#

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar
4 oktyabr 2024
# 15:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Dünən bir tanışımla rastlaşdım təsadüfən. Təzə kitabıma görə təbrik elədi, sonra dedi ki, kitab sərgisinə getmişdi.

Sevindim.

Dedim, nə gözəl!

Dedi, hə də, getmək lazımdı, kitaba, yazıçılara dəstək olmaq lazımdı.

Belə düşünməyinə də çox sevindim. Soruşdum ki, nə kitabları aldın?

Dedi, kitab almağa getməmişdim ki, eləcə dəstək olmağa getmişdim də.

Yer-göy şahidimdir ki, belə dedi.

Bir az üzünə baxdım. Fikirləşdim ki, yəqin indi güləcək, mənlə məzələnir.

Gördüm ki, yox, adam cipciddidir (bu sözü indi kəşf elədim, "çox ciddi" mənasında).

Dedim, kitab almadınsa, bəs necə dəstək olurdun yazıçılara? Yazıçıların əvəzinə kitab imzalayırdın, ya çox kitab imzalayan yazıçıların qollarını masaj eləyirdin?

Hə... Belə...

Azərbaycanlılar məni hər dəfə elə şoka salırlar... Hər dəfə də fikirləşirəm ki, bundan pis təəccübləndirə bilməzlər məni, amma hər dəfə yenə bacarırlar.

Belə başa düşürəm ki, azərbaycanlılar kitab sərgisinə gedib, bir-iki kruq sərgini fırlanmağın, kimləsə laqqırtı vurmağın, şəkil çəkdirməyin kitaba, yazıçıya dəstək olduğunu düşünürlər.

Nə deyəsən?

Naşirlər də, yazıçılar da sərgilərdən şikayətlənirlər. Deyirlər ki, az adam gəlir, gələnlərin əksəriyyəti də heç kitab almır, yüksək səslə danışır, deyib-gülür, bir-iki “kruq” sərgini fırlanır, şəkil çəkdirir, sonra çıxır gedir işinin dalınca. Ad da olur ki, kitabsevərdi, sərgiyə gedib, kitaba, ədəbiyyata, yazıçılara dəstək olur.

Gülməli adamlarıq. Çox gülməli adamlarıq.

Hələ adamların kitab oxumamağa səbəb kimi yalandan maddi vəziyyəti bəhanə gətirməyi lap gülməlidir.

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar. Hər şeyə!

Azərbaycanlılar ağlınıza gələn hər şeyə pul tapır. Manaf Ağayevi toyuna gətirməkdən tutmuş, Baləlinin meyxanalarına şabaş atmağa kimi, hansısa dalını, sinəsini böyütmüş “müğənni”nin döşlərinin arasına pul basmaqdan tutmuş, bütün günü çayxanalarda boş-boş qəlyan tüstülətməyə kimi...

Gündə iki qutu siqaretə, kinoteatrlardakı düşük Türkiyə komediyalarına...

“Bu şəhərdə”nin, “Parni iz Baku”nun düşük, mənasız, bir-birindən heç nə ilə fərqlənməyən konsertlərinə... Görürsünüz də azərbaycanlılar o düşük, bayağı zarafatların olduğu konsertlərin zallarını necə həvəslə doldururlar, necə həvəslə şaqqanaq çəkib gülürlər, əl çalırlar, az qala, ürəkləri partlaya gülməkdən...

Necə olur ki, azərbaycanlılar biletləri xeyli baha olan bu konsertlərə, bu şeylərə pul tapırlar, amma kitab adı gələndə, yadlarına düşür ki, kasıbdılar, kitaba verməyə pulları yoxdur, dəsmal çıxarıb ağlayırlar?

Kimi aldadır bu azərbaycanlılar?

Məni aldatmaq olar?

Bir mənim gözlərimə baxın... Cin kimiyəm...

Səmimi olun, rahat olun, nə özünüzü aldadın, nə də başqalarını aldatmağa çalışın.

Rahat-rahat deyin ki, biz kitab oxumuruq, biz kitab oxumaq istəmirik, bizdən adam olan deyil, bizdən əlinizi üzün, biz öz bataqlığımızda, tik-tokerlərimizlə, vaynerlərimizlə, bloggerlərimizlə, düşük-düşük konsertlərimizlə, bayağı “müğənnilər”lə, səviyyəsiz meyxanaçılarla xoşbəxtik.

Etiraf eləyin də bunu.

Bunu deyin, biz də işimizi bilək. Əlimizi üzək sizdən. Yormayaq özümüzü kitab üçün, mədəniyyət üçün. Gedək açaq biz də tik-toku, qışqıraq, bağıraq, söyüş söyək, dombalaq aşaq, meyxana deyək... Sizi xoşbəxt edək, sizə ayaq uyduraq.

Axı niyə yorursunuz bizi?

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın - Fəridə

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın - Fəridə

12:00 7 oktyabr 2024
Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

15:00 5 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
#
#
# # #