Kulis.Az ABŞ yazarı Henri Millerin “Madmazel Klod” hekayəsini təqdim edir
Sözə başlamazdan öncə bu mademuazel Klodun şırtı olduğunu vurğulamağa gərək duyuram. Bəli, şırtıdır, əsla sözümü dəbbələmək istəmirəm, amma o da var ki, əgər madmazel Klod şırtıdırsa, bəs onda həyatda rastlaşdığım digər qadınlara nə ad verim? Onun barəsində «şırtı» demək elə heç nə deməməyə bərabərdir, çünki düzünə qalsa, madmazel Klod «şırtı»dan fərqli bir şeydir. Onu sizə necə tanıdacağımı da bilmirəm. Bəlkə onu sadəcə «madmazel Klod» adlandırım, məsələ bitsin? Soit. (fransızca: «Qoy olsun!» deməkdir – A.Y.)
Hər gecə xalası onun evə dönüşünü gözləyir, yoxsa yatağına girmir. Düzünü deyim ki, onun belə bir xalası olduğunu uydurma sayırdım. Xalası varmış! Yoluna göz dikən insan uzaqbaşı onun «maquereau»su (oynaşı – A.Y.) ola bilərdi. Bu məsələnin son nəticədə mənə heç bir dəxli yoxdur. Amma hər necə olsa, onun yolunu gözləyən, evə gec döndüyü və ya həmin gün az qazandığı üçün istənilən an ona yağlı şillə ilişdirəcək birisinin olması nədənsə mənə heç rahatlıq vermirdi. Həm də inanırdım ki, Klodun şəfqət və sevgisindən (bəli, Klod sevməyi bacarırdı) ən böyük pay o qaniçən hərifə, alçaq bicbalaya nəsib olur.
Şırtılarla bağlı heç vaxt xəyala-filana dalmayın: beləsi nə qədər səxavətli və suyuyumşaq olsa da, lap min frank qazansa belə (görən hansı axmaq ona bu qədər pul sayar ki?), o qadının ruhən bağlı olduğu birisi həmişə var və sizin qadından aldığınız həzz o bəxtəvərin qismətinə düşəndən qat-qat azdır. Arxayın olun ki, bu xanım canındakı bütün həzləri məhz o hərifə saxlayır.
Bu barədə boş yerə təlaşlandığımı az sonra öyrəndim. Məlum oldu ki, Klodun hər hansı «maquereau»sı yoxmuş. Odur ki, həyatda onun ilk «maquereau»sı məhz mən oldum. Üstəlik, bu sözü nədənsə özümə heç yaraşdırmadığım halda. Məni «sutenyor» (qadın dəllalı – A.Y.) adlandırmaq daha doğru olardı. Deməli, bundan belə mən sutenyoram. Okey!
Onu ilk dəfə otağıma necə gətirdiyim, özümü necə axmaq vəziyyətə qoyduğum yaxşı yadımdadır. Qadınlarla bağlı məsələlərdə həmişə özümü əsl axmaq kimi aparıram. İş burasındadır ki, mən onlar üçün əldən-ayaqdan gedirəm, qadınlar isə mənim kimilərdən əsla xoşlanmırlar. Onların istədiyi odur ki… nə isə, elə və ya belə, ancaq istər inan, istər yox, mən ilk gecə özümü elə apardım ki, guya indiyəcən heç bir qadınla yatağa girməmişəm. Niyə belə etdiyimi isə heç indi də anlamış deyiləm. Amma hər şey onda məhz eləcə baş vermişdi.
Xatirimdədir, yatağımın yanında, paltarlı halda durub, məni süzdüyü vaxt sanki o, mənim durub nə isə edəcəyimi gözləyirdi. Mən isə tir-tir titrəyirdim. Onunla kafedən çıxandan bəri içimə vicvicə düşmüşdü. Xəfif toxunmaqla onun… deyəsən, dodaqlarından… bəlkə də qaşından öpdüm – yad qadınlarla… heç vaxt belə… işlər tutmadığım üçün nəvazişim bir az naşıca alındı. Nədənsə özümü inandırmışdım ki, o, mənə hədsiz üzgörənlik, güzəşt edir… Görünür, bəzən bir şırtı da kişidə bənzər hiss oyada bilərmiş… Amma bayaq dediyim kimi, Klod şırtı-filan deyildi.
Şlyapasını çıxarmadan yanaşıb pəncərəni örtdü, pərdəni aşağı saldı. Sonra məni qıyqacı süzüb, gülümsündü və soyunmağın vaxtı gəldiyinə dair nələrsə dedi. O, bidenin həndəvərində fırlandığı vaxt mən min bir əziyyətlə əyin-başımı soyundum. Lap məktəbli kimi həyəcanlıydım. Səbirsiz baxışlarımla onu utandırmamaq üçün yazı masamın yanında gic qoyun kimi dolaşdım, kağızları o üz, bu üzə çevirdim, tamamilə mənasız bir neçə qeyd elədim, yazı makinamın üstünü qılafla örtdüm. Geriyə çevrildiyimdə o, bir tək köynəkdə əlüzyuyanın yanında dayanıb, ayaqlarını qurulayırdı.
Öz məşğuliyyətinə ara vermədən mənə:
- Haydı, gir yatağa! – dedi. – Onu isitmək lazımdır, axı.
Hər şey elə təbii baş alıb getdi ki, mənim xamlığım və utancaqlığım yavaş-yavaş qeybə çəkildi. O, corablarını səliqə ilə stulun başından asdı, belinə taxdığı şey isə mənə su şırnağını xatırlatdı. Az sonra adını bilmədiyim bu əşya da stulun başında öz yerini aldı.
Otaq yetərincə sərin idi. Bir-birimizə sığınıb susur, canımızı isindirirdik. Belə getsəydi, sükut hələ çox uzanacaqdı. Əlimi uzadıb, onun boynunu qucaqladım, digər əlimlə əndamını bərk-bərk özümə sıxdım. Hələ kandarda ikən baxışlarında sezdiyim o intizar hissi hələ də silinib getməmişdi. Bədənimi yenə bir gizilti bürüdü. Əzbərlədiyim bütün fransız kəlmələri yaddaşımdan silinmişdi.
Ona bəslədiyim sevgini dilə gətirib-gətirmədiyim xatirimə gəlmir. Hər halda bu etirafı etmişdim. Hətta bundan söz açmışdımsa belə, Klod bu etirafımı elə həmin dəqiqə unutmuşdu. Yığışıb getmək istəyəndə ona hələlik oxumadığı «Afrodita» kitabının bir nüsxəsini və tamam başqası üçün aldığım bir cüt ipək corabı uzatdım. Onun corablardan xoşlandığını sezməyə imkan tapmışdım.
Təkrar görüşdüyümüzdə mən artıq başqa oteldə məskunlaşmışdım. O, maraq dolu və ötəri baxışla nömrədəki şəraitsizliyə görə mənim qazancımın azaldığını özü üçün qət elədi. Bunu büruzə verməmək üçün mənim necə qidalandığımla maraqlandı və dedi:
- Sən burada çox qalmamalısan. Bura çox cansıxıcıdır.
Bəlkə də o, heç «cansıxıcı» sözünü işlətməmişdi, amma onun məhz belə demək istədiyini anladım. Burada həqiqətən də adamın canı sıxılırdı. Mebel tökülmək üzrəydi, pəncərə lövhəsi çat-çat idi, əskimiş xalı kim bilir nə vaxtdan bəri təmizlənmirdi, kran su üzünə həsrət idi. İşıqlanma ölgün idi, solğun sarı işıqda çarpayı örtüyü hədsiz nimdaş görünürdü, sanki onun səthini kif basmışdı.
Gecənin bir aləmi o, məni qısqanırmış kimi davranıb, soruşdu:
- Məndən başqası, yəni sevdiyin birisi vrmı?
- Yox, bir başqası yoxdur.
- Onda məni öp, - deyib, çılğınlıqla mənə sığındığı zaman əndamının necə titrədiyini, uçunduğunu hiss elədim. Sonra onun bədəninin sıcaq dərinliyinə daldım, ağuşunda xumarlandım… yox, xumarlanmadım ey, həzz və şəhvət dəryasında qərq olub getdim.
Sonra biz Pyer Loti və İstanbul haqda bir qədər danışdıq. Nə vaxtsa o şəhərə getmək arzusunda olduğunu mənə bildirdi. Mən də buna can atdığımı etiraf elədim. Qəfildən o, bir etirafda bulundu və mən bunu təxminən belə anladım: «Sənin ruhun var». O an nə deyəcəyimi, düzü, bilmədim, hər halda hədsiz bəxtəvər idim. Əgər bir şırtı sizə ruh sahibi olduğunuzu deyirsə, bu, mütləq nə isə ifadə edir, çünki yava qadınlar ruhla bağlı söhbətlərə hələm-hələm girişməzlər.
Amma bu, o gün yaşadığım qəribəliklərin hamısı deyilmiş: o, məndən pul götürməkdən də boyun qaçıraraq dedi:
- Daha bizim aramızda pul söhbəti ola bilməz, çünki artıq səninlə dostuq. Həm də sən elə imkansızsan ki…
Hətta ayağa qalxıb, onu evinə qədər ötürməmə də qıymadı. Çantasından çıxartdığı bir neçə dənə siqareti çarpayımın baş ucundakı xırda stolun üstünə qoydu. Onlardan birisini ağzıma qoyub, müştərilərindən kiminsə ona hədiyyə etdiyi bürüncü alışqanı ona yaxınlaşdırdı. Sonra isə vidalaşmaq üzrə əyilib məni öpdü. Onun əlini ovuclarıma alıb:
- Klod, vous etes presque un anqe, - dedim. (fransızca: «Sən az qala mələksən» mənasına gəlməkdədir – A.Y.)
O, tələm-tələsik:
- Ah non! (*Ah, yox! – deməkdir fransızca – A.Y.) - dedi və gözlərində ağrılı bir ifadə oxundu. Bəlkə də qorxu dolu ifadə.
Əminəm ki, bu «presque» sözü bütün ömrü boyu Kloda yer eləmişdi. Mən bunu o dəqiqə sezdim. Fransızca fərli-başlı bilməsəm də, ona bir məktub yazdım: bu günə qədər də onu həyatda yazdığım ən təsirli mətn saymaqdayam.
Adətən görüşdüyümüz kafedə o məktubu birlikdə oxuduq. Bayaq vurğulamışdım ki, mənim fransız dilinə aşinalığım bərbad idi, əlbəttə, Pol Valeridən çırpışdırdığım misralar hesabına məktub pis alınmamışdı. Həmin misralara çatanda, o, bir anlığına fikrə dalıb, heyranlıqla: «Necə də gözəldir! Həqiqətən də çox gözəldir!» - dedi. Bunu deyib, işvəli baxışlarla məni süzdü və məktubu oxumağına davam elədi.
Mən də yaxşı anlayırdım ki, onu təsirləndirən Valeri-filan deyildir. Onun bu məsələyə heç bir dəxli yox idi. Klodu ehtiraza gətirən mətndəki qulaqoxşayan yalanlar idi. Çünki mən ilhamım əl verdikcə öz məktubumu ağlagəlməz incə məqamlarla, təşbehlərlə doldurmuşdum. Düzdür, məktubu oxuyub bitirənə yaxın mən özümü bir az naqolay hiss etməyə başladım. Bəlkə də bunun səbəbi mənə məhrəm birisinin könlünü almaqdan ötrü bu cür vecəyaramaz və ucuz bir fəndlərə əl atmam idi.
Həm də məsələ mənim eşqimi elan edərkən saxtakarlığa can atmam yox, bu mətni – heç bilmirəm necə deyim – bir ədəbi cızma-qara kimi ortaya qoymam idi. Sonralar, yataqda olduğumuzda hər səfər qalxıb oturan Klod dönə-dönə bu məktubu oxuyanda və hər səfər orada yol verdiyim imla səhvlərini çəkinib-üşənmədən başıma qaxanda vallah özümü qat-qat aşağılanmış hiss edirdim. Bundan cırnadığımı büruzə verməm isə onun könlünə toxunardı. Amma yenə də o, özünü bəxtəvər sayardı. Həmin məktubumu həmişəlik saxlayacağını vəd etmişdi mənə.
Sabah açılanda yenə məni tərk edib getdi. Yenə xalasını bəhanə gətirdi. Artıq mən də o xalanın varlığıyla barışmışdım. Əgər bu xala yox, başqa birisi olsaydı, yaxın gələcəkdə hər halda bunu da öyrənəcəkdim. Klod rola girməkdə və yalan satmaqda tamamilə naşı idi. Bir də ki, yəqin bu xoş sayıqlama… onun qəlbinə, ruhuna görünməmiş həzz bəxş edirdi…
Yuxum ərşə çəkilmişdi, yataqda uzanıb, onu düşünürdüm. İlahi, bu qadından necə şux həzlər almışdım mən! Maquereau! Onun fikrimi-zikrimi məşğul eləməsi daha çox daxili ətalətimdən qaynaqlanırdı. Klod! Mən yalnız və yalnız onu, həm də necə xoşbəxt etmək barədə düşünürdüm. İspaniya… Kapri… İstanbul… Onun günəş şüaları altda necə ləzzətlə, bihal uzandığını, çevrəsindəki göyərçinlərə çörək qırıntıları səpdiyini, quşların çəmənlikdə gəzişməsinə göz qoyduğunu və ya mənim ona oxumağı məsləhət gördüyüm kitabla qamakda necə uzandığını gözlərim önündə canlandırırdım.
Yəqin bu zavallı qadın ömrü boyu heç Versaldan kənara çıxmamışdı. Qatara necə oturacağımızı və bir müddət sonra… məsələn, Madriddə və ya Sevilyada hansısa fəvvarənin qarşısında peyda olacağımızı göz önündə canlandırarkən onun üzündə yaranacaq heyrəti təxmin edirəm. Vücudlarımızın təmasından doğacaq sıcaqlığı mən az qala fiziki cəhətdən hiss etməyə başlamışdım. Bir yerə yollandığımız zaman o, daim yanımda olurdu, hər addımda daha çox mənə, ağuşuma sığınırdı, təklikdə nə edəcəyini ağlına gətirmədiyi üçün bir an belə yanımdan ayrılmırdı. Onun bu hissi mənasız və bəri başdan məhvə məhkum olsa belə, mənə xoş gəlirdi.
Onunla baş-başa qalmaq hətta eyni yatağı paylaşmasına rəğmən, bir an öncə səndən qurtulmağa can atan hansısa quşbeyin, hətta daha sütül qəhbə ilə iş tutmaqdan yüz qat xoş idi mənə. Hə, mən Kloda mehr salmışdım. Bəlkə də nə vaxtsa bütün bunlar zəhləmi tökəcək, məni boğaza yığacaqdı… amma bu, sonra… sonralar baş verəcəkdi. Düşünürdüm ki, məhz belə bir qəhbəyə rast gəlməklə bəxtim üzümə gülmüşdü. Sadiq və etibarlı bir qəhbəyə! İlahi pərvərdigara, indi bu fikirlərimi kənar birisi eşitsəydi, hər halda ağlımın azdığını zənn edərdi.
Hər şeyi yerli-yataqlı düşünmüşdüm: hansı otellərdə qalacağıq. Klod hansı paltarlarını geyinəcək, nədən danışacağıq… hər şeyi… demək olar ki, hər şeyi… Yəqin ki, o, katolik məzhəbindəndir, amma indi məndən ötrü bunun heç bir əhəmiyyəti yox idi. Düzünə qalsa, hətta bu durum ürəyimcəydi. Kilsənin memarlığına və ya digər vecsiz detallarına şiniməkdənsə, oraya dua ayini üçün getmək daha məsləhətlidir. Hətta arzulasa, mən də katolik məzhəbinə keçərəm… Çox çətin iş deyil bu! Ona sevinc bəxş etməkdən ötrü arzuladığı, istədiyi hər şərti yerinə yetirməyə hazır idim.
Belə qadınların çoxusu uşaqlı olur: görəsən o da ana idimi? Heç təsəvvürümə gətirmirdim Klodun uşağını! Deyəsən, mən artıq onun övladını da öz doğma balamdan daha çox sevməyə başlamışdım. Hə, hə, çox yəqin ki, onun uşağı var. Sadəcə, bunu soruşub öyrənmək lazım gələcək! İnanıram ki, elə bir vaxt gələcək, biz qonaq otağımızın balkonundan çaya açılan mənzərəni seyr edəcəyik, pəncərəmiz önündə sırayla çiçəklər bitəcək və quşlar orada cəh-cəh vuracaq. Əlimdə quş qəfəsi, küçədə necə yeridiyimi gətirirəm xəyalıma! Əla! Yetər ki, onun könlü xoş olsun! Amma orada… mütləq çay olmalıdır! Axı, mən çaylara heyranam! Xatirimdədir, Rotterdamda olanda… Səhər çağı pəncərədən günəş şüaları otağa süzüləndə və oyanıb, təpədən-dırnağa, dəlicəsinə sənə aşiq və sadiq olan qəhbənin yanında uzandığını hiss edəndə, quşların cəh-cəhini eşidəndə, süfrənin hazırlandığını, onun isə yuyunub-darandığını görəndə, indiyədək yatıb-durduğu kişilərə rəğmən, onun indi səninki, sadəcə səninki olduğundan əmin olunca, qarşı tərəfdən keçən yük gəmilərinin gövdələrini və dor ağaclarını seyr etdikcə, sənin, onun, başqalarının, sizə qədər olan və sizdən sonra yaşayacaq lənətə gəlmiş insan nəsilləri axınının, bu çiçəklərin, bu quşların, bu günəşin, bu qoxunun, hər şeyin insanı boğduğunu, məhvə sürüklədiyini anlayırsan. İlahi! Məni nə indi, nə gələcəkdə, heç bir zaman fahişəsiz qoyma!
Kloda səfərə çıxmağı təklif etsəm də, o, sözümü yerə saldı. Bundan hədsiz dərəcədə sarsıldım. Bu etirazın səbəbi heç də mənim kasıblığımdan qaynaqlanmırdı, çünki Klod mənim maddi durumumdan xəbərdar idi, bilirdi ki, mən kitab yazıram və bir sıra başqa planlarım var. Yox, bunlar səbəb deyildi, burada nə isə daha köklü bir şey olmalıydı və o, bu sirri mənə açmağa hazırlaşmırdı. Daha bir məqamı da vurğulayım: mən son dərəcə dindar bir həyat tərzinə keçmişdim. Təkbaşına xeyli gəzib-dolaşır və kitabıma heç bir dəxli olmayan şeylər yazırdım. Mənə elə gəlirdi ki, bu kainatda yalnızam, həyat tərzim isə son dərəcə bitkin və kamil bir şəklə düşüb, bir növ heykəlləşmişəm. Amma mən bu heykəlin müəllifinin adını heç cür xatırlamırdım. Bununla yanaşı, fərqindəydim ki, bütün hərəkətlərim sanki yuxarıdan birisi tərəfindən mənə diqtə olunur, sanki mənim tək işim – xeyirxah əməllərlə ad çıxarmaqdır və heç kimin təqdirinə ehtiyac duymuram.
Klodun mənə təklif etdiyi hər cür xeyriyyəçilikdən, dəstəkdən boyun qaçırırdım. Ondan aldığım borcların da hesabını tam ciddiyyətlə aparmağa başladım. Klod, sən son günlərdə hədsiz kədərli görünürsən. Hərdən terrasda gözümə dəyəndə zərrəcə şübhə bəsləmirəm ki, onun gözlərində bir cüt yaş donub. O, məni sevir. Ümidsiz də olsa, dəlicəsinə və bütün varlığıyla sevir. Bəzən saatlarla terrasda otura bilir. Hərdənbir onu harayasa gəzintiyə aparıram, çünki onu bu cür bədbəxt və nigaran görmək, nəyəsə həsrətli görmək içimi, ruhumu əzir…
Hətta mən onun barəsində dostlarıma da söz açdım, bir mənada Klodu onlara sırımağa çalışdım. Bəlkə də bütün bunlar onun çarəsizlik içində oturub, nəyisə gözləməsindən, nəyinsə xiffətini çəkməsindən daha yaxşıdır… Görəsən belə, yapyalnız oturduğu zamanlarda o, nə barədə düşünür, axı?
Günlərin bir günü ona yanaşıb, cibimdən min franklıq əsginas çıxarsam, görən nə olar? Qüssəli baxışlarını uzaq bir nöqtəyə dikən bu qadına yaxınlaşıb, sadəcə deyərəm ki: «Lap yadımdan çıxmışdı, al bu pulu, bu ara əlim yuxarıdır» (fransızca: «Voici quelque chose que j’ai oublie l’autre jour».) Bəzən yanaşı uzandığımız zaman yaranan sükut çevrədəki hər şeyi doldurmağa yetəndə o, dillənir: «Que pensez-vous maintenant?» (fransızca: «Nə barədə düşünürsən?»). Mən də hər dəfə eyni cavabı verirəm: «Rien!» (fransızca: «Heç nə barədə!»). Əslində isə düşünürəm ki: «Voici quelque chose que…» Bu, l’amour a credit in (fransızca «nisyə sevgi»nin) ya həzzidir, ya da bir növ əziyyəti.
O, çıxıb getdiyi zaman zənglərin tükürpədici hay-həşiri ilə baş-başa qalıram. O, məni özüylə barışdırır, könlümə hüzur və rahatlıq gətirir. Yastıqlara yayxanır, uzandığım yerdə və əlbəttə ki, onun hədiyyə etdiyi yüngül siqaretdən ləzzətli bir qullab alıram. Narahat olmağa hər hansı əsas yoxdur. Əgər mən damaq taxsaydım, inanıram ki, o, bu damağı da çıxarıb, çarpayımın böyründəki xırda masanın üstündəki kibritlə, zəngli saatla və digər xırda-xuruşla yanaşı duran stəkandakı suya salardı. Mənim şalvarım səliqəylə qatlanıb, şlyapam və paltom isə qapının yanındakı asılqandan asılıb. Hər şey öz yerindədir. Çox gözəl! Əgər sizin də həmdəminiz bir qəhbə olarsa, hesab edin ki, misli-bərabəri olmayan bir xəzinə tapmısınız…
Və ən əsası da odur ki, bütün bunlar sizin könlünüzcədir. Çox sarsıdıcı, haradasa mistik bir duyğudur. Bundakı mistik cəhət isə varlığın birliyindən, vəhdətindən doğur. İnsan özünü bu həyatın bir zərrəciyi hiss eləyir, ona qarışır, onun axarında əriyib gedir… Özümün müqəddəs, yoxsa kafir olmam, düzünü desəm, heç vecimə də deyil. Müqəddəslərin bəxtinə əbədi əzablar və Kəşməkəşlər yazılır. Mən isə başdan-ayağa hüzur və durğunluq içindəyəm.
Elə hey Klod üçün yeni müştərilər tapmaqla məşğulam və indi, onun yanından ötəndə gördüm ki, baxışlarındakı qüssə harayasa yox olub. Az qala hər gün onunla nahar edirik. Məni ən bahalı restoranlara çəkib aparmağa çalışır və mən daha buna heç etiraz eləmirəm. Həyatın hər anından zövq almağa çalışıram: axı, bahalı məkanlar ucuzlardan heç də geri qalmırlar. Əgər bu onun könlüncədirsə, qoy…Pourtant je pense a quelque chose. (fransızca: «Amma mən müəyyən bir məsələ barədə düşünürəm» - A.Y.).
Boş bir şeydir, amma axır vaxtlar fikrimi daha çox özünə cəmləşdirir bu. İlk dəfə bu fikri eşidəndə heç nə deməyib susdum. Öz-özümə: «Bu, qəribə, qismən də ağrılı bir hissdir. Boş ver» - dedim. Eyni zamanda da xoş şeydir. Bir başqa səfər isə bunun ağrılı, yoxsa təsadüfü ehtiyatsızlıq olduğuna heç cür qərar verə bilmədim. Təkrar rien a dire (fransızca: «Deyəcək söz yoxdur» - A.Y.).
Ən nəhayət, ona xəyanət elədim. Bir gecə özümü Böyük bulvarda, yüngülvarı kefli halda buldum. Respublika meydanında yaramazın birisi, yekəpərliyindən qadın dəllalına bənzəyən bir «öküz» mənə ilişdi. İçkili olmasaydım, o pəzəvəngi görcək, bəlkə də küçənin o biri tərəfinə keçərdim. Amma ona ilişdim və ta «Maten» qəzetinin redaksiyasına çatana qədər yaxamı onun əlindən qurtara bilmədim. Nə başınızı ağrıdım, istəmədən ona yoldaş oldum.
Əcəb əyləncəli gecə idi, vallah! Dəqiqədə bir kimsə qapını çalırdı. «Foli Berjer»in köhnə «quşları» ara vermədən bu səxavətli müsyöyə əl uzadırdılar ki, bəlkə ondan uzaqbaşı otuz frank xərclik qoparsınlar. Amma haqlı bir sual doğur: nədən ötrü? Pour rein… pour le plaisir. (fransızca: «Heç nədən ötrü… məzə üçün» - A.Y.).
Qəribə və gülməli gecəydi. Bir gün və ya bir o qədər müddət sonra özümdə xəfif halsızlıq hiss elədim. Qəfildən əhvalım qarışdı. Əlüstü özümü Amerikan hospitalına çatdırdım. Qarşımda qara siqarını sümürən Erlix peyda oldu. Ciddi narahatlıq üçün əsas yox imiş. Sadəcə səbəbsiz qorxuymuş bu.
Bu barədə Kloda deyəndə o, məni dərin heyrət dolu baxışlarla süzdü. «Bilirəm, Klod, sən mənimlə həmişə səmimi olmusan, amma…». O, bu məsələni saf-çürük etməkdən birmənalı şəkildə boyun qaçırdı. Özünün xəstə olduğunu bilə-bilə, qadını da yoluxduran kişi – cinayətkardır. Klod məhz belə düşünürdü. «C’est vrai, n’est-ce pas?» (fransızca: «Bu, belədir, deyilmi?» - A.Y.) – deyə o, soruşdu. Əlbəttə ki, vrai (fransızca: «Belədir» - A.Y.). Amma o da var ki… Nə isə, söhbətimiz bununla bitdi. Bu əməli işləyən hər kəs cinayətkardır, vəssəlam.
O gündən bəri hər sabah parafin yağıyla apelsini bir arada yeyərkən mən qadınları bilərəkdən infeksiyaya yoluxduran cinayətkarlar barədə düşünürdüm. Parafinə bulaşan qaşıq yaman yapışqanlı olur. Onu yaxşıca yuyub təmizləmək lazım gəlir. Odur ki, qaşıq-bıçağımı tərtəmiz yumağa məcburam. Əslində hər işi cani-dildən görürəm – xasiyyətim belədir. Əl-üzümü yuyandan sonra dəsmalıma göz gəzdirirəm. Otel sahibi həftəyə üçdən artıq dəsmal vermir. Çərşənbə axşamına doğru onların hamısını kirlədirəm. Odur ki, qaşıq-bıçağımı dəsmalla, üzümü isə yataq örtüyü ilə qurulayıram. Əslində onunla üzümü qurulamıram – sadəcə bir kənarını yanaqlarıma xəfifcə toxundurmam yetərli olur.
Bu İppolit Mandron küçəsi hədsiz iyrənc təsir bağışladı mənə. Bu həndəvərdəki damdar, zibildən keçilməyən, əyri-üyrü olmasına rəğmən, bu cür romantik adlara sahib küçələrə dərin nifrət bəsləyirəm. Paris mənə iri və iyrənc bir çibanı xatırladır. Sanki küçələri qanqrena bürüyüb. Rastına çıxan kəs sifilisə yoluxmayıbsa, deməli, ən azından tripperlidir. Avropa başdan-ayağa xəstədir və bunun baisi təkcə Fransadır.
