Bir cüt qaloşa görə yolunu azan qadın

Bir cüt qaloşa görə yolunu azan qadın
21 aprel 2015
# 11:28

Sosial şəbəkələrdə at çapıb, eşşək səyirdən, gecə yuxuda gördüklərini qafiyələndirib şeir adıyla xalqa sırıyan kişilər və arvadlar sağ olsun. Sözü elə ustalıqla urvatdan salırlar ki, baxanda adamın könlü açılır.

Bu yaxınlarda Durmaver xala təzə şeiriylə bərabər şəkilini də Facebookda paylaşıb altından kövrək bir cümlə yazmışdı: “Ürəyimdəki həsrətin şəkilini çəkə bilən fotoqraf varmı?”

Mən nə vaxt Durmaveri görsəm, qışın şaxtasını qozuna almayıb şam ağacının təpəsində qoza axtaran dələ düşür yadıma. Yazılan şərhlərə baxdım. Deyəsən, məndən başqa heç kəsin xəbəri yoxuydu dələ adlı heyvanın varlığından. Hamı ağız-ağıza verib tərif yağdırırdı şairəyə. Bir şair barmaqlarına sahib çıxmayıb yazmışdı: “Durmaver xanım, siz gözəllikdə bir mələksiniz!” Beləsindən soruşmaq lazımdır, sən həyatında mələk görmüsənmi, xalaoğlu? Bəlkə Durmaverə bərabər tutduğun mələk o qədər bədheybətdir ki, üz-üzə gəlsəniz qorxudan şalvarını bulayarsan. Bir də əllini aşırıb, altmışa nərdivan dirəmiş, sinəsi heydən düşüb, baxışları soluxmuş birisinin mələkliyindən nə çıxar? Yalan danışmaq istəmirsənsə susmağı öyrən, şair...

Poeziyamızı qatlama şeirlərlə beynəlxalq səviyyədə təmsil etdiyini sübuta yetirməkçün başqa bir şəkil də paylaşdı Durmaver xala. Hardasa xaricdə, alış-veriş mərkəzində çəkilmişdi. Şairə, əyin-baş almağa gələn adamlarla şəkil çəkdirib “mənim sadiq oxucularım” statusunu hədiyyə eləmişdi binəvalara. Ürəyimdən sinəsi köz-köz olan, nəfəsi təngiyən bir haray keçdi: “Sözünün sanbalına qoyduğum hörməti belə ucuz şeylərlə bada vermə, Durmaver! Yenə gözlərindən su xətti çək. Yar gələn yolları teyxa palçığa döndərənə kimi sula və ləzzət al həmən palçığa bulaşan aşiqinin çəkmələrinin nırçıltısından. Soyuq divarların pıçıldadığı sözlərlə gördüyün hər nə varsa, rədiflə, hecaya sal! Vətəndən yaz, vətəndə yaz, vətən qızı...”

Allah şahiddi ki, paxıllıq səhərdən axşama kimi çarıq yırta, ürəyimdə dırnaq boyda yer tapmaz nəfəsini dərmək üçün. Durmaver, Azərbaycan şeirini hər hansı bir xarici ölkədə təmsil eləməyin nə qədər məsuliyyətli bir iş olduğunu anlasaydı Asan xidmətdən rahatlıqla əldə etdiyi pasportu sobaya atıb qızınardı istisinə.

Bir neçə il bundan qabaq “Söz de, söz eşit” dərnəyinin dəvətiylə Vyetnamın paytaxtı Hanoy şəhərinə səfərə çıxası oldum. Təyyarə Hanoy Hava Limanına enəndə günəş təzə-təzə başlamışdı ətrafı isitməyə. Qeydiyyat məntəqəsində bir nəfər qız yaxınlaşdı mənə. Dedi, məni sizi qarşılamaq üçün göndəriblər.

Hava limanından çıxıb oturduq taksiyə. Maşının pəncərəsindən içəriyə dolan külək nə qədər çırpınsa da qızdan buxarlanan turşumuş dovğa iyinə məğlub olub utandığından qaçıb gizlənirdi ağ ciyərimdə. Birtəhər gəlib çatdıq mənzil başına. Maşından düşüb əlimi saldım cibimə. On donq çıxarıb atdım qabaq oturacağa. On donqu görən sürücü donquldasa da vecimə almadım.

Beş mərtəbəli binanın akt zalına daxil olanda bir dəstə uşaq-qızlı-oğlanlı şığıdılar üstümə. Hamısının boynunda al-qırmızı pioner qalstuku vardı. Keçmiş əyyamı xatırlayıb kövrəlsəm də özümü ələ aldım. Keçib əyləşdim yuxarı başda. Məclisə diqqət elədim. Yerə iynə atsaydın, mütləq kiməsə sancılacaqdı. Sözün atəşinə qızınmağa gələnlərin çoxu təqaüdə çıxandan sonra bekarçılıqdan şeir yazmağa başlayan qoca kişilər, ağbirçək arvadlar olsa da adda-budda cavanlar da gözə dəyirdi. Hamı məni daha yaxından görmək üçün gözlərini qıymışdı.

