Yüz ilin casusu necə tələyə düşdü?-ARAŞDIRMA

Yüz ilin casusu necə tələyə düşdü?-<span style="color:red;">ARAŞDIRMA
21 avqust 2014
# 08:30

Kulis.az ən təhlükəli casuslarla bağlı yazını təqdim edir.

İlyas Bazna (Çiçero)

Səfirlə hamamda...

İlyas Bazna hələ o zamanlar Osmanlı torpağı olan Priştinada (Kosova), 28 iyun 1904-cü ildə doğulub. Atası öldürüldükdən sonra Bazna qaçqın kimi Türkiyəyə gəlir. Atasının öldürülməsində ingilisləri günahkar bilən İlyas Bazna opera aktyoru olmağı arzulasa da, pul qazanmaq ehtirası ilə faşist Almaniyası lehinə çalışan ən məhşur casuslardan birinə çevrilir. II Dünya Müharibəsi vaxtı Ankarada müxtəlif səfirliklərdə səfirlik işçilərinin əlaltısı olaraq çalışan İlyas Baznanın bu fəaliyyəti sonradan onun casusa çevrilməsinə böyük təkan olur. Frans fon Papenin Ankarada səfir olduğu dönəmdə İlyas Bazna ingilis kəşfiyyatı və Türkiyədəki ingilis əsgərləri ilə bağlı xeyli gizli məlumatı Almaniya səfirliyinə satır. İlyas Bazna Böyük Britaniya səfiri Hüqo Huqessenlə o qədər yaxın olur ki, səfir hamamda çimərkən də İlyas Baznanı yanından ayırmır və ona operalardan ariyalar oxuyurmuş.

Yüz ilin casusu

1943-cü ildə İlyas Bazna ingilis səfirliyində gizlincə şəklini çəkdiyi 56 sənədi Almaniyanın Türkiyədəki səfirliyinin attaşesi Lüdviq Mozişə 20 000 funt-sterlinqə satır.


Qısa vaxt ərzində İlyas Bazna əhəmiyyətli bir casus kimi alman kəşfiyyatına qəbul edilmiş və ona “Çiçero” ləqəbi verilmişdi. Müttəfiqlərin təşkil etdiyi önəmli toplantıları, bombardman planlarını və Normandiyaya qoşun çıxarılması ilə bağlı planı ilk dəfə məhz İlyas Bazna öyrənib Alman xüsusi xidmət orqanlarına satıb. Bütün bu vaxt ərzində Türkiyədəki ingilis səfirliyi və ingilis kəşfiyyatı ilə rahatlıqla əlaqə qura bilən İlyas Baznaya ingilis dilini bilməyən savadsız və axmaq kimi baxırdılar. Öz rolunu məharətlə oynayan İlyas Bazna isə casusluq fəaliyyətini uğurla davam etdirirdi.


1944-cü ildə alman səfirliyində çalışan vəzifəli bir şəxsin müttəfiqlər tərəfinə keçməsindən qorxuya düşən İlyas Bazna Britaniya səfirliyindəki vəzifəsindən uzaqlaşır. Göstərdiyi xidmət müqabilində faşist Almaniyasının kəşfiyyat servisi “Abver” ona 300 000 funt-sterlinq pul ödəyir. Bir müddət sonra İlyas Bazna Almaniyanın ona ödədiyi pulun ingilis iqtisadiyyatını çökdürmək məqsədi ilə dövriyyəyə buraxılmış saxta funt-sterlinqlər olduğunu anlayır. Müharibə bitdikdən sonra Federal Almaniyaya qarşı təzminat davası açan Bazna çox cüzi məbləğ əldə edə bilir. Müharibədən sonra xatirələrinin toplandığı “Mən Çiçero idim” adlı kitabı qələmə almış Bazna kitabdan daha çox pul qazanır. Rejissor Jozef Menkiyeviç kitab əsasında 1951-ci ildə “Beş Barmaq” adlı film çəkib. Bazna 1970-ci ildə Münhendə vəfat edib. Dünyada “Yüz ilin casusu” olaraq tanınır.

Leopold Trepper

Qızıl Orkestrin baş dirijoru”

İkinci Dünya Müharibəsində Qərbi Avropada Sovet casus şəbəkəsini – “Qızıl Orkestr” – Trepper Qrupunu qurmuş Leopold Trepper sovetlərin ən əhəmiyyətli və peşəkar casuslarından hesab olunurdu.


Leopold Trepper 23 fevral 1904-cü ildə, Avstriya-Macarstan İmperatorluğuna aid Qaliçyanın Noviy Traq şəhərində dünyaya gəlmiş bir Polşa yəhudisidir. Trepperin doğulduğu və uşaqlığının keçdiyi Noviy Traq yoxsul bir ərazi idi. Atası ailəni çox çətinliklə dolandırırdı. Çətinliklə yaşayan bu dükançı 1917-ci ildə vəfat etmişdi. Trepperin atasının vəfatından 2 il sonra Germain müqaviləsi bağlanır və Noviy Traq Polşanın tərkibinə qatılır.
Trepper litsey illərindən etibarən kommunist yəhudilərin yaratdığı təşkilatda çalışmağa başlayır. 1921-ci ildə ailəsi ilə birlikdə Sileziyaya köçmüş Trepper burada yerləşən mədənlərdə fəhlə kimi çalışmaqla yanaşı, unversitet təhsilini də davam etdirir, sosiologiya və psixologiya təhsili alır.


Getdikcə aktiv siyasi xadimə çevrilən Trepper 1923-cü ildə baş vermiş Krakov hərəkatının təşkilatçılarından və liderlərindən biri olur. Hərəkatda aktiv iştirak etdiyi üçün işdən qovulur. İşsizlikdən və polis nəzarətindən canını qurtarmaq üçün 1924-cü ildə bir qrup dostuyla birlikdə Fələstinə gedir. Fələstin Kommunist Partiyasına üzv olan Trepper 9 dostuyla 1925-ci ildən ərəb fəhlələri ilə birlikdə yəhudiləri birləşdirən bir təşkilat yaratmağa qərar verir. Cəmi 1 il içində Trepperin təşkilatçısı olduğu hərəkatın dalğası ölkəni bürüyür. Aktiv fəaliyyət göstərdiyi üçün həbs olunub Kiprdəki ingilis bazasına göndərilən Trepper və dostları ilə birlikdə həbsləri haqqında qərarı boykot etmək məqsədi ilə aclığa başlayırlar. Onların etirazları təsirsiz ötüşmür və azadlığa buraxılırlar.

“Dirijor” Moskavada

Həbsdən azad olunduqdan sonra ölkədən qovulan Trepper Fransaya mühacirət edir. Fransa Kommunist Partiyasına üzv olduqdan sonra Sovet kəşfiyyatı üçün çalışmağa başlayır. 1932-ci ildə deşifrə olunan Trepper məcburən Moskvaya gedir və burada yaşamağa başlayır. 2 il ərzində universitet təhsilinə davam etməklə yanaşı, “Pravda” qəzetində yazılar yazır.
1937-ci ildə Sovetlər onu özünün də üzvü olduğu təşkilatın deşifrə olunması məsələsini araşdırmaq üçün Fransaya göndərir. Parisdə və Brüsseldə araşdırma aparan Trepper satqınları üzə çıxarır. Onun bu fəaliyyəti Moskvanın diqqətini çəkir və Qərbi Avropada Nasist Almaniyası əleyhinə casusluq təşkilatı qurmaq tapşırığı alır. Trepperin qurduğu casusluq şəbəkəsi Alman Hərbi Xəbəralma Təşkilatı (Abver) tərəfindən ələ keçirilənə qədər – 1942-ci ilin 16 noyabrına qədər fəaliyyət göstərir.
Trepper casusluq fəaliyyətini mərkəzi Brüsseldə yerləşən “Simexco” və Parisdə yerləşən “Simex” adlı idxal-ixrac şirkətlərinin arxasında pərdələyir. Bu şirkətlər alman işğalı altında olan Qərbi Avropada inşaat işlərini həyata keçirən, xüsusilə Qərb Divarını quran “Todt” şirkəti ilə münasibətlər qurur.

İkili casus, yoxsa?

Bu münasibətlər Trepper və adamlarının bir çox yüksək rütbəli Vermaxt zabitləri və Nasist bürokratiyası ilə səmimi münasibətlər qurmasında müstəsna rol oynayır. Onun casusluq təşkilatının kod adı “Qızıl Orkestr” idi.


Trepper və adamları Abver tərəfindən ələ keçirildikdən sonra Yaponiyada fəaliyyət göstərən Rixard Zorge kimi edam edilmirlər. Onlara ikili casus kimi fəaliyyət göstərmək seçimi verilir. Trepper və adamları təklifi qəbul edib Abver tərəfindən verilən çaşdırıcı informasiyaları Moskvaya göndərirlər. Ancaq gizli bir “qapanış” mesajı ilə Moskva Trepperin təşkilatı tərəfindən xəbərdar edilir.


Trepper 1943-cü ildə qaçmağı bacarır və Moskvaya qayıtdıqdan sonra Stalinin əmri ilə həbsə məhkum edilir. Stalinin ölümündən sonra Trepper azadlığa buraxılır və Polşaya gedir. Sionist fəaliyyəti səbəbindən Polşadan uzaqlaşmağa məcbur olan Trepper 1974-cü ildə İsrailə köçür və 1982-ci ildə vəfat edir.

# 5602 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #