Bulvar yazıçıları: Rövşən Abdullaoğlu, Elxan Elatlı, Varis, Qaraqan...

Bulvar yazıçıları: Rövşən Abdullaoğlu, Elxan Elatlı, Varis, Qaraqan...
3 iyun 2020
# 12:07

Kulis.az yazıçı Ayxan Ayvazın “Rövşən Abdullaoğlu və digərləri” yazısını təqdim edir.

Əslində, bu yazıçıların hər birindən ayrı-ayrı yazmaq olar. Sadəcə son vaxtlar daha çox ortada olan Rövşən Abdullaoğlu olduğu üçün ondan yazmaq qərarına gəldim. Amma siz adları dəyişib də oxuya bilərsiniz. Yəni a qızım sənə deyirəm, a gəlinim sən eşit.

Rövşən Abdullaoğlu psixoloq, teoloq, ilahiyyatçı, kiks-boks ustası, motivator, təlimçi, filosof və ən nəhayətində yazıçıdır.

Bəri başdan deyim, sonra heç kim məni səhv anlamasın: Rövşən bəylə heç bir problemim yoxdur, onun bostanına daş atmaq fikrindən də uzağam. Bir neçə dəfə ünsiyyətimiz olub, hətta ondan müsahibə də almışam, o söhbətlərdə onun insan kimi sayğılı və mədəni biri olduğunu görmüşəm.

Dünyanın bir çox yerlərində olub, hələ də səyahət edir. Yazıçı olmaq üçün dünyanı gəzir, çox əlləşir, əziyyət çəkir. Buna da sözüm yox. Bəlkə, nə vaxtsa yaxşı bir səyyah-yazar da olacaq. Niyə də olmasın? Maşallah, adam nəyə əlini uzadır, onu bacarır.

Bəlkə həqiqətən yaxşı ilahiyyatçı, psixoloq, motivatordur. Çünki onun videolarına baxmışam, söhbətlərini dinləmişəm. Sadə və maraqlı yanaşması var. Adamları cəlb edə bilir. Ola bilsin ki, məşğul olduğu bu sahələrə yaxşı bələddir, nitqi və çatdırma qabiliyyəti çox güclüdür. Şəxsən mən bu barədə bir az axsayıram. Kamera, auditoriya qabağında özümü itirirəm, dilim topuq vurur. Rövşən bəy isə əksinə, din, fəlsəfə, psixologiya mövzusunda heç çaşmadan bir saat rahatlıqla danışa bilir.

Bu öz yerində.

Mən Rövşən Abdullaoğlunun yazıçılığına fokuslanmaq istəyirəm. Bəzi dostlar bunu da yanlış anlayır, ya da mən yaxşı izah edə bilmirəm. Görünür, anlaşılmazlıq var. Bəzən kimisə tənqid edəndə üstünə hücum edirlər. Deyirlər, təhqir edirsən-filan. Halbuki, təhqir ayrıdır, tənqid ayrı. Ömrümdə kimisə təhqir etməmişəm. Hətta məni təhqir edənə də mədəni cavab vermişəm. Bunları deyirəm ki, bu yazının məqsədinin qəsdən kimisə vurmaq olduğunu düşünməyəsiniz.

O gün profilimdə R.Abdullaoğlunun bir əsərindən parça verdim və soruşdum ki, bu necə mətndir? Dedim, bəlkə, mən düzgün bilmirəm. Ola bilsin, həmin mətndə heç bir qüsur yoxdur. Normal, hamının başa düşəcəyi bir dildə yazmışdı. Ancaq, əzizlərim, mən ayrı şey deyirəm. Söhbət yazıçı cümləsindən gedir. Axı mənə görə yazıçı belə cümlələr qurmamalıdır. O, elə yazmalıdır ki, sıradan, bəsit olmasın.

Statusu təqdim edirəm:

"Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanındandır. Baxın, mən deyiləm, sizsiniz. Bu necə dildir, necə mətndir? Bu, kitabları ən çox satılan yazıçımızın yazdığıdır:

"Keçmişdə yaxşı tanıdığım bir nəfər mən bir şeyə görə ağlayan zaman deyərdi ; " Hər xırda şeyə görə ağlamamağı öyrən ! Çünki insan acizliyindən ağlayır . Çalış ,möhkəm ol, hamı da səni bu cür tanısın ". Mən isə ona deyərdim: "Nəyə görə olmadığım kimi görünüm? " O susar , heç nə deməzdi . Bir gün onun özünü ağlayan gördüm . Nəyə görə mənə dediyinə özünün əməl etmədiyini soruşdum. O, gözünün yaşını silərək: "Əməl etmek məsləhət verməkdən çox çətindir" , - dedi."