Məclisi əlli beş roman müəllifi, şair, tənqidçi, publisist Dın Dık Vuy idarə eləyirdi. Vuy üzünü mənə tutub Vyetnamda poeziyanın inkişafından, sözə verilən qiymətdən, qələm əhlinə göstərilən qayğıdan, Vyetnam Yazıçılar Birliyinin bir ildə neçə ton şair və şairə tədarükündən yarım saata yaxın danışdı. Sözünü bitirib bıçaqdan hürkən quzu kimi baxdı üzümə. Ayağa qalxıb məni belə bir müqəddəs söz ocağına dəvət etdiklərinə görə hamıya minnətdarlığımı bildirdim. Sonra başladım Nizamidən, Füzulidən danışmağa. Aradabir sözlərimin təsirini artırmaq üçün Rəsul Rzanın “Lenin” poemasından sitatlar gətirirdim.

Məni hava limanından alıb buralara kimi gətirən qız, dediklərimi tərcümə eləyirdi. İki il Bakıda hansısa texnikumda oxumuşdu. Təhsil aldığı vaxt Dağlı məhləsində kirədə qaldığından bizim dilimizi yaxşı bilirdi. Zalın istisi turşumuş dovğa qoxusuyla əlbir olub əhədimi kəsəndə “Yaşasın Azərbaycan-Vyetnam xalqlarının qardaşlığı” şüarıyla çıxışımı bitirib oturdum yerimdə. Beş-altı sütül qız səhnəyə çıxıb düzüldülər yan-yana. Növbəylə mikrofona yaxınlaşıb bahara, sülhə, bugünkü təntənəli yığıncağa həsr etdikləri nəzm parçalarını oxuyurdular.

Şeir deyən qızlara baxdıqca heyrətlənirdim. Sanki hamısı bu günün xatirinə əhd eləyib sinələrinə ütü çəkmişdilər. Oxuduqları da bir zada dərman deyildi. Nə istedadları vardı, nə də məmələri. Qızlar səhnəni tərk eləyəndə Vuy qalxdı ayağa. Üzünü mənə tutub dedi: “İndi isə şeir oxumaq üçün söz verilir qardaş Azərbaycandan gələn şairə.”

Fikrimdə nə oxuyacağımı yenicə götür-qoy eləməyə başlamışdım ki, ön cərgədə oturan, nənəmin anasıyla təxminən eyni yaşlarda olan qoca arvad cır səslə bağırdı :“Oğul, “Ayısız darıxan meşələr”i oxu.” Eşitmək istədikləri “Dürrü-yetim” əzbərimdəydi. Ağ birçəkli vyetnamlı ananın sözünü sındırmadım.

“Qaloşun içi qırmızı” adlı əşarımı oxuyanda məclisdə elə bir adam qalmadı ki, göz yaşları yanaqlarını islatmasın. Bu şeirdə ehtiyac içində çırpınan cavan gəlinin yağışlı bir gündə ayaqyalın qalmasından, daş ürəkli dükançının əyilib barmaqlarının arasından palçıq qırıntılarını təmizləyən ayağı qaloşsuz qadına etdiyi ədəbsiz təklifdən, gəlinin çarəsiz qalıb zinaya qol qoymasından yazmışdım.

Dər-divarın az qalırdı suvağı tökülə alqış səsindən. Hardasa on dəqiqəyə yaxın əl çaldılar. Vuy əlinin işarəsiylə izdihamı sakitləşdirəndən sonra həzin musiqi səsi yayıldı zala. Əvvəl bir qadın çıxıb başladı oxumağa, birinci bəndin son misrasına çatanda başı panamalı ağsaqqal özünü çatdırdı xanıma. Şeirimə müsiqi bəstələtdirib duet oxuyurdular.

Mən Hanoyda keçən günlərimi heç vaxt unutmayacağam. Vyetnamlı yazarlarla 1500-ə yaxın şəkil çəkdirmişəm. Bu yaxında hamısını Facebookda paylaşacam.

Sözün hər şeydən aşağı, hər zaddan ucuz olduğu zamanda yaşayırıq, Durmaver xala! Hanoy əhvalatını ona görə uydurdum ki, evində oturub xaricdən şəkil paylaşan şairlər, şairələr əziyyət çəkməsin nəsə yazmaq üçün. Hazır səfərnamədi mən yazdığım... Kim istəsə bir balaca göz-başına əl gəzdirib öz adına çıxa bilər.

# 1938 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #