Xəbər verdiyimiz kimi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc şairələrin Bakı Forumu keçirilib.
Kulis.az forumda iştirak edən xarici yazarlarla eksklüziv müsahibələri təqdim edir.
Karina Tumayeva (Ukrayna)
Onun bir kitabı çıxıb, şeirlər yazır, arada-sırada hekayələri də dövri mətbuatda çap olunur.
- Azərbaycan mədəniyyəti ilə Ukrayna mədəniyyəti arasında oxşar tərəflər tapdınız?
- Biz əslində qardaş sayılarıq. İnsanlarımız bir-birinə çox oxşayır. Axı biz SSRİ dövründə bərabər, eyni ab-havada yaşamışıq. Ənənələr, mədəniyyət oxşardır. Repressiya görmüşük. Bir sözlə, eyni ağrıları yaşamışıq. Ona görə oxşar cəhətlərimiz çoxdur.
- Bizim ədəbiyyatdan kimləri tanıyırsınız?
- Dünən bizi Nizami Gəncəvi ilə yaxından tanış etdilər. Onu daha əvvəllər də tanıyırdım. Bu gün isə Natəvanla tanış olduq. Düşünürəm ki, bundan sonra Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə yaxından maraqlanmalıyam.
- Bakıda ilk dəfə idiniz?
- Bəli, birinci dəfə. Çox xoşuma gəldi şəhər. Dediyim kimi, insanları bizim insanlara oxşayır. Çox qonaqpərvərdirlər. Doğma gəldilər mənə.
- Şəhərimizin haralarında oldunuz?
- Qız qalasında, İçərişəhərdə olduq. Bakının memarlığı xoşuma gəldi. Qədimliyi qoruyub saxlayıblar. Həm də müasirlik var.
- Ukraynada bu gün məşhur olan yazıçı kimdir?
- Əgər siz məndən nasirləri soruşursunuzsa, bu gün Ukraynada ən populyar nasir Sergey Jdandır. Onun bir-birindən gözəl romanları çap olunub. Şairləri soruşası olsanız, siyahı çox uzanacaq.
Gülizar Karubekova (Qırğızıstan)
- Şeir yazırsınız?
- Bəli, şeir yazıram. Özüm Elmlər Akademiyasında işləyirəm. Bəziləri yaradcılıqla peşəkarcasına məşğul olur. Mən həvəskar kimi şeir yazıram. Daha çox hobbi kimi baxıram bu işə.
- Kitabınız çap olunub?
- Yox, çap olunmayıb. Yəqin çap olunmağı da uzun çəkəcək. Çünki hələ özümü hazır hiss etmirəm. Və dediyim kimi, həvəskaram, hobbi kimi yanaşıram şeir yazmağa.
- Bizim ədəbiyyatdan kimləri tanıyırsınız?
- Nizami Gəncəvi və bu gün də Natəvanı tanıdım. Amma çox istəyirəm ki, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olum.
- Qırğızıstanda ən çox sevdiyiniz müəllif kimdir?
- Rubayşa Arsenbekovanı sevirəm. Çox gözəl şeirlər yazır. Pərəstişkarıyam onun.
- Bizimlə oxşarlığınız danılmazdır. Eyni millətik...
- Bəli. Türk dünyası bizi birləşdirir. Dilimizin səslənişində oxşar tərəflər var. Ənənələrimiz, xarakterlərimiz... Sadəcə bəzi fərqlər var. Bu da olmaldır.
- Bakıda ən çox nələri sevdiniz?
- Ən çox milli geyimləri sevdim. Çox gözəl görünürdü...
Morami Das (Hindistan)
- Bura Hindistana oxşayır?
- Əsasən geyimlərdə oxşayır. Hindistanın şimal tərəfində yaşayan insanların geyimləri ilə burdakıların geyimləri çox oxşardır.
- Bakı necə? Xoşunuza gəldi?
- Hə... Həm də çox. Bakı gözəl şəhərdi. Qədimliyi və müasirliyi ilə birlikdə.
- Azərbaycan yazıçı, şairlərindən kimləri tanıyırsınız?
- Nizami Gəncəvi və Natəvan haqqında məlumat aldıq. Yəqin ki, yavaş-yavaş bu ədəbiyyatı öyrənəcəyik.
- Biz də Taqoru tanıyırıq və sevirik...
- Taqor çox böyük yazıçıdır. Bizim fəxrimizdir. Nə yaxşı ki, siz onu tanıyırsınız. Taqor Hindistanın mədəniyyət abidəsidir. Taqorsuz Hindistan yarımçıq görünərdi.
- Ən çox nəyi sevdiyiniz Bakıda?
- Geyimləri. Maraqlı gəldi.
Emeç Serin (Türkiyə)
- Türkiyəyə qardaş salamı olsun!
- (Gülür). Çox sağ olun! Öz dilimizdə nəsə eşitmək məni xoşbəxt etdi.
- Bizə də xoş oldu sizi görmək. Nə yazırsınız?
- Şeir yazıram.
- Kitabınız çap olunub?
- Hələ ki yox, ancaq önümüzdəki illərdə bu haqda düşünərəm.
- Ən çox sevdiyiniz türk şairi hansıdır?
- Əlbəttə ki, Nazim Hikmət.
- Müasirlərdən?
- Küçük İskəndər. Onu çox sevirəm.
- Bəs Ali Lidar?
- Tanımıram onu. Təəssüf.
- Bakıda ilk dəfə idiniz?
- Aha, ilk dəfə.
- İstanbul gözəldir, yoxsa Bakı?
- (Gülür). Dənizi, limanı ilə mənə İstanbulu xatırladır. Ancaq daha çox bura Mardinə oxşayır. Bulvarda olduq, Qız qalasında... İstanbulun küləyi üzümə dəydi, sanki.
Dalel Ghezanel (Tunis)
Adını yazmaqda çətinlik çəkirəm, qələmi alıb özü yazır
- Şeir kimi adınız var.
- Təşəkkür edirəm (gülümsünür).
- Tunis həm də futbolu ilə məşhurdur.
- Nəyi?
- Futbol. Futbol. Football...
- Aaa! Mən zənn etdim ki, paxlavanı nəzərdə tutursunuz. Bizdə paxlavaının adı da bu sözə bənzəyir. Elə milli futbol geyimlərimizdə də paxlavaya bənzərlik var.
- Doğurdan? Nə maraqlı.
- Hə. Ona görə, mən futbolu paxlavanı sevdiyim qədər sevirəm (gülür).
- Trabelsini tanıyırsınız?
- Əlbəttə. Sevimli futbolçumdur.
- Bizdən kimi tanıyırsız? Futbolçuları soruşmuram... Yazıçı və şairləri...
- Bircə Nizami Gəncəvini.
- Bakıda nə xoşunuza gəldi?
- İnsanlar. Çox qonaqpərvərsiniz.
- Oxşarlığımız var?
- Milli paltarlar məsələsində, hə. Bir də danışığımız. Sizdə də bəzi sözlər ərəb aksenti ilə tələffüz olunur.
- Dilimizdə ərəb sözləri var...
- Hə, yəqin ondandır. Bir də mədəniyyətinizi tanıtmaq istəyinə görə oxşarlıq tapdım. Tunisdə də elədir. Gələn qonağa ölkəni tanıtmaq həvəsi var.
- İndi Tunisdə məşhur olan yazıçı kimdir?
- Muhammed Eyt Mihub. Onun romanları məşhurdur. Bir də İbrahim Darqusi. Lap yadımdan çıxmışdı. Sqayer Avled Ahmed, gözəl yazıçıydı.
- İdi? İndi sağ deyil?
- Təəssüf... 3 ay əvvəl rəhmətə getdi.
Sanja Sain (Xorvatiya)
- Adınız?
- San...
- Nə?
- Verin özüm yazım...
Yazır: “Sanja Sain”. “S” hərfinin üstündə də quş uçur...
- Nə yazırsınız, Sanja xanım?
- Bloqum var mənim. Daha çox orda yazılarımla çıxış edirəm. Qısa hekayələr, şeirlər yazıram.
- Bəs kitab?
- Hələ çıxmayıb. Olar nə vaxtsa. Tələsmirəm.
- Azərbaycan ədəbiyyatı ilə tanış idiniz?
- Təzəlikcə tanış oluram.
- Xorvatiyada məşhur kimlər var? Söhbət yazıçılardan gedir.
- Açığı sizə məşhurların adını deyə bilərdim. Ancaq mən onları oxumuram. Populyarlıqdan qaçıram. Daha çox internetdə yayımlanan, tanınmayan gənc yazarları oxumağı sevirəm.
- Şəhərimizdə diqqətinizi nə çəkdi? Ən çox nəyi sevdiniz?
- Ən çox memarlıq işlərini... Gözəl dizayn olunub. Həm SSRİ-dən qalan nümunələr, kommunizm elementləri, həm modernist, həm postmodernist üslub...
Kuralay Omarova (Qazaxıstan)
- Kuralay xanım, nə yazırsınız?
- Şeirlər. Ancaq şeirlər.
- Birdən hekayə də yazarsınız, bilmərik.
- Yox, yazmağı düşünmürəm (gülür). Şeir kifayətdir.
- Kitabınız çıxıb?
- Hə, iki kitabım çıxıb.
- Bakıda olmuşdunuz əvvəllər?
- Yox, birinci dəfədir.
- Şairlərimizdən, yazıçılarımızdan kimləri tanıyırsınız?
- Nizami Gəncəvi.
- Bəs Natavan?
- Onu tanımıram.
- Bayaq təqdimatda haqqında danışıldı axı.
- Aha.. Başım qarışıqdı. İndi bildim.
- Bakı necə şəhərdi?
- Gözəl. Müasirliklə qədimliyi özündə daşıyan nağıl kimi şəhər...
Həcər Fərhadi (İran)
- Yoldaşınızla gəlmisiniz deyəsən.
- Bəli...
- Şairsiniz?
- Əslində rəssamam. Amma şeirlər də yazıram.
- Bizimlə oxşar tərəflər tapdınız?
- Dinimiz birdi. Adət-ənənələrimizdə də oxşar tərəflər var. Eləcə də ədəbiyyatımızda.
- Kimləri tanıyırsınız bizdən?
- Nizamini, Füzulini...
- Nəhayət, Füzulinin adı çəkildi.
- Natəvanı da indi öyrəndim.
- Mustafa Məstur da sizin yazıçıdır. Necədir? Bəyənirsiniz?
- Əlbəttə. Gözəl yazıçıdır. Maraqlıdır.
- İran deyəndə yadımıza daha çox filmlər düşür. Kiyarustami, Məcid Məcidi, Əsgər Fərhadi...
- Bizim filmlər özünəməxsusdur. Ona görə yadda qalır.
Nazi Kazim (Əfqanıstan)
- Şeirdən başqa nəsə yazmırsınız? Yoxsa and içmisiniz ki, yalnız şeir yazacaqsınız?
- Bəlkə yazdım (gülür). Amma hələlik şeir...
- Xalid Hüseyni sevirsiniz?
- Əlbəttə. Çox sevirik. Xalid Hüseyn Əfqanıstanda çox məşhurdur. O, bizim ağrılarımızı, dərdlərimizi yazır. Faciələrimizi yazan yazıçı qəlbimizdə əbədi yaşayacaqdır.
- Əfqanlarla oxşarlığımız var?
- Karvansarayda olduq burda. Ordakı xalçalar vətənimi xatırlatdı.
- Kitabınız var?
- Yox, yaxınlarda çap olunacaq.
Gvantsa Adamiya (Gürcüstan)
- Mən də Gürcüstanlıyam. Tiflisdən. Xoş gəlmisiniz!
- Ooo nə gözəl. Tanış olduğuma şad oldum. Öz yerlimi görmək xoş oldu. Siz Gürcüstanda doğulan azərbaycanlısınız. Mən də meqreləm.
- Aksentinizdən hiss etmişdim. Tiflisdə nə var, nə yox?
- Həmişəki kimi... Gələrsiniz, görərsiniz, qonağım olarsınız bir dəfə (gülür).
- Bizim ədəbiyyatdan nə bilirsiniz?
- Hmm... (fikirləşir) “Əli və Nino”nu oxumuşam. Heyf müəllifin adı yadımdan çıxıb.
- Narahat olmayın, onun müəllifini heç biz də dəqiq bilmirik. Gah belə deyirlər, gah elə.
- Doğurdan? Heç bilmirdim. O roman çox xoşuma gəlib.
- Yəqin Tiflislə bağlı olduğu üçün...
- Hə, Nino var orda. Sevgi əhvalatı. Çox gözəldi. Gürcü havası ilə Azərbaycan havası qarışıb. Əsl Qafqaz romanıdır. Bizim xarakterləri dəqiq analiz edib.
- Oxşar tərəflərimizi mən də bilirəm, amma sizdən də eşitmək istəyərdim.
- Mətbəximiz oxşardı. Sonra ənənələrimiz. Əsas da qonaqpərvərlik. Qafqazlı qonaqpərvərliyi (gülür).
- Kitabınız çıxıb?
- Yox hələ. Sentyabra çap olunmalıdır. Görək...
- Yalnız şeir yazırsınız?
- Yox, hekayələr də yazıram. Amma daha çox şeir...
- Müasir gürcü yazıçısı var: Aka Morçladze... Gürcüstanın Orhan Pamuku deyirlər ona.
- Aaa... Siz onu tanıyırsınız? Bravo! Akanı sevməmək olmaz. Maraqlı, özünəməxsus romanlarını sevə-sevə oxumuşam.
- Bəs Georgi Kekelidze?
- Aha... Gözəl şairdir.
- Mənim dostumdur.
- Nə yaxşı. Mən bir də Rati Anaqlaşvilini sevirəm. Gözəl şeirlər müəllifidir.