Bu cür düzəltdim:

"Köhnə tanışım mən ağlayanda deyərdi ki, hər xırda şeyə görə gözünün yaşını axıtma, insan acizliyindən ağlayır. Çalış, möhkəm ol, hamı da səni bu cür tanısın.

Mən də hər dəfə soruşardım: "Nəyə görə olmadığım kimi görünüm?"

O, susar, dinməzcə mənə baxardı.

Günün birində onun ağladığını gördüm. Dedim, bəs mənə dediyinə özün niyə əməl eləmirsən? O, qoluyla gözünün yaşını sildi və sakitcə dedi: "Əməl eləmək məsləhət verməkdən çətindir".

Bilmirəm, iki cümlə arasındakı fərqi görürsünüz, ya yox. Amma birinci cümlədə yazıçı cümləsi, bədii təfəkkür çox zəifdir. Nə dediyi aydındır, ancaq sanki pis tərcümədir. Bax mən bunu tənqid edirəm, deyirlər, hərənin öz üslubu var, hərə bir cür yazır. Axı bu üslub deyil. Bədiiyyatdan uzaq cümlələrdi. Adamı yorur, itələyir, bezdirir. Sadə və anlaşıqlı yazmaq, üstəgəl bədii lövhələrlə işləmək - mənə elə gəlir, yazıçı belə olmalıdır.

Dostlardan çoxu dedi ki, Rövşən bəyin ədəbiyyat iddiası yoxdur. Elədirsə, nə gözəl! Amma iddiası olmayan birinin romanları satış rekordu qırmaz, ayrı-ayrı dillərə çevrilməz.

Mən başa düşürəm, dünyada da bu cür yazıçılar var. Bu, bir az da mübahisəli məsələdir. Satışı çox olan müəlliflər, ciddi yazıçılar, ciddi ədəbiyyat. Durub izah edəcəksən, amma görəcəksən, sözün heç kimə çatmayıb. İllərdir, bu cür yazıçıların əsərlərini oxuyan topluma yazıçı cümləsini, ciddi ədəbiyyatı anlatmaq çox çətindir. İş ondadır ki, bu tip yazanlar özlərini bulvar yazıçısı da hesab etmirlər. Dəfələrlə verilişlərdə onlarla üz-üzə gəlmişik, demişik, siz bazara işləyən yazıçılarsınız. Qaraqan, Elxan Elatlı, Varis, Rövşən Abdullaoğlu. Deyirlər, yox, biz ciddi yazıçılarıq, ciddi ədəbiyyatla məşğuluq, sadəcə bizim kitabların satışı çoxdur deyə qısqanclıq eləyirsiniz. Bir də deyirlər, bizi oxumursunuz, ona görə də sizə elə gəlir.

Açığı, mən onların kitablarını qabağıma qoyub oxumağa vaxt ayıra bilmərəm. Yekəxana səslənməsin, mətni bilən adam üçün ötəri tanışlıq da kifayət edir.

Bir az vərəqləyirsən və görürsən, yox, yanılmamısan. Məsələn, Qaraqanın "Mələk" romanı. Oxuya bilmədim. Kitab mağazasında vərəqlədim və qaytarıb yerinə qoydum. Yəqin, mənim kimi azdan-çoxdan mətnə bələd olanlar onu oxuya bilməzlər. Eləcə də Elxan Elatlının romanları. Əlimə alıb oxuya bilməmişəm. Bəlkə də problem məndədir, artıq bu cür formalaşmışam, belə mətnləri oxuya bilmirəm.

İndi Rövşən Abdullaoğlu da ən məşhurlarındandır. Onun adını ilk dəfə harda eşitdim? Bir oxucu mənə yaxınlaşıb demişdi ki, iki yazıçını sevə-sevə oxuyuram. Maraqlandım, görüm, kim imiş o iki yazıçı. Dedi, biri sizsiniz, biri də Rövşən Abdullaoğlu. Mən o gündən sonra Rövşən Abdullaoğlunu oxumağa çalışıram. Ancaq alınmır, getmir, dirənir. Və başa düşə bilmirəm ki, o oxucu niyə ikimizi daha çox bəyənirmiş.

"Məharətli yazıçı əsərlərində hadisənin açarını sol əlində tutur, oxucunu isə vadar edir ki, sağ tərəfə baxsın. Oxucunun fikri müəllifin göstərmək istədiyi hadisələrə, verdiyi sözlərə, adlara yönəlir. Elə hey düşünür ki, görəsən, bu cinayəti kim görüb, görəsən, bu qəhrəman həqiqətdə kimdir, görəsən, əsərin sonu nə ilə bitəcək".

