmi iki işçisi var idi ki, biri qəssab Mirzəağanın özündən, o biri də qayınanasından ibarət idi. Qayınana yalnız xəmir xörəkləri bişirirdi: düşbərə, qutab, xəngəl, gürzə, ciyər peraşkisi və bu xəmir xörəkləri xüsusən xarici turistlər arasında çox şöhrət qazanmışdı. Bəzən məhəllə uşaqları, xüsusən imkansız ailələrdən olan uşaqlar kafeyə girib, bir dənə isti peraşki götürüb qaçırdı və belə anlarda Qəssab Mirzəağanın arıq sifətindən bir təbəssüm ötürdü, qayınanası narazılıqla ona baxanda:
- Allah əvəzini verəcək!- deyirdi.- Sən işində ol…
Qış aylarında isə Mirzəağa özü xaş bişirirdi və yalnız bu kəndin yox, bütün ətraf kəndlərin xaş həvəskarları onun bişirdiyi xaşı yüksək qiymətləndirirdi.
Qəssab Mirzəağa yay aylarında səhər saat 7-dən, xaş mövsümü başlayandan sonra isə 9-dan (səhər saat 7- də xaş dəsgahı başlayıb, 9-da sona yetirdi) günorta saat 12-yə kimi piştaxtanın arxasına keçib təzə qoyun, mal əti satırdı. Dükanın qalan hissəsini isə səliqə ilə təmir etdirib kafe kimi işlədirdi və günorta saat 12-dən gecə saat 10 kimi müştəriləri qəbul edib, yola salırdı.
Və həmin şənbə günü də artıq gecə saat 10-dan beş dəqiqə keçmişdi, qayınanası evə getmişdi, amma Qəssab Mirzəağa kafeni hələ bağlamamışdı, çünki on-on beş dəqiqə bundan əvvəl milisioner Səfər içəri girib soruşdu ki, hələ getmirsənsə, formanı dəyişib, gəlmək istəyirəm.
Milisioner Səfər əynində forma olanda alkoqollu içki içmirdi, gecələr iş növbəsi bitəndə, hərdən kafenin qonşuluğundakı evində fomasını çıxarıb, mülki geyim geyib kafeyə gəlirdi, adətən pendir-çörək, bir dənə pamidor, bir az da göy-göyərti ilə 150 qram araq içirdi və çox zaman da onun badə dostu elə Qəssab Mirzəağanın özü olurdu, üzbəüz oturub İrandan-Turandan danışırdılar. Mirzəağa bütün günü müştərilərə qulluq elir və dilinə içki vurmurdu, elə ki, saat 10 olurdu, qapını bağlayıb, haqq-hesabını eləyəndən sonra ac qarnına 100 qram araq içib, üstündən heç nə yemirdi (Mirzəağa, ümumiyyətlə, kafedə heç nə yemirdi və onun günorta yeməyini də arvadı evdə bişirib göndərirdi), birbaşa evə gedib, mətbəxdəki mizin üstündə onun gəlişini gözləyən yeməyi – arvadı onun üçün sevə-sevə nə bişirmişdisə, onu yeyirdi.
Qəssab Mirzəağa əvvəllər 100 qram araq içirdi, ancaq Feyzi bəy deyəndən sonra ki, içkilərin arasında ən az ziyan verəni tekiladır, araq əvəzinə 100 qram tekila içirdi və indi də milisioner Səfəri gözləyirdi ki, badə dostluğu edib, 100 qram tekilasınını onunla içsin.
Milisioner Səfər əynində mülki libas, içəri girəndə onun 150 qram arağı, pendiri, bir dilim çörəyi, səliqə ilə doğranmış bir dənə pamidoru və bir az göy-göyərtisi də, qəssab Mirzəağanın 100 qram tekilası ilə bahəm mizin üstündə hazır vəziyyətdə dayanmışdı.
Hələ lap cavanlıq çağlarından etibarən həmişə arağı qədərində içən, heç vaxt həddini keçməyən və yəqin elə buna görə də arağın qədrini bilən Milisioner Səfər ləzzətlə mizin üstündəki o 150 qram arağa və o təamlara baxdı, sonra Qəssab Mirzəağa ilə üzbəüz əyləşdi.
Qəssab Mirzəağa nazik və uzun barmaqları ilə öz qədəhini götürüb:
- Qaldır görək!..- dedi və milisioner Səfər də öz qədəhini qaldırandan sonra, gözü ilə qədəhlərə işarə edərək: - Bunlar gedən yerə azar-bezar getməsin!.. dedi.- Sənün sağluğuva!
Bu xudmani məclisin hərarəti Milisioner Səfəri cuşa gətirmişdi və buna görə də daha artıq kəkələyə-kəkələyə:
- Sə-sə-sənün sa-a-ağluğuva, qə-qə-qədeş!- dedi, ancaq onlar qədəhləri bir-birinə vurub, içməyə macal tapmamış, qapı açıldı və Zərbala içəri girdi.
Bu qəfil gəliş açıq-aşkar Milisioner Səfərin də, Qəssab Mirzəağanın da ürəyindən olmadı və Milisioner Səfər gözlərini Zərbaladan çəkib, Qəssab Mirzəağaya baxdı, hər halda, buranın yiyəsi Mirzəağa idi, ancaq Mirzəağa bir söz deməmiş, Zərbala dili dolaşa-dolaşa:
- Qədeş… bir şüşə soyuq pivə… bir dənə… pivə verərsən mənə?- dedi.
Qəssab Mirzəağa səliqə-səhmanlı adam idi və gecə saat 10-dan sonra heç kimə qulluq etmirdi, ancaq bu gecə, görünür, bir tərəfdən Kaşeyin o rüsvayçılığının şahidi olduğu üçün, o biri tərəfdən də Zərbalanın ürəyinin yanğısını aşikar hiss etdiyi üçün, bir söz demədi, əlindəki qədəhi mizin üstünə qoyub, ayağa qalxdı və yüz faiz əmin olsa da ki, Zərbalanın cibində bir qəpik də yoxdur, haçansa da bu pivənin pulunu verib-verməyəcəyi məlum deyil, soyuducudan bir dənə dəmir qabda «Efes» çıxarıb ona uzatdı:
- Alaginə…
Ancaq, stomotoloq Feyzi bəy demişkən, moralı pozulmuş Milisioner Səfər bu dəfə özünü saxlaya bilmədi və sovet vaxtlarında olduğu kimi aşkar bir hədə ilə:
- Alə, Zə-zə-zərbala,- dedi.- A-a-alə, yenə ba-ba-başladun sən?
Həqiqətən də, elə ki, Zərbala Kaşeyi qutusu ilə birlikdə hinin yanına atıb həyətdən çıxdı, keçmiş zamanlarda olduğu kimi, ayaqları onu tamam mexaniki, tamam qeyri-iradi arağa doğru apardı və dükandan bir yarımlitrlik araq alıb, dənizkənarındakı qayalığa gəldi.
Bu qayalıqda adətən lap yüngülcə də olsa bir külək əsərdi. Hətta o yüngülcə külək əsəndə də ləpələr qayalara çırpılırdı və gecə vaxtı tamam boşalmış bu sahil sakitliyini yanlız onların şappıltısı pozurdu. O şənbə gecəsi buralarda heç meh də əsmirdi və qayalığı bürümüş o sükunət, elə bil, havanın bürküsü ilə birlikdə dünyanın kədərli-qüssəli işlərindən xəbər verirdi.
Oturub, kürəyini iri bir qaya parçasına söykəmiş Zərbala araq şüşəsindən qurtum-qurtum içərək heç nə barədə fikirləşmirdi, sadəcə, o bomboş sahilin səssizliyinə qulaq asırdı. Hərdən-bir «Cənnət-məkan» tərəfdən turist cütlüyü – oğlan və qız – görünür, qayalıqda xəlvəti bir yer seçmək arzusu ilə ay işığında romantik tərzdə bu tərəfə yaxınlaşırdı, ancaq qəflətən Zərbalanı görən kimi, tələsik uzaqlaşırdılar.
Zərbala qətiyyən bunun fərqində deyildi, qurtum-qurtum araq içə-içə gecələr nadir hallarda beləcə sakit olan dənizə baxırdı və bəzən o arağın iyinə, elə bil, onun dərman torbasının qoxusu qarışırdı.
Əvvəllər 150 qram araqdan keflənən Zərbala bu dəfə yarım litr araq şüşəsini qurtum-qurtum boşaltsa da, kefli deyildi; kefli deyildi, amma key idi, elə bil, beynində qatı və ağır bir duman var idi və bütün olub-keçən də, bütün ətraf da o qatı və ağır dumanın içində idi. Ayaqları onu sərin pivə həsrəti ilə Qəssab Mirzəağanın kafesinə gətirəndə Milisioner Səfərin dediyi sözlər də o dumanın içindən eşidilirdi və mənası da aydın deyildi.
Zərbala elə ayaq üstə pivəni içməyə başladı və içdikcə də onun bütün içinə rahat bir sərinlik yayılırdı, ağzının qıraqlarından süzülən pivə damcıları çənəsinə, boğazına axıb, elə bil, onu o şənbə gecəsindən qoruyurdu.
Və bu vaxt İbad dayı hövlnak içəri girib, kafenin ortasında ayaq üstə pivə içən Zərbalanı gördü:
- Alə, ay bədbəxt, sən burdasan? Alə, səni axtarmadığım yer qalmıyıb e!.. Alə, Gülbala ölür e, ay bədbəxt!..
… Zərbala tövşüyə-tövşüyə otağa girəndə Gülbala çarpayıda uzanmışdı, Əminə də, Əminənin köməyə çağırdığı Nisə xala da çarpayının kənarında oturmuşdular və Nisə xala termometri uşağın qoltuğundan çıxarıb baxaraq qışqırdı:
- Vaxsey!.. 41-i keçib!.. Ay aman!.. Uşaq əldən gedir!..
Əminə, elə bil hələ heç nə başa düşməyən Zərbalanın üstünə çığırdı:
- Həkim!.. Həkim!..
8.
Zərbala həyətdəki qoca əncir ağacının altında yerə çöməlib, əlindəki siqaretdən dərin qullab vura-vura və o qədər tüstünün hamısını da içinə çəkə-çəkə heç cürə gözlərinin qabağından qova bilmədiyi balaca bir mafəyə baxırdı. Gözlərini yumurdu, açırdı, başını silkələyirdi, amma o mafə küt bir tərsliklə onun gözlərinin qabağından getmirdi və hər dəfə Zərbalanın beynindən dəhşətli bir fikir keçəndə ki, sabah Gülbalanı beləcə balaca bir mafədə kəndin qəbirstanlığına aparıb torpağa basdıracaq, onun bütün bədəni uçunurdu.
Bayaq Əminənin o çığırtısından sonra yerindən götürülən Zərbala var gücü ilə Həkim Cəfərovgilə qaçdı. Həkim Cəfərovun evi onlardan üç məhəllə kənarda, sahil tərəfdə idi və adətən erkən yatıb, erkən duran Həkim Cəfərov yenicə soyunub yerinə girmək istəyirdi ki, həmişə – hərdən lap gecənin yarısı da – ərini xəstə üstünə çağırmağa gəlmiş insanlara qayğı ilə yanaşan Anna Viktorovna yataq otağının qapısını açdı:
- Aqa Kerimoviç, posetitel prişel. («Ağa Kərim oğlu, səni istəyirlər.»)
Həkim Cəfərov Anna Viktorovnanın yuyub ütülədiyi pijamasının şalvarını geyib ikinci mərtəbədə həyət qapısına çıxanda Zərbala həyətdəki işıq dirəyinin yanında dayanmışdı və Həkim Cəfərov ancaq sifətdən tanıdığı bu kənd sakininin elektrik işığında bərəlib, az qala hədəqəsindən çıxan gözlərini görüb:
- Nə məsələdi?- soruşdu.
