Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Şəhriyar del Geraninin “Türbülans” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Qəşəm Nəcəfzadə
Bu hekayədə bir həqiqət var, adamın həyatına dəxli olmayan bir hadisənin, söz və ifadənin həyatın müəyyən dönəmində qəflətən xatırlanması. Məsələn, bir dəfə dənizdə boğulanda üçüncü dəfə ayağımı zərblə dənizin dibinə vurub yenidən suyun üzünə qalxdım, təzədən heç nə olmamış kimi özümü dənizin dibinə buraxdım, ölümlə razılaşdım. Elə bu zaman heç bir səbəb olmadan kənddə qonşumuz Əvəzin arvadına dediyi “mən səni almasaydım, zurnaçıya verəcəkdilər” sözü düşdü. Səbəb nə idi bilmədim.
Belə şeylər maraqlı bir beyin faktıdır. Kritik bir məqamda neyronlar oyanır.
Şəhriyarın hekayəsində də həmin faktın qəflətən üzə çıxması əsərin taleyini həllə edə biləcək alt-ictimai-siyasi, sosial xətlə əlaqəli şəkildə nəyinsə görünməsi gözlənilsə də, alınmır. Və bu hadisənin nəyə xidmət etməsi aydın deyil. Və ya həmin hadisə nəyisə üzə çıxarmır, fonunda nəyisə göstərmir.
Şəhriyarın hekayəsində ən böyük nöqsan dilin pintiliyidir. Öz aləmində Şəhriyar guya bir “delovoy” dil nümayiş elətdirir. Əslində, onun dili “kopya” edilmiş sənədin solğun görünən ikinci variantıdır.
Hekayənin başlanğıcıdır abzasa fikir verin:
“Elə hadisələr var, onların sənin taleyində bircə qram da olsun əhəmiyyəti yoxdur. Di gəl, yadından çıxmır. Var elə hadisələr. Baxırsan, həmin hadisənin sənin yadında qalması həyatının heç bir mərhələsində sənə zərrə qədər də fayda verməyib, heç cürə iştirak etməyib ömründə. Amma yadından da çıxmır”.
Əslində, bu fikri ifadə etmək üçün yalnız bir cümlə bəs edərdi. Aşağıdakı cümlədə də eynən. “Ev nə boyda olursa, olsun” baş cümlənin ikinci dəfə təkrara verilməsi hansı gözəlliyi ifadə edir, bilmirəm, məncə, bu sadəcə söz yığınıdır:
“Ev nə boyda olursa olsun, varlısından kasıbınacan hamı bir otağa cəm olardı. Ev nə boyda olursa, olsun, cəmi bircə otaq isti olardı çünki”.
Yenə aşağıdakı abzasda verilən təkrirlər, təkrarlar, ola bilər ki, şeir də alınsın, ancaq bu hekayədə yerində deyil. Müəllif söz oynatmaq istəyir, şair olduğu üçün birdən birə nəsr parçası şeirə çevrilir və Şəhriyarın əlində “nəsr” can verir:
“Yay imtahan sessiyasını verdik, hələ iki-üç gün daha sülənib sonra gedəcəm rayona. Türkiyədən bir qrup yoldaşımız var, dostlaşmışıq. ˝Bir qrup yoldaşımız var˝ deyirəm, camaat elə biləcək, bir avtobus yoldaşdan danışıram. Yox, bir qrup yoldaşımız – yəni qrupumuzda türkiyəli bir tələbə yoldaşımız var. Dostlaşmışıq – yəni onunla mən dostlaşmışıq, hamılıqla deyil.”
Bu qədər...
Cəlil Cavanşir
Şəhriyarın nəsrini hər zaman ləzzətlə oxuyuram. Şəhriyarın çox incə, özünəməxsus yumor hissi var və mətndə bunu ustalıqla nümayiş etdirir. Son hekayəsini bir neçə gün öncə oxudum və zövq aldım. Bəzən çox dərinə getmədən, özünü yormadan oxucunu heyrətləndirmək mümkündür. Dünya ədəbiyyatında bu tipli, yəni zahirən "heç nə" haqqında yazılmış, əslində isə çox həssas mətləblərə toxunan mətnlər məni cəlb edir. Şəhriyarın hekayəsinin "üst qatı", yəni verdiyi ilkin mesaj və incə yumoru çox peşəkarcasınadır. Açığı bu hekayəni "eşələyib" əlavə mənalar yükləməyə, qəhrəmanların təhrəlşüuruna enməklə təhlil edib qeyri mənalar çıxarmaq üçün özümü yormadım. Ay nə bilim, təhkiyə, üslub, dil qatı, postmodern gedişlər, texniki ustalıq - bu məqamlarla özümü təntitmək, xırdaçılıq etmək istəmirəm. Mən bu aralar dincəlmək üçün mütaliə edirəm. "-şünaslıq", "-çilik" eləmək istəmirəm. Şəhriyarın son hekayəsindən də zövq aldım. Bu aralar Nadir Yalçının, Sərdar Aminin, Mübariz Örənin son hekayələrini, Rövşən Danyerinin hekayalər kitabını da eyni şəkildə oxumuşam, dincəlmək və zövq almaq üçün.
"Türbülans" hekayəsi olduqca dadlı-duzlu, oxunaqlı və ləzzətli hekayədir.
Fərid Hüseyn
Şəhriyarın hekayəsi həm məzmunca, həm də üslub sarıdan çox yüksək bədii məziyyətləri olan hekayədir. Əvvəla, hekayədəki keçidlər çox gözəl qurulub, elə incə gedişlərlə yazıçı öz obrazları “boyunca gəzir” ki, heç belə fəndlər fələyin ağlına gəlməz.
Şəhriyar heç zaman yazılarında ictimai hadisələri, yaşantıları da gözardı etmir, nəticədə hekayədə Azərbaycanın bəlli bir dövrünü, 90-cı illərin romantikasını da kifayət qədər təsirli əks etdirir.
Hekayədən görünür ki, Şəhriyar artıq öz üslubuna hakimdir, yəni yazı masası arxasında mətn sarıdan istədiyini edir.
Hekayədəki kürd obrazının timsalında siyasi-ictimai-mənəvi kodlar yüksək batini ustalıqla qələmə alınıb. Eyni zamanda, əsərdəki yumor qatı güclüdür.
Şəhriyarın hekayəsinin bir üstünlüyü də ondadır ki, qəhrəmanının rişxəndinə oxucularını inandıra bilir. Bu çox çətindir, çünki adətən müəllifin güldüyünə oxucular da dırnaqarası baxır.
Hekayənin özək ideyalarından biri də həyatdakı ən mənasız hadisənin ölüm anında xatırlanmasıdır. Həyatın dibində, balaca bir məhəllənin kiçik bir evində baş verən hadisə göyün bir qatında həlledici ola bilir. Sanki bursalı qəhrəman mənasızlığı yerdən göyə qaldırır. Adi hadisə səmavi siqlət qazanır.
Babanın evdə ola-ola evdə olmamasını deməsi – qəhrəmanın ilk eşitdiyi yalan heç zaman unudulmur. Niyə unudulmur, çünki qəhrəman onu yaddaşında gerçəklik kimi yaşayıb. Ona görə də unudulmaz olub. Yalan onu deyən üçün yalandır, aldanan üçün isə yalan gerçəklikdir. Bu baxımdan hər yalan bir danılmaz həqiqətdir. Həqiqət isə yerdə – insanların arasında gec-tez unudulub gedir, həqiqətin əbədi ünvanı göylərdir. Fikir verdinizmi, hekayəsindəki yalanı – gerçəkliyi yerdə heç kim xatırlamır, qəhrəman o yalanı kimin yadına salırsa, kimsənin yadına düşmür. Fəqət göydə o, yalan həqiqət mərtəbəsinə çatır. Göydə həqiqət hətta ona birbaşa dəxli olmayan insan üçün belə həqiqətliyini ifadə edir.
Zəhlənizi tökmədən deyə bilərəm ki, çox dərin hekayədir. Bu hekayə tərsinə asılmış mənalar piramidasıdır. Əhsən yaradana...
Qismət
Şəhriyarın hekayəsində ən çox xoşuma gələn etibarsız-ironik təhkiyəçidir. Bu yeni təhkiyəçi tipi süjetsiz hekayəni ənənəvi sentimental təhkiyəçi qəlibindən çıxarır, burada artıq realizm sonrasıyla bağlı neçə ildir izah etməyə çalışdığımız bir şey baş tutur: mənə görə burada hekayənin qəhrəmanı üslubdur. Şəhriyar aşkar heç bir eyham vurmasa da, hekayənin adı belə ənənəvidən kənaraçıxmanı göstərir; türbülans vəziyyəti düzxətli, dəyişməz bildiyimiz havanın dəyişkən, hərəkətdə olması nəticəsində yaranan hava boşluğudur. Əgər hava belə dəyişirsə, eyni hekayələri eyni formada yazmaqdan çıxmağın bircə yolu qalır: stilistik türbülans. Mən vaxtımı saxlayıram, qalanını özünə deyəcəm. Həzrət Abbas haqqı!
Cavid Ramazanov
Mən hekayədən zövq aldım.
Xüsusi bir şey, dərinlik yoxdur, əslində, amma mütaliədən zövq alırsan. Su kimi gedir.
Bir axırda, deyəsən, zibil qutusuna siqaret atılanda pişiyin sıçraması yersiz oldu. Ümumiyyətlə, hekayənin axırına bir az əl gəzdirilsə, yaxşı olar.
Qalan hər şey qaydasında. Koloritli, maraqlı hekayədir.
Orxan Həsəni
Şəhriyar de Geraninin “Türbülans” hekayəsi hesab edirəm, bədii cəhətdən xeyli zəif hekayədir. Təəssüf ki, şeirləri ilə müqayisədə Şəhriyarın nəsri çox piyada, olduqca cılız görünür. O şeirdə haradan gəldiyini, haradan güc aldığını çox gözəl bilir, görünməz enerji xətləri şair kimi onu doyurur.
Nəsrin isə öz qanunları var.
Hekayə yaddaş, yaddaşın qırışlarında ilişib qalan kiçik, hətta əhəmiyyətsiz detalların axtarışına çıxır, şüur altını arayır, lakin onu xatırlatmalıyam ki, bədii mətnin qabığında, yəni üst qatındakı məsələlər həll edilmirsə, onun mövzu və mesajları da bir qədər zəif qalır və mesaj nə qədər böyük olur, olsun, bədii çaların şəfəqi göz qamaşdırmırsa, mövzu bizi dəbərtmir, narahat eləmir, inandırmır. Şəhriyar del Geraninin hekayəsində bircə cümləyə də inanmadım.
Müəllif mətnin içində özü-özünü tez-tez redaktə edir. Yəqin, bunu üslub kimi görür. Belə olanda halda mətn axsayır, temp aşağı düşür, elə bil axsaq atın yerişini izləyirsən. Doğrudan da, axsaq atlar çox qüssəlidir.
Mirmehdi Ağaoğlu
Şəhriyarın hekayəsi dinamik, klassik mətnlərə xas ibrətamiz elementləri olan mətndir. Adidən adi bir detalla başlayan hekayədə sona qədər bu adilik, belə deyək mənasızlıq (hadisənin mənasızlığı) qorunub saxlanılır. Hekayənin əvvəlindən düşünürdüm ki, görəsən, sonluğu necə bağlayacaq? Çünki “Türbülans” hekayə ilə əhvalatçılığın sərhədindədir, əgər sonda türk personajın da danışdığı əhvalatla çevrə qapanmasaydı mətn əhvalat səviyyəsində qalacaqdı. Şəhriyar sonluqla bu incə xətti qoruyub saxlayıb və ilk başda adi söhbətlərdən ibarət olan, xüsusi bir məna ifadə etməyən hadisələri (kəndə səfər, arxın qırağında oturmaq, Çürüyün sualları) yumorla hekayə səviyyəsinə qaldırıb.
Hekayə bu günün, bu günün insanının dilində yazılıb və bu bir baxımdan yaxşıdır ki, bu günün insanının, hətta müəyyən mənada mənim nəsildaşlarıma belə yad gələn dil, slenq ədəbiyyata ötürülür.
Sadəcə bəyənmədiyim bir məqam təhkiyədə bəzi cümlələrin hekayəni əhvalatçılığa yuvarlaması oldu. Məsələn, bəzi yerlərdə müəllifin hekayəni sanki danışırmış kimi nəql etməsi və sair. Bunu da görünür müəllif məqsədli şəkildə edib.
Yekunda onu deyim ki, incə, yaddaqalan, oxucunu təkrar mətnə qayıtmağa sövq edən hekayədir “Türbülans”. Üstəlik, hekayədəki hadisələrə gülüb qurtarandan sonra düşünməyə, hamımızın həyatında olan xüsusi əhəmiyyət daşımayan bu cür “xatirə”ləri yada salan mətndir. Bir sözlə Şəhriyarı təbrik edirəm bu gözəl hekayəyə görə.