Vüqar niyə qayıtmır?

Vüqar niyə qayıtmır?
18 avqust 2014
# 08:30

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Sevda Sultanova

Adı: “Vüqar niyə qayıtmır?” sənədli film

Çəkildiyi il: 2010

Xronometaj: 31 dəqiqə

Rejissor: Ələkbər Əliyev

Operator: Ələkbər Əliyev

İstehsalçı şirkət: “Ateliers Varan”, “Buta”, “Mobile Studio”

Süjet: Film qaçqın düşmüş ailənin gün-güzəranından, onların Rusiyaya gedib qayıtmayan oğlu Vüqardan bəhs edir.

Dosye: 1985-ci ildə Bakda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsini bitirib. “Buka”, “Vüqar niyə qayıtmır”, “Qarğıdalı” sənədli filmlərinin müəllifidir. Filmləri Berlin, Litva, Tiflis festivallarında iştirak edib.

- Filmin adını sual şəklində “Vüqar niyə qayıtmır?” qoymaqla siz tamaşaçını birbaşa düşündürürsüz və öz şərhini demək imkanı verirsiz. Bəs sizin bu suala cavabınız nədir? Vüqar niyə qayıtmır?

- Doğrusu, mənə filmdə Vüqarın qayıtmamağının səbəbi yox, onu gözləyən adamlar daha maraqlı gəldi. Bu sualı əslində onlar özlərinə verirdi. Ona görə mən çalışmışdım ki, bacardığım qədər obyektiv olum. Və özüm tərəfimdən ipucu verməyim.

- Çox qəribədir ki, “Vüqar niyə qayıtmır” sualı məhz filmin sonunda səslənir. Ona kimi Vüqar haqda məlumat almırıq. Qəsdən belə düşünmüşdüz?

- Düzünü deyəcəm. Əvvəl tamam başqa şeylər çəkirdik. Çoxlu material çəkmişdik. Axırıncı iki, ya üç çəkiliş günümüz qalmışdı. Materiallara baxanda gördük ki, bizim orda çəkmək istədiyimizdən daha maraqlı xətt var. Yeri gəlmişkən, filmin 20 dəqiqəlik versiyası da var. “Start” festivalında da iştirak eləmişdi. O film sırf “Vüqar niyə qayıtmır” sualı haqda idi. Amma həmin versiya daha soyuq idi. Çəkdiyimiz materialla bunu birləşdirəndə tamam başqa atmosfer yaranır. Daha isti, emosional olur. Bilmirəm, bəlkə də indi başqa cür çəkərdim.

- Çəkilişlər necə keçdi, filmi harda çəkdiz?

- Suraxanıda çəkmişik. Bu filmin çəkilişlərindən yadımda ən çox nə qalıb? Birinci dəfə olaraq texnikanı istədiyim vaxt götürüb çəkilişə gedə bilirdim. Bu da “Butafilm”in xidməti idi. Ona görə xüsusi çətinlik olduğunu xatırlamıram. 30 saata yaxın material lentə almışdıq. Özüm həm də operatoram. Dostum, rejissor İmaməddin Həsənov mənə kömək edirdi. İkimiz çəkirdik. Düzdü, axıra yaxın onları bezdirmişdik. Filmi bitirmək lazım idi. Yaxınlarda eşitdim ki, Vüqar qayıdıb. Dedilər ki, bəlkə onun qayıtmasını çəkəsən. Açığı bu barədə düşünürəm.

- Filmin ideyasının yaranma səbəbi maraqlıdır...

- Mövzu axtarardıq. Hüseyn adlı dostum var. O dedi ki, institutda sənədli film çəkmək istəyirdim. Ssenarini yazdım, amma çəkə bilmədim, istəyirsən bax. Oxudum, getdik çəkilişə. İlk vaxtlarda orda materiallıq nəsə tapa bilmirdim. Amma dedim başlayaq. Getdikcə patriarxal ailə quruluşu gördüm. Konservativ də olsa baxışlarımla hardasa üst-üstə düşür. Çəkdikcə gördük ki, film üçün material çıxır.

- Ailənin sosial qayğıları, çətinlikləri olsa da, Vüqar qayıtmasa da ümumən filmdə pozitivizm vardı.

- Doğrudan belədir. Bəzi momentlərdə çəkiliş zamanı özlərini çərçivəyə salırdılar. Sonra öyrənim ki, onlarda rus qanı var. Nənələri rus olub. Təəccüblənirdim ki, bunlar çox açıqdırlar və onların bütün tədbirlərinə gedirdim. Çox sərbəst idilər.

- Bayaq dediniz ki, çox material çəkmisiniz. Bəs niyə onu yarım saata yerləşdirmisiz?

- O vaxt məni kinoda biznes hissəsi maraqlandırmırdı. İndi çəksəydim, 52 dəqiqə edərdim. Bəlkə də maraqlandırmadı deyə, qısa və yaxşı alınıb. Başa düşdük ki, bu qədər olmalıdır.

- Filmdə naturanın çox sıxıcı, boz təsvirlər var. Və bu personajların həyatı ilə birləşir. Məsələn, 60-cı illər azad ingilis kinosundan çox işlənən ifadə vasitələrindən biridir. Amma siz bunu xəsisliklə istifadə eləmisiz.

