Kulis.az filosof Ağalar Qutun “Hay(k)ların tarixinə dair bir neçə söz” yazısını təqdim edir.
Təxminlərə əsasən eramızın 5-ci əsrinin sonları və yaxud 6-cı əsrinin əvvəllərində yaşadığı hesab edilən Movses Xorenatsi (Moisey Xorenli, Moses Xorenac’i) adlı tərcüməçini ermənilər erməni tarixşünaslığının atası sayırlar. Çünki bu şəxs “Patmutyun hayots” adlı bir kitab yazıb. “Patmutyun hayots” söz birləşməsi tərcümədə heç də birbaşa “Hayastanın tarixi” yox, əslində daha çox “Hayların tarixi” deməkdir.
Əsərdə bir etnosun Adəm, Nuh və Nuhun oğullarından biri olan Yafətin ardından mifik əcdad kimi götürülmüş Haykdan başlayıb, Haykın oğlu Armenak, Armenakın oğlu Aram, Aramın oğlu Ara və s. ilə davam edən nağılvari nəsil şəcərəsindən (genealogiyasından) söhbət gedir. Müəllifin özünün də yazdığı kimi, onun “məqsədi öz xalqının əcdad və o əcdaddan olan törəmələrini göstərmək”dir.
Kitab Baqratilər sülaləsinin knyazı Sahak-ın sifarişiylə yazılmışdır. Müəllif ona çatan şifahi əfsanələrə istinad etməklə yanaşı, özü də kitabını yarımpoetik əfsanələşdirmələrlə bəzəmişdir. Modern tarixşünaslıq elmi mifik-poetik yaradıcılıq nümunələrinə tarixi sənəd kimi yanaşmır, əks halda bu, ona oxşayar ki, biz tutalım, Dədə Qorqud dastanının personajlarını (Bayandır xan, Bəyrək və b.) tarixi şəxsiyyətlər kimi qəbul edək.
Müəllifin vətəni Xoren (Xorenat) deyilən yeri də axtarıb tapdım. O, Tavr (Tauros, Toros) dağlarının ətəklərində yerləşən Duroperan əyalətində, təxminən Fərat çayı tərəflərdə bir yerdir, ora isə Qafqaz yox, Suriyadır. Başqa sözlə, ermənilərin baş tacı, müəllif Movses Xorenatsi (Moisey Xorenli, Moses Xorenac’i) özü suriyalıdır.
Müəllif kitabda ermənilərin vətəni məsələsinə də toxunur. Belə ki, o, kitabın 1-ci fəslinin 11-ci bölməsini bu cümlə ilə bitirir: “Əcdadımız Haykın adı ilə bizim vilayətimiz (Gebiet – A.Q.) Hayx adlanır.”
Movses Xorenatsi ona şifahi gəlib çatan bir hekayəni kitabın 1-ci fəslinin 10-cu bölməsində nəql edib, sonda hekayə ilə razılaşdığını bildirərək yazır ki, Hayk Armenak da daxil bütün tayfa-törəməsini, nökərlərini və b. yanına alıb Babilistandan şimalda yerləşən “Ararad” ölkəsinə (müasir Türkiyə ərazilərində Ağrı dağı – A.Q.) gəlib çıxdı, oraya yerləşdi və orada Haykaşen adlı kənd saldı.
Bu yerdə sualın növbəsidir; yaxşı, bəs, deyirdilər eramızdan qabaq 1-ci minilliyin başlarında qurulan qədim Urartu (Ararat) dövləti bizimdir və biz Qafqazın yerli xalqıyıq. Halbuki, tarixdə ilk qələm tutanları – Suriya ermənisi özü deyir ki, biz Ararat ölkəsinə gəlməyik.
Xorenatsi-nin fikrincə, Ararat adı da guya Ara adından törəmişdir. Halbuki, müasir urartuşünasların qəti fikrincə, “Ararat” adı “Urartu” adının Bibliyadakı yazılış formasıdır, yəni, bunun Ara adıyla heç bir əlaqəsi yoxdur.
Avropalı irqçi və dinçilərin ermənilərə qahmar çıxmaqlarının səbəblərindən biri də məhz Ararat dağı məsələsidir. Belə ki, şifahi dolaşan əfsanələrdən (elmi ədəbiyyatda belə əfsanələrə vulqata adı verilir) birinə görə guya Nuh peyğəmbər tufandan sonra məhz Ararat dağında quruya çıxmışdır (Məlumdur ki, oxşar bir əfsanə “Naxçıvan-Nuhçıxan” olaraq bizdə də var). Beləliklə, avropalı irqçi və dinçilər üçün dilinə görə hind-avropalı, dininə görə xristian bir xalqın – erməninin əliylə Ararat dağına iddiası sadə ərazi iddiası deyildir, sivilizasiya iddiasıdır.
Bu isə Avropa elminin irqçiliyidir. Avropada ayrı-ayrı təsisatların (polis orqanları, medialar, universitetlər və s.) qərarlarında həlledici rol oynayan “struktural irqçilik”dən, gündəlik həyatda rastlaşılan “məişət irqçiliyi”ndən və s. danışılır, amma elmdəki gizli irqçilikdən heç danışan yoxdur.
Yeri gəlmişkən, bunu da deyim ki, urartuca aqqlutinativ (iltisaqi, şəkilçili) bir dil olub, SOV, yəni Mübtəda-Tamamlıq-Xəbər cümlə quruluşuyla türk dilləri tipindədir. Misal üçün, tipik azərbaycanca bir cümlə belə səslənir: “Biz Qarabağa qayıdırıq.” Yəni feil cümlənin sonunda. Ermənicə isə əksinə, flektiv (bükülən) bir dil olub, SPO, yəni Mübtəda-Xəbər-Tamamlıq cümlə quruluşuyla Hind-Avropa ailəsinin dillərindən biridir. Misal üçün, ermənicə tipik cümlə belə səslənir: “Biz qaçırıq Qarabağdan.” Yəni feil cümlənin ortasında.
Kitabda qaranlıq yerlər çoxdur. Tarixçi olmadığım üçün mənim üçün xüsusilə qaranlıq. Kitabı diqqətlə oxuduğumu iddia edə bilmərəm.
Ancaq sözümün canı bu deyil, başqadır. Deməli, 1869-cu ildə alman şərqşünası Dr. Maks Lauer “Patmutyun hayots” kitabını alman dilinə tərcümə edib, amma “hayots” sözünü “Armenien” (yəni, “Ermənistan”) sözüylə əvəzləyərək! Bir kitabın adını niyə təhrif edəsən ki?!
Görünür, birinci səbəb odur ki, “hay(k)” adının Hind-Avropa dilləriylə düz-əməlli etimoloji analizi heç indiyədək də yoxdur. Məncə, ikinci və başlıca səbəb isə odur ki, alman tərcüməçinin irqçi (rassist) burnu “Armenier” (yəni “erməni”) adında “ari” iyi duyub. Tərcüməçi bir addım da qabağa gedib, orijinal sərlövhəyə “gross” (yəni, almanca “böyük”) sözünü əlavə edib, kitabın adı dönüb olub belə: “Geschichte Gross-Armeniens” (“Böyük Ermənistanın Tarixi”). Nədənsə burada alman dəqiqliyindən əsər-əlamət yoxdur.
Yeri gəlmişkən, adın tərcüməsindəki bu təhrif kitabın özünün də tərcüməsinə ciddi şübhələr oyadır. Misal üçün, bəzi yerlərdə gözümə çarpdı ki, Dr. Lauer bir sıra toponimləri leksik vahid kimi alman dilinə tərcümə edib, bununla da Movses Xorenatsinin yazdığı orijinal adları gizlətmiş olub. Heç toponim də tərcümə edilər?! Məsələn, alman tərcüməçi “Salzsee” (yəni, “Duz gölü”) yazır. Belədə, oxucu bilmir ki, Xorenatsi özü “Duz gölü”nü necə adlandırıb. Kim bilir, bəlkə əsərin orijinalında elə “Duz gölü”dür.
Beləliklə, haçansa Suriya çöllərindən azıb Ararat dağının mağaralarına gəlib çıxan, sonra ilan kimi yavaş-yavaş Qafqaza doğru sürünən hay(k) adlı bir qövmdən erməni (yəni, guya ari) düzəldənlər, “Hayların tarixi” adlı yarımbədii bir kitabdan “Böyük Ermənistan” ideyası düzüb-qoşanlar və bizi bu manyak xalqa hədəf kimi göstərənlər və nəhayət bu gün də onlara dayaq duranlar, ötən məqaləmdə də dediyim kimi, gözləri irqçilik ideologiyası ilə dumanlanmış hind-avropalı alimlərdir.