Bu Rövşən Abdullaoğlunun fikridir. Haqlıdır, mən də elə düşünürəm ki, yazıçı sirli olmalı, oxucunu öz tələsinə salmalıdır. Ancaq bunu deyən biri gərək öz mətnlərinə də o cür yanaşsın. Üstəgəl, asan yolla da oxucunu öz tələnə sala bilərsən. Məsələn, hazırlıqlı oxucu üçün Rövşən Abdullaoğlunun heç bir sehri yoxdur.

Gəlin, Rövşən bəyin romanlarından başqa bir neçə parçaya baxaq:

“Villi, özünü həyatda xoşbəxt hiss etməyin üçün sənə 10 saniyə yetər...”

Bu sözdən sonra o, ayaqüstə dura bilmədi. Taqətsiz halda dostunun boş çarpayısına oturdu. Əlindəki məktub bir müddət hərəkətsiz halda qaldı. Yalnız onun gözlərindən yaş axırdı. Bir daha əlindəki məktuba baxdı. Bir cümlədən ibarət sözü dəfələrlə oxudu. Sanki o cümlələrin arxasında yazılmış, ancaq məktubda görsənməyən sözləri axtarırdı".

*

"Villi, hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solar. Hislərini başqaları ilə bölüşməlisən, insanları öz sevgindən məhrum etmə, onlara bolluca məhəbbət ver. Bu zaman içində gözəl bir aləmin yarandığının şahidi olacaqsan. Hisslərini içində həbs etsən, bir müddətdən sonra onlar da boğulub öləcəklər".

("Bu şəhərdə kimsə yoxdur")

"- ...Kobudluq edərək sizi bir-birinizə sarı çəkən bağları qoparmayın, – yenə əlini sinəsinə qoydu, – əgər ilan bir dəfə ölümcül sancırsa, onun uzun illər sənə sürtünüb nəvaziş etməsinin mənası qalmır".

("Ləpirçi: Mən yeməli deyiləm˝)

Ola bilsin, bu cümlələrə baxıb deyirsiniz ki, hə, nə olsun? Nə var ki, burda? Məsələ ondandır ki, bu cümlələr yazıçı cümlələri deyil. Təəssürat oyatmır, bədii mətn oxuduğuna inanmırsan. Bəlkə də Rövşən bəyin motivasiya kitabları yazmağından irəli gəlir bu. Bəzən bədiiliyi unudur. Bəlkə, motivatorluğunu bədii əsərləri vasitəsi ilə göstərmək istəyir. Hər nə olsa da, bu, yazıçılıq deyil, bu, ədəbiyyat deyil. Adına bəsit, yüngül desəniz də. Məsələn, yüngül, bəsit mövzularda Vidadi Babanlının əsərlərinə baxın, görün necə gözəl dildir. Yaxud Əlibala Hacızadənin. Yəni, məsələ mətn yazmaqdır. Mətn sahilə yenicə atılmış balıq kimi diri qalmalıdır.

Rövşən Abdullaoğlunun bədii əsərlərində sanki müəllif öz fikirlərini obrazlara yükləməklə işini bitmiş sayır. Bədii həllini vermir, ya da verə bilmir. Özü də rastıma çıxan əsərlərinin heç birində obrazların adı Azərbaycan adları deyil, xarici adlardı. O cür dildə yazılan mətn, üstəlik xarici obraz adları. Adam oxuyanda elə bilir ki, bu da hansısa tərcümə əsəridir, yazıq xarici müəllifi pis günə qoyublar.

Bəlkə də Rövşən Abdullaoğlu əsərini redaktora təqdim etmir. Ola bilsin, onu səliqəyə salan biri yoxdur deyə belə alınır. Bəlkə dili, mətni yaxşı bilən birinə təqdim etsə, daha yaxşı olar. Məsələn, mənə versə, onun əsərlərini konfet eləyərəm. Gülüş işarəsinin yeri məlum.

"Həqiqi ədəbiyyatda dörd faktor olmalıdır: dürüst müəllif, dürüst niyyət, düzgün forma və dərin məzmun. Həqiqi ədəbiyyatı ərsəyə gətirmək istəyən bütün müəlliflər bu dörd səbəb üzərində çalışmalıdırlar."

Öz dediyidir. İndi özü əməl edirmi buna?

Deyəsən, əməl etmək doğrudan da çətin, bəzənsə, ümumiyyətlə mümkünsüzdür.

Düzü, bəlkə mən də nələrisə bilmirəm.

Bəlkə elə belə yazmaq lazımdır.

Axı onu bütün ölkə oxuyur.

Elə digərlərini də...

# 15816 dəfə oxunub

Müəllifin son yazıları

# # #