- Qısa metrajlı bədii film ssenarim var. Sizin dediyiniz bozluğu orda geniş vermək istəyirəm. Amma bu filmdə mənim üçün ailə daha vacibdir. Nəinki bozluq. Üçüncü və dördüncü filmlərimdə də mövzu ailədir. Həmişə ailə haqda çəkirəm. Özüm də bunu təzə dərk eləmişəm. Amma bilmirəm, indi çəksəm bəlkə də dediyinizə əhəmiyyət verərəm.

- Ümumiyyətlə, sənədli filmdə hansı ifadə vasitələri sizə yaxındır?

- Orda bir səhnə var - sünnət səhnəsi. Hadisə içəridə baş verir, amma biz qapının ağzında dayanan başqa uşağı göstəririk. O, uşaq ki, ağlayan oğlanın səsini eşidib qorxur. Mənim üçün sənədli film budur, yəni hadisənin, reallığın əksi. Kobud desək kölgəsi. Mariya Razbejkina adlı rus rejissorunun 20 dəqiqəlik filmi var. Qəhrəmanı kənd qadınıdır, ərə gedə bilməyib. Tək yaşayır. O, özü evdə kişi işlərini görür, məsələn, divara mıx vurur. Basa düşürsən ki, əri yoxdur, tək yaşayır. Yəni sözlə ifadə eləmir onun təkliyini. Bu kadr hər şeyi deyir. Sənədli film adi məişət səhnəsinə başqa rəng, çalar verməkdir.

- Sənədli film çəkmək çətindir. Rejissorlar illərini xərcləyirlər. Bizdə adətən rejissorlar sənədli, sonra bədii film çəkirlər. Siz necə bədii film düşünürsüz?

- Bu sual yerinə düşdü. 3-4 aydan sonra 30 yaşım olacaq. İndi düşünürəm ki, 30 ilini yaşamışam, qalan illərimi nə ilə məşğul olmaq istəyirəm. Mən sənədli filmə həmişə ciddi baxmışam. Hərçənd, sənədli film hardasa zəhmətə dəyməyən işdir. Getdikcə bunu anladım. Hal-hazırda bədii film çəkmək istəyirəm. Qısametrajlı ssenarilərim var. Çalışıram ki, onları realizə edim. Bilmirəm alınacaq, ya yox. Üç sənədli filmdən sonra mən başa düşdüm ki, yaxşı sənədli film çəkmək üçün sən kameranı götürüb həmin çəkəcəyin obyektə gedib 3-4 ay qalasan. Çox Azərbaycan rejissorları sənədli filmi epizod-epizod çəkirlər. Hissə-hissə çəkəndə isə effektli alınmır. Yəni sənin istənilən vaxt kamera götürmək problemin olmamalıdır. “Vüqar niyə qayıtmır?” filminin üstünlüklərindən biri odur ki, bizim belə problemimiz olmadı. Sənədli filmdə bədii filmdə olduğu kimi sıxılmış qrafiklə işləmək çətindir. Bəzən qəhrəmana sifariş verirsən ki, belə elə. On çəkiliş günü ilə mən istədiyimi tapa bilməyəcəm. Sənədli filmin istehsalat strukturunu başa düşmürük. Sənədli film rejissoru başqasının görmədiyini görməlidir.

- Amma hər halda sənəd filmi özünüzə daha yaxın hiss edirsiz.

- Rejissor olmağımın səbəbi sənədli filmə meylliyim olub. İnstitut illərində sənədli filmə həvəsim yox idi. Tələbəlikdə azərbaycanlı eqosu vardı ki, 100 nəfər olsun qışqırım üstlərinə. “Vüqar niyə qayıtmır?” Fransanın “Ateliers Varan” Sənədli Film Rejissorları Assosiasiyasının layihəsi çərçivəsində çəkilib. Biz Gürcüstanda onların seminarında olduq. Fransızlar məni insan kimi də, rejissor kimi də dəyişdilər.

Onlar dedilər ki, niyə məhz sənədli film? Dedim ki, bilmirəm, amma istəyirəm, başqa cür çəkim. Yəni mən ənənəvi televiziya filmi çəkmək istəmirdim..

- Bu, həm də İncəsənət Universitetində tədrisin yanlış olmasını göstərir.

- Bunu izah eləmək asandır. Orda dərs deyənlər böyük sənətkarlardır. Klassik sovet kinosunu görüblər və hamı bilir ki, sovet kinosunda rejissor allah kimi qəbul edilirdi. Normaldır ki, onlar gördüklərini bizə deyirlər və biz də onu götürürdük. Bu, təkcə təhsillə bağlı deyil, həm də milli xüsusiyyətdir məncə.

- Planda nələr var?

- Kağızda iki layihə var. İkisi ilə də maraqlanıblar. Birinə görə bir ildir ki, maliyyə gözləyirəm. O birisi layihəni-qısametrajlını sentyabrda çəkib bitirəcəm. Ailəm haqda tammetrajlı sənədli filmim, bir də çox çəkmək istədiyim qısametrajlı bədi filmim var.

# 2940 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #