“Övladım mövhumatçı olsaydı, utanardım”

“Övladım mövhumatçı olsaydı, utanardım”
6 sentyabr 2012
# 11:02
Kulis.az yazıçı Salman Rüşdinin həyatdan öyrəndiklərini təqdim edir.

Məndən həmin illər haqqında soruşanda deyirdim: “Çox çətin olub”. Bu zaman onlar söyləyirdilər: “Olsun, əvəzində indi çox məşhursunuz!” Sanki bu, yetərli kompensasiyadır. Tərəzinin bir gözündə həyatından oğurlanmış doqquz il, digərində “məşhurluq”. Əla!

Təsəvvürünüzə gətirin ki, şeytan qabağınıza çıxaraq deyir: “Siz yetmiş iki yaşından dörd ay on beş gün keçmiş, tamamilə unudulmuş şəraitdə öləcəksiniz. Amma əgər altmış iki yaşından dörd ay on beş gün keçmiş canınızı tapşırmağa razı olsanız, sizə dünya şöhrəti qazandıra bilərəm”.

Bəziləri bu sövdələşməylə razılaşardılar – yaşadığımız dəlisov dünya belədir.

Ev – içində özünü xoşbəxt hiss edə biləcəyin yerdir.

Valideynlərimin fikrincə, yaddaşıma ilk həkk olunan hadisələri xatırlaya bilməzdim və bunun məntiqi əsasları var. Müsəlman ailələrində yeni doğulmuşları ilk günlərdəcə sünnət edirlər. Elə buna görə də valideynlərim haqlıdırlar. Əgər körpə iki günlükdürsə, o, başına gələnləri necə xatırlaya bilər ki. Amma şəxsən mən bu olayın baş verdiyi otağı xatırlayıram. Məni sünnət edən adamın üzü belə yadımdadır.

Bəzən roman yazmaq bətndə uşaq daşımaqdan belə çətindir. Siz hansının daha əziyyətli olduğunu qadın yazıçıdan soruşun.

Hər gün bu məşğuliyyətə böyük qüvvə sərf edirəm. Yataqdan duran kimi kabinetə gedib yazmağa başlayıram. Hələ gecə köynəyindəyəm, dişlərimi belə təmizləməmişəm. Amma artıq yaza masasının arxasındayam. Yaradıcı enerjilə təchiz olunduğumu hiss edirəm və bunu havaya sovurmaq istəmirəm. Elə bu səbəbdən də hər şeyin qaydasında olduğunu hiss edənədək bir-iki saat işləyirəm. Bax, bundan sonra əl-üzümü yuyub geyinə bilərəm.

Bəzən günlər elə asan olur ki. Onlar sadəcə gəlirlər, vəssalam. Həmin vaxt daxilində hansı qüvvənin hərəkətə keçdiyini kim bilir ki?

Mən dalay-lamayla ünsiyyətdə olmuşam, amma yenə də taleyin qarşıma çıxardığı ən müdrik adamın babam olduğunu düşünürəm. Anamın atasını nəzərdə tuturam. Milliyyətcə hindli, peşəcə həkim olan babam Allaha dərin inamıyla məndən fərqlənirdi. O, Məkkəyə ziyarətə getmişdi və gündə beş dəfə namaz qılırdı. Hətta nəvələri belə zarafata salıb deyirdilər: duaya bu qədər vaxt sərf etmək olarmı? Lakin onun dindarlığı tanıdığım hər kəsdən tolerant olmasına maneçilik törətmirdi. Hətta uşaq belə babama deyə bilərdi: “Mən Allaha inanmıram”. O isə öz növbəsində cavab verərdi: “Bir dizlərimin üstünə otur görüm. Hə, indi hər şeyi başdan danış”. Sonra tam ciddiyyətlə mükaliməyə başlayar və qarşısındakını bu cür qeyri-adi fikrə görə zərrə qədər də olsun ittiham etməzdi. İndi keçmişə nəzər salanda - o, artıq iyirmi ildir ki, vəfat edib - babamın geniş və müdrik qəlb sahibi olduğunu düşünürəm. Sonuncu romanımı ona həsr etmişəm. Yeri gəlmişkən, nənəm – romanı həm də ona həsr etmişəm – sərt və qəddar qadın olub. Hamımız ondan qorxmuşuq.

Altmışıncı illərdə Hindistanda Con Kennet Gelbreyt səfir olanda, ağıllı adamlar hələ siyasətlə məşğul olmaq istəyirdilər.

Ömrüm boyu bir çox siyasətçi ilə rastlaşmışam, amma aralarında yalnız Marqaret Tetçer haqqında bu sözləri deyə bilərəm: “O, həqiqətən, parlaq şəxsiyyətdir”. Bu qadın qeyri-adi ağla sahibdir. Özü də ən yaxşısı onun tərəfində olmaqdır, yoxsa sizi əzib keçər.

Mən universiteti 1968-ci ildə bitirmişəm, “Gecənin uşaqları” isə on iki il sonra nəşr olunub. Arada qalan illərdə birtəhər çulumu sudan çıxarmışam. Qalan dörd-beş günü evdə oturub yaza bilmək üçün həftənin iki-üç gününü reklam agentliyində işləmişəm. Həmin vaxt nəfsimlə mübarizə aparmaq məcburiyyətində qalırdım, çünki reklamçılar daima məni ələ almağa çalışırdılar. Əgər yazıçı kimi uğur qazana bilmirsənsə, bu cür perspektiv adamı şirnikləndirə bilər. “Gic olma!” – içindəki səs çığır-bağır salır. İndi cavanlıqda qəhrəmanlıq etdiyimi düşünürəm: yəni gic olmağa üstünlük vermişəm. Heç nəyə baxmayaraq, məqsədimdən əl çəkməmişəm. Zənnimcə, bu, cəsarətli hərəkətdir: məqsədinə doğru addımlamaq və qalan şeylərə tüpürmək.

Son altmış-yetmiş ildə yazılmış əsərlərdən birini seçmək lazım gəlsəydi, yəqin ki, “Yüz ilin tənhalığı” üzərində dayanardım.

Boşanma məni heç nəyə öyrətməyib. Ən azından yenidən evlənməməyə.

Ən adi cavab: əgər uğurlu nikah istəyirsənsə, tərəf-müqabilinin azadlığını məhdudlaşdırmamalısan. Amma mənim nümunəmdə çox şey yumor hissilə bağlıdır. Padmayla birgə aşkar etdik ki, bizi eyni şeylər əyləndirir. Yeməkdə də zövqlərimiz üst-üstə düşür.

İslam radikalizminin hökm sürdüyü ölkələrə nəzər salın. Orada ən çox əzilən qadınlar olur. Müsəlmanlara öz mədəniyyətlərinin çətinlikləri yaxşı bəllidir – onlar bunu öz üzərlərində hiss edirlər. Və mən tez-tez bu qənaətə gəlirəm ki, əgər oralarda dəyişikliklər baş versə, səbəbkar məhz qadınlar olacaq.

Əgər övladım mövhumatçı olsaydı, ona görə utanc hissi keçirərdim. Bu, mənim pis valideyn olduğumu sübut edərdi.

Kembricdə mən ədəbiyyatı deyil, tarixi öyrənmişəm. Bundan sonra gəldiyim əsas nəticə aşağıdakı olub: “Bəs bu cür olsaydı?” sualı maraqlı deyil. Ən əsası “Nə var?” sualına cavab tapmaqdır. Hitler İkinci Dünya müharibəsini udsaydı, nə olardı sualını çözmək maraqlı deyil, axı onsuz da uduzub.

Maraqlı olan başqa şeydi: bu müharibəni niyə uduzub və məğlubiyyət hansı nəticələr doğurub? Yazıçı üçün bu, ən yaxşı başlanğıc nöqtəsidir. Soruşun: həqiqətdə bu necədir? Bu niyə belədir? İnanın ki, bu suallara cavab tapmaq elə də asan deyil, çünki müxtəlif insanların gözündə ən sadə olaylar belə müxtəlif cür görünür. O ki qaldı bizim dönəmə, biri üçün filankəs terrorçudur, digəri üçün qəhrəman.

Tibbin tərəqqisi nəticəsində ölümsüz dünya haqqında fikirləşdikcə, dəhşətə gəlirsən. Gör orda necə basbas olacaq.

Müdafiəyə ehtiyac duyduğum günlərdə “təhlükə” və “risk” sözlərinin sinonim olmadığı qənaətinə gəldim. Şəxsiyyətin məruz qala biləcəyi təhlükənin ümumi dərəcəsi yüksək, orta və ya aşağı ola bilər. Onu bu ya başqa cür qiymətləndirmək mümkündür. Yüksək dərəcə hansısa xüsusi tədbirlər görməyə məcbur edir, aşağı dərəcədə isə sizdən sadəcə ehtiyatlılıq tələb olunur. Risk isə hansısa ümumi təhlükə səviyyəsində müəyyən hərəkətlərlə bağlı olan təhlükə dərəcəsi adlandırıla bilər.

Məsələn, konkret bir adam üçün təhlükə səviyyəsi yüksək ola bilər, lakin həmin şəxs filmə baxmağı qərarlaşdırırsa, heç kəsə söyləmədən kinoteatra gəlirsə, işıq söndürüləndən sonra salona daxil olursa və yandırılmazdan az öncə oranı tərk edirsə, riski azaltmış olur. Amma kinoda da həmişə gözətçilər olub.

Artıq yeddi ildir ki, normal həyat sürürəm və indi bu kitabı (“Şeytan ayələri” - Esquire), nəhayət ki, adi bir roman kimi oxumağa və normal qiymətləndirməyə başlayıblar. Bu kitab kiminsə xoşuna gəlir, kiminsə ürəyini bulandırır. Amma bu roman artıq ciddi müzakirələrə səbəb olmur və qalmaqal yaratmır. Nəhayət ki, o adi kitaba çevrilib.

Bu hadisə məni çox şey öyrətdi. Mən insanların güclü nifrət edə bildiklərini öyrəndim. Amma başqa şeylərdən də hali oldum: onlar necə dost və həmrəy ola bilirlər. Siz məndən cəsarət barədə soruşdunuz. Məsələn, kitab mağazasında işləyən qadına zəng edib naməlum səslə söyləyirlər: “Uşaqlarının hansı yolla məktəbə getdiklərini bilirik”, amma o, yenə də kitabı satmaqda davam edir. Mağazalara partlayıcı bombalar atırdılar, amma kitab satışı dayanmırdı. Mənim noveçli naşirimə arxadan üç güllə atmışdılar və o, möhkəm orqanizmi hesabına sağ qalmışdı: o, nə vaxtsa xizək sürmə üzrə Norveç yığmasının üzvüydü. Zəif olsaydı, həyatla vidalaşa bilərdi. Yaraları sağalmağa macal tapmamış kitabı yenidən nəşr etdirdi. Bax, bu, cəsarətdir!

Cavanlığınızın musiqisi ömür boyu sizinlə qalan musiqidir. Əgər keçmişə, hansısa rok-konsertə dönmək olsaydı? Yəqin yaşıma görə Vudstoksk festivalının iştirakçısı ola bilərdim, amma ora getməmişəm. Böyük məmnuniyyətlə ora baş çəkərdim – hərçənd deyirlər oralar çirkli olub. Digər tərəfdənsə... bəlkə ən yaxşısı sadəcə film seyr etməkdir.

Bəzən mən qonaqlığa gəlirəm və hamı bir ağızdan söyləyir: “Bir ona baxın! Sən demə, o, cəmiyyət arasına çıxmağı xoşlayırmış!” Sanki istirahətdə pis nəsə var. Sanki ara-sıra əylənən yazıçılar şübhə doğurmalıdırlar! Yəqin Skott Fitscerald hamıdan çox əziyyət çəkib. Amma bununla yanaşı, indiyədək yazılmış ən yaxşı əsər mövzusunda sorğu keçiriləndə “Dahi Getsbi” Amerika kitabları siyahısında birinci yeri tutmuşdu. Bu da yüngüllükdə günahlandırdığınız adam, bu da möhtəşəm roman yazan pleyboy. Bəs buna necə müvəffəq oldu? O bunu axşamlar qonaqlıqlarda bəs deyincə içdiyinə görə deyil, dahi olduğuna görə bacarmışdı. Bir də o, öz dahiliyindən necə istifadə etməyin sirlərini bilirdi, bu isə böyük əmək tələb edir. Yazıçı tanışlarım gecə-gündüz tər tökür. Ayda-ildə bir dəfə komalarından çıxıb projektor işığında gözlərini qıyanda onları həddən ziyadə ictimailikdə günahlandırırlar.

Arxada artıq bir neçə kitab qoyanda, istər-istəməz kədərli bir həqiqətlə razılaşmalı olursan: yer üzündə sənin yazdıqlarından xoşlanmayan insanlar var. Sənin yazdıqların onların zövqlərinə uyğun deyil. Kitabların qəribə bir xüsusiyyəti var: əgər oxuduğunuz əsər xoşunuza gəlmirsə, ona nifrət etməyə başlayırsınız. Axı siz kitabla ünsiyyətə girirsiniz. Mütaliə - daxilinizdə baş qaldıran mərhəm bir duyğudur.

Elə bu səbəbdən də əsər xoşunuza gəlməyəndə, sanki kiminsə qəlbinizə girdiyini hiss edirsiniz. Və onda oxucunun reaksiyası sərt olur: rədd ol qəlbimdən! Bunu kino seyri ilə müqayisə etmək olmaz. Kinonu məsafədə saxlamaq olur. Əsərsə dərinliyə işləyir, bu isə bəzən qıcıqlandırır. Zənnimcə, bu səbəbdən bəzən kitaba yazılan rəylər həddən ziyadə zəhərli olur, hərçənd onu yazan adamlar adi həyatda heç də bu cür deyil.

Mən Coan Rolinq qədər tiraja sahiblənsəydim, xoşbəxt olardım. Bəli, bu, mənim həyatımı dəyişərdi. Özümə təyyarə alardım – onda hava limanlarının tünlüyündən canım qurtarardı.

Hər şeydən çox uzun müddət yaşaya biləcək kitablar yazmaq istərdim. “Gecənin uşaqları”nın iyirmi beş yaşı var və mən bu əsərin hələ də yaşamasına görə qürrələnirəm. O hələ də yeni nəsil üçün aktualdır. Oxucular onu tapır, seçir, o könüllərə yol tapır. Nəsillər arasındakı maneəni qaldırmaq çətin işdir. Əgər dör-beş nəsil dəyişəndən sonra da əsər ölmürsə, deməli, vaxtın sınağından keçə bilib. Təəssüf ki, özüm bunun şahidi ola bilməyəcəm. Amma ən azından ilk maneənin aşılması gözlərim önündə baş verib. Mənim üçün zamanın bu sınağı müəyyənləşdirici rol oynayır. Hətta yüz il sonra insanlar üçün əhəmiyyətli və qiymətli olanı necə yazmalı? Öz işimlə bu suala cavab tapmağa çalışıram.

Amma mən nə bilirəm ki? Peyğəmbərlik mənim sənətim deyil. Peyğəmbərlər həyatıma yetərincə zəhər qatıblar, onların arasında işim yoxdur. Elə buna görə də əlli il sonra ilə bağlı fala baxmaqdan uzağam. Hazırda baş verənləri çözmək yetərincə müşküldür.

Səhər yeməyi süfrəsində keçmişdən kiminləsə görüşmək mümkün olsaydı? Mən Şekspiri seçərdim. Hərçənd uzun müddət məni tamam başqa sual düşündürüb: görəsən, Şekspir yataqda yaxşı olubmu? Nə qədər dəhşətli olsa da, qorxuram, cavab müsbətdir.

Çevirdi: Kifayət Haqverdiyeva
Mənbə: Esquire jurnalı
# 1556 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #