Hamiləliyin elanı, uşağın cinsiyyətinin bilinmə partisi

Hamiləliyin elanı, uşağın cinsiyyətinin bilinmə partisi
9 oktyabr 2024
# 12:00

Kulis.az Fəridənin yeni yazısını təqdim edir.

Dünən bir dost məndən məsləhət istədi, axırda hiss etdim ki, peşman oldu.

Uzun illərdir təhsillə əlaqədar xaricdə yaşayan dostum Bakıya qayıtmağa hazırlaşır. İlk məsləhətim, təbii, “gəlmə” oldu, amma sonra məlum oldu ki, məsləhət istədiyi mövzu bu deyilmiş.

Gəlir, yol üstədir, özü də xeyir işə gəlir. Evlənməyə.

Bu adam on iki ildir Avropa ölkələrində yaşayır, yüksək səviyyəli təhsil alıb, gəzib-görüb, özünü inkişaf etdirib, ölkəmizi necə lazımdırsa, qərbdə təmsil edib (guya), indi də “xeyirli övlad” missiyasını yerinə yetirmək üçün vətənə qayıdır.

Ailəsinin axtarıb, tapıb, görüb, seçib, bəyəndiyi “halal süd əmmiş, ev qızı” ilə evlənib ailə səadətinə qovuşmağa gəlir. Arzusu, iddiası da odur ki, bu xanımı dünyanın ən xoşbəxt qadını etsin.

Məndən istədiyi də Azərbaycanda bu proseslər nəylə başlayır, necə olur, gedişat necədi – bu haqda fikirlərdir. Mən də buna bənd deyiləm? Toy-düyün məndən soruşular. Dedim, onca dəqiqə gözlə, yeməyimi yeyim, ac olanda fikrim dağılır, iraq olsun, nəyisə unudaram, faciə baş verər.

Hə də, bizdə bu xeyir işlər çox ciddi prosesdir. Buna görə nə nişanlar atılıb, nə nikahlardan dönülüb?!

Nə isə. Yeməyimi tələsik yeyib aldım qələmi əlimə, ya Allah.

Deməli, evlilik təklifi ilə bu yola baş qoyursan, Allah yar və yardımçın olsun.

Özü də, adi, sıradan evlilik təklifi ilə heç bir “prinsessa”nın könlünü fəth edə bilməzsən. Maksimum kreativ (düşüklük yazmadım ki, qərib eldə “çemodan nastreni” ilə mənə ağız açmış dostumun qəlbi qırılmasın) olmalısan. Musiqiçi dəstəsini, kloun, köpük şou, tortdan üzük çıxartmağı ağlına da gətirmə, bunun artıq şorunu-şitini çıxarıblar.

Havada uçan ananas, şlanqdan püskürən qaymaq, mahnı oxuyan şlaqbaum-zad kimi ideyan yoxdursa, tələsmə, bir az da düşün, tapılacaq nəsə mütləq.

Evlilik təklifini etdinsə, keçirsən ikinci levelə: danışıq.

Bu mərhələ cütlüyün gələcək həyatında ən mühüm rol oynayan qismdir. Oğlanın ailəsindən bir dəstə qadın ən gözəl donları geyinib, sərvətlərini boyun-boğazlarından asıb gedirlər qız evinin qadınları ilə “danışmağa”. İllərdir evin bir küncündə atılıb qalmış ağbirçək nənənin də tozunu çırpıb, yanlarında aparıb divanda bir küncdə oturdurlar və Allaha da yalvarırlar ki, arvad orda “quşlamasın”.

Bu mərhələ önəmlidir demişdim, çünki ilk dəfə burda bir-birini görən qız və oğlan evinin qadınları bir-birini çəkir-tartır, kim-kimdi, kim təhlükədi, kim “qaz”dı müəyyənləşdirib, öz xəritələrini formalaşdırırlar ki, döyüş və siyasət taktikası üçün bu çox vacibdir.

Buranı keçdinsə, elçilik. Bunu uzatmaq fikrim yoxdur, çünki bu proses çox şablondur, heç bir xüsusi, maraqlı tərəfi yoxdur. Yəni ki, burda “tema” yoxdur.

Sonra gəlir “həri”, dalınca da şahşahalı nişan. Nişanda da yenə bir brilyant üzük almalısan ki, bu da evlilik təklifi etdiyin üzükdən bir “tık” iri və bahalı olmalıdır. Ona görə də, evlilik təklifi edəndə görməmiş kimi qaçıb iri qaşlı üzük almamalısan ki, nişan üzüyü alanda babat tərləməyəsən.

Sonra “xınayaxdı”. Bəzən bu mərasim evdə, ailə arasında təşkil olunur, amma bütün “prinsessalar”ın arzudur ki, göstərişli salonların birində, bəy-gəlin milli geyimdə otursun, qohumlar ortada dingildəşsin, cırsəs bir xala “haxışta” deyib özünə əl qatsın. Özü də, bura ən azı Niqulya xanım ranqında bir nanay müğənni gətirməlisən ki, bütün vatsap, instagram storiləri ən azı, bir həftə sənin xınandan danışsın.

Keçirik oğlan toyuna. Burda da şablon prosedurlardır, uzatmıram. Oğlan toyunun içində də toy fotosessiyası olmalıdır.

Bu fotosessiya da “prinsessalar” üçün ölüm-dirim məsələsidir. Bir gəlinlik, bir fotoqraf axtarışı – gəlini ən çox stressə salan işlərdir bunlar.

Instagram və tiktokda kreativ fotoqraflar o qədər çoxdur ki, seçim etmək çətinləşir. Fotosessiya üçün Afrikadan şir gətirən, havada mayallaq vura-vura foto çəkən, kibrit qutusundan cin çıxardan fotoqrafların növbəsinə düşməyə çalışmaq da ayrı stressdir axı.

Oğlan toyundan üç gün sonra “üzgördü”. Bu da qadınlar arasında təşkil olunan, olduqca ciddi, vacib mərasimdir.

Qız evinin bişirib gətirdiyi aşdan, dolmadan yeyib, üzüağ gəlinin “mələfəsini” nümayiş etdirib, qız anasının missiyanı namusla-qeyrətlə bitirdiyini elan edirlər.

Başlayır bal ayı. Bal ayı önəmlidir, amma bunu yolaverdi edə bilərsən. Buracan xərcin çox çıxıbsa, xudmani bir ölkə seçib iki-üç minlə bir həftəlik harasa gedə bilərsiniz. Yəni, Havay adalarına getməsəniz də olar, “lijbi” Biləcərini o yana keçin ki, camaat deməsin, “aaa, bal ayına getmədiniz?”

Bal ayı bitibsə, “bişey-mişey var” suallarının müşayiəti ilə tez-tələsik sevişib hamilə qalmalıdır gəlin.

Sonra da tez “hamiləliyi elan etmə” partisi təşkil edilməlidir.

Bir-iki ay sonra “cinsiyyət partisi” olmalıdır. Əvvəlki partidə hamilə olduğunu açıqlayan gəlin bu dəfə uşağın qız, ya oğlan olduğunu elan edir. Havaya buraxılan mavi, pənbə tüstü-zad, bildiniz də.

Sonra doğuş. Burda da xəstəxanadan çıxanda evdə “xoşgəldin partisi” olmalıdır.

Uşağa nənə-babanın adını verəcəksinizsə, bu arada bir dənə də “adqoyma” və ya “adgötürmə” partisi olmalıdır mütləq.

Ardınca “qırx partisi”, ondan sonra da hər ayın tamamında fotossesiyalı “bir ayını doldurdun, bəbəm”, “üç ayını doldurdun, bəbəm” partiləri, “dışçıxdı” ... - dərkən, al sənə bir yaş.

Anlı-şanlı bir yaş partisi.

Beləcə, evlilik təklifindən uşağın bir yaşınacan keçməli olduğu prosesləri ardıcıl sıraladım, üstəlik, axırda balaca qeyd də yazdım ki, nişanla toy arasında məsafə uzanacaqsa, o aralarda özəl günlər, ad günləri, bayram-seyran mərasimləri də olur, bu da kifayət qədər ciddi nüansdır. Allah eləməsin, qadınlar günündə qızın qardaşı arvadının yengəsinin iş yoldaşının eltisinə hədiyyə almağı unudarsan, qırğın düşər.

Dostum siyahımı oxuyub səssizliyə qərq oldu. “Yazıyor-yazıyor” görünürdü, amma mesaj gəlib çıxmadı. Sonra da yuxu aparıb yatmışam.

Yuxuda gördüm ki, pırpızbaş bir şir gəminin göyərtəsində “ay çini çaydan-çini” mahnısını oxuyur, ortalıqda da bir çəlik atılıb-düşür.

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bəzi televiziya rəhbərləri küçəyə çıxmır, ona görə də tamaşaçıdan xəbərləri yoxdur"  - Müsahibə

Xalq artisti: "Bəzi televiziya rəhbərləri küçəyə çıxmır, ona görə də tamaşaçıdan xəbərləri yoxdur" - Müsahibə

21:00 7 noyabr 2024
“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edildi

“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edildi

18:40 7 noyabr 2024
Vərəmə yoluxduğuna görə futbolu buraxan dahi yazıçı

Vərəmə yoluxduğuna görə futbolu buraxan dahi yazıçı

17:45 7 noyabr 2024
“Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirildi

“Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirildi

16:40 7 noyabr 2024
Rəhman Rəhmanov:  "Ayağım çürüyürdü"

Rəhman Rəhmanov: "Ayağım çürüyürdü"

14:31 7 noyabr 2024
Azərbaycanlı yazıçının kitabı türk dilində çap olundu

Azərbaycanlı yazıçının kitabı türk dilində çap olundu

13:55 7 noyabr 2024
# # #