Rus qadının yaratdığı “hürufi” cəmiyyəti - ARAŞDIRMA

Rus qadının yaratdığı “hürufi” cəmiyyəti - ARAŞDIRMA
29 dekabr 2014
# 12:41

Qalmaqallı yazıçı qadın və onun fırıldaqları…

...1884-cü ildə növbəti qalmaqalların birində Teosofiya Cəmiyyətinin mənzil qərargahında çalışan hindistanlı tərəfdarlar Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın fırıldaqlarını – hərəkət edən divar, tavan və müqəvva "fokuslarının" mexanizmini ifşa edirlər. Əslində Teosofiya Cəmiyyəti və onun yaradıcısı yazıçı-filosof Yelena Petrovna Blavatskaya ətrafında qalmaqallar bitib-tükənmək bilmirdi. Ən məşhur qalmaqallardan biri də onun hindistanlı cütlük tərəfindən ifşa olunmasından bir il öncə baş vermişdi.

1883-cü ildə amerikalı medium Henri Kiddl üzə çıxarır ki, Blavatskayanın guya müəllim Kut Humidən aldığı və A.P.Sinnetin “Okkultik dünya” kitabında çap edilən mənəvi məktublar, məhz Kiddlin öz çıxışının sözbəsöz təkrarıdır. 1883-cü ilin sonları Teosofiya Cəmiyyətinin London lojasında, lojanın prezidenti Anna Kinqsford və həmin lojanın üzvü yazıçı A.P.Sinnet arasında, onun “Ezoterik buddizm” adlı kitabıyla bağlı qalmaqallı təhqiqat işi aparıldı. Təhqiqat Teosofiya Cəmiyyətinin əsas problemlərindən sayılan “aydın doqmatik təməllərinin olmaması” fikrini üzə çıxardan ciddi konfliktə çevrildi. Bunun nəticəsində Anna Kinqsford Teosofiya Cəmiyyətindən ayrıldı və özünün hermetik cəmiyyətini yaratdı.

Eyni zamanda hindistanlı cütlüyün yaratdığı qalmaqal da nəticəsiz qalmır. Blavatskaya ifşa olunduğu üçün, hindistanlı cütlüyü Teosofiya Cəmiyyətindən qovur.

Haqlı olaraq oxucuda sual yaranır; teosofiya nədir, Yelena Blavatskaya kimdir? Tələsməyin, sizlərə bu barədə məlumat verməyə çalışacağam…

Rus generalın 17 yaşlı xanımı, ezotorika həvəskarı Yelena…

Tədqiqatçıların fikrincə "teosofiya" məfhumu hələ II əsrdə, məşhur filosof Ammonim Sakkas tərəfindən irəli sürülüb. Bütün dinləri vahid universal prinsiplər və əbədi həqiqətlərlə əsaslandıran ümumi əxlaq sistemi altında birləşdirməyə çalışan filosof qurduğu fəlsəfi sistemi belə adlandırmışdı. Lakin teosofiyanın tarixi köklərinin Uzaq Şərqə və xüsusilə də Upanişad, Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxdığını deyənlər də vardır. XIX əsrin sonlarında bu dini-mistik təlimə zadəgan rus qadını, yazıçı-filosof Yelena Petrovna Blavatskaya əlavələr edərək onu nisbətən fərqli formaya salıb.

Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlib. Gənclik illərində mistik təlimlərlə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra ondan ayrılmışdır. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət edir. Səyahətlər zamanı ezoterik dini məktəblərin təlimlərinə yiyələnmiş və onlar haqqında ətraflı məlumat toplamışdır. Ağır xasiyyətinə və itələyici xarakterinə baxmayaraq 1875-ci ilin 13 sentyabrında özünün iki pərəstişkarı – polkovnik Henri Olkottun və Uilyam Cacın köməkliyilə "Həqiqətdən üstün din yoxdur" şüarı altında Teosofiya Cəmiyyətini yaradır.

“Hər şey Tanrıdır”

Teosofiya təliminin əsasında brahmanizm, hinduizm və buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və qnostik elementlərin təsiri müşahidə edilir. Onun tərəfdarları dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənalarında oxşarlıq axtarmaq mövqeyindən çıxış edərək, müxtəlif inancları birləşdirib ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışmışdılar. Ümumiyyətlə, teosofiya gizli universal doktrina ideyasına əsaslanır. Bu doktrinanın əsası ondan ibarətdir ki, təməl həqiqətlər, dəyərlər kainatda universaldır və bütün dinlər bu universal idrakın müxtəlif təzahürləridir. Teosoflar səmavi dinlərdə olduğu kimi Tanrının varlığına inanmırlar. Panteistlər kimi var olan hər şeyin Tanrı olduğunu düşünürlər. Hürufilik və bəzi sufi təriqətlərində olduğu kimi teosofiyada mövcud olan bütün varlıq birdir. Teosoflar inanırlar ki, bəşəriyyət təkamülünü ən ibtidai məxluqlardan başlamışdır.

İlk vaxtlar cəmiyyətin fəaliyyəti Avropa və Amerikanın bir çox ölkələrində sürətlə yayılmışdı. Onun ətrafında astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda tərəfdar toplaşmışdı. Təbliğatı genişləndirmək üçün Blavatskaya və Olkott 1879-cu ildə Hindistana gedərək Adyar şəhərində cəmiyyətin mərkəzi qərargahını yaradır. Seylon adasında üsyan qaldıran buddistləri müdafiə edən Blavatskaya müstəmləkəçi dairələrlə əlaqələrini çətinləşdirsə də Seylondakı yerli buddist icmaların dəstəyini qazanır. Amma çox keçmir ki, təşkilat ətrafında qalmaqallar başlayır, Blavatskaya casusluq, saxtakarlıq və şarlatanlıqda ittiham olunur.

Krişnamurtinin şöhrəti və parçalanmalar…

1891-ci ilin may ayında Blavatskayanın vəfatından sonra Teosofiya Cəmiyyətinə rəhbərlik uğrunda Olkott və keçmiş köməkçisi U. Cac arasında mübarizə başlayır. Cac Teosofiya Cəmiyyətinin Amerika filialını ayıraraq onu "Amerika Teosofiya Cəmiyyəti" adlı müstəqil təşkilata çevirir. Teosofiya Cəmiyyətinin Avropadakı filialında isə qalmaqallar davam edirdi. Bir müddət sonra H. Olkott səhhətinin pisləşdiyini hiss edərək öz varisi kimi cəmiyyətin prezidenti vəzifəsinə Anna Bezantı təyin etmişdi. Anna Bezant prezident olduqdan sonra Teosofiya Cəmiyyətini dünyanın ən görkəmli dini-sosial cərəyanına çevirəcəyinə söz versə də təşkilat tədricən elmi-fəlsəfi mahiyyətini itirir. 1911-ci ildə təşkilata Krişnamurti rəhbər seçilir. 1920-ci ildə Krişnamurtinin nüfuzu sayəsində Teosofiya Cəmiyyəti üzvlərinin sayı 36 minə çatmışdı. SSRİ dağıldıqdan sonra Rus Teosofiya Cəmiyyəti qızğın fəaliyyətə başlayır. Bu məqsədlə mühazirələr, seminarlar, teosofiya qiraəti və hətta poeziya gecələri, eyni zamanda rəsm sərgiləri keçirilməyə başlayır. 1992-ci ildə cəmiyyətin bazasında teosofiya ilə bağlı əsərlər çap edən “Sfera” nəşriyyatı yaradılır. 1994-cü ildə isə təşkilatda parçalanma baş verdi və bu öz növbəsində birliyi daha da zəiflətdi. Bu şərait, daha doğrusu, maliyyə problemləri bir sıra dəyişikliyə, xüsusilə də 1997-ci ildə teosofçu və rerixçi qrupların rəsmi birləşməsinə gətirib çıxartdı. Rusiyada və dünyada 2000-ci ildən isə teosofiya ilə bağlı rəsmi internet saytları, həmçinin kitab və jurnallar çap edən nəşriyyatlar fəaliyyət göstərir. Tarixdə teosofların ən böyük düşməni nasistlər olmuşdur. Belə ki, nasistlər Teosofiya Cəmiyyətinin Almaniyada və işğal etdikləri digər Avropa ölkələrindəki filiallarını məhv edir, bu cəmiyyətin üzvlərini təqib edirdilər.

Cəlil Cavanşir

# 1242 dəfə oxunub

Müəllifin son yazıları

# # #