Sən qələm toxunmayan ağ bir kağızsan

 

 

Roma Xosrov

 

DAHA BU ŞƏHƏRDƏ ÖLMƏYƏ DƏYMƏZ

 

Bütün şeirlərim sənə oxşayır,

Elə bil əyninə biçilib qadın.

Böyüyüb olmusan mən deyən kimi.

Bir az baxışların kiçilib qadın.

 

Alnından asılıb ömür tablosu,

Sətirlər dağınıq oxumaq olmur.

Daha bu şəhərdə ölməyə dəyməz,

Bir kimsə ağlamır, saçını yolmur.

 

Bu cavan yaşımda yasmı saxlayım?!

Yox, sən ölməmisən, dirisən qadın!

Qoy bir az özümə, özüm ağlayım,

Sil o göz yaşını, - kiri sən, qadın!

 

YAĞIŞ DAMCISI

 

Yenə göy üzünə duman çəkilib,
Yenə də yağışın qoxusu gəlir.
Güllə səslərindən yatmır haçandı,
Bu yorğun torpağın yuxusu gəlir.
 

Dilinə qandallar vurulsa belə,
Neçə il olsan da mənəvi edam.

Küçədə üstünə yağış yağanda,
Azadlığa çıxır elə bil adam.
 

Yerin günahını, göylər götürmur,
Yaman buludların tutub sancısı.
Bəlkə də Tanrının göz yaşlarına-
Yeni ad qoyulub, "Yağış damcısı".
 

BƏLKƏ KİRPİYİNDƏN ASIM ÖZÜMÜ?!

 

Sən hələ yaza bilmədiyim şeir,

Qələm toxunmayan ağ bir kağızsan.

Soyadın dəyişib nəyimə gərək,

Yaddaşımda yenə həmənki qızsan.

 

Kölgən düşdü pəncərəmə əzizim,

Dul qalan baxışlar görüb sevindi.

Hər axşam köç edir ruhum yanına,

Ürəyim yastığın, yuxum evindi.

 

Arzum qısır qalıb, ümidim yetim,

Bir həsrət dumanı tutub gözümü.

Sənin gözlərində böyümək üçün,

Bəlkə, kirpiyindən asım özümü?!

 

SEV İNDİ...

 

Üz tutduq hərəmiz bir ayrı yola,

Dedilər eşq bumu, yadlar sevindi.

Qoyma ki, həsrətin saçımı yola,

Neçə ki gec deyil, məni sev indi.

 

Demə ərimisən lap dərin qalıb,

Burda düşüncəsi bir dərin qalıb,

Açdığın yaralar çox dərin qalıb,

Baxıb əl işinə, bir az sevindi.

 

Yanına gəlirdim, gözdən itirdin,

Nə qədər mən tapdım, məni itirdin,

Bəs deyil qəlbindən salıb itirdin,

Axtarıb tapmısan, barı sev indi.

 

LENT

25 İyul 2017
24 İyul 2017
23 İyul 2017
22 İyul 2017
21 İyul 2017