Volterlə Rableyə heyran olanların axırı elə belə də olmalıydı. Gərək lap əvvəlki niyyətimi gerçəkləşdirəydim, yəni Moskvaya yollanaydım. Əgər Rusiyada bazar günü ləğv olunubsa, dünya dağılmayacaqdı ki?! Onsuz da indi bazar günləri həftənin qalan günlərindən heç nə ilə seçilmir, küçələrdə adam qaynaşır və bunların çoxusu öz infeksiyasını yoluxdurmaq üçün öz növbəti qurbanının axtarışına çıxır.
Məni düzgün başa düşün, içimdəki bu qəzəbin səbəbi Klod deyildir. Klod – misilsizdir, un ange’dir (fransızca: «bir mələkdir» - A.Y.) və bu qənaətin «presque» (fransızca: «sanki» - A.Y.) kəlməsinə ehtiyacı yoxdur. Quş qəfəsi pəncərəmin o biri üzündə asılıb, pəncərə boyu çiçəklər gözə dəyir, əlbəttə, bura Madrid və ya Seviliya olmadığından fəvvarə və göyərçinlərdən söhbət gedə bilməz. Hər gün klinikaya gedirik. Bir qapıdan o girir, digərindən isə mən. Bahalı restoranlar dövrü geridə qalıb artıq. Hər axşam kinoya gedirik ki, bir az dərdimiz dağılsın. «Dome»ni və ya «Coupole»ni isə görən gözüm yoxdur.
Yanaqlarından qan daman, nişastalı köynək və bej kostyumlar geyinən, odekolonlarının qoxusu bir mildən adamı vuran bicbalalarla doludur qəhvəxana terrasları. Bütün günahı Klodun üstünə yıxmaq olmaz. Hərçənd özünü bu cür şıq geyinmiş, gözəgəlimli həriflərdən qorumasını vaxtilə ona, həm də dönə-dönə tapşırmışdım. Amma o, öz qorunma üsullarına, yuyunmalarına-filana daha çox güvənirdi nədənsə. Odur ki, hər yetənlə o məsələ… İndi nə mənası var bunların – hər iş olacağına vardı onsuz da.
Bir qəhbə ilə, hətta dünyanın ən şux qəhbəsiylə yaşamaq – çox müşkül işlərdən biri sayılmalıdır hər halda. Onun saysız-hesabsız kişiyə bədənini satması vaxtaşırı bir qurd misalı içinizi gəmirsə də, bu, bir o qədər də əhəmiyyətli deyil, vacib olan - fasiləsiz gigiyenadır, hər cür qorunma tədbirləridir, ən nəhayət, daimi təlaş və qorxu hissidir. Amma, budur, hər şeyə rəğmən, olan oldu… Axı, mən durmadan Klodun baş-beynini aparır, daim təkrarlayırdım: «Ehtiyatlı ol ki, bu suyuşirin həriflərin qarmağına keçməyəsən!»
Olub-bitənlərə görə mən ancaq və ancaq özümü suçlayıram. Öz həyat təcrübəmlə daxilən öyünməyim yetmirdi, hələ bir durub bunu başqaları qarşısında sübuta da çalışırdım. İnsan öz kamilliyinin fərqinə varıbsa, mütləq oradaca dayanmalı, durmalıdır. Balaca bir qəhbə qarşısında özünü müdrik birisi kimi aparmaq cənnət bağına dal qapıdan girməyə bənzəyir.
Onun ağuşuna sığındığım zamanlarda özümü onun ruhuna, canına yerikləmiş bir soxulcan kimi hiss edirəm. Hətta belə bir mələklə yaşadığım zaman da mən özümü əsl kişi kimi aparmaqdan qalmıram. Düşünürəm ki, biz bir an öncə bu iyrənc daxmadan dışarı çıxmalı, günəşin bərq vurduğu, çay mənzərəsinə açılan, çiçəklərin açdığı, quşların ötdüyü balkonlu bir otağa köçməliyik və həyat təkrar öz axarına döndüyü zaman baş-başa qalmalıyıq, orada bizdən başqa bir kimsə olmamalıdır.
https://www.facebook.com/azadyasharofficial