Zərbala səsi titrəyə-titrəyə:
- Oğlum ölür!..- dedi.
Anna Viktorovna Azərbaycan dilini bilməsə də, Zərbalanın səsindən, görkəmindən çox təsirləndi və:
- Pomaqi yemu, Aqa Kerimoviç!..- dedi. («Ona kömək et, Ağa Kərimoviç!»).
Həkim Cəfərovun əsil adı Ağakərim idi, ancaq Rusiyada yaşadığı vaxtlar hamı, o cümlədən də Anna Viktorovna onu «Aqa Kerimoviç» deyə çağırırdı və vaxtilə sovet pasportunda da belə yazılmışdı: «Aqa Kerimoviç Djafarov». Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra o qırmızı pasportlar ləğv olunub, şəxsiyyət vəsiqəsi alanda da elə bu cür yazıldı; rəhmətlik atası Hüseynqulunun adı Həkim Cəfərovun nə pasportuna düşmüşdü, nə də indiki şəxsiyyət vəsiqəsinə.
Həkim Cəfərov tələsik geyindi, qırx ildən artıq idi ki, sədaqətlə ona xidmət edən və ilk tibbi yardım üçün nə lazımıydısa, hamısını içinə yığdığı portfeli əlinə alıb Zərbala ilə birlikdə həyətdən çıxdı.
… Zərbala sayıqlaya-sayıqlaya qızdırmanın içində yanan Gülbalanın yanında dayanmağa ürək etmədi, buna cürəti çatmadı və indi yarım saatdan da çox idi ki, əncir ağacının altında yerə çöməlib, siqaret çəkə-çəkə yenə gözlərinin qabağından getməyən o balaca mafəyə baxırdı.
Həkim Cəfərov nəhayət ki, əlində həmin məşhur portfeli, otaqdan çıxdı. Zərbala yerindən atılıb onun qabağına gəldi və bu vaxt Həkim Cəfərovun hər gün qırxdığı tərtəmiz sifətindən yüngül bir təbəssüb ötüb keçdi:
- Elə bir şey yoxdu,- dedi.- Anginadı. İynədən sonra qızdırması düşdü. Keçib gedəcək…
Zərbalanın beynindəki o qatı və ağır duman əriyib yox oldu, indi də əksinə, onun beyni, elə bil, saat idi, nəbzi ilə vura-vura sürətlə işləyirdi və Zərbala əvvəlcə Həkim Cəfərovun boynuna atılıb, onu qucaqlamaq, kişinin o üzündən, bu üzündən öpmək istədi, ancaq beyni onu saxladı.
Qəssab Mirzəağa düz müəyyən etmişdi, Zərbalanın cibində bir qəpik də pul yox idi və ümumiyyətlə, evində də bir qəpik qalmamışdı, ancaq Həkim Cəfərovu əliboş yola salmaq, həmin anlarda Zərbala üçün dünyanın ən xəcalətli bir işi idi.
Bu vaxt axşamdan bəri qutunun içində hinin yanına atılmış Kaşeyin zəif qaqqıltısı eşidildi və Zərbala bir anın içində qaçıb o qutunu yerdən qaldırdı, Həkim Cəfərovun yanına qayıdıb:
- Allah süzün də balalaruvuzu həmişə salamat eləsün!- dedi və qutu qucağında Həkim Cəfərovun arxasına düşüb, onu evlərinəcən müşayiət etdi.
Həkim Cəfərovun evinə çatanda Zərbala qutunu həyətdəki işıq dirəyinin yanında yerə qoyub:
- Bu, sizündü, həkim.- dedi.- Çox sağ olun. Allah canuvuzu sağ eləsün! Allah sizü bizim başımuzun üstünnən əskik eləməsün!..
Zərbala Həkim Cəfərovun həyət qapısından çıxanda bayaqdan bəri bütün yol boyu səsini çıxarmayan Kaşeyin, elə bil ki, zəif qaqqıltısını eşitdi, bəlkə də Zərbalaya elə gəldi, ancaq bunun daha heç bir mənası yox idi.
Anna Viktorovna ərini qarşılamaq üçün gecə köynəyində şüşəbəndin qapısı ağzına çıxmışdı və Həkim Cəfərov dirəyin altındakı iri kardon qutunu göstərərək:
- Pojaluysta, Anna Viktorovna.- dedi.- Vot vam kuritsa dlya zavtraşneqo plova!.. («Buyur, Anna Viktorovna, bu da sabahkı plov üçün toyuq!..»)
Sonra Həkim Cəfərov əllərini sabunlayıb həmişəki cidd-cəhdlə yuya-yuya fikirləşdi ki, qutunun yekəliyindən böyük quşa oxşayır, bəlkə üzbəüz qonşuları Müzəffər müəllimi də sabahkı plova qonaq çağırsın?
Məsələ burasında idi ki, deputat seçkilərində Həkim Cəfərov Müzəffər müəllimin əleyhinə səs vermişdi, çünki belə məsələlərdə prinsipial adam idi, hesab edirdi ki, Müzəffər müəllim Azərbaycan Respublikasının maraqlarını qoruya biləcək intellekt sahibi deyil və buna görə də Azərbaycan Respublikasının maraqlarını qonşuluq maraqlarına qurban verməmişdi. Ancaq axır vaxtlar Həkim Cəfərova elə gəlirdi ki, deyəsən, Müzəffər müəllim ondan şübhələnib, buna görə də onu qonaq çağırsa, pis olmaz, hər halda, qonşudur…
Həkim Cəfərov bu barədə qəti qərar vermədi, fikirləşdi ki, qərarı sabah verər, «utro veçera mudrenyeye – trava solomı zelenyeye» (yəni ki, «gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır»). Bəlkə stomotoloq Feyzi bəyi də plova dəvət etdi, çünki hər dəfə görüşəndə Feyzi bəy deyirdi ki, Azərbaycan xörəklərindən dünyada yoxdur, qoy, görsün ki, Anna Viktorovna necə plov bişirir.
Həkim Cəfərov bu məsələnin də həllini sabaha saxladı və soyunub yerinə girdi.
Həkim Cəfərov yerinə girən kimi, yuxuya gedirdi və bu dəfə də elə odu.
9.
Gecə qonşu kənddə yas məclisini yola verib, evə gec gəlib, gec də yatmış Molla Zeydulla səhər saat 5 radələrində elə yuxuda ikən yerində qurculana-qurculana təhtəlşüur olaraq o bədniyyət xoruzun banını gözlədi, amma xoruzun banı gəlmədi və Molla Zeydulla gözünün birini açıb diqqətlə qulaq asdı: yuvalarında oyanmış quşların və sahildəki qayalığa dəyən dəniz ləpələrinin – get-gedə bərkiyən külək əsməyə başlamışdı – yeknəsəq şappıltısından başqa bir səs yox idi.
Molla təzədən gözlərini yumub yatmaq istədi, amma yerində nə qədər o tərəf-bu tərəfə quracalandısa da heç vəchlə yata bilmədi və bu vaxt, elə bil, qeybdən bir səs gəldi ki, Zeydulla, dur, Zərbalanın həyətinə bax, gör, o bədniyyət xoruz niyə banlamır.
Molla Zeydulla yerindən qalxıb, yay-qış yatanda həmişə əynində olan ağ çit tuman-köynəklə şüşəbəndin açıq pəncərəsinə yaxınlaşdı və Zərbalagilin həyətinə tərəf boylandı.
Zərbala qoca əncir ağacının altında oturub siqaret çəkirdi.
Molla Zeydulla şüşəbənddən qışqırdı:
- Alə, Zərbala, Kaşey hardadı?
Və Zərbala da cavab verməyib, elə bil, Molla Zeydullanın elə bu sözlərini gözləyirdi, burnunu çəkə-çəkə yavaşdan ağlamağa başladı.
30 iyun 2012.
Zağulba.