Əgər öldüyümdən xəbərin olsa, üçümə gələrsən, qırx olmayacaq

 

Rəşid Səfərovun şeirləri

 

AYRILIQ

 

Yazdığım hər şeiri sənə yazmışdım

Görən, sətirləri heç yadındadır?

İndi çıxıb getdin, bir siqaretim

Bir də şeirlərim kül qabındadır.

 

Güldüyün rəsimlər ağlatdı məni

Kədərlə, əzabla sevişirəm mən

Ürəyim bulanır, başım hərlənir

Yəqin sənsizliyə hamiləyəm mən

 

Sənsiz keçən günlər öldürdü məni

Su tökülən quyu nə vaxt dolacaq?!

Əgər öldüyümdən xəbərin olsa

Üçümə gələrsən, qırx olmayacaq

 

İT HÜRƏN TƏRƏF

 

Nə girişi bəlli, nə də çıxışı 

Ulduzun söndüyü gecədəyəm mən

Nə bir kompasım var, nə də xəritəm

İt hürən tərəfə gedəcəyəm mən.

 

Nə bir kəndirim var, nə də ağacım

Sənsiz bu dünyanı dar etmək üçün.

Nə ağır sözüm var, nə də ki şilləm

Fələyi, mələyi ar etmək üçün.

 

Nə bir göz yaşım var, nə də nifrətim

Sənə hisslərimi göstərmək üçün

Nə bir qələmim var, nə də kağızım

Son dəfə bir məktub göndərmək üçün.

 

Nə bir şikayət et, nə də ki, qəmlən

Bircə salamat qal bu gün ölərsəm. 

 

ÖLSƏM… BAĞIŞLA

Eyni adlı filmə həsr olunur…

 

Həyat sevgi dolu qəfil ölümmüş

Siqaret çəkməkmiş yağan yağışda.

Gün gələr yağış yox, qar-boran olsa 

Üşüyüb ağlama, ölsəm… bağışla. 

 

Həyat dondurulmuş arzu küpüymüş

Nə vaxtsa əriyər bircə baxışla

Bir gün dondurmamız yerlərə düşsə

Əyilib götürmə, ölsəm… bağışla.

 

Bir gün qaranlıqda tək qoysam səni

Demirəm gülümsə, ya da alqışla

Həyat sevgi dolu qəfil ölümmüş 

Bağışla, sadəcə, ölsəm… bağışla.

 

 

RUHUM BƏDƏNİMDƏN ERKƏN QOCALIR

 

Ruhum bədənimdən erkən qocalır

Öc alır gözlərim gördüklərindən

Daha bənzəmirəm keçmişimə mən

Və uzaq dururam sevdiklərimdən.

Ruhum bədənimdən erkən qocalır

Nələrsə dəyişir, ruhum böhranda

Alçalır mənliyim, alçalır ruhum

Cəzası olmayan min bir yalanla.

Qəlbim ümidsizlik çıxmazlarında

Ruhum qaranlığa artıq alışıb

Gözlərim işığı axtarırsa da

Ruhum gecələrlə çoxdan barışıb

Daha ağlamağın mənası yoxdur.

Ruhum  bədənimdən erkən qocalır.

Cavan bədənimin dərinliyində

Səksən yaşlarında bir qoca yatır

Məni xoşbəxt etmir daha xoşbəxtlik

Daha xoşbəxtliklə xoşbəxt olmuram

Saat əqrəblərim tərsinə gedir

Zamanın fərqinə belə varmıram

Gücümdən özgələr çoxlu güc alır

Ruhum bədənimdən erkən qocalır.

 

TANIŞ OLUN, KƏDƏR – OTAQ YOLDAŞIM

 

Sənsiz bu şəhərdə dərviş olmuşam,

Küçələr adını daşıyır artıq.

Bəlkə günahların çoxu məndədir,

Bəlkə də təzəyik, bir az naşıyıq.

 

Ən çox sevdiyindən qorxurmuş insan

Sevdiyinin sənə baxmamağından

İndi qarşındakı bu qorxaq adam

Fərqlənmir axmağın ən axmağından.

 

Yeni evə köçdüm sən gedən gündən,

Saçın daradığın daraq baş daşım.

Yaxın gəl, utanma, yad adam deyil,

Tanış olun, kədər – otaq yoldaşım.

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018