“Ağabəyovlar”: Psevdomillətçiliyin serial versiyası

“Ağabəyovlar” serialını izlədim. Zəhmət çəkən hər kəsin əməyinə çox böyük sayğı duyuram. Fəqət, deməliyəm ki, “Ağabəyovlar” serial deyil, sadəcə deklamasiya, pafosdur.

Bir az daha dəqiq ifadə etsək, “Ağabəyovlar” ANS-in adət etdiyimiz mübaliğəli vətənpərvərlik bədii həllinə uğursuz cəhdidir.


****

Azərbaycan televiziya məkanında “ilk”lərə imza atmağıyla öyünən, bunu yeri gəldi-gəlmədi deyən, hətta az qala başımıza qaxınc edən ANS kanalı sentyabrda çəkdiyi serialın təqdimat mərasimi ilə növbəti “ilk”i gerçəkləşdirdi.

Telekanalın serialın təqdimatını keçirməsi, kanalın başbilənlərinin təqdimata qatılması, avtobuslarda, metroda posterlərin yayılması belə təəssürat yaradırdı ki, Azərbaycan səviyyəsində çox ciddi, sanballı bir layihə ilə tanış olacağıq.

“Bakı Film” kinostudiyası tərəfindən istehsal edilmiş serialın ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir (Ssenari müəlliflərindən biri Kamran Qasımovdur).

“Ağabəyovlar”in süjeti dörd ailəni bir-birinə bağlayan əhvalata əsaslanır. Ağabəyovlarun malikanəsində İldırım Ağabəyovun (Telman Əliyev) oğlu Farik (Rüfət Nəzərov) naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə Ağabəyovun kiçik qızı Ləmanın (Mina Sovetski) sevgilisi, Murad (Rövşən Məmmədli) təqsirli bilinərək həbs edilir. Beş ildən sonra azadlığa çıxır. Artıq nişanlanmış Ləmanın və bütün Ağabəyovların həyatı bundan sonra dəyişir.

Süjetdən də bəlli olduğu kimi bu, son dərəcə ciddi, hətta qətl hadisəsinin baş verdiyi dramdır. Ancaq tamaşaçıya ciddiliyi, dramatizm hissini təkcə quru süjet yox, süjetin necə, hansı şəraitdə nəqli, məsələn, hadisələrin baş verdiyi məkanın atmosferi, interyeri, quruluşu, rənglər də verməlidir.

Malikanənin interyerini görəndə yadıma sovet kinoindustriyasının ən uğurlu uşaq filmlərindən biri “Buratinonun macəraları” düşdü. Divara vurulmuş, gülə oxşar bəzək əşyaları, pəncərənin çərçivəsi, naxışları, malikanə salonunun rəngi (sarı və firuzəyi rəngin bu qarışığına ruscada “salatovıy” deyilir, bizim dildə dəqiq tərcüməsi yoxdur, alimlərin təcrübələr əsasında gəldiyi qənaətə görə, bu rəng uşaqların əsəb sistemi üçün faydalıdır) - sakitliyi, rahatlığı ifadə edir və hadisələrin gərginliyi ilə heç cürə uyuşmur, istər-istəməz qeyri-ciddi reaksiya doğurur.

İTV-də “Yelenanın kabusu” adlı Latın Amerikası serialı yayımlanırdı. Müəmmalı, qorxunc hadisələrin, qətllərin baş verdiyi serialda əsas qəhrəmanların malikanəsi də süjetə uyğun vahiməli, skeptik, təhlükəli təəssürat yaradırdı.

Serialın növbəti bölümlərində malikanə yanır, yerində işıqlı, xoş əhval gətirən ev tikilir. Bu həm də müəmmalı hadisələrin bir qədər aydınlaşması ilə üst-üstə düşür. Təbii ki, müəlliflərin evi “yandırması” təsadüfi xarakter daşımırdı.

Ağabəyovun iş otağının pəncərəsindən real həyatın əlamətlərinin yox, ara-sıra hərəkətdə olan abstrakt təsvirin görünüşü, hadisələrin bir qisminin baş verdiyi kafenin son dərəcə şərtilik hissi verən dekorasiyası, mənsub olduğu təbəqədən asılı olmayaraq personajların hamısının kiçik kafedə görüşməsi, ümumiyyətlə bütün sadalananlar serialın pavilyonda çəkildiyini göstərir.

Telekanal rəhbərliyinin dediyinə görə, «Bakıfilm»in pavilyonu Qafqazda böyüklüyü ilə seçilir. Amma ekrandan gördüklərimiz, serialdakı geniş miqyaslı hadisələrlə müqayisədə məkan darlığı təəssüratını yaradır.

Daha pisi odur ki, serialın həyatiliyi, özünəməxsus ritmi, atmosferi, siması yoxdur. Vəziyyətlərdə, təsvirlərdə, dialoqlarda, aktyor oyunundakı teatrallıq səbəbindən teledramın təbiətini duya bilmirik.

Deməli, rejissor işi alınmayıb. “Santa-Barbara” serialında Meyson obrazının ifaçısı Leyn Deyvisin serialın aktyor heyətinə keçdiyi treninqləri də həmçinin.

Məsələn, Ləman iztirab çəkən qadından çox, şıltaq qızcığaza bənzəyir. Həbsdə olan sevgilisinə məktub yazanda onun üzündə əzabın ifadəsi yox, biveclik oxunur.

Müəlliflər jurnalistlərin hüquqlarından tutmuş ta şou biznesə qədər müxtəlif mövzuları əhatə etməyə çalışıblar. Xüsusən də vətənpərvərlik mövzusu hər səhnədə qabardılır. Qısaca desək, “Ağabəyovlar” ANS-in televiziya konsepsiyasının serial versiyasıdır.

Təsəvvür edin ki, polis idarəsində “Davay do svidaniya” meyxanası səslənir. Maraqlıdır, bu, ANS sayağı “qara yumor”dur, yoxsa “De, gəlsin”in təbliğatı?

Ləmanın underground stilindəki yataq otağında isə Azərbaycan bayrağı yellənir.

Dialoqlar çox ibarəlidir:

1. Meşşan qadın qızı ilə şəxsi məsələləri müzakirə edəndə deyir: “Kaş ki, nə vaxtsa Şimali Azərbaycanla Cənub Azərbaycan bax, beləcə birləşəydi. Dərdimiz birdi, ikidi məgər”.

2. - Londondan qayıtmışıq. İnsanlar necə azad, asudə həyat yaşayırlar. Adam istəyir, lap köçsün burdan.

- Bəs burda kim qalsın? Papa nə qədər istədi məni Londona göndərsin. Mən də getmədim.

- Vətənpərvərlik...

- Bilmirəm... Sadəcə olaraq buranın rüşvətxor müəllimi də mənim üçün doğmadır.

3. Səhnələrdən birində jurnalistlər gecə saatlarında Ağabəyovların qapısının ağzını kəsdirib, Ləmandan həbsdən buraxılmış keçmiş sevgilisi ilə bağlı xəbər öyrənmək istəyirlər. Xanım personajlardan birinin “nə istəyirsiz?” sualının cavabında ANS-in “Biz hər yerdəyik” sloqanı belə “traktovka” olunur: “Makiyajla fitness arasinda qəzet oxumusuzsa Azərbaycan artıq azad bir ölkədir. Jurnalistlər istənilən vaxt istənilən yerə gedə bilərlər”.

Jurnalistin vəzifə borcudur ki, toplum, ölkə üçün vacib, əhəmiyyətli hadisələr baş verəndə, günün istənilən saatında hadisə yerində olsun. Amma jurnalistin gecə saatlarında fors-major situasiya olmadan, hələ bir şəxsi məsələ ilə bağlı ailəni narahat etməsinə “söz azadlığı” donu geyindirilməsi absurddur, ən azı peşə etikasına ziddir.

Premyeradan əvvəl müəlliflər “Ağabəyovlar”un digər Azərbaycan seriallarından ciddi şəkildə fərqləndiyini qeyd etmişdilər.

“Ağabəyovlar” doğrudan da çox mənalarda “fərqlənir” və həmin “fərqlilikləri” ilə də “Pərvanələrin rəqsi”nə uduzur.

Sevda Sultanova

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
16 Mart 2019