Atamla anama ithaf olunur
1.
Samitlərin çoxluğu bizə “adları Ad olan semitlərə” (Y.D.) doğru yol göstərir. 12 yaşından sonra 21 il boyu İsa nə işlə məşğul olmuşdur? Cavab heç bir şübhə yaratmır: güzgüyə baxmışdır. Sevənlərin yarasının qaysağını qoparan Yaradanın yarışına cəlb olunmuşdu. Merac, yoxsa ilğım (miraj)? Nə fərqi var ki... Nə qədər ki, dilimiz və şəhadət barmağımız var, biz kim olmağımız lazımdısa, həmin şəxslər olaraq qalırıq. Qadınlar həzzdən, kişilər itaətdən, öyüd-nəsihətdən, dərsdən canlarını qurtara bilməyəcəklər. Görünür, istənilən nitq – virddir, çünki istənilən söz – Word-dür. Türk dilində “simit” 1) halqavari qoğal; 2) xilasedici kəmər deməkdir. Sema – “fərqinə varılan fərq” (Q.B.) fırlanır, sema – mövləvilər fırlanır. Aksentuasiyadan aksentasiyaya doğru. Danışıq/ λᾰλέω və lallıq arasında fərqi silən uzun haşiyə. Amma indi İsayla Buddanın heç nə yazmaması barədə yazılırkən yazının özünə necə yanaşmalı?
2.
“Gündəlik” katarsis, Ş. mana-şəxsiyyət rolunu oynadı, bu da kölgəmi aydınladıb (“Narsislə vidalaşma”) L.-a, Animaya (“Ruhi nigahın aspektləri”) psixoromra çıxış tapmağa kömək elədi. Səhərə yaxın gördüyüm yuxu yuxarıda deyilənləri sübut elədi: küçədən işıq şırnaqlarının inadla sızdığı kitab zirzəmisində bu məbədin keşikçisi, sarışın saçlı, nəcib, səliqəli qadınla məsləhətləşir və kitab alıram. Mən təzə nəşrləri almaq istəyirəm, qadınsa məlahətli səsi ilə nadir nüsxələri almağımı məsləhət görür. Soyadları rus əlifbasının 26-cı, köhnə azəri kiril əlifbasının isə 32-ci hərfi ilə başlayan müəlliflər...(həmin əlifbada 33-cü hərf apostrof idi. “Əski”nin birinci anlamı “köhnə”, ikinci anlamı isə “cındır”dır. Qardaş, əsl sufi söhbətidir! Əyin-başımızı “sekondhənd”lərdən alırıq...Sağ olsun Ayaz, yerini o nişan verdi). Şexina?
Oyananda yadıma düşdü ki, Bakının patriarxal kəndlərində Velimir Xlebnikova çox hörmətlə yanaşır, onu dərviş hesab edirmişlər.
Axşam metroda son dərəcə cazibədar bir qız gördüm. İncə, boyu çiynimdən bir azca yuxarı, şabalıdı saçlar (“Dein Haar ist nicht braun”. Sən mənim deyilsən.), başı Tutanxamonun külqabısı kimi qəşəng, gözləri, elə bil, huri gözləriydi, amma sərt, bütün bu şərq qəm-kədərindən uzaq idi, sivri burunlu, bilirəm, onun ayaqlarının arasındakı qönçə ətirli və gözəldir, həssas ağzı, balıqqulağı kimi dodaqları. Onun içində duzlu dəniz uğuldayır...
...Xodorovskinin filmində qızılgül yemə səhnəsi...
3.
Levi Brülün yanaşması ilə Sepir-Uorfun hipotezi əlbir işləyə bilər. Levi Brüldən də (Erix Noymanın “İnsan təsəvvüfdür” məqaləsi ilə də, elə bu məqaləsiz də keçinmək mümkündür) meynstrim xəttinə, Yunqun analitik psixologiyasına keçmək su içimi kimi bir şeydir, azca geri, Freydə qayıdırsan və “dil+psixologiya” xəttini saxlayaraq, ilk dəfə hər şeyin simvolikaya yatmadığına, qeyri-şüurinin dil kimi strukturlaşdığına diqqət yetirən Lakana gəlib çıxırsan.
...köməkçi şüşə...(A.D.-dən oğurlamışam, belə görürəm ki, ondan hamı oğurlayır. Zevs Olimp dağındadır. Prometey Qafqaz dağlarına zəncirlənib)
4.
“Ruhumu dodaqlarımda hiss elədim dostumu öpəndə :
Yazıq ruhum, yəqin gəlmişdi ki, dostuma köçsün”
Platonun bu sətirləri gözəldir, amma yarızirzəmi kafedə bunu oxuyanda ilk kişilik sınağında özlərinə aparan yoldan uzaqlaşan adamlar qeyri-ənənəvi macəralarımın olmağından şübhələndilər. Bunu Əl-Cüneydin sözləri ilə güzgütək dəf etdim. Bu dəhşətli proyeksiyalar...Axı “hər şey məndədir”. İstər Bernxarda, istərsə də Nəsimiyə görə (görəsən, Nəsimi də eksperimental psixoanalizlə məşğul olurmuş?). Tapmaq üçün axtarmaq deyil, xatırlamaq lazımdır. Təzə doğulmuş körpə hər şeyi bilir, amma göydən mələk enir, onun bilgilərini möhürləyir və körpə ağlamağa başlayır. Yalnız kitab oxuyanda, öyrənəndə, o bilib unutduqlarını yadına salır. Xeyzinqaya görə, ərəblərdə “şair” – “çox şey bilən” deməkdir. Amma dərələrdə dolaşıb, özünün əməl etmədiyi şeyləri danışan şair olmaq lazım deyil. Əxlaqsızlar belələrinin arxasınca gedir.
Birinci sözü nəfəs-nəfs kimi tərcümə etmək lazımdır.
...o, blue...
5.
O, elə qadınlardandır ki, həmişə gərək nəyəsə inansın. Yüstinin rəfiqəsi. Öpüşməyi bənzərsizdir. “Oturun, şənlənin, amma dodaqlar dodağa dəyməməlidir. Yuxarıdan əmr belə gəlib”. Darrelin Persuordeni Kortasarın Morellisinin “ata”sıdır. Bəs onda Persuordenin atası kimdir? Stiven Dedal? Ah, xaotik qabığını diqqətli analitik qiraətin təsirindən əriməkdən qoruyan sərt strukturu öz dərinliyində gizlədən bu kitab. “Kiss, kiss Mollys lirs” mərhum Kobeyn belə oxuyurdu, səsinə və quruluşuna görə birinci və ikinci kimi nahamar olmayan insestuoz albomunda.
6.
Bilgi müdrikliyə aparır. Müdriklik imana. İman sirrə.
Bilik – inkişaf/haçalanma deməkdir.
Müdriklik – haçalanmanın geriyə yığılması.
Məncə, rəhmətlik Lotu Bəxtiyar çox ağıllı və müdrik adam imiş. Şeir yazırdı, kitab oxuyurdu, “retuxluğa” qadağa qoymuşdu, söyüşə icazə vermirdi. Ədalətli adam olub.
Unutmaq mümkündürmü?
7.
- Niyə bəzi oğlanlar qulağına sırğa taxır?
- Bilmirəm, ata...
- Yəqin, mavidirlər. Amma, bilirsən, Təbrizdə dərvişlərin saçını uzatdığını, qulaqlarına sırğa taxdıqlarını görmüşəm.
Bu sözləri sırğa elə, as qulağından. Azərbaycanlıların belə atalar sözü var. Girdabdan qurtulmaq istəyi.
- Mən də sənin romanında olacağam?
8.
Nə yazılmalı idisə, artıq yazılıb. İndi yazılan hər şey təfsirdir. Təfsirin sonu numinoz ikiləşməyə gətirib çıxarır. Bu durumda ən çətini orta yolu tapmaqdır. Hər şey imkansız olanda hər şeyi yaxşı yerə yozmaq. Hər şey onsuz da yaxşıdır, deməli, bundan da yaxşı olacaq. Bir-birimizin çılpaq bədənindən meyvə yeməyimiz yadındadır? Love thieves. Orda, lap axırda onlar necə hərəkətə gəlirdi? Amma axırıncı işlər elə yaxşı deyildi. Hara getdi bütün bu texno-pank?
Sənə demişdim axı!: dəyişən gözlərdir, gözlər və ürək dəyişir. Hansı gözlə baxsan, elə də olacaq.
...ehramdan harama, hərəmxanaya və cibə, lap elə karmaya qədər...
Bir qədər fasilədən sonra “Roma ana”. Ucqarlardakı bir oğlanın məzlumluğunun, özəlliyinin tapılması, kənar məhəllə romantikası barədə səmimi və dəqiq təsvirlər – beton çoxmərtəbələr, düzəngahlıqlar, sənin narahatlığını ram edəcək qadın üçün qızıl zəncir. Ettore Karminə o qədər oxşayırdı ki, əgər ölməsəydi, yəqin ki, elə onun kimi qadın alverçisi olacaqdı. Bizim hamımızda Ettoredən bir az nəsə var. Xristiansayağı uyğunluqlar. Roma Ananın qaralmış göz altlıqları, nazik burnu, ikonadan düşmüş kimi görünən üzün girdəliyi...
“Kino” “ikon”un anaqrammasıdır...
Kislovun “Üslub çalışmaları”na yazdığı sözardından: “Henonun mütaliəsi onun yaradıcılığının xarakterini bir çox məqamlarda müəyyənləşdirdi”... “1956-cı ildə Keno SSRİ-yə səfər edir, Daşkənd və Səmərqəndə qədər gedib çıxır”.
“Gündəlik”də Keno yazır: “Hər halda, mənim dini qavrayışım (düzdü, bu qavrayış heç kimin vecinə də deyil) heç də xristiansayağı deyil. Mən – müsəlmanam”.
...kitabı oxuyub, Daşkəndə zəng edib – deməli, nəşələnib...
9.
- Mən tədricən şüuraltı və qeyri-şüurinin strukturundan daha çox baş çıxarmağa başlayıram. Sənə olan sevgim – tərtəmiz, saf sublimasiyadır. Orta əsrlərdəki təsəvvüf adamları və qədim yəhudi peyğəmbərləri Tanrını belə sevirmişlər. Var gücləri ilə də Tanrıyla görüşməkdən qaçırmışlar. Amma indi mənim qarşımda sual var: mən səni sevirəm (niyə məhz səni?) yoxsa sənə olan sevgimi (yekəxanalığın belə həddi də olur?). Hər halda, bu ən azı çox maraqlıdır. Doğrudur?
- Hə...maraqlıdır. Amma hər halda, istəyərdim ki, sən mənimlə görüşməkdən qaçmayasan...mən də səni sevirəm. Səni. Sənə olan sevgini yox.
- Ah, mənim səfeh, bəyaz insanım, uçmaq üçün mənə nəşə lazım deyil. Qara Tanrıya çevrilmək üçün, səni fikirləşmək kifayətdir.
...ideal ya ondan qaçmağa, ya da onu alçaldıb məhv etməyə yarayır...
“Gəliş”in vizual təsirini dəqiq xatırlayıram. Ona qədər mən reallığı, elə bil, bulanıq şüşə arxasından görürmüş kimi hiss edirdim (...bu yerdə «İncil»dən sitat...), sonra isə bu şüşə yavaşca harasa sağ tərəfə sürüşdü. Hava nəsə civəli və titrəşimli oldu. Mən sevimli şeirlərimdən birini – Mandelştamın “Nal tapan”ını fiziki olaraq hiss elədim.
10.
Təkrarlanan yuxu motivlərindən biri də döşəmə haşiyəsində arxasından təkcə ağ işığın göründüyü deşikdir. Heç bir xarakteristikası yoxdur.
Bu onda nə axmaq vərdişdir: öpüşəndən sonra mənim və özünün dodaqlarını kağız dəsmalla silmək? Biz sevişəndə onun ağzından şərab, siqaret qoxusu gəlirdi və onda olan şeylərdən ən yaxşısı elə bu idi.
11.
ghost - kabus
qonaq - guest
Bu fotolarda məni cəlb edən şey budur: şəkil çəkənlə şəkli çəkilənin baxışları bir-birindən keçir, onlar şəffaflaşır, kabuslaşır və eyni zamanda, tamamilə dəqiq, real olaraq qalırlar. “Həyat dolu, həyata baxan kadrlar” (E. U.). Təkrarı, şübhəsiz ki, təkrar edən bu sözlər də onunkudur: “Bir çox münasibətlərdə “biz” öz poeziyamızı yaratmayana qədər yox idik”.
12.
Nəm torpaq qoxusu.
Oktyabr ən tez
Biləklərin dərisində
Dirsəklərin bükümündədir.
Quş süzür qəsəbənin üzərində.
Uzaqlardakı səs: qadın, kişi, qadın.
Tut mürəbbəsinin dadı...
və türk bakirələrinin açıq şabalıdı, tünd şabalıdı,
azacıq enli düz qaşlarının sonsuzluğu.
Artıq gecə birin yarısıdır, növbəti siqaret közərir, çalışıb, tərgitmək lazımdır. Nyu-Yorka, Türkərə zəng elədim. O, buzluqdakı sonuncu gavalını yeyib, qara çay dəmləyib, Krambın «Uşaqların əbədi səsi» silsiləsi barədə düşünür. Söhbətin sonunda o gülümsünür: «Hətta, bu şəhərdə belə, mən göyləri çiyinlərimdən ata bilmirəm». Siqareti, doğrudan da, tərgitmək lazımdır, ölməyə dəyməz, ölmək lazım deyil, bu – lazımsız təkrarçılıqdır (Səid bu sözləri biz «İmereti» kafesində, həmişə olduğu kimi qəhvə fincanının arxasında oturub, indi xatırlamadığım bir məsələ barədə həvəssiz söhbət eləyəndə demişdi). «Onun beli elə bükükdü ki, sənin dostlarının hamısı belədir?» - Türkər mənim xahişimlə Polinaya Linçsayağı heppeninq təşkil edəndən bir gün sonra Polina onun barəsidə belə rəy vermişdi. The best minds of my generation. İndi də Köhnə Əhmədlinin ucqarlarında gəzişmək vaxtıdır, çoxdandır ki, orada olmuram. Küçələr adamsızdır, potlaç möhtəşəm tapıntıdır. Elə Polina da. Dik Loran ölüb, amma Dik Loranın ölü olduğunu təkrarlamağın vəcdi ilə ona kömək etmək mümkündür. Görəsən, Nyu-Yorku küçələri olan səhra kimi təsəvvür etmək olar? Qırx dəqiqə də gəzişirik və geriyə, yatmağa. Meynə çubuğunu və (ya da) qızıl günəbaxanları unutmaq mümkün deyil.
13.
Görəsən, dünya ədəbiyyatındakı bütün süjetləri aşağıdakılarda ümumiləşdirmək mümkündür?
Kişi özünü qadın – anası, bacısı, arvadı, qızı, Anima – vasitəsilə tapır.
Qadın özünü uşaqda tapır.
Uşaq özünü valideynlərində tapır.
Bü üçlükdə kişi daha asılı və zəif mövqedədir. “Hər 7 ildən bir kişinin qanı dəyişir”. Hədislərdə deyilir ki, 7 yaşa qədər bütün uşaqların imanı var və cənnət anaların ayaqları altındadır.
Dünyaya kişi kimi gəlmək, artıq ciddi sınaqdır – dörd real və bir xəyali qadınla bir patterndə olmaq. Görünür, bu, simvolik olaraq İslamın dörd arvad saxlamağa icazə verməyi ilə bağlı ola bilər.
Budur, Avropa banallığının ikinci mənası da aydınlaşır (bütün banallıqlar güclü numinozluğa sahibdir, amma “banallığın öz sirrini açmağı üçün o, əvvəlcə əsatirləşməlidir” (Jan-Jak Ransyer). Sitatı yenə də A.D. -dan oğurlamışam. Oğrudan-oğruya halaldır. Yolkəsən başqa birinə “beş barmağını bəri elə” deyə bilər). Məsəl var: “Əgər kişi həyatı boyunca beş qadın tanımayabsa, kişi deyil”.
Naşı oxucu üçün sufi şeiri başdan-ayağa homoseksual, əxlaqsızcasına qan qarışdırmaqdır. Axı, axtarılan kəmiyyət bizim gözlərimizdə və ürəyimizdə yaşayır. Ən yaxşı şey, müəyyən mənada, həmişə güzgü olur. Baxır, hansı gözünlə baxırsan...
14.
O xartut ağacı bağda bitmişdi. Düz eyvanın yanında. Abşeronun qızmar günortalarında oğlan uşağı böyüklərin zarafatyana tövsiyəsiylə bu ağacın başına çıxıb, xilaskar küləyi çağırmaq üçün budaqlarını silkələyir və bir neçə dəfə təkrarlayırdı: “Mən anamın ilkiyəm, ağzı qara tülküyəm, xəzri, gəl, gilavar, gəl!”. Sonra ağacı kəsdilər. Amma oğlan hələ də o ağacı xatırlayır.
Ağac – qədimlik
Keçilməz meşə – keçilməz zaman
dream = yuxu = qeyri-şüuri
Rus. korni (kök) – krona (ağacın çətiri)
Corn (ingiliscə) – buğda, dənə, qum dənəsi, ət qaxaclamaq
Qədim yunan allahı Kron (Xronos) = zaman
(Krondan (Xronosdan) uca təkcə səmadır (Uran))
Ölənin onun sonradan diriləcəyi ümidi ilə corn kimi basdırıldığı mədəniyyətlərdə ağac universal simvoldur (qeyri-şüurinin və zamanın).
Beləliklə, İsanın (onun atası ağacın gövdəsini yonurdu, dülgər idi) taxta xaç üzərində çarmıxa çəkilməsi – simvolun simvolu, bədən və ağacın qovuşması, əkizlərin görüşü, basdırılmadan dirilməyə gətirib çıxaran, xilasedici partlayışdır.
Həqiqi xristianlıq məhz çarmıxa çəkilmə anında əmələ gəldi və yoxa çıxdı.
Çarmıxa çəkilmiş İsanın fiquru özündə bu mənanı daşıyır: azadlığa (xilasa) nail olmaq üçün özünün yarısı ilə qovuşmaq, öz-özünlə, həmçinin, başqaları ilə dil tapmaq lazımdır. Bax, məhəbbət buna görə təsdiq olunur.
Bu nöqteyi-nəzərdən ortodoksal İslam tənəzzül, qorxuya (qeyri-şüurunin qarşısında) qayıdış deyilmi?
Sonra “canlı boşluğ”a tərəf hərəkət etmək lazımdır.
L.-ın məktubundan (3 fevral 2009): “Salam. Dünən yarımcan idim, yazmaq istəyirdim ki, Odin özünü Dünya Ağacında çarmıxa çəkdi, Tanrılar bu ağaca atlarını bağlayırdılar; Kvant fizikası Kainatı ağac şəklində görür; latın dilində pramateriyaya “silva” deyirlər, bunun da mənası “meşə” deməkdir”....
L.-ın məktubundan (4 fevral 2009): “Buddizmdə BODXİ AĞACI – altında Şakyamuniyə aydınlanmanın (bodxi) gəldiyi və onun Buddaya çevrildiyi ağacdır”.
L.-ın məktubundan (9 fevral 2009): “Bu gün yuxuda gördüm ki, mən fısdıq dənəsindən boy atıram (elə yüngül idim ki) və sənin sualına oyandım. Bu da sənə daha bir ağac”.
15.
İnterpretasiyanın son həddi. Proeksiyalar ələ keçib və geriyə çağrılıb. Susmaq simvolik mübadilənin bir parçasıdırmı? Ya otuz yaşından əvvəl, ya da bu yaşdan sonra ölən Günəş tanrıları. Müdrikliyə məhkum olan atalar və müdrikliklə təcrübə arasında boşluğa məhkum olan atalar. Hamısı şəxsi müqəddəsliklərinin məhbuslarıdır. “Mənim bacım – qapısına kilid vurulmuş bağça”, sənin topuqların, dabanların, biləklərin sonsuz qiraətlə şirələnir, amma bu zaman ana tələsindən uzağ mandala əriyir tərləmiş pəncərə şüşəsində.
Paradise (ingiliscə) – cənnət bağıdır. Talmuda görə, Tövratda PaRDeS (ivr.) hərfi mənada “Bağ” adlanan dörd qavram mərhələsi var. Bu qavramların abbreviaturası:
“Pşat” - mətnin bilavasitə, sadə qavramı;
“Rəməz” - hərfi mənada “işarə”
“Draş” - yozum;
“Sod” - sirr
Yəhudilik Kabbalanı Tövratın dördüncü, daha ciddi mərhələsi kimi görür. Müdriklik bax, belə qeyri-ciddi bir şeydir.
16.
Şüurumuzun xoşagəlməz özəlliyi budur – indiyə qədər bizə tanış olmayan, anlamadığımız bir şeylə üz-üzə gələndə, var qüvvəmizi sərf edirik ki, bunu indiyə qədər əldə elədiyimiz şəxsi təcrübə ilə tutuşduraq, artıq yaranmış rəydən keçirək və beynimizin uzaq, toz basmış rəflərinin birində buna yer tapaq.
Müqayisə etmək – anlamaq – başdan eləmək
Həlli çətin olan çox məsələlər aşağıdakı üsulla həll olunur: sualı bir neçə saniyə (və ya bir neçə dəqiqə) beynində saxlayırsan, fikrini onda cəmləyirsən, məntiqi, rasional həllin mümkünsüzlüyünə əmin olursan, sonra isə bu məsələni «yaddan çıxarırsan». Qeyri-müəyyən bir zaman keçəndən sonra, ağacdan bir yarpaq düşəndə, ya da sən yağış barədə rəqs eləyəndə cavab ordan, özünün həmişə mövcud olduğu yerdən vəhy, satori-insayt şəklində gəlir.
...birlikdə olanda bizi Yaradanı yaradırıq...
17.
İndi ən çox istədiyim şey bir fincan qəhvə və Polinaya zəng eləməkdir. Ya da Nyu-Yorka uçaraq növbəti sözlərlə başlayan yazı yazmaqdır: “Nyu-Yorku küçələri olan səhra kimi təsəvvür etmək mümkündür?”.
18.
Nitq (mənanın və səsin barışığı) – bu, unutqanlığı, yadırğamanı uzadan daimi keçmişlənmə. Üazı – yaddaşı uzatmaqdır. Ölüm – yaddaşın tam təmizlənməsidir. Ölüm köçərilər kimi unutqanlıq, sapanddan daş atmaqdır. Nitq unutmaq haqqındadır, ölüm çayıdır. Sakitlik/süküt – qalan hər şeyə asanca əl uzatmağın mümkün olduğu mərkəzdir. “Öləndən sonra məni yandırıb külümü küləklərə səpələməyinizi vəsiyyət eləyirəm. Bu ifadədə “məni” sözünü işlətmək düzgündürmü? Külək – qızılgüldür, qızılgül – küləkdir”. Məğlubiyyətə məhkum olan reallıq axtarışıdır, reallığın mənzərəsi deyil. Üazı – gözlərlə dinləməkdir.
19.
İnsanın aqibəti birin bilib, beşin bilməməkdir və ona görə də, altı-beş, altı-beş danışmaqdır. “Mənim dilimin sərhədləri dünyamın sərhədlərini müəyyənləşdirir” (L.V.) amma “xəritə ərazi demək deyil” (A.K.).
20.
Yuxularda bir-birimizlə nə hoqqalardan çıxmamışıq? Elə yuxudan kənarda da. Paradoksu tərəddüdə çevirərək.
21.
Bu qısa şeirin fiziki və metafiziki mərkəzi beşinci sətrin mərkəzindəki söz – mətndəki yeganə fel, “süzür” felidir. Əla sözdür, eyni zamanda, həm hərəkət, həm də hərəkətsizliyi, həm dincliyi, həm də uçuşu ifadə edir. Quş həm uçur, həm də uçmur, yəni o, əslində, əlbəttə ki, uçur, amma özü buna elə bir əziyyət sərf eləmir. Bu o vaxt baş verir ki, isti hava axınının mərkəzinə düşürsən, dalğanı tutursan. Amma bünün üçün hündürlüyə qalxmaq vacibdir. Məncə poeziyanın problemi budur: uçan mətn, sıfır-mətn, boşluq-mətn, susmaq (sükut)-mətn yaza bilməyəndə buxarlanan mətn ya da bir pillə aşağı olan şey – uçmaq, sıfır, boşluq, susmaq (sükut) haqqında mətn yazmalı olursan.
“Nəsr” hissəsi başdan-ayağa amerikan allüziyalarından ibarətdir. Şeir özünəməxsus bir potlaç olmalıdır: hərəkət yəni bağışlama-yazı-oxu vaxtı bağışlayanlar əllərindəki ətanı məhv etməli, bir kənara atmalıdırlar ki, ən vacib olan şey baş versin – onlar bir-birinin əllərini dost, qardaş kimi sıxa bilsinlər. “Mən şeiri əl sıxmaqdan fərqləndirə bilmirəm” (P.S.) “...ümidim onadır ki, uzatdığım əl başqa bir ələ toxunacaq” (X.K.)
22.
J. D.-nin Che cose la poesia?-da barəsində danışdığı ürək, üfüqi nəfsin və şaquli ruhun kəsişdiyi yerdir.
...göyərçin mamır basmış qayanın başına oturdu...nə vaxtsa mən də, sən də həm bu, həm o, həm də o birisi olmuşuq...
23.
F.N.: “Şairlər – həyatı yüngülləşdirən adamlardır. Şairlər insanların həyatını yüngülləşdirmək istədikləri üçün ya öz nəzərlərini indinin ağırlığından yayındırır, ya da ötüb-keçənləri aydınlatmağa məcbur etdikləri işıq vasitəsilə bu günə təzə rənglər əldə etməyə kömək edirlər. Bunu bacarmaq imkanını əldə etmək üçün onlar özləri bir növ geriyə yönəlmiş varlıqlar olmalıdırlar; odur ki, şairlərdən keçmiş zamanlara və təsəvvürlərə, süquta uğramış və ya sıradan çıxmaqda olan dinlərə və mədəniyyətlərə bir körpü kimi istifadə etmək olar. Əslində, onlar mahiyyətcə həmişə təqlidçidirlər”.
24.
Qədim Hindistanda musiqi duyumu və istedadı olan adam deyil, qaynar ehtirası olan şəxs mahir sitar ifaçısı ola bilirdi. Sitardan sətirə, əsatirə, surəyə və kişilərin psixoloji zədələrilə, sınıqlıqla, initsiasiyayla dolu Saturna doğru.
25.
Diaqnoz: şizofreniya. Mən bunu necə başa düşürəm? Ya da mən bunu necə başa düşür? Şizofreniya qədim “artın və çoxalın” ayəsinin dabl baynd -yana icrasıdır. Double bind – bu elə bir vəziyyətdir ki, burada insan nə etsə, məğlubiyyətə, uduzmağa düçardır. Belə bir hipotez var ki, dabl baynd-ın məngənəsinə düşən adamda şizofreniyanın simptomları inkişaf etməyə başlayır.
26.
Sonata, sonet, sənət, sünnət, son ət. Mədəniyyət ibtidai təbii substansiyanın məhdudiyyəti ilə başlayır (sonuncu, bu məhdudiyyətə görə sosial kontekstə əlavə oluna bilər); Mədinə şəhərinin və mədənlərin (şaquli diskursların) yaranışı ilə başlayır. Memarlıq təbiəti əvəz edir, memuarlar yaranır.
27.
Öl və istədiyini elə. “Ölü”. Batumidən, hamının həm bədən, həm mənəviyyat sarıdan gözəl olduğu şəhərdən onun musahibəsi olan kitabı aldım. Balaca qaraçılar “abi”, “abi” deyə qışqırırdılar. Gürcüstan öz fakturası ilə adamı heyran eləyir – gözlərində həyata keçməsi mümkün olmayan arzular gizlənmiş sakinlərin qırtlaq səslərindən tutmuş, həmin arzuları müəyyənləşdirən mənzərəyə qədər. Mandelştam tamamilə haqlıymış: “Gürcü erosu – budur rus şairlərini özünə çəkən”.
28.
“Hara dönsəniz, orada Allahın Simasını görəcəksiniz” (Bəqərə surəsi, 115); “Sənə Müqədəs Yazıda təlqin olunanları oxu və ibadət elə. Doğrudan da, ibadət iyrənclikdən və çirkinlikdən hifz edir. Amma zikr namazdan daha vacibdir və siz nə etsəniz Allah bunu görür” (Ənkəbut sürəsi, 45).
...təşbehlərdən təsbeh düzəltmək, zikr etmək...
29.
Demokratiya – təkrar nəzərdən keçirmə imkanıdır.
30.
...oxu istiqamətlərinin qismən üst-üstə düşməyinə ümid edərək...
Tərcümə edəni: Günel Mövlud