Dahinin intiqamı

Dahinin intiqamı
25 avqust 2014
# 12:40

Yazıçılar arasındakı münasibətlər hər zaman öz maraqlı və qeyri-adi tərəfləri ilə insanların diqqətini çəkib. Dünya ədəbiyyatında bunun kifayət qədər örnəkləri var. Qöte və Şillerin, Dostoyevski və Tolstoyun, Hemenquey və Fisceraldın, Sartr və Kamyunun, Anna Axmatova və Mandelştamın arasındakı münasibətlər bu gün də ədəbi kluarların sevimli mövzusudur...

Bu münasibətlərdəki qeyri-adiliklər və xırda detallar olduqca maraqlıdır. Mənim diqqətimi çəkən ən maraqlı münasibətlərdən biri də XX əsrin iki böyük dahisi Ceyms Coys və Marsel Prustun arasındakı münasibətlərdir.

Deyilənə görə ədəbiyyatın iki əvəzsiz dühası cəmi bir dəfə qarşılaşıb.

1922-ci ilin may ayında Prust xidmətçisinin ərinin idarə etdiyi taksi ilə Ritzdəki bir bala təşrif gətirir. Bal İqor Stravnskinin musiqilərinin müşayiəti ilə keçirilirmiş. Prustun halı özündə deyil əslində, xəstədir, əhval-ruhiyyəsi pisdir. Təsadüfən həmin balda iştirak edən Ceyms Coysun yaxınlığındakı kresloda əyləşib istirahət etməyə çalışır. Onların bir-biri ilə danışmadığını görən ortaq dostlarından biri onları tanış etməyə çalışır. Çünki ortaq dostları bu görüşün ədəbiyyat tarixinə düşəcək mübahisə və müzakirələrə səbəb olacağını düşünürdü. Ancaq böyük yazıçı olmaq heç də söhbətcil və maraqlı həmsöhbət olmaq anlamına gəlmir...

Dostların unutduğu bir məqam var; böyük yazıçılar tənha, darıxdırıcı və söhbət etməyi sevməyən insanlardır.

Ortaq dostları Prust və Coys arasındakı söhbətə körpü salmağa cəhd edir və üzünü Coysa tutur:

- Yəqin ki siz “İtirilmiş zamanın axtarışında” əsərini oxumusunuz?

Coysu laqeyid halda cavab verir:

- Yox.

Uzun bir səssizlik yaranır. Ancaq ortaq dostları dahiləri danışdırmağa israr edir və üzünü Prusta tutur:

- Bəs siz? Yəqin ki, “Uliss”i oxumusunuz?

Prust da eyni şəkildə “yox” cavabını verir.

Söhbətin alınmadığını görən ortaq dostu yazıçıları danışdırmaqdan vaz keçir və məclisə qoşulur. Coys və Prust gecə boyunca sadəcə səhhətləri barədə mənasız laqqırtı vururlar. Deyilənə görə hər ikisi laqqırtını ədəbi söhbətə çəkməyə çalışır:

Prust:

- Müsyö, mən “Şvanların tərəfində” əsərimdə də bildirdiyim kimi, mütləq məni oxumusunuz.

Coys laqeydcəsinə:

- Xeyr, cənab.

Azacıq fasilədən sonra Coys dillənir.

- Müsyo, mənim “Uliss” romanımda Mister Blumun dediyi kimi, şübhəm yoxdur ki, məni oxumusunuz.

Cavab çox qısa olur:

- Xeyr, müsyö.

Deyilənə görə məclisdən sonra Coys ortaq dostlarına belə deyib: “Prust daha çox qraflarla söhbət edirdi. Mən isə daha çox onların xidmətçiləri ilə maraqlanırdım”.

Amma iki dahi arasındakı yeganə görüş bununla bitmir. Xəstə və əhval-ruhiyyəsi yerində olmayan Prust balı tez tərk edir. Prustu gözləyən taksi yerindən tərpənməmiş Coys təngnəfəs özünü maşına çatdırır və heç nə demədən Prustun yanında əyləşir. Maşın yerindən tərpənmədən Coys pəncərəni açır və siqarını yandırır. 11 yaşından ağır astma xəstəliyindən əziyyət çəkən Prust üçün təmiz hava və siqar tüstüsü ölümcül zərbəyə bərabər idi. Ceyms Coysun nə üçün belə etdiyini bilmirik, amma böyük ehtimalla o Prustdan şah əsərini oxumamağının heyfini çıxmağa çalışır. Hiss olunur ki, Coys bu qisas anını bütün gecə boyu planlayıb.

Halı pisləşsə də nəzakətli və kübar Prust Coysdan pəncərəni bağlamağı və siqarı söndürməyi xahiş etməsə də, Coysla söhbət etmir.

Prust evə çatdıqdan sonra sürücüsündən Coysu evinə aparmağı xahiş edir və onun qaba hərəkətinə nəzakətlə cavab verir. Əslində Prust Coysu Parisin küçələrində tək qoya bilərdi, ancaq yenə də böyüklük edir və bəlkə də aralarındakı yaş fərqinə görə (Prust Coysdan 11 yaş böyükdür) müdrik davranır.

Prust 1922-ci ildə, Coysla görüşdüyü il Parisdə vəfat edib.

Mənim üçün isə ən böyük sual budur: Doğurdanmı eyni dövrdə yaşamış, ədəbiyyat dünyasının iki qeyd-şərtsiz dahisi bir-birinin yazdıqlarına biganə idilər və oxumurdular?

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #