Ölümünə sevindiyim kişi

Ölümünə sevindiyim kişi
29 mart 2018
# 11:36

Kulis.az Aysel Əlizadənin “Yaxşı tanıdığım yad qadın” yazısını təqdim edir.

Tanrı yenə satirik fırçasıyla iki yekə torbanı yol kənarında dayanan çəlimsiz qadının yanına çəkmişdi.

Tanrım, dimdik torbaların içində adam gizlətmişdin sanki. Yaşlı qadın onları necə daşıya bilər? Başımı qaldırıb heyrət içində gözlərimlə soruşdum ondan: Siz nə edirsiz, Tanrım?

Qul boylu qadının, yol boylu torbaları daşıya biləcəyinə inanmaq gülməlidi. Tanrı həmişəki kimi heç nə demədi. Qadın torbalardan xəbərsiz kimi yad-yad, üzünü tamam ayrı tərəfə tutub baxışları ilə gedirdi harasa.

Hardasa rəngli arzuları olan bir qızı axtarırdı. O qızı tapmaq mümkün deyildi, gec idi, çox gec. Yaşlı qadının sükutu, kaş heç kimi düşünməzdim, istədiyim kimi yaşayardım - deyirdi. Gedib yanında dayanmaq istədim. Necəsə kömək etmək...

Qorxdum.

Birdən xəstəliyi mənə də keçər. Mentalfobiyaya yoluxaram. Mentalitet tiraniyasının köləsinə çevrilərəm mən də. Bu xəstəliyə düşən kəs ömrünü bütün arzularından üz çevirərək yaşayır.

Mənim də fobiyam vardı. Gördüyüm hər insanı mentalitet tiraniyasının qurbanı sayırdım: Hamı öz qorxusunun köləsiydi. Bu qadının həyat hekayəsini bilirdim. Sevgisiz evlilik, fədakarlıq, dəyərsizlik, qurbanlıq və başqa mutsuz sözcüklər üstündə idi. Burda hamı eyni taleyi yaşayırdı. O qadın nə huri, nə hərəm olmuşdu. Nə qadın, nə kişi.

Ona çataçatda yolumu dəyişdim. Kömək etmək üçün xəyalımda torbalarını da götürüb getdim. Bir-iki addım atmışdım, yaşlı qadın arxadan nəsə dedi. Növbəti addımı havada saxlayıb geri qaytardım. Torbalar hələ əlimdəydi. Qorxurdum yerə qoysam qadın götürər. Elə ordaca biryolluq yıxılar.

- Nəsə dediz? – bədənim irəlidə, başım geridə soruşdum.

- Qızım... - susdu ürkək-ürkək. Utanırdı, yoxsa halı yox idi danışmağa, hardan biləydim? - Səhərdən küçədəyəm. Yolum uzaqdı, üşüyürəm.

Birdən yağışa fikir verdim. İkimiz də islanmışdıq.

- Torbalar sizindi?

- Hə, qızım. Lavaşdı. Axşamacan satmalıyam hamısını. Eviniz yaxındısa, bir stəkan çay içərdim. Canım qızsın bir az.

- Yaxın deyil, xala, heyf... – yalan deyirdim, evimiz yaxın idi.

Qadınlı-kişili fırıldaqçılığa məcbur elə çox adam görmüşdüm ki, torbasından taleyini tanıdığım bu qadına da inanmadığımı hiss edirdim. Bunu deyəndə elə bil torbaları əlimdən alıb belimə yüklədilər. "Amma lavaş almalıydım. Yaxşı oldu sizi gördüm" - dedim. Elə dadlı doğmalığı var lavaşın içinə ürəyimi də qoyub bükərəm. Onsuz da tez-tez alıram. Lavaş yeyəndə elə bilirəm xalqın tarixini vərəqləyirəm.

- Nə olar, zərər yoxdu, bala. Neçə bağlama istəyirsən? - qadın soruşdu.

- Beş bağlama. Yuvarlaq bir rəqəm deyib aldım. Lavaşlar xirtdəyimdə, torbalar belimdə yoluma davam etdim.

Adamsız nəm küçədə su şırnağından sonra meydanda tək qalan ən sonuncu üsyançı kimi hiss edirdim özümü. Ürəyim sinəmi möhkəm yumruqlayırdı. Heç nəyə inanmırdım. Birdən qarşıda yığcam bir çadır peyda oldu. Ətrafında adamlar get-gəldəydi. İri odçaydanı uzaqdan kiçik kənd daxması kimi tüstüləyirdi. Çadıra tərəf yüyürdüm. Gənclər vardı bir tərəfdə, onlara yaxınlaşdım.

- Salam, uşaqlar. Bu nə çadırdı belə?

- Yas çadırıdı – oğlanlardan biri dedi.

- Kim ölüb?

- Qonşu İnqilab dayı.

Sosialist inqilabından sonra adamlarda belə adlar qoymaq vərdişi vardı. Zaman keçdikcə tərgitdilər. İnqilab dayı dövrün sonuncu sevincək adlısı idi. İndi heç kim övladına belə ad qoymur. İndi müqəddəsdi deyib dini adlar qoyurlar uşaqlarına: Fatimə, Hüseyn, Zəhra... Sonra da Fatoş, Quska, Zəkuş çağırırlar. Hər dönəmin hökmünə uyğun adlar yapışır insanın alnına. İnsanlar dövrün siyasi, dini zarafatının qurbanı olaraq məhbus ömrü yaşayırlar özlərindən xəbərsiz. İnqilab dayı, Fatoş olurlar. Nə acı...

Ölən adama gəldikdə, Bethoven demiş, onun üçün əyləncə bitmişdir. İnqilab dayının ölümü məni dəhşət sevindirdi. Yükdən qurtulmaq üzrəydim. Deməli, yemək də var.

- Orda - barmağımı geriyə uzatdım, - yolun kənarında yaşlı qadın var. Ac-susuzdu. Onu gətirib çaydan, çörəkdən verərsizmi?

- Harda? – oğlanlar xorla soruşdular.

- Yağışın altında. Düz getsəz görəcəksiz. Yanında torbalar var.

Gənclərdən biri barmağımı uzatdığım tərəfə yollandı. Bir azdan gənc hər iki əlində torba, arxasınca yaşlı qadın geri qayıtdı. Yükü gənclərə ötürüb dərindən nəfəs alaraq uzaqlaşmaq istədim.

- Kimdi ki? – oğlanlardan biri soruşdu.

- Tanımıram, uşaqlar.

# 2124 dəfə oxunub

Müəllifin son yazıları

# # #