Bacısıyla öpüşən qardaş... 90-LAR

Bacısıyla öpüşən qardaş... <span style="color:red;">90-LAR
1 sentyabr 2014
# 12:44

Kulis.Az “90-lar” layihəsindən Gülnarə İlhamın “Beşcə saniyəlik arzu” yazısını təqdim edir.

Layihənin digər yazıları:

Qan Turalı. “Atalarımızın erməni sevgililəri”

Şəhriyar del Gerani. “Qvadalupenin şalvarındakı inqilab”

Nuranə Abbasova. “Qızlarımızın evdə qalmaq qorxusu”

"G + ... = sevir" yazan vaxtlarım idi. Evimizin bütün kişiləri "Astra" qoxuyardı. Mahsun Kırmızıgül, Özcan Deniz, ən pis halda İbrahim Tatlısəs zəng edərdi bizə. İnanmırsınız? Hə vallah! Elə mən də inanmırdım.

Özünün səsini doğru-dürüst eşitmədiyim cayıl oğlanların "Haydi söyle, onu nasıl sevdiyimi..." mahnısından sonra onların boğazını arıtlayıb sözə başlamaq istəyi "İt oğlu, dədən anan ölsün!" - cavabı ilə yarıda qalardı. Növbəti zəngində "Allahım, neydi günahım?!" mahnısının səsi ilə cingildədərdi qulağımı.

Elə bilirdim dünyanın ən gözəl qızı mənəm. Ta ki əndamı yanmış Vikini ("Mehriban düşmən" serialındakı Cici Zancetta) görənə kimi. Elə bundan sonra paxıllığın, həsəd aparmağın nə olduğunu bildim. Təsəvvür edin ki, əmiqızılar, bir-iki qonum-qonşu da yığılıb birlikdə baxardıq. Vikiylə Xulio (Qilyermo Davillo) març-murçla öpüşəndə böyüklər üstümüzə qışqırmamış sivişib çıxardıq aradan. Öz aramızda müzakirə edərdik onların öpüşməyini. Nəhayət, onları "başa saldım", ay qızlar, onlar bacı qardaşdırlar. Yoxsa Viki namuslu qızdır, yad kişi ilə öpüşməz.

Həyatdakı ən çətin sınağım "rezinka" oyununda üçüncü mərhələnin üçünü keçmək idi. Boyumun balaca olmağına baxmayın. O hündürlüyə mənim qədər səlis atlanan qız yox idi aramızda.

İndi deyəcəyəm, amma bilirəm ürəyinizdə "gop eləmə!" deyəcəksiniz. Deməli, "Çiləmə" oyununda (əslində bu oyunun adını Jalə Mütəllibovadan soruşdum. Çünki, biz tərəflərdə ona "Lemka" və ya "Çilik" deyirlər) heç bir oğlan mənimlə baş edə bilməzdi. Bir dəfə dayanmadan 82 "çu", yəni - 164 dəfə vurmuşdum. Amma, bu, mənə baha başa gəldi... Anamgil təcili yardım çağırası oldular.

Küçədə sevmədiyimiz uşaqlardan erməni "düzəldib" dava-dava oyununun "postlarını" qururduq. Erməniyə nifrət edirdik, amma düşmənin nə demək olduğunu hələ düz-əməlli qanmırdıq. Əsl silahların səsini eşidir, amma saxtasını düzəldirdik. Kim ağzı ilə yaxşı gurultulu səs çıxarırdısa, fərz edirdik ki, pulemyotdur. Təbii ki, qızların əlindəki ancaq "xırda çaplı" silahlar idi.

Müharibənin dərd-sərini üç saatlıq unutdurmaq üçün həftənin birinci günü Az TV xalqa mütləq hind filmi ərməğan edərdi. Rahula (Şahrux Xan) da elə onda vurulmuşdum. Elə ki, hind filmi başladı, rayonun işıq idarəsinin işçilərinin günü qara olardı. İşıqlar hər on dəqiqədən bir sönüb yanardı. İşıq yananda görərdim ki, Rahul bütün pis adamları qırıb batırıb, polislər gəlsə də onlara ehtiyac qalmayıb, sevgilisini sinəsinə sıxıb "bıdış-bıdış"la yerə sərdiklərinə tamaşa edirlər. Mən də göz yaşımı silib ürəyimə daş basardım.

Məmmədlər, Nizamilər çıxanda sovet qəpikləri uşaq- muşaq əlinə keçdi. Qapı-qapı düşüb oynama üçün qəpik yığırdıq qohum-əqrəbadan. Hər axşam sayıb yatırdıq ki, bacı-qardaşımız gecə oğurlasa, xəbərimiz olsun.

Hələ birində mənə kələk gəlmək istəyən qonşu oğlana, yalan olmasın, Məhəmməd Əlinin yumruğundan ilişdirmişdim.

Nə isə... Uzunçuluq etməyim. Ürəyim götürmür. Bilirəm bu layihəyə yazanlar olacaq. Onlara da yazılası nəsə qalsın istəyirəm.

80-də xəmirimiz yoğrulub, 90-da kündəmiz tutulub. Bütün çətinliklərə, çörəyin talonla verilən dövrünə düşməsinə rəğmən uşaqlığımı, keçmişimi, çox yox, beşcə saniyəlik də olsa qucaqlamaq istəyərdim...

# 5344 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #