Son “Leyli və Məcnun”u yazan adam indi vağzalı süpürür

Son “Leyli və Məcnun”u  yazan adam indi vağzalı süpürür
20 sentyabr 2011
# 15:15
Bakının Dəmiryol vağzalında arıq, bəstəboy, çiyinləri batıq bir kişi araba sürməklə ailəsini dolandırır, çox vaxt da sürdüyü arabanın üstündə yatır. Perronun sol tərəfində balaca bir otağı da var, şeirlərini, qəzəllərini həmin otağa çəkilib yazır.

Bu adam şair Dədəkişi Solğundur.

O, Nizamidən üzübəri “Leyli və Məcnun” poeması yazan şairlərdən sonuncusudur.

Məni onunla Eyvaz Kamranoğlu tanış edib. Dəmiryol vağzalındakı həmin otağında Dədəkişi mənə təzəcə yazdığı “Leyli və Məcnun”dan parçalar oxudu və mən heyrətimdən yerimdəcə donub qaldım- bu ki, əsl möcüzədir! İndiki zamanda bu cür sənətkarlıqla məsnəvi yazmaq zor bir işdir. Bu arabaçı klassikanı çox gözəl bilir, əruzun bütün xırdalıqlarına bələddir, özünəqədərki yoldan da xəbərdardır.

Uzun müddət bu adam fikrimdən çıxmadı. Axı necə ola bilər ki, bu boyda istedad sahibi səfalət içində yaşasın?!

Sonralar Şahsuvarın çayxanasında tez-tez rastlaşırdıq, söhbətlərimiz olurdu. Görürdüm ki, bu insan uşaq kimi sadəlövh, ürəyi təmiz, daxilən zəngin bir insandır. Bir dəfə şikayətləndi ki, nə bu stansiya rəisində, nə də vağzal rəisində heç insaf deyilən şey yoxdur. Dedim ki, nə olub, ay şair, niyə belə coşmusan?

Kişinin dərdi açıldı. Demə, ağsaqqal kişinin əlinə süpürgə verib bütün vağzalı süpürtdürürmüşlər. Bir neçə şeir kitabının, kəskin satirik şeirlərin, həcvlərin müəllifi Dədəkişi Solğuna vağzal süpürtdürürlər!

Təsəvvür edirsinizmi?! Yadıma Balaxanıda sabun bişirib satan Sabir, bir əliylə üzünü tutub o biri əliylə şeirlərini satan Hadi, onların xələfləri ömrünü səfalət içində başa vuran Kərim Nalə, metroda kitablarını satan Bəşir Kəsərli və bu acınacaqlı taleyə şərik olan neçə-neçə qələm adamları düşdü. Məgər onlar bu millətin övladları deyilmi? Hardandı məmurlarda söz adamlarına qarşı bu qədər əzazillik, amansızlıq?

Onlar bilirlər ki, heç birisi tarixdə qalmayacaq, hamısının adı silinib gedəcək. Amma Dədəkişi Solğun qalacaq, fiziki ömrü tükənəndən sonra da mənəvi ömrünü yaşayacaq.

Dədəkişinin satirası ülgüc kimidir, öz hədəfini amansızcasına kəsib-doğrayır. Bəlkə də elə buna görə onu vağzalı süpürtməklə cəzalandırırlar.

Adamlar onu görmədikləri, görməməzliyə vurduqları qədər o da adamları görmür.

Dədəkişi Solğun ümidsizliyin son həddi deyil. Heç olmasa ona görə ki, belə də yaşamaq olar və heç kəsin özünə arzulamadığı bu aqibətin özündə də bir ümid işartısı var. Dədəkişini onun sözü yaşadacaq, bu söz insana var-dövlətdən də, mal-mülkdən də etibarlı çıxır. Dədəkişi bunu yaxşı bilir və ona görə də sakitcə öz işini görür. Ona vağzal süpürtdürənlər də nə vaxtsa haranısa süpürəcəklər.

Mən bu yazıda Dədəkişinin Sabiranə satiralarından, oynaq qəzəllərindən misal çəkmirəm, onun faciəli taleyindən danışmağa üstünlük verirəm.

Vağzalın ərazisində bir şair yaşayır və işləyir. O, süpürgəçi deyil, arabaçıdır. Amma ərazini də süpürür.

Amma Dədəkişinin adamlardan xali öz ərazisi var ki, o ərazidə onu heç nəylə əymək mümkün deyil.

Dədəkişi öz ərazisində daha möhtəşəmdir.

Sözün dərgahında boynundan dəfnə çələngi asılmış şair, bizi bağışlama!
# 2185 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #