Son arzu - HEKAYƏ

Son arzu - HEKAYƏ
1 iyun 2011
# 15:53
Gecənin qaranlığı düşdükcə şəhərin neçə müddətdir mülayim keçən qışı öz sərt üzünü göstərməyə başlayırdı. Yalnız bu gün, Xocalıda başlayan qar əsl qışın gəlməsi xəbərini verirdi. Sanki hər şey burdakı insanlardan üz döndərmişdi. Əli, ünü bir yerə çatanlar şəhəri vaxtkən tərk etmişdilər. Heç kəsin söyləməyə belə cəsarəti çatmayan sözləri elə bil qışın sərt çovğunu insanların üzünə çırpırdı. Çovğundan betər olan bu sözlər qəlbləri, beyinləri elə keyitmışdi ki, qışın soyuğunu az qala hiss etmirdilər. Simsiz teleqraflartək evlərə soxulan qırıq-qırıq xəbərlərin qorxusunu körpələr də başa düşmüşdülər. Mənasını bilmədikləri sözləri böyüklər bir-birinə deyir, qadınlar “hiiy” deyərək içlərini çəkir, kişilər isə səsizcə siqaretlərini yandırırdılar.

Hansısa dəhşətli bir hadisənin baş verəcəyini hamı gözləyirdi amma yenə haradasa qəlblərinin bir küncündə bir ümid qırıntısı qalmışdı. Bu ümid qırıntısı isə qorxularının və həyacanlarının altında elə əzilmişdi ki, ona yenidən can vermək üçün möcüzə gərək idi. Müharibə insanların kəşf etdiyi elə bir nəhəng qüvvədir ki, o, insanların hansı təbəqədən və hansı ölkədən olmasına baxmayaraq, onları həyatlarından və qismətlərindən qopararaq öz cızdığı taleyə məhkum edir. Alınlarına basılmış müharibə taleyindən qurtulmaq üçün Xocalıda da hərə bir yanda can cəkişirdi.

Xocalının ucqarındakı Ramizin kasıb koması da bundan nəsibini almışdı. Taxta qapını ehmalca aralayıb içəri girən ailənin yeganə yeriyən başıpapaqlısı olan oğul, çovğunun onunla bərabər içəri soxulmasının qarşısını almaq üçün cəld qapını örtdü. İslanmış papağını və köhnə paltosunu dəhlizdə əlindən alan arvadına:

- Atam necədir?-deyə pıçıldadı.
- Qoyub getdiyin kimi,.- arvadı ümidsizcəsinə cavab verdi.

Oğul içəri otağa keçən kimi atasının çarpayısının yanında diz çökdü. Atasının əlini əlinə alaraq:

- Necəsən? - deyə səsindəki kədəri gizlətməyə çalışaraq soruşdu.
- Bir az yaxşıyam, - atası xırıltılı səslə cavab verdi. - Sən əsas Gülərlə maraqlan, - qonşu çarpayıya boylandı.

Fevral girən kimi evdə hər şey bərbad olmuşdu. Atasının qəfil iflic olması evdəkilərin başını yeni qatmışdı ki, Gülər - evin böyük uşağı - yıxılıb qıçını qırdı. Bir tərəfdən, şəhərin mühasirəsi, bir tərəfdən, naməlum vəziyyət , “biz nə edəcəyik” sualı Domokl qılıncı tək başlarının üzərindən asılmışdı.

- Bala, nə deyirlər? Camaat nə etmək fikrindədir? - Ramiz kişi balışından azca başını qaldıraraq soruşdu.
- Heç nə. Qaçan qaçıb. Deyirlər Əlifi, Tofiqi öldürüblər. Mühasirə daralır. Bəlkə də bir-iki gün qala-qalmaya, bizi Spitakda etdikləri kimi...
- Əliyar! - arvadı özündən asılı olmayaraq onun sözünü kəsdi. Ananın qucağında oturan on yaşlı Əli anasının yaxasını dartışdırdı:
- Ana atam nə deyir? Spatak haradı?
- Spitak, bala, Spitak - baba səhvi düzəltdi.
- Nə fərqi var. Cəhənnəm olsun hər şey! Qonşular məsləhətləşib bu gecə çıxmalıyıq
- Hə, gedin, Bakıdan bir mədəd ummağın yeri yoxdur..- Ramiz köksünü ötürərək dedi.
Qapının qəfil döyülməsi aralarındakı söhbəti kəsdi. Əlyar qapını açmağa getdi və içəri qonşuları Səfi ilə qayıtdı. Yerdə bardaşqurma oturdular. Səfi başının aşağı salaraq yerdəki palazın ilməklərini oynadırdı. Az sonra gözünü yerdən qaldırmayaraq:

- Ağırdır vallah, ağırdır. Az qala ürəyim partlayacaq. Vallah silah olsa, bilərdik neyləyək, əliyalın qalmışıq. Bədbəxt millətik də.... hanı? Hanı yiyəmiz?
- Bala, elə demə. Yəqin bunda da bir xeyir var.
- Ay baba, nə xeyir? Milləti gözgörəti qoyublar güllənin qabağına. Yaxşı, sən özün fevralın əvvəlinə qədər əlində silah bu camaatın arasında idin. Sən axı hər şeyi öz gözünlə görürdün.
- Daha gecdir. İndi müzakirə zamanı deyil, - azca dikələn Ramiz kişi ötkəmlə söylədi, - yığışın şəhərdən çıxın. Ölmək betər deyil, ondan betəri əsir düşməkdir.

Ramiz sözünü yenicə bitirmişdi ki, o biri otaqda açılan qapının şaqqıltısı hamısını diksindirdi. Əliyar cəld əlini divara söykənmiş avtomata atdı. Özünü içəri təpən adamın üst-başı zığ içində idi. Üstünə tuşlanmış avtomatı gördükdə:

- Ayə, neynirsən? Mənəm ey, Cəfərəm. Zibilini o yana elə! - deyərək üzünün zığını qoluna sildi
Cəfəri tanıyan kimi hamının beynindən ildırım sürəti tək bircə süal keçdi.Cəfər niyə səngəri qoyub gəlib yoxsa.... Bu “yoxsa” kəlməsini sanki onların üzlərindən oxuyan Cəfər:
- Tez eləyin! Onlar şəhərə girdilər. Telefon məntəqəsi dağıdılıb. Bakı ilə əlaqə tamamilə kəsildi. Tez eləyin! Çox az vaxtımız var.

Onun sözləri bitməmiş Səfi evlrinə tərəf qaçdı, Əliyarın arvadı isə sürətlə uşaqları geyindirməyə başladı. O, əlləri əsə-əsə paltarları seçir, uşaqların ağlamağına baxmayaraq, əyri-düz geyindirirdi. Əliyar heç nəyə fikir vermədən, atasının çarpayısının yanında yerə çökdü. Əli ilə onun yorğanın qaldırmaq istəyəndə, qoca sağ əli ilə yorğanı möhkəm özünə tərəf çəkdi.

- Olmaz! - onun gözləri oğlunun üzünə sərt şəkildə dikildi. - Sən Güləri aparacaqsan! Gəlin və əkizləri. Olmaz, mən qalıram!
- Səni erməni dığalarını içində qoyub gedə bilmərəm. Getsəm də, vicdan əzabından ölərəm.
- Yox, sən məni də aparsan, asta gedəcəksiniz. Onlar, yəqin ki, sizi izləyəcəklər. Uşaq olma! Balalarımı oda atma! Təsəvvür et ki, mən yoxam. Bir ay bundan qabaq ölmüşəm.
- Yox! - Əliyarın bu bağırtsına uşaqlar daha möhkəm ağlamağa başladılar. Qapıda Əliyarı gözləyən Cəfər içəri girərək, onları daha da tələsdirdi. Əliyar isə elektrik vurmuş adam kimi heç nəyə reaksiya vermirdi. Cəfər onu sirkələdi:
- Qardaş tez çıxmalıyıq. Atışma səslər yaxınlaşır. Uşaqları çıxarmalıyıq. Mən sizi meşəyə çıxarıb, yenidən geri qayıdacağam. Bizim uşaqlar da, Səfigil də sizi gözləyir.

Əliyar başını bulaya-bulaya adyala bürünmüş qızını qucağına aldı. “Allah məni seçim qarşısında qoydu: ya balam, ya atam. İkisi də yeriyə bilmir. İkisinin də mənə ehtiyacı var, amma mən kimi seçirəm?!” Əliyar bunları düşündükcə gözünün yaşı sel kimi yanaqlarından axırdı.

- Ata, mən sənin üçün qayıdacağam. Söz verirəm, ata, qayıdacağam.
- Bilirəm, bala, bilirəm qayidacaqsan. - Ramiz kişi gözünün yaşını uda-uda evi tələsik tərk edən qafiləyə baxdı. Elə bil onların gedişi ilə evin istiliyi də yoxa çıxdı. Ramiz bir anlığa tənhalıqdan ürəyinin ağzına gəldiyini hiss etdi. Özünü birtəhər ələ alaraq vəziyyəti götür –qoy etməyə başladı. Uzaqdan eşidilən atışma səsləri getdikcə səngiyirdi. Bu da axırı, deməli, atışma zəifləyirsə, döyüş bitir. Ah, kaş bir az uzun sürəydi. Onlar gələnə qədər Əliyargil bir az aralana biləydilər. Qoca azacıq tərpənərək sağ əlini döşəyin altina atdı. Həmişə ehtiyat olaraq özü ilə gəzdirdiyi ov bıçağını çıxardı. Dəstəyi qızılı rəngdə olan bıcağı əlində fırlayaraq qolunu hərəkət etdirməyə çalışdı. Bu bıçaqla nə qədər xatirələr var. Heç vaxt mənə xəyanət etməyib. “Etibarlı dost indi səndən son dəfə istifadə edəcəyəm”, - deyə Ramiz kişi bıçaqla danışmağa başladı. “İndi, bəlkə də bir saata onlar gələcəklər. Yəqin ki, bu çürümüş ayağım olmasaydı, onların başını daha çox qatardım”,- sol əlini qaldıraraq ayağına çırpdı. Hissiyyatsız. Heç nəyə reaksiya vermir. “Yəqin, donuz uşağı məni gülləyəndə də bu murdar ayaq hiss etməyəcək. Kaş elə o an öldürsünlər. Allah, sən mənə əsir düşməyi qismət etmə!.. Görəsən, uzaqlaşa bildilər?! Yox! Cəfər onları ələ keçməyə qoymaz. Meşəni, çay qırağını o yaxşı tanıyır. Əsgəran, Əsgəran yoluna çıxa bilsələr, daha qorxusu yoxdur. Nə yaxşı razılaşıb getdilər. Allah, elə qorxurdum, elə qorxurdum ki, Əliyar mənimlə razılaşmaya ... Allah, sənə şükürlər olsun. Hərçənd səninlə məni həyatda tanış edən olmadı, amma mən səni yenə tanıdım. Sən də mənə pis bəxt vermədin. Bu son arzumu da mənə qismət etsən...”

Ramiz yerində qurcalana-qurcalana qapı ilə arasındakı məsafəni gözəyarı ölçməyə başladı. İçəri girəndə, yəqin, bir anlığa qapının ağzında dayananı tapılacaq. Atam da məni kim yiyəsiz ölüb. Yəqin, tək ölüb ki, heç “qara kağız”ı da gəlmədi. 42-də getdi. Bilmədik faşist öldürüb, yoxsa rus, bilinmədi. Kişini elə bil məchulluq uddu.

Yaxınlıqda açılan atəş səsi fikirlərini darmadağın etdi. Atəş səslərinin ardınca ermənicə gedən danışığı eşidən qoca bıçağı əlinə aldı. “Bu ucqar evə gəlib çatıblarsa, deməli, şəhər tamamilə alınıb. Daha ümid yoxdur. İndi evləri tək-tək araşdırırlar. Yaxşı ki, lənətə gəlmiş iflic sol tərəfimi vurdu. Allaha şükür, Allaha şükür ki, ən azından bir bıçaq atacaq qədər qüvvəm var. Yəqin ki, var. Bunun olması, mənim son ümidimdir”. Qoca diqqəti yayınmasın deyə, daha fikirləşməkdən də vaz keçdi. Səslər getdikcə yaxınlaşırdı. Qapını bir həmlə ilə qırdılar. İçəri girməmiş, yoxlamaq üçün bir-iki dəfə atəş açdılar. Cavab gəlmədikdə, sərbəst şəkildə evə doluşdular. Dəhlizdən qonaq otağına gedən qapını ilk açan erməni yalnız “Ya Allah!” sözünü eşitdi. Boğazına sancılan bıçaq onu dəhlizin divarina mismarladı.
# 999 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #