“Uşaqlar maşınımı əzib, özümü təhqir etdilər” MÜSAHİBƏ

 

 

Uşaqlığımızın xarizmatik film qəhrəmanıdır. Bir-birinin ardınca çəkildiyi filmlər Azərbaycan kinosunun tarixidir. Yalnız “Arşın mal alan”da Süleymanı xatırlatmaq yetərlidir ki, qalan rolları gözlərimiz qarşısında sıralansın. Bir sözlə, xalq artisti Hacı Murad Yegizarovla hələ xəstəxanaya düşməmiş söhbətləşə bilmişdik.

 

-Sizi axtardım, dedilər Almaniyada yaşayırsınız, yeni tamaşanın məşqlərində iştirak etmək üçün Bakıya gəlmisiniz ?

 

- Mən yox, xanımım, uşaqlarım Almaniyada yaşayırlar. Mən gedib-gəlirəm.

 

- Yəqin bu yaşda belə iki ölkə arasında qalmaq asan deyil.

 

- Çətindir əlbəttə.

 

- Bu barədə yenə danışacayıq, hələlik bir az uşaqlığınıza səyahət edək, hansı mühitdə böyümüsünüz, ailəniz kim olub?

 

- Bakıda doğulub böyümüşəm, köklü bakılıyam. Atam hərbiçi olub, anam müəllimə idi. Atam dağıstanlıdır, anam Şamaxı xanı Mahmud Əliyevin nəvəsidir. Ata tərəfimin hamısı ya diş həkimləri idilər, ya da zərgərlər.

 

- Yəni əlləri qızılla oynayırdı?

 

- Hə, ana tərəfin isə əksəriyyəti dövlət qulluğunda olublar. Nazir, diplomat. Dayım da diplomat idi, istəyirdi ki, mən də onun yolu ilə gedim. Nəslimdə-kökümdə incəsənət adamı olmamışdı mənə qədər. Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam.  

 

- Orta məktəbin sonuncu sinfində məktəbin dram dərnəyinə düşdüm, görkəmimə görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm, ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyləyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm.

-          

- Ələsgər Ələkbərovdan xahiş etmişdilər ki, baxsın görsün mənim incəsənətə bir aidiyyatım var, ya yox. O, da baxdı tamaşaya və ailənin içində mənə dedi ki, sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm.

 

- Beləliklə sənədlərimi verib İncəsənət İnstitutuna qəbul olundum. Elə birinci kursda Ələsgər Ələkbərov məni “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum üçün o rola məni götürmədilər, filmdə bir partizanı oynadım. Ondan sonra “Ögey ana”da çoban obrazına çəkildim.

 

- Ələsgər Ələkbərovla bir yerdə.

 

- O illər ərzində hansı filmə çəkildimsə Ələsgər Ələkbərovla bir yerdə çəkildik. “Böyük dayaq” da həmçinin. Təhsil aldığım illərdə bir-neçə filmə çəkilmişəm. “Böyük dayaq”da Şirzad diplom işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir cənub şəhərində”, “Arşın mal alan”. Əsasən Eldar Quliyevin filmlərində çəkilirdim, çünki uşaqlıq dostum idi. Həyatımda üç dəfə jurnalist obrazında oynamışam. “Həyat öyrədir”, “Əsas müsahibə”, “Bir cənub şəhərində ”.

 

- “Arşın mal alan”da Süleyman roluna çəkilmək deyəsən öz istəyiniz olub?

 

- Tofiq Tağızadə ssenarini mənə oxumağa verdi, oxudum və ondan xahiş etdim ki, Süleyman rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu rolla öz köklərimə qayıdırdım. Öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı.  

 

- İlk sınağınız alınmasa da film taleyiniz uğurlu oldu.

 

- Hə bir-birinin ardınca kinolara çəkildim, 35 film “Azərbaycanfilm”in istehsalıdır. NTV-nin Azərbaycanla birgə istehsalı olan “Dronqo”da nazir müavini , iki Gürcüstan filminə çəkilmişəm, iki filmə də Almaniyada rol almışam. “Şpeyer və o” filmində Sovet polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmində Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada “Məkkə” adlı filmdə də çəkilmişəm, onu azərbaycanlı çəkib.

 

- Son illər deyəsən nazirləri, ya da çekistləri oynayırsınız.

 

- Hə, elə çıxır.     

 

- Rus Dram Teatrı yeganə iş yeriniz olub, teatrı heç vaxt dəyişməmisiniz.

 

- Hələ tələbə ikən burda işləməyə başlamışam. O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu da mənim həyatım.

 

- Təqaüdə çıxmamısız.

 

- Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram.

 

- Dövrünüzün xarizmatik aktyoru olmusunuz, çox populyar idiniz, o dövrlə indinin arasında həyatınızda nələr dəyişib?

 

- Çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələcəyə, kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər, amma dolanışıq yox idi.  Bizi Sovet dövlətimiz istismar edirdi. İndi heç olmasa çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq. Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, amma Allaha şükür prezident təqaüdü alırıq. Fəxr etdiyim bir məqam var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik yetişməkdədir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da gözəl haldır. Bir-birinin ardınca teatrlar təmir olunur. Azərbaycan çox inkişaf edir. Hayıf ki, bizim həyatımızın çox uzun bir hissəsi keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük bir nəsil kadrları itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir.

 

- Qayıdaq əvvəlki söhbətimizə, Almaniyada yaşayan ailənizdən danışırdıq. Artıq söhbət əsnasında anlaşıldı ki, siz niyə həm Bakıda, həm Almaniyada yaşayırsınız, çünki Bakısız qala bilmirsiniz

 

-Düzdür, cəmi on gün sonra Bakı üçün necə darıxıramsa özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək olmur – vətəndir, vəssalam. Gəlirəm məzarlığa gedirəm, əzizlərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq məzarüstü düzəltdirə bilməmişdim. Mənimki belə gətirib ki, atam da olub, atalığım da. O, böyük elm adamı idi, bu il ona layiq məzarüstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm. Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur.

 

- Amma ailənizdən də uzaq yaşaya bilməzsiniz

 

- Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qorxuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki, onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsinlər. Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər Universitetində təhsil alıb. Demək olar ki, dörd dil bilir.   

 

- Ailəniz niyə getdi Bakıdan, eşitdim ki, hələ 90-cı illərdə sizin özünüzü də Almaniyaya dəvət ediblər, amma sənədinizi məcburi köçkün kimi tərtib etmək şərti ilə razılaşmamısınız?

 

- 90-cı illərin əvvəli idi, xaos hökm sürürdü. Mən maşınımı saxlayıb teatra girmək istəyirdim, bir-neçə nəfər əllərində zəncir kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim ki, uşaqlar bağışlayın, mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra bir də gördüm arxadan dəhşətli səslər gəlir, çönüb gördüm ki, maşınımı salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi onun altına. Maşından əsər-əlamət qalmadı, qayıtdım geri, məni aldılar mühasirəyə təhqiramiz ifadələr işlətdilər. Həmin məqamda əlimdə avtomat olsa biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım. İllər keçdi mən “Sovetski”də böyümüşəm, dostlara bu məsələni danışdım, onları çox sərt cəzalandırdılar.

 

Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif elədi ki, gəl, burda səni də ailəni də işlə, evlə təmin edirik qal. Dedi ki, çox az qalıb Sovetlər Birliyi dağlmaq üzrədir, səni burda məcburi köçkün kimi sənədləşdirək, bir dənə o sözə görə getmədim. Mən bakılı, azərbaycanlı kimi bunu edə bilməzdim. Ailəmin isə təhlükəsizliyi üçün onları göndərdim. Həqiqətən də çox keçmədi Sovetlər Birliyi dağıldı, o vaxt bu heç ağlagəlməzdi. Mən elə bir ömür yaşamışam ki, heç kimi alçaltmamışam, satqın olmamışam, satılmamışam, sülh adamıyam. Müharibə olmasın, öz sənətimizlə məşğul olaq.

 

- Bu yaşda sizi nə xoşbəxt edə bilər?

 

- Uşaq gülüşü.

 

LENT

25 İyul 2017
24 İyul 2017
23 İyul 2017
22 İyul 2017
21 İyul 2017