Elvin Bakiroğlu
Özdemir Asaf və “Lavinia” şeiri
Sana gitme demeyeceğim.
Üşüyorsun ceketimi al.
Günün en güzel saatleri bunlar.
Yanımda kal.
Sana gitme demeyeceğim.
Gene de sen bilirsin.
Yalanlar istiyorsan yalanlar söyleyeyim,
İncinirsin.
Sana gitme demeyeceğim,
Ama gitme, Lavinia.
Adını gizleyeceğim
Sen de bilme, Lavinia.
1957
Artıq gün kimi aydındı ki, əgər əsər, əsərdəki obraz, yaxud ideya müəllifin adını qabaqlayırsa, deməli müəllif bir mənalı şəkildə uğur qazanıb və istədiyinə nail ola bilib. Dünyada və ölkəmizdə belə misallar çoxdu: “Mona Liza”(Leonardo Davinçi), “Cinayət və Cəza (F.M.Dostayevski), “Səfillər” (V.Hüqo), “40-cı sinfoniya” (Motsart), “Çalıquşu” (R. N. Güntəkin), “Hacı Qara” (M. F. Axundov), “Yenə o bağ olaydı” (Mikayıl Müşfiq) və s.
Türk poeziyasının öncüllərindən Özdemir Asafın “Lavinia”sını da bu qəbildən saymaq olar. “Lavinia”nın adı gələndə Özdemir Asaf yada düşür. Bu ad altında sevdiyi qadının toxunulmazlığını qoruyan şair həm də sevgisinin dillərə düşüb paklığını itirməsinin qarşısını alır. O, bununla saf məhəbbətinin ləkələnməyini, hətta üzləşə biləcəyi real maneələri, problemləri əngəlləyir.
Çünki o bilir, bilir ki, onun sevgisi Taqorun “Fəlakət”indən daha böyük fəsadlara gətirib çıxaracaq. Eyni zamanda bilir ki, Lavinia evlidir, özü də qələm yoldaşı, həmkarı İlhan Selçukla. Bu halda bu sevgini nəinki Lavinia adlandırdığı qadından, hətta özündən də gizlədir. Ancaq bunu bacara bilmir. Lavinia o qədər gözəl və cazibədar qadındır ki, onu sevənin gözlərində aydın görünür...
Sonralar İlhan Selçukun Zeliha Sevim Buraka (cümhuriyyət dövrü yazarı, daha çox hekayə yazırdı, 1931-1983) ünvanladığı məktubdan aydın olur ki, İlhan Selçuk Özdemir Asafın dəlicəsinə sevdiyi Lavinianı-öz həyat yoldaşı Mevhibe Beyatı yaxşı tanıyır. Məktubda deyilir: “Kuzguncuk tepelerinde tahtaları kararmış bir ahşap evin alt kattaki odası Boğaza bakıyor. Odada dört kişi var: ...Orhan Boran (teleaparıcı və aktyor). Elinde içki kadehi, Sevimle sözlü. Sedirde Oturan genç kız Özdemir Asafın ünlü şiirindeki Lavinia.”
İlhan Selçuk bir başa deməsə də, bariz şəkildə məlum olur ki, qeyd elədiyi Boğaz körpüsünə baxan otaqdakı 4-cü şəxs məhz onun özüdür. Çünki nəzərə alsaq ki, Sevim Burakın yanında əyləşən nişanlısıdırsa, Lavinianın yanındakı aşiq olduğu İlhan Selçukdur. Bunu məktubun davamından daha yaxşı anlayırıq. İlhan Selçuk yazır: “Laviniaya aşkıtı Özdemir. Oysa o yıllarda Lavinia yere bakan birine tutulmuştu; fırtınalı bir ilişkinin tensel terinde köpüklenen dalgasını yaşarken, gönüllerde dolaşmanın çekiminden de vazgeçemiyordu; ileride bunun hesabını acıyla vereceğinden habersizdi.”
Həqiqətən də belə olur. İllər sonra İlhan Komanın (heykəltəraş) oğlu Ahmet Komana yazdığı məktubda İlhan Selçuka böyük bir məhəbbətlə bağlı olduğunu etiraf edən Mevhibe Beyat ondan ayrılmağının səbəbini “Gönüllerde dolaşmanın çekiminden vazgeçememesi”( könüllərdə olmaqdan zövq almağı tərgidə bilməməsi) kimi izah eləyir.
Mevhibe Beyata çoxları meylini salmışdı ancaq o, 1952-ci ildə İlhan Selçukla ailə qurmuşdu. Bundan sonra belə üzərindəki baxışları üstündən ata bilməmişdi. Onu kimlər sevməmişdi ki? O, kimlərin Laviniası olmamışdı ki? Məhşur Sərvəti-Fünun jurnalının rəhbəri Oktay Akbaldan tutmuş, İlhan Berk, Cavit Yamaç, Naim Tirali, sözü gedən Özdemir Asafa qədər bir çox gənc şairin ürəyini fəth eləmişdi. O zaman bu şairlərin əksəriyyəti Oktay Akbal vasitəsiylə Mevhibe Beyatla tanış olmuşdu.
Divan ədəbiyyatına qarşı yaradılan Avropasayağı türk ədəbiyyatı olan Serveti-Fünun ədəbiyyatı, bir digər adıyla Edebiyatı-Cedide (yenilikçi ədəbiyyatçıları) özündə Qərb ədəbiyyatının xüsusiyyətlərini daşıyır və bütünlüklə Şərq ədəbiyyatını həm düşüncə, həm mövzu, həm də texnika baxımından inkar edirdi. Özdemir Asafın ilk yazıları da elə Sərvəti-Fünun jurnalında yayımlanır və təbii olaraq onun yaradıcılığında da Serveti-Fünuncuların xüsusiyyətləri aydın seçilir. Serveti-Fünuncuların ən qabarıq cəhətlərini belə ümumiləşdirə bilərik:
1. Sənət sənət üçündür.
2. Cümlə tamamilə müstəqil olmalıdır. Nə sətrə nə misraya, nə də beytə sığmaq məcburiyyətində deyil. İstənilən yerdə bitə bilər.
3. Əruz vəznindən istifadə edirlər, ancaq özlərindən yeni vəznlər, qəlblər də uydururlar.
4. Qulaq qafiyəsini üstün tuturlar.
5. Hər şey şeirin mövzusu ola bilər.
6. Qərb ədəbiyyatına məxsus “sone”, “terza-rima” şeir formalarından istifadə edirlər.
7. Məqsədləri yeni söz varlığı yaratmaqdı.
8. Dil və üslubları ağırdır və s.
Serveti-Fünunun yarandığı və yaşadığı dövrlər ərzində Özdemir Asafın üç şeir kitabı işıq üzü gördü. Ancaq o, sonadək bu ədəbiyyatın izlərinə sadiq qalmadı. Özünəməxsus, fərdi üslublara əl atdı. Bəzən kütləylə razılaşmadı. Məsələn, o dövr şeirinin siyasiləşdiyi bir vaxtda, yüzlərlə şairin ölkə siyasətini işıqlandırdığı bir dönəmdə Özdemir Asaf qətiyyən siyasi münasibətdən uzaq durdu və heç dəyişmədi.
Bütün bunlar qələm yoldaşlarıyla onun arasındakı məsafəni açdı. Getdikcə onunla soyuq davranmağa başladılar. Özdemir Asaf nə qədər oxucu tərəfindən sevilsə belə öz ədəbiyyat yoldaşları tərəfindən bəyənilmədi. Onun haqqında xoş sözlər yazılmadı. Yazılsa belə şeirindən, yaradıcılığından söz açılmadı.
Təsadüfi deyildi ki, Behçet Necatigilin tərtib elədiyi “İsimler Sözlüğü”ndə (Adlar lüğətində) Özdemir Asaf haqqında yazılanlar bölməsi boş buraxılmışdı. Mehmet Fuatın (Mehmet Fuat Bengü, tənqidçi, yazar) hazırladığı şeir antologiyasında isə o boyda şairin cəmi doqquz misrası yer almışdı. Cemal Süreya isə Özdemir Asafın oxucuları haqqında belə düşünür: “Bütün oxucuları bir-birinə bənzəyir, şeiri sevmirlər, ancaq ondan zövq alırlar, onlar qış turizminin müştəriləridir”. Bir gün Cemal Süreya Ece Ayhandan Özdemir Asaf haqqında nə düşündüyünü soruşur. Ece Ayhanın ironiya dolu cavabı isə çox maraqlıdı: “Özdemir Asaf Bebekin (İstanbulda balaca bir səmt) ən böyük şairidir”.
Qayıdaq Özdemir Asafın “Lavinia” şeirinə. Sevgiliyə xitabda gizli adlardan istifadə etmək nə qədər ənənəvi olsa da seçdiyi qeyri-adi və ecazkar Lavinia adı ilə qulağımızı dəng eləyən Leyla, Züleyxa, Şirin, Aysel, Ayten, Mehriban kimi adlardan yaxamızı qurtaran şairə minnətdar olmalıyıq. Lavinia adının bir çox mənası var. Xəyaldakı qüsursuz sevgili, ölüm çiçəyi, üzüm sapı, azadlıq bunlardan bəziləridir. Platonik eşqin ən gözəl nümunələrindən birini yaradan şair hisslərini heç vaxt etiraf eləmədiyi sevdiyinə üz tutub danışır. Bir növ cəsarətini toplayıb deyə bilmədiklərini öz içində pıçıldayır. Elə asta pıçıldayır ki, hətta burda belə tərəddüd eləyir. Get deyir Laviniaya, getmə deyə-deyə...
Məhşur misralardan insan çıxılmazlığının, çarəsizliyinin mükəmməl örnəyinin şahidi oluruq. Bu sətirlərdə deyilənlər həm də sevdiyinə əlinin çatmadığı, ününün yetmədiyi hər insan bəndəsinə aiddi. Bu mənada olduqca bəşəridi. Şair bütün ixtiyarı sevdiyi qadına verməklə nə qədər aciz görünsə də, böyük sevgi nümayiş eləyərək bir o qədər geniş ürəyə malik olduğunu göstərir.
Sonda Özdemir Asafın dillər əzbəri olan nəhəng misralarından bir neçəsini də da yada salmaq istədik:
Yalnızlık paylaşılmaz,
Paylaşılsa yalnızlık olmaz…
***
Bütün renkler aynı hızla kirleniyordu,
Birinciliği beyaza verdiler…
***
İnsansız adalet olmaz,
Adaletsiz insan olur mu?
Olur, olmaz olur mu?!
Ama, olmaz olsun!