Kulis.az "Qəzzali, yoxsa İbn Rüşd: inanc, yoxsa elm?" adlı yazısını təqdim edir.
"Ya allah, ya Məhəmməd, ya Əli” deyib, aşağıda oxuyacağınız yazıya başlamaq istəyirdim ki, qənşərimə belə bir xəbər başlığı çıxdı: "Azərbaycanda bir qrup alimə ərzaq yardımı edilib”.
Xəjalatımdan bilmədim başımı hansı deşiyə soxum. Ancaq yazacağım yazının da elmə qarşı bəslədiyimiz kinin, nifrətin haradan qaynaqlandığına işıq salacağını düşünəndə bir balaca toxdayan fason oldum.
İngilis tarixçisi Uilyam Vudurf "Modern Dünya Tarixi” kitabında yazır ki, müsəlmanların tarixdəki rolu Çin "tənhalığı” ilə Avropa "çarəsizliyini” birləşdirmək oldu. Avropa müsəlmanlar vasitəsilə Çini tanıdı. Bu, əslində, kağızla, barıtla tanışlıq idi.
Xeyirxahlıq haqqında danışmağı sevən insanların sevimlisi din sosioloqu Maks Veber islam və inkişaf arasında hansısa bir əlaqənin olduğunu tapmaqda çətinlik çəkirdi; ya qərəzli idi, ya da islam mədəniyyətinin Əməvilər dövrünü oxumamışdı. Veber deyirdi ki, bütün rasionallıqları öz içinə alan kapitalizmin təməlini "azad bazar”, "rasional texnologiya”, "rasional hüquq”, "Şəhər muxtariyyəti” və onların ortaya çıxardığı burjua sinfi hazırlayır. Kapitalizmə zəmin hazırlayan bu ünsürlər Çin və Hindistanda olduğu kimi, islam cəmiyyətlərində də yarana bilmədi. Yəni biz müsəlmanlar, çinlilər, hindlilər (buraya qonşularımız olan rusları və farsları da əlavə edə bilərik) kimi feodalizmdə ilişib qaldıq.
1960-cı illərdə Polşa yəhudisi Maksim Rodinson Veberin bu "uğursuz islam” tezisini ciddi şəkildə tənqid edən ilk Qərb sosioloqlarından biri kimi sübut etməyə çalışdı ki, xeyr, islam kapitalizmə uyğunlaşa biləcək qədər ticarət ənənələrinə və bacarıqlarına malikdir. Ancaq Rodinson unudurdu ki, kapitalizmi yaradan əməl ticarət, alver deyil, istehsaldı ki, müsəlman ölkələrinin çoxunda bu yoxdur. Müsəlman dünyası kapitalizmin "çox istehsal et, çox qazan” prinsipini deyil, feodalizmin "özünə yetəcək qədər istehsal et” prinsipini əsas götürdükləri üçün müasir bazarda pay sahibi deyillər.
XV əsrdən başlayaraq Avropanın "qulağımızın dibində” gücə çevrilməsinin çoxlu səbəblərinin olduğunu göstərən xeyli kitab, araşdırma yazıları, tarixi əsərlər var. Bütün bunları oxuyub bir cümlədə ifadə etməli olsaq, belə bir tabeli mürəkkəb cümlə alınacaq: "XV əsrdən başlayaraq, Qərbin Şərq üzərində hakimiyyəti ələ almasının bircə səbəbi var idi: ağlın inancın önünə çıxması”.
Müsəlman alimləri deyir ki, Avropada ağlın önə çıxması fikrini də biz onların yadına saldıq. Daha doğrusu, "Qaranlıq çağ”ın avropalılarına ağlın "çırağının” yerini - antik yunan və Roma mədəniyyətini onlara xatırlatdıq. Düzünə qalsa, haqlıdırlar da. Çünki müsəlmanların İber yarımadasına çıxdıqları 711-ci ildə müsəlman dünyası Əməvi sülaləsinin hakimiyyəti altında idi və paytaxtları Qüds olan, yəhudilərə dost münasibət bəsləyən əməvilər elmə, xüsusilə, yunan fəlsəfəsinə, astronomiyaya, riyaziyyata, tibbə böyük önəm verirdilər. Həmin dövrdə Avropa elə bir cəhalət içində boğulurdu ki, Əməvi xəlifəsi Frank kralına "Astolyabiya” adlı səma cisimlərini müşahidə edən bir cihaz göndərdikdə xristianlar cihazı "şeytan aparatı” adlandırıb sındırmışdılar (Montefiore: "Yerusəlim” kitabı). Eyni "çanağı” biz Abbasilərin hakimiyyətə gəlişindən sonra Avropa alimlərinin ixtiralarının başında sındıracaqdıq.
Avropanın, bütövlükdə Qərbin inkişafında bir şəhərin rolunu danmaq nadanlıq olar; bu şəhər müsəlmanların İberdə saldıqları Kordoba şəhəridir ki, bu şəhərdə üç mədəniyyət bir-biri ilə ünsiyyətdə idi – Çin, müsəlman və xristian. Dinin mərkəzi Qüds olduğu kimi, elmin mərkəzi də Kordoba idi. Və Kordobada ağlı inancın önündə görən bir insan vardı ki, o insan bütün Avropa ağlına gələcəyin yerini göstərdi. O insan İbn Rüşd idi.
İbn Rüşd Avropada yunan mətnlərini ərəbcəyə çevirib Aristotel məntiqini yuxudan oyadanda Şərqdə müsəlman dünyası başqa bir filosofun Qəzzalinin ağlı, məntiqi inkar edən, hər şeyi ilahi vəhyə bağlayan nağılları ilə yatırdı. Qəzzali "Təhafütü’l Fəlasifə” kitabında yazırdı: "Mən zəka və anlayış baxımından özlərinin digər insanlardan üstün olduğunu düşünən bir qrup şəxs gördüm ki, ibadətlərini tərgitmiş, namazlarını buraxmış, qadağaları məsxərəyə qoymuş və şəriətin qanunlarını pozmuşlar. Onların küfrlərinin yeganə mənbəyi Sokrat, Hippokrat, Platon və Aristoteldir. Onlar ağıllarının çoxluğu ilə məzhəbləri və şəriəti inkar edirlər. Dinin səbəblərinin uydurulmuş əfsanələr olduğuna inanırlar. Bu axmaqların üzərində axmaqlığın bu qədər dərin iz buraxdığını gördükdə qədim filosofları rədd etmək, ziddiyyətlərini ortaya çıxarmaq, yollarının pis, əyri olduğunu göstərmək üçün bu kitabı yazmağa başladım”.
Bu sözlər hər hansı fəlsəfi fikri deyil, bütünlüklə fəlsəfəni, yəni Orta əsrlərin elmini rədd etmək demək idi və bunu edən bir müsəlman filosofuydu. İbn Rüşd isə sələfinin bu kitabına cavab olaraq yazdığı "Təhafütü’t Fəlasifə” (Ziddiyyətin ziddiyyəti) kitabında vəhyi ağıldan, dini fəlsəfədən ayırır, bunların bir-birinə qurban verilməsinin ağır nəticələrinin olacağını car çəkirdi. Axırı nə oldu? Ölümündən üç il əvvəl ağlı vəhyə qurban verən Qəzzali tərəfdarları 1195-ci ildə İbn Rüşdin kitablarını yandırdılar, özünü isə oğlu ilə birlikdə Mərakeşə sürgün etdilər.
O gün Qəzzali İbn Rüşdə qalib gəldi, ancaq Şərq Qərbə məğlub oldu. Çünki İbn Rüşdin yandırılmaqdan qurtulmuş bəzi kitabları ağıllı avropalıların əlində qalmışdı və bu kitablar onlara inkivizisiya başa çatandan sonra lazım olacaqdı. İbn Rüşd öldü, amma onu ideyaları Dante kimi humanistlərin əsərlərində yaşadı.
Yaxşı, Qəzzalinin düşüncəsi bizi haraya gətirib çıxardı? Bu gün müsəlmanların yaşadığı əlliyə yaxın ölkə var ki, ümumilikdə əhali sayı 1,6 milyarddan çoxdur. Bu günə qədər elm sahələri üzrə 609 Nobel mükafatı verilib ki, onların 150-sini yəhudi əsilli elm adamları alıb. (Müsəlmanları tanrının təkliyinə və göydə olduğuna inandıran bir xalqın nümayəndələri elm sahələri üzrə rekord təzələyir). Bəs elm sahəsində müsəlmanlar neçə Nobel qazanmışlar? 3 dənə. 15 milyonluq yəhudilər 150 Nobel, 1,6 milyardlıq müsəlmanlar 3 Nobel. Ədaləti və həqiqəti harada axtarmalı; kafalardamı, masalardamı?
Bu cümlələrə əsəbiləşmək lazım deyil, dəyişdirilməsi mümkün olmayan gerçəklik belədir. 50-yə yaxın müsəlman ölkəsinin dünya məhsul istehsalındakı payı bu gün təkcə 80 milyonluq Almaniyanınkı qədər deyil.
Statistik rəqəmləri sadalayıb qanımızı qaraltmaq istəmirəm. Bəlkə də, biz inancımızın faydasını o biri dünyada görəcəyik. Avropalılar qır qazanlarında bişəndə, biz qədəhlərimizi buz kimi şərab axan çaylardan doldurub bir-birimizin sağlığına içəcəyik. Amma bu dünya, açığı, bizlik deyil. Bu yazımı da öz zəkası ilə Avropanı ağ günə çıxarmış o müsəlman kişinin – İbn Rüşdin sözləri ilə bitirirəm: Harada olursa-olsun, ana vətənimiz elmdir, cəhalət yad bir yerdir!”
Yeni il qabağı ərzaq payı alan alimlərimizə də neçə-neçə belə illər arzulamıram!
/qaynar.info/