Məşhur yazıçının toy biabırçılığı

Məşhur yazıçının toy biabırçılığı
27 avqust 2014
# 12:54

Beş kitabın müəllifi, yeddi romanın tərcüməçisi, otuzdan artıq kitabın redaktoru, iki yüzdən artıq essenin yazarı Munis Musabəyli toyxana girəndə heç də ümid etmirdi ki, qonaqlar hamısı dərhal onu tanıyacaq, barmaqla bir-birinə göstərəcəklər. Ancaq o, ən azı oğluna toy edən bibioğlusunun və məclisdəki digər qohumların diqqət mərkəzinə düşəcəyini, rəğbətlə qarşılanacağını, başdan oturdulacağını güman edirdi. Hətta o gözləyirdi ki, biri qohumları onu görcək öz masalarından qalxıb gələcək, onunla görüşüb hal-əhval tutacaqlar. Axı öz nəslinin ən oxumuş adamı, adlı-sanlı ziyalısı o idi, şöhrəti də, Allaha şükür, ölkə xaricinə çıxmışdı. Tez-tez xarici ölkələrə dəvət olunurdu, bir neçə xarici universitetin fəxri professoru, xaricdə üç-dörd akademiyanın müxbir üzvüydü.

Qohumlardan heç kəs onun masasına yaxın gəlmədi, bəziləri eləcə, başlarını tərpədib uzaqdan-uzağa yapon “xoş gördüyü” etdilər, bəziləri əllərini qaldırıb hind salamı verdilər, bir çoxları da azərbaycanlı ağayanalığı sərgiləyərək, qosqoca ziyalını görməzliyə vurdular. Qohumların hamısı öz işində, yemək-içməyində və deyib-gülməyində idi. Munis Musabəyli ilk pərtliyini yaşadı. Əlli yaşının astanasındaykən ölkənin tanınmış yazıçısı, məhsuldar tərcüməçisü, cəsarətli publisisti, müdrik analitiki, sərrast redaktoru olmasına baxmayaraq, doğmaca qohumlarının bu saymazlığı ona yer elədi. Hətta Munis müəllim bu saymazlığı özlüyündə qanacaqsızlıq, gönüqalınlıq kimi təsbit elədi. Bununla belə, hörmətli ziyalı var qəsdi ilə çalışdı ki, bu, onun üzünə çıxmasın. O, toy əhlinə baxa-baxa fikirləşdi: “Vay dədəə, bunların təkinin də mənim yazdıqlarımdan xəbəri yoxdur, ulaq kimi yaşayırlar, get naxıra, gəl axura. Qəzet, kitab arası açdıqları yoxdur”.

Munis Musabəyli düşündü ki, özcə qohum-əqrəbasından sayğı və diqqət görməsi üçün ya gərək nazir, deputat səviyyəsində vəzifəsi olmalıdır, ya da ən azı Nobel mükafat- zad alıb dünya şöhrətinə sahib olmalıdır ki, bu zırrama yığnağı belədə bir məşhur qohumları olduqlarını bilsinlər, qürur duymaqları başlarına dəysin, heç olmasa, mövcudluğundan xəbərləri olsun.

Möhtərəm ədib ikinci pərtliyini oturduğu toy yiyəsinin müşayiətilə gələn gənc qohumlardan birinin əyləşdirildiyi zaman yaşadı. Həmin gənc Munis Musabəylinin əmoğlusunun oğlu idi və onlar bir-birini çoxdan tanıyırdılar. Əvvəllər bir-iki hüzr yerində görüşmüşlükləri olmuşdu. İnsafən, otuz civarında yaşı olan gənc hörmətli yazıçıyla mehribancasına, istiqanlı-istiqanlı görüşdü və yerində oturan kimi Munis Musabəylinin qəzetlərdə çıxan məqalələrinə işarə edərək irişə-irişə sarsaqladı:

-Minus əmi, o gün qəzetdə sənin yazını gördüm. (Hı-hı-hı). Şəklini də vurmuşdular qəzetə. Amma sən Allah, bizim şirkətdən yazma ha.

Ölkənin ən öndə gedən analitiklərindən, publisistlərindən biri olan və ayda ən azı dörd dəfə müxtəlif qəzetlərdə müəllif yazısıyla çıxış edən Munis müəllim gədənin ona “Munis” əvəzinə “Minus” deməsini cahilliyinə, on ildən bəri sürücü işləməsinə keçdi, amma yeni başlayan reportyor-müxbir yerinə qoyularaq, “bizim şirkətdən yazma ha” xəbərdarlığına məruz qalmasını həzm eləyə bilmədi və qərara gəldi ki, gənci sancıb yerində oturtsun. O, onsuz da ciddi olan sifətinə bir az da ciddiyyət, hətta turşluq verərək mandat aldıqdan sonra seçicisiylə danışan deputatlar dəstiri yuxarıdan getdi:

- Bala, əvvəla, mən heç sizin şirkətin adını da bilmirəm. İkincisi jurnalist deyiləm, qəzetdə işləmirəm. Akademiyada işləyirəm, yazıçı-publisistəm. Üçüncüsü, deyəsən, sən də atan kimi “günəş”i... (o burada mənalı bir pauza verdi) “güləş” oxuyursan.

O, “Akademiyada işləyirəm” sözünü elə vurğuyla dedi ki, gənc qohumunun yanındakılar da eşitsinlər və onu sıradan jurnalist, reportyor yerinə qoymasınlar, oğlan da onu səhv saldığına, bir az əvvəl eşşəkliyə yol verdiyinə pərt olsun. Onun bu sözlərini eşidən masa qonşuları pıqqıldaşdılar.

Munis Musabəylinin gözlədiyi kimi oldu. Şirkətinin təəssübünü çəkən və yazıçı qohumuyla mırtlaşmaq istəyən gənc pərt oldu, amma eyni zamanda ziyalı əmisinə “mən də bunu adam yerinə qoyub söz deyirəm” mənasında nəzər salaraq toyuq soyutmasına girişdi.

Məclis getdikcə qızışırdı. Oğlan və qız tərəfinin qohumları rotasiyalı qaydada, növbəylə tamadanın yanına gedir, axırı “Allah xoşbəxt eləsin”lə bitən trafaret sağlıqlarını deyib, musiqi sifariş verir, öz əzizlərini qaldırıb oynadırdılar. Cəmi iki dəqiqədən sonra toyda nə qədər oynamaq istəyən vardı, ortalığa dolurdu, ara qarışır, məzhəb itirdi. Çalğıçılar, müğənni dəbdə olan ara mahnısını təkrar-təkrar çalıb-oxuyurdular.

Hörmətli ziyalı Munis Musabəyli adəti üzrə süfrədə olan təamlardan yavaş-yavaş nuş edir, əllərində yemək dolu məcməyilərlə ortalıqda o başa-bu başa şütüyən gənc ofisiantlara, masaların üstünə tığlanmış yeməklərə baxır, salat, isti xörək, çərəz, meyvə və içkilərin əlindən mobil telefon qoymaq üçün yer tapa bilməyənlərə tamaşa edir və bütün humanist ziyalılar kimi aclıq çəkən ölkələrdəki yalavac insanları düşünürdü: “Vəhşi milləti vəhşi. Bu qədər yeməyi hayıf edib zibilə tökəcəklər”.

O bu düşüncədəykən bibisioğlu onun üçün çox əziz bir adamı kürəyinə şappıldada-şappıldada, fotoqraf önündə “çiiiiz” deyn ingilislər kimi irişə-irişə gətirib, düz onun yanındakı boş stula əyləşdirdi. Bu da qohumlardan idi, üstəlik, Munis Musabəylinin sinif yoldaşı olmuşdu – səkkizinci sinifə qədər. Sonra o, peşə məktəbinə oxumağa getmişdi, Munisgil isə təhsillərini davam etdirib universitetə daxil olmuşdular. Ancaq bibisioğlunun adı İxtiyar olan bu qohumu bu qədər hörmət-izzətlə gətirməsindən elə çıxırdı ki, bu adam peşə məktəbində yox, Harvardda, Oksfordda oxuyub və heç də məzun olmayıb, qalıb oralarda dərs deyir. Allah tərəfi, İxtiyarın əynindəki kostyum, köynək və qalstuk, ayağındakı ayaqqabı və əlindəki mobil telefonu və maşın açarı ondan xəbər verirdi ki, adamın maddi imkanı Harvard universitetini bitirərək Beynəlxalq Valyuta Fondunda mühüm post tutanlarınkından əskik deyil.

Ancaq Munis Musabəyli paxıl adam deyildi, ona görə də keçmiş sinif yoldaşının, uzaq qohumunun (onların ataları xala nəvəsiydilər) bu mərtəbəyə yüksəlməsindən, “Burda mənəm, Amerikada mister Smit” deyə çığıran rifah halından pərt olmadı, əksinə, çox sevindi. Üçüncü və sonuncu pərtlik məsələsi sonra oldu.

Əvvəlcə onlar baş-başa verib xeyli söhbətləşdilər. Azı on il idi görüşmürdülər. Munis Musabəyli ona qazandığı uğurlardan, yazdığı, çevirdiyi, redaktə etdiyi kitablardan, dəvət olunduğu xarici səfərlərdən, övladlarının təhsildə qazandığı müvəffəqiyyətlərdən danışdı və sinif yoldaşının haralarda olduğu, nə iş gördüyü ilə maraqlandı. O da öz növbəsində xəbər verdi ki, maklerlik edir, arada bir neçə milyonluq villalar alqı-satqısına vasitəçilik etdiyi də olur, amma son vaxtlar daha villaları özü tikib satır. Bir sözlə, iş adamıdır. Xalanəvəsi bunu deyərkən təşəxxüs də satdı, amma sonra daha da qürrələndi, dedi ki, özünün də villası var, hazırda “BMV X5” sürür, amma satıb “Qalenvagen” almaq istəyir.

Orta məktəbi diricə “5” qiymətlə oxuyan, universiteti qırmızı diplomla qurtaran Munis Musabəyli ilə onun orta məktəbdə oxuyarkən bir “3” belə almayan, ümumiyyətlə, cəmi bir dəfə tarix dərsində müəllimin israrıyla qabağa çıxan, onda da “Simon Bolivar qul oğlu qul idi və gijqulunun biriydi” (bunu da uşaqlar yerdən pıçıldamışdı) deyən və bunun üstündə müəllim tərəfindən döyülən İxtiyarın maddi durumları arasındakı disbalans istedadlı ziyalını yenə pərt eləmədi. O düşündü ki, çox pul qazanmaq üçün əsas amil heç də savad və istedad deyil, fərasət və bəxtdir, maşallah, fərasətli İxtiyarın da bəxti gətirib.

Daha sonra onlar toya nəmər yazdırmaq üçün foyeyə çıxdılar, hərəyə əlli manat yazdırdılar və divanda oturaraq ordan-burdan danışmağa başladılar. İxtiyar kiçik oğlunu Londonda oxutmaq istədiyindən danışdı və dedi ki, Munis müəllim orda tanış tapa bilərmi, nə qədər lazımsa pul verəcək, təki gədə Londondakı yaxşı universitetlərdən birinə girsin.

Munis müəllim zarafata salıb soruşdu ki, barı onun oğlu Simon Bolivarı tanıyırmı. O zarafat çox təkrarlanmışdı deyə makler İxtiyar Munisin hansı simi tərpətdiyini anındaca anladı, xəfifcə pərt oldu, amma zarafata salıb dedi ki, namxuda, hazırda onun Simon Bolivarı tanımayan atasının qapısında qulları var, oğlan da atasından əskik kişinin oğlu deyil, o da qabağa gedər, inşallah. Sonra o, tərbiyə və qanacağına uyğun olaraq, Munis müəllimin ayda nə qədər qazandığını soruşdu. Tanınmış ziyalı ağzını sürüdü. Fərasətli makler özü təxmin elədi:

-Yəqin ayda iki-üç min olar.

Bu, Munis Musabəyli qazancının iki mislindən də artıq idi, amma yazıçı-publisist bu rəqəmi nə təsdiq, nə də təkzib etmədi. İxtiyar isə lovğa-lovğa əlavə etdi:

- Yəni ildə qde-to iyirmi min qazanırsan də. Amma bax, dünən bir əməliyyat elədim, iyirmi beş min qaldı.

- Allah canını sağ eləsin, - Munis müəllim pərtləşmədən dilləndi.

Məclis lap qızışmışdı. Sağlıqlar, tostlar, xoşbəxtlik arzuları bir-birini əvəz edirdi. Oynayanlar qan-tərin içindəydilər, amma eyni şövqlə davam edirdilər. Onlar doxsan dəqiqə ərzində dayanmadan qaçan (aradakı on beş dəqiqəlik fasilə istisna olmaqla) futbolçulara oxşayırdılar. Sanki bir qədər az, zəif oynasalar, gələn dəfə məşqçi onları ilk onbirdə meydana buraxmayacaqdı. Bu vurhavurda Munis Musabəyli umurdu və gözləyirdi ki, ona da söz verəcəklər və o mikrofona yaxınlaşmaqda ikən tamada onu nəslin ən görkəmli ziyalısı, on iki kitabın müəllifi kimi təqdim edəcək, o da yaxınlaşıb adına, tituluna yaraşan şəkildə gözəl bir tost deyəcək. Hərçənd həmin tostun da sonu “Allah xoşbəxt eləsin”lə bitəcəkdi, amma istedadlı qələm adamı fikirləşirdi ki, bundan əvvəl qızıl xırdalasın, toy əhlini mat qoysun. (O, diqqətli olsaydı, görərdi ki, toy əhli ondan qabaq qısa və uzun-uzadı danışanları heç birinə qulaq asmır).

Munis Musabəylinin tost demək növbəsi gecikirdi. Ancaq nəhayət, budur, tamada “diqqət, diqqət” deyə toy iştirakçılarının nəzərini özünə çəkdikdən sonra növbəti hörmətli ziyalının təqdimatına başladı:

- İndi isə bəylə gəlini təbrik etmək üçün sözü bəy tərəfinin ən sayılıb-seçilən, ən görkəmli ziyalısı...

Bu yerdə Munis Musabəyli dodağını salfetlə quruladı və stulunu azca geri çəkdi ki, rahat çıxıb çalğıçıların yanına gedə bilsin.

- ... ölkəmizdən kənarda da tanınan...

Munis Musabəyli təvazökar görkəm aldı və yüz metrə qaçası atletlər kimi belini dikəltdi.

- ... qohum-əqrəbasının, elinin sevimlisi olan İxtiyar müəllimə verirəm. Qoy İxtiyar müəllim gənclərə öz xeyir-duasını versin. Buyurun, İxtiyar müəllim. Xahiş edirəm İxtiyar müəllimi alqışlayaq.

Adda-budda alqışlar səsləndi, amma çəpik çalanlar sanki Munis Musabəylinin suratına və artıq keçəlləşməkdə olan başına qapaz çəkirdilər.

Böyük ziyalı çox pərt oldu və artıq pərtliyini gizlədə bilmədi. Məşhur inqilabçı Simon Bolivarı “qul oğlu qul və gijqulu” adlandırdığına görə döyülən “görkəmli ziyalı İxtiyar müəllim”in ardınca o da qalxıb şadlıq evinin qapısına tərəf, orada var-gəl edən, tez-tez tamadaya kağız yazıb verən, qonaqları qarşılayan, yola salan, toy əhlinin yemək-içməyilə ilgilənən bibioğlunun yanına getdi, əyilib onun qulağına dedi:

- Allah oğlunu xoşbəxt eləsin, bibioğlu. Daha mən gedim, bir vacib işim var.

Bibioğlu yalandan canfəşanlıq edərək:

-Bıy, ə, nə tez gedirsən, tamadaya demişdim, sənə də söz versin ey, - dedi və riyakarcasına gülümsədi.

Munis Musabəyli bu dəfə pərtliyini boğa bilmədi, amma gülümsəməkdə davam edərək dedi:

- Yox, bibioğlu, İxtiyar müəllim kimi böyük ziyalılar olan yerdə mənə söz demək düşməz. Kimin nəslində o cür böyük makler var. Hələ “Qalenvagen” də alacaq.

Deyəsən, bibioğlu bu sözləri ciddi qəbul etdi, çünki dönüb qürurla artıq “Allah xoşbəxt eləsin, oğullu-qızlı olsunlar” deyə, toylarda ildə 365 min dəfə səslənən unikal tostu səsləndirən İxtiyar müəllimə baxdı və başını tərpətdi.

Yaranmış pauzadan istifadə edən Munis Musabəyli toy sahibindən soruşdu:

- Sən Simon Bolivarı tanıyırsan?

Bibioğlu:

- Yox, - dedi və soruşdu: - O da maklerdir?

- Hə, - görkəmli yazıçı dilləndi: - İxtiyar müəllimlə Harvardda bir oxuyub.

Bundan dərhal sonra o, sağollaşıb toyxananı tərk etdi və özünə söyüş qoydu ki, Nobel mükafatı almayınca bir daha onu it yerinə qoymayan qohum-əqrəbasının toyunda iştirak eləməsin.

# 6587 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #