Mavi itin gözləri

Mavi itin gözləri
19 sentyabr 2011
# 11:01
Dik mənə baxırdı, mənsə bu qızı əvvəllər harda gördüyümü heç cür anlaya bilmirdim. Onun doluxmuş, həyəcanlı baxışı nöyüt lampasının tən olmayan işığında parladı və mən xatırladım: hər gecə bu otaq da, bu lampa da yuxuma girir və hər gecə mən burada baxışı həyəcanla dolu qızla qarşılaşıram. Hə, hə, röyaların qeyri-müəyyən hüdudunu, gerçək və yuxunun hüdudlarını adlayaraq mən hər dəfə məhz onu yuxuda görürəm.

Mən yerini unutduğum siqareti tapdım və stulun belinə yayxındım, yırğalanaraq siqaret çəkməyə başladım, ağzı qamaşdıran, turşməz tüstü halqalarla havaya qalxdı.

Biz susurduq. Mən stulda yırğalanaraq, o ağ nazik barmaqlarını şüşə lampası üzərində qızdıraraq. Kölgələr onun yanaqlarında titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm və mən düşünmədən tələffüz etdim:

– Mavi itin gözləri.

Və o kədərli halda hay verdi:

– Hə. Artıq biz bunu heç zaman unutmarıq.

O, lampanın parlaq çevrəsindən çıxdı və təkrarladı:

– Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışam.

O çevrilib bəzək stoluna doğru getdi. Dairəvi aynda onun siması peyda oldu – lampanın titrək işığında həll olmağa hazır sifətin əksi, onun optik obrazı, oxşarı. Soyumuş kül rəngli gözlər kədərlə mənə baxdı və baxışlar aşağı endi. O, sədəfi ənlik qutusunu açdı və ənlik yastığı buruna və alına toxundu.

– Bu otağın başqa kiminsə yuxusuna girməsindən və onun buradakı hər şeyi bir-birinə qarışdırmasından elə qorxuram ki, – dedi.

O, ənlik qabının qıfılını şaqqıldatdı, yerindən qalxdı və lampaya sarı çöndü.

– Sənə heç soyuq olmur? – soruşdu.

– Bəzən olur... – dedim.

O əllərini lampa üzərində açdı və barmaqlarının kölgəsi üzünə düşdü.

– Mən, yəqin ki, soyuqlayacam, – deyə o şikayətləndi. – Sən buz şəhərdə yaşayırsan.

Nöyüt işıltısı onun dərisini mis-qırmızı rəngə boyayıb cilalandırırdı.

– Sənin bürünc dərin var, – dedim. – Bəzən mənə elə gəlir ki, gerçək həyatda sən hansısa muzeyin küncündə kiçik bir bürünc heykəl olmalısan.

O:

– Yox, – dedi, – lakin hərdən mənim özümə də elə gəlir ki, mən metaldanam – sol böyrüm üstündə yatanda və ürəyim bərkdən döyündükdə.

– Mən həmişə sənin qəlbinin necə döyündüyünü eşitmək istəmişəm.

– Əgər biz gerçəkdə görüşsək, qulağını sinəmə qoyub onun döyüntüsünü eşidə bilərsdən.

– Əgər biz gerçəkdə görüşsək...

O, əllərini şüşə qapağın üstünə qoydu və dedi:

– Mavi itin gözləri. Mən hər yerdə bu sözləri təkrarlayıram.

Mavi itin gözləri. Bu ifadənin köməyi ilə o məni gerçək həyatda axtarırdı, bu sözlər bir-birimizi gerçəkdə tanımağın parolu idi. O, küçələri dolaşır və sanki bilmədən təkrarlayırdı: “mavi itin gözləri”. Və restoranlarda sifariş verərək o, gənc ofisiantların qulağına pıçıldayırdı: “mavi itin gözləri”. Və tərləmiş şüşələrdə, otel və vağzal pəncərələrində barmağı ilə yazırdı: “mavi itin gözləri”. Ətrafdakı adamlara yalnız heyrətlə çiyinlərini çəkmək qalırdı. Ofisiantlar nəzakətli laqeydliklə təzim edirdilər.

Bir dəfə aptekdə yuxulardan ona tanış olan qoxu hiss etdi. Və o, əczaçıya dedi:

– Yuxuda gördüyüm bir cavan var. O həmişə eyni ifadəni təkrarlayır: “mavi itin gözləri”. Bəlkə, siz onu tanıyırsınız?

Əczaçı lağa qoymadan gülərək dükanın o biri küncünə keçdi. O isə aptekin yeni kafel döşəməsinə baxırdı və tanış qoxu onu elə incidirdi ki, əzaba dözməyərək o diz üstə çökdü, ağ plitələrdə dodaq boyası ilə yazdı: “mavi itin gözləri”. Əczaçı ona sarı cumdu:

– Sinyorita, döşəməmizi korladınız. Əskini götürüb dərhal yazını silin!

Və o bütün axşamı diz üstə süründü, hərfləri sildi və göz yaşları içində təkrarladı: “Mavi itin gözləri. Mavi itin gözləri”. Dəliyə tamaşa etmək üçün qapıda toplaşmış avaralar uğunub getmişdilər.

O, toxtadı və mən stulda oturaraq yellənməkdə davam edirdim.

– Hər səhər, – dedim, – mən sənin üçün tapmalı olacağım ifadəni xatırlamağa çalışıram. Yuxuda mənə elə gəlir ki, mən onu yaxşı əzbərləmişəm, amma oyandıqda bircə kəlmə belə xatırlamıram.

– Axı sən özün onu fikirləşib tapmısan!

– Hə. Bu sözlər ona görə ağlıma gəlib ki, sənin kül rəngli gözlərin var. Lakin gündüz sənin heç sifətini xatırlaya bilmirəm.

O, ümidsizliklə barmaqlarını sıxdı:

– Ah, əgər biz heç olmazsa, şəhərimin adını bilsəydik!

Onun dodaqlarının kənarında acı büzmələr göründü.

– Mən sənə toxunmaq istəyirəm, - dedim. O, gözlərini qaldırdı, bəbəklərdə alov dilləri oynadı.

– Sən heç vaxt bunu dedəmisən, - deyə o vurğuladı.

– İndisə deyirəm.

O, baxışlarını endirdi və məndən siqaret istədi.

– Axı niyə, – deyə təkrarladı, - mən heç cür öz şəhərimin adını xatırlaya bilmirəm?

– Mən isə ən əziz sözlərimizi, - dedim.

O kədərlə gülümsədi:

– Sənin kimi bu otaq mənim də yuxuma girir.

Yerimdən qalxıb lampaya doğru gedim, o isə qorxmuş halda geri çəkildi, ehtiyatlanırdı ki, birdən aramızdakı görünməz səddi keçərəm. Ona uzatdığım siqareti götürərək lampanın alovuna sarı əyildi.

– Axı hansısa şəhərdə bütün divarlara “mavi itin gözləri” sözləri yazılıb, – dedim. –
Əgər mən bu sözləri xatırlasam, səhər səni tapmaq üçün bütün dünyanı dolaşmağa çıxacam.

Onun sifəti qırmızımtıl işıqla parladı, dərin bir qullab aldı və siqareti incə barmaqları arasında fırladaraq dedi:

– Tanrıya şükür. Deyəsən, mən qızınmağa başlayıram – və sanki yazan qələmi təqib edərək sözləri uzada-uzada dedi: – Mən... qızınmağa... – o, barmaqlarını oynadırdı, sanki əlində gözə görünməz kağız parçası tutmuşdu, mən orada yazılmış sözləri oxuduqca o, kağızı lülə kimi bururdu – ...başlayıram... – kağız tamam buruldu və döşəməyə düşdü – büzüşmüş, cılızlaşmış, kül tozuna dönmüş...

– İndi yaxşıdı, – dedim. – Sən soyuqdan donduqda mən qorxuram.

Artıq neçə ildir ki, onunla beləcə görüşürük. Hərdən yuxu labirintində bir-birimizi tapdığımız an, kimsə orada, röyadan kənarda qaşığı əlindən yerə salır və biz yuxudan ayılırıq. Tədricən kədərli həqiqətlə barışmışıq – dostluğumuz çox bəsit şeylərdən asılılıqdadır. Sübh tezdən hansısa qaşıq qısa görüşümüzə son qoya bilər.

O, lampanın arxasında durub və mənə baxır. İlk gecədə olduğu kimi; həmin gecə mən yuxunun ortasında lampa və ayna olan qəribə bir otaqda peyda oldum və qarşımda kül rəngli gözləri olan bir qız gördüm.

Soruşdum:

– Kimsimiz?

O da dedi:

– Xatırlamıram...

– Deyəsən, biz əvvəl də görüşmüşük?

– Ola bilər. Siz elə bu otaqda yuxuma girə bilərdiniz.

– Doğrudur, – dedim. – Sizi yuxuda görmüşəm.

– Necə də qəribədir, - o gülümsədi. – Deməli, sizinlə yuxuda görüşürük?

O, diqqətini siqaretin odunda cəmləyərək dərin bir qullab aldı. Və mənə yenidən elə gəldi ki, o misdəndir, lakin soyuq və möhkəm deyil, isti və yumşaq misdən.

– Sənə toxunmaq istəyirəm, – deyə təkrarladım.

– Hər şey məhv edərsən, – deyə o qorxdu. – Toxunuş bizi yuxudan oyada bilər və biz bir daha görüşə bilmərik.

– Çətin ki, – dedim, – yastığa baş qoyub biz yenidən görüşəcəyik.

Mən əlimi uzatdım, lakin o tərpənmədi.

– Hər şeyi məhv edəcəksən... – deyə o pıçıldadı. – Əgər cızığı keçsən və lampanın arxasında dayansan, biz dünyanın müxtəlif yerlərinə atılmış halda oyanacağıq.

– Heç də yox, – dedim.

O, yenidən kipriklərini endirdi:

– Bu görüşlər sonuncu şansımızdır. Axı səhər sən heç nə xatırlamırsan.

Və mən israr etmədim. O isə əlini lampanın üzərinə tutdu və şikayətləndi:

– Görüşlərimizdən sonra bir dəfə də olsun yuxuya gedə bilməmişəm. Gecəyarısı oyanıram və daha yata bilmirəm – balış üzümü yandırır və mən hey deyirəm: “mavi itin gözləri, mavi itin gözləri”.

- Tezliklə gün çıxacaq, – deyə yadına saldım. – sonuncu dəfə saat ikidə oyanmışdım və o saatdan xeyli vaxt keçib.

Mən qapıya yaxınlaşıb dəstəkdən yapışdım.

– Ehtiyatlı ol, – deyə o məni xəbərdar etdi, – qapının arxasında ağır yuxular yaşayır.

– Hardan bilirsən?

– Bu yaxınlarda ora getmişdim və güclə geri qayıtdım. Yuxudan oyanarkən isə ürəyim üstə yatdığımı gördüm.

Lakin mən qapını açdım. Xəfif külək qapı arxasından bərəkətli torpağın və şumlanmış zəminin qoxusunu otağa doldurdu. Mən başımı ona tərəf çevirdim və dedim:

– Burda dəhliz yoxdur. Mən zəmi qoxusu hiss edirəm.

– Orda, qapı arxasında, – dedi, – yuxuda zəmi görən bir qadın yatır. O həmişə kənddə yaşamağı arzulayırdı, lakin şəhərdən heç cür çıxa bilmədi.

Qapı arxasında hava işıqlanmışdı və insanlar artıq yuxudan oyanmaqdaydı.

– Yəqin, nahar süfrəsində məni gözləyirlər, – dedim.

Zəmi tərəfdən əsən külək daha da xəfiflədi, sonra tamam yatdı. Onun yerinə indicə yataqda böyrünü dəyişmiş yuxulu adamın tən tənəffüsü eşidilməyə başladı.

Külək yatdı, onunla bərabər, qoxular da öldü.

Mən:

– Sabah biz bir-birimizi mütləq tanıyacağıq, – dedim. – Mən divarlarda “mavi itin gözləri” yazan qadını axtaracağam.

O, kədərli halda gülümsədi və əllərini lampanın soyuq qapağına qoydu.

– Sən gündüzlər heç nə xatırlamırsan.

Onun kədərli kölgəsi şəfəqöncəsi işıqda artıq əriməyə başlamışdı.

O:

– Sən heyrətamiz insansan, – dedi. – Heç zaman yuxularını xatırlamırsan.

Ruscadan çevirdi: Əziz Rzazadə
# 1235 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #