Atalarımızın erməni sevgililəri LAYİHƏ

Atalarımızın erməni sevgililəri <span style="color:red;">LAYİHƏ
5 avqust 2014
# 08:15

Kulis.Az “90-lar” adlı layihəyə başlayır.

Layihə çərçivəsində 90-cı illərin ictimai-mənəvi həyatından danışan yazılar çap ediləcək.

Layihənin ilk yazısı kimi Qan Turalının ”90-lar”- Yorulmuş eşq” essesini təqdim edirik.

“90-lar”- Yorulmuş eşq

80-lərdə doğulmuş nəslin tarixi, yəqin ki, sonralar yazılacaq.

Doğrudan da ağır dövr idi, dünyanın ən nəhəng ölkəsinin vətəndaşı kimi doğulan bizlər ibtidai sinifdə ikən gözümüzü aclığa, ölümə, ağır siyasi qarşıdurmalara şahid olduq.

İqtisadiyyat darmadağın idi, nəhəng sənaye kompleksi çökmüşdü, ölkə əhalisinin demoqrafik tərkibi çox dəyişmiş, başqa xalqların əksər hissəsi çıxıb-getmiş, 18 min gənci itirdiyimiz üçün qadınlarla kişilərin zatən qadınların xeyrinə olan balansında dəhşətli bir uçurum yaranmış, qarımış qızlar çoxalmış, insanların ümidi məhv olmuş, sevgilər param-parça olmuşdu.

Bir tərəfində günəş batarkən, digər tərəfində günəş çıxan bir ölkənin vətəndaşları tezliklə bir ovuc torpaqda qaldılar və çox keçmədən bu torpağın da bir hissəsi qanlı döyüşlərlə itirildi.

Biz, “Müharibə olmasın” şeirini oxuya-oxuya böyüdük.

“Qoy həmişə sülh olsun”u əzbərlədik.

Millitarist bir ölkənin, SSRİ-nin şagirdləriydik, amma kitablarımız sülhlə doluydu.

Və ibtidai sinifdə biz bu şeirləri oxuya-oxuya, əzbərləyə-əzbərləyə sinfimizə iki uşaq gəldi.

Biri Cəbrayıldan, biri Zəngilandan…

Müharibə çoxdan başlamışdı, erməni döyüşçüləri ilə bizim şəhərin məsafəsi yarı-yarıya azalmışdı, aradakı rayonlar bir-bir işğal edilmişdi.

Və biz “çinlərini tullayıb bir kəndə sədr olmaq istəyən general”ın şeirini əzbərləyib axşam Şəmistan Əlizamanlıya qulaq asırdıq.

Ziddiyyətlərimiz çoxuydu…

Bu ziddiyyətlər burulğanında sağ qalmalı idik.

Sağ qaldır, amma yaralarla…

Çörək belə tapılmırdı, vəziyyət acınacaqlıydı. İnsanların beynində də ölkədəki kimi xaos vardı, sovetlərin 70 ildə qurduğu dəmir nizam getmiş, yerinə sabahı da göstərməyən duman gəlmişdi.

Bu qarmaqarışıq dünyada zatən ən son yada düşən şey sevgiydi.

90-ların və minilliyin sonunda vəziyyət getdikcə stabilləşir və o zamanlarda tez-tez işlədilib son illərdə dövriyyədən çıxan “Keçid dövrü”nün sonu görünməyə başlayırdı, tunelin sonu işıqlı idi.

Və biz 2000-lərdə universiteli olurduq. Sevgiylə tanışlığımız başlayırdı, müharibə uşaqlığımızın qorxulu filmiydi və o dövrdə bizə çox uzaq görünürdü.

Marks deyirdi ki, tarix insanların daha yaxşı yaşamaq uğrunda mübarizəsidir və Marks bu mübarizənin uğurlu mübarizə olduğunu da qeyd edirdi

Hərçənd zaman keçdikcə daha yaxşı yaşayırlar, inkişaf tərəqqiyə doğrudur, amma bu inkişafın da axsadığı, büdrədiyi dövrlər olur.

Misal üçün, 1960-larda, yəni bizim atalarımızla yaşıd bir təbrizlinin gəncliyi oğluna nisbətən çox daha rəngli, çox daha işıqlı, çox daha spirtli və çox daha sevgiliydi.

1979-cu ildə baş tutan islam inqilabı ölkəni nəhəng bir bozluğa bürümüşdü.

Azərbaycanda islam inqilabı olmamışdı, amma bizim həyatımız 70-lərdəki gəncliyə, atalarımızın gəncliyinə görə çox daha boz idi.

Onların rus və erməni sevgililəri vardı, bizim üçün isə ermənilər düşmən, ruslar isə çox uzaqda idilər.

Xatırlayıram, 16 yaşında cinsi ehtirasdan alışıb-yanan sinif yoldaşım, əlinə erməni qızı düşəcəyi təqdirdə onu öldürəcəyini deyirdi.

Milli qeyrət şəxsi ehtirasa üstün gəlirdi.

Sovetin sekulyar düşüncə tərzi, ancaq metro stansiyasının adı olmayan “Xalqlar dostluğ”u (Yılmaz Ərdoğan bu ifadəni “Xalqlar sevgililiyi” kimi dəyişir, amma Azərbaycanda bu sözün hər iki mənasından – həm sözdə, həm də əməldə istifadə olunurdu) doğurdan da mövcud idi və islam dinindən, mentalitetdən gələn mühafizəkarlıq özgə millətlərlə təmasda dağılıb gedirdi.

Bunun yaxşı olub-olmamasını təftiş edəsi deyiləm, fakt budu ki, atalarımız bizdən daha xoşbəxt idilər və zənnimcə övladlarımız da bizdən xoşbəxt olacaqdılar.

Amma biz müharibənin, keçid dövrünün balalarıydıq və hər axşam “Xəbərlər”ə baxıb neçə əsgərimizin öldüyünü öyrənir, Silvester Stallone, Arnold Şvartsnegger, Çak Norrislə ovunurduq, istəyirdik ki, onlar kimi güclü olub Qarabağı azad edək.

Yaxşı yadımdadır, bir dəfə valideynlərimlə rayona gedəndə yolda gördüyüm, ləhcəsindən və danışığından qarabağlı olduğunu anladığım bir yaşlı kişi hansısa erməninin ona etdiyi yaxşılıq barədə danışanda qəzəb içimi gəmirirdi.

Biz bu cür neqativ hisslərlə dolu bir mühitdə böyüdük.

Yoxsulluq, müharibə, ölümlər, başını itirmiş insanların xaotik cəmiyyəti...

Çörək növbələri, işsiz atalar, şəhid cənazəsi gətirən üzütüklü, avtomatlı əsgərlər...

Burası 90-lar...

***

Qismətlə oturub çay içirdik, yadımıza 90-lar düşmüşdü.

Youtubeni açıb musiqilərə qulaq asırdıq.

Əmrahın “Nerim Yarim”inə, İbrahim Tatlısesin “Haydi söyle”sine...

Bir anlıq sual doğdu içimizdə, hansımızsa sualı verdik, hansımızsa cavablandırdıq.

“Gör biz necə bayağı şeylərə qulaq asmışıq”.

Sual beləydi, bu da cavabı: “Başqa kim vardı ki...”

Bir müddət sonra Qismət getdi və mən Ata Demirerin stand-upuna baxmağa başladım.

Ata Əmrahdan bircə yaş balacaydı, amma Əmrah 12 yaşı olanda ilk albomunu çıxartmışdı. O zaman Atanın 11 yaşı vardı və stand-upunda uşaq vaxtı Əmraha olan simpatiyasından danışıb bayaq bizim dediyimiz cümləni başqa cürə dedi: “O zaman başqa rol modeli yoxuydu”.

O zaman tərləmədən sevişən Teoman yoxuydu, soyuq otaqlarda üşüyən Əmrə Aydın yoxuydu.

Funda Arar, Candan Erçetin, Şebnem Ferah yoxuydu.

Barış abi vardı, dediklərimin bir hissəsi də vardı, amma elə bil itib-batmışdılar və əslində türk cəmiyyətinin də 90-ları bizim kimi boz idi, Əmrahın, Tatlısəsin bayağı filmləri ilə böyümüşdülər, Yeşilcamın sentimental filmləri ilə boy atmışdılar.

O zaman nəinki Ceylan, heç Çağan Irmak da yoxuydu.

Kitaba bulaşan adamlar özlərini az-çox İbrahim-Əmrah təsirindən qoruya bilirdi.

Amma biz sonralar, 2000-ci illərdə universitet tələbələri içərisində Əmrah estetikasının nə qədər güclü olduğunu görəcək və hiss edəcəkdik.

Bu filmlərdə sevgilinin evinə getmək, zorlanmaq üçün zəruri şərait yaratmaq idi.

Sevgilinin qonaq etdiyi bir içkini içmək bayılaraq oğlana zorlama üçün münbit şərait yaratmaq idi.

Əmrahın filmlərində beləydi çünki...

Bu gün Türkiyə bu filmləri gülüşlə xatırlayır.

“Bəşəriyyət öz keçmişindən gülüşlə ayrılır”

Amma gülənə qədər ağlamışdı və bizim nəsil də payını almışdı.

Üstəlik, Azərbaycanın 90-ları Türkiyənin 70-80-ci illərinə, Turqut Özala qədərki Türkiyəyə də çox bənzəyirdi və Türkiyədə bu dövrdə çəkilən filmlər Azərbaycan üçün sosioloji baxımdan çox yaxın idi.

2012-ci ildə Təbrizdə olanda İbrahim Tatlısesin orda nə qədər populyar olduğunu görüb öz-özümə düşündüm və ağrıyla dedim: “Siz indi bizim 90-ları yaşayırsınız”.

O filmlərdə və o mahnılarda həyat yoxuydu, həyat əvəzinə uydurma vardı, həyatın gerçəkliyi yox idi, həyatın yalanları vardı, insan yox idi, aktyorlar vardı, hadisələr yox idi, saxta süjetlər vardı, real konfliktlər yoxuydu, qondarma konfliktlər vardı.

Onlar hekayə yox nağıl idi, roman yox dastan idi.

Həyat isə öz qanunları ilə davam edirdi, İbrahim Tatlısesin ona heç bir aiddiyyatı yox idi, o, heç İbrahim Tatlısesi tanımırdı da...

Bir türk kino tarixçisinin müsahibəsini oxumuşdum. 1997-ci ilə qədər 5 mindən artıq film çəkildiyini demişdi. Və 1980-ci ilin 12 sentyabr xuntası 971 filmi (!) qadağan etmişdi. Çünki bu filmlərdə Türkiyə reallığı vardı, gerçəklik vardı.

Ordunun dizayn etdiyi Türkiyə üçün İbrahim Tatlısəs fiquru çox uyğun idi, dahi rejissor, ssenarist, aktyor Yılmaz Güneyin “Yol” filmi ilə Kann almışdı, həbsxanada qaçıb Fransada yaşayırdı, filmin rejissoru isə 60 il həbs cəzası ilə mühakimə edilmişdi.

Beyninizi bu informasiyalarla doldurmaq istəmirəm, sadəcə realist filmin, həqiqi filmin nə boyda “təhlükə” olmasını xatırlatmaq istəyirəm, bu təhlükəyə qarşı ordu tanklarını yeritmişdi.

Film böyük qüvvəydi çünki.

Və o filmlər təkcə Türkiyəni yox, Azərbaycanı yaralamışdı.

Getsin o günlər bir daha gəlməsin...

Amma bizim ürəyimizə vurduğu yaralar asan sağalası deyil...

Nə yaxşı ki, indiki gənclik “Issız adam”a baxır, Teomana qulaq asır, Cem Karacanı tanıyır, Əhməd Kayanı dinləyir...

***

2001-ci ilin 11 sentyabr gününü xatırlayırsınızmı?

Bəli, Ekiz Qüllələr məsələsi, sirri bu gün də açılmayan amansız terror!

Amma şəxsi həyatımda o günün başqa bir anlamı vardı: o gün anlamışdım aşiq olduğumu.

Və o qıza öz sirrimi açanda bilirsinizmi nə cavab vermişdi: “Biz başqa dünyaların adamıyıq”.

O günlərdə qulaq asdığım mahnıların birində bu söz vardı.

Sezen Aksunun “Biliyorsun” mahnısından idi:

Sen de benim kadar gerçekleri görüyorsun

Beraber olamayız benim gibi biliyorsun

Bir başka dünyanın insanısın yavrucağım

Sen kendi dünyanın toprağında büyüyorsun

Bəli, Sezen abla bilirdi, 17 yaşında evlənmişdi, sonra boşanmışdı, üç dəfə evlənmişdi, bizim aramızda bu söhbət keçəndə 18 ildir subay yaşayırdı. Yəni çox bilirdi, səhv etməkdən, risk almaqdan qorxmamışdı, uğursuzluqlarından sonra ayağa qalxıb özünü təsdiq etmişdi.

Amma biz bilmirdik, xəyallar dünyasında yaşayırdıq.

Sezen abla “Minik serçe” adlı bayağı bir filmə də çəkilmişdi, sonralar bu filmə özünün də güldüyünü deyirdi, amma biz ablamızın ciddi-ciddi bu filmə çəkildiyi dövrdəyik, şüurumuz oradaydı.

Bəli, o əmrahlar, tatlısəslər qanımıza işləmişdi, ürəyimizdə oturmuşdu, onlar kimi danışır, onların cümlələrini təkrarlayır, onlar kimi düşünür, onların filmlərdəki həyatını yaşayırdıq.

Can Dündarın “Aşka veda” kitabında 70-ci illərlə bağlı bir müşahidəsini yazır. Onun sözlərinə görə 70-lərdə oğlan sevdiyi qız haqda belə deyirdi: “Mən filankəslə danışıram”.

Türkiyə ilə absurd olan bütün oxşarlıqlarda dediyim kimi, burda da eyni şeyi dedim: “Doğurdan da biz bir millət, iki dövlətik”.

Bizdə də eyni şeyi deyirdilər vallah.

Qızla “fikri ciddi olan” “Danışıram” - deyirdi, qeyri-ciddi olan isə “Fırlanıram”.

Can Dündarda da bu ayrım var: “Evlenecek kız, ellenecek kız”.

Bir oğlan bir qızı sevirdisə, gözü tənəffüslərdə onların qapısında olurdu, dərsdən çıxandan sonra onun arxasınca gedirdi, ona baxırdı, qız evə çatmağa az qalmış, qayıdıb gəlirdi və bu müddət yaman çox sürürdü.

4 il bir qızın arxasınca düşənlər vardı, söz yox ki, bu oğlanlar da insan idilər, onların da səbirləri vardı, bir gün yaxınlaşırdılar qıza, deyirdilər ki, mənim səndən xoşum gəlir, qız da adətən rədd edirdi, beləcə davam edirdi izləmələr...

Bir fəlsəfə professorunun mənə danışdığı əhvalatı xatırlayıram, Londonda oxuyan azərbaycanlı oğlan ingilis qızı gözaltı edib və onun arxasınca düşüb, bir neçə gün onu uzaqdan izləyib. Bu izləmədən narahat olan qız polisə məlumat verib, polis də oğlanı saxlayaraq ifadəsini alıb, oğlan da qızı sevdiyini deyib, lakin “kütbeyin” ingilis polisi oğlanın bu “xəfiyyə” fəaliyyətini heç cür sevgi ilə izah edə bilməyib, Azərbaycan səfirliyinə zəng vurub, onlardan öyrənib ki, doğrudan da Azərbaycanda belə adət var, oğlanı bir də qızın arxasınca düşməmək barədə xəbərdarlıqla azad ediblər.

Azərbaycansayağı sevgi İngiltərədə cinayət idi...

Oğlanların etdiyi mazoxizm idi, hərçənd biz sosial elmlər fakültəsində oxuyurduq, söz yox ki, mazoxizmin nə olduğunu da bilirdik, sadizmdən fərqini də anlayırdıq, amma elədiyimiz bu hərəkətin mazoxizm olduğunu bilmirdik.

Bəziləri əsəb korlayan bu “izləmə” əməliyyatını illərlə edirdi, mən səbirsiz idim, edə bilmirdim, “ötüb keçirdim”. Bir dostum il yarım sevgilisini izlədi, bu ilyarımda iki dəfə də, o dövrün təbiri ilə desəm, qıza yaxınlaşdı, məni də özüylə aparırdı, ac-susuz BDU-dan “Neftçilər” metrosuna qədər gedir, ordan da dala qayıdır. İl yarımdan sonra oğlan bezdi, bir il fasilə etdi və sonra yenidən başladı, axırda da uğur qazandı – indi evlidirlər.

Amma mazoxizmin başqa növü də vardı, bu növ qızın “hə”sindən çox sonra başlayırdı. Bu qədər əzab-əziyyətlə baş tutan eşqdən sonra evlilik baş tuturdu və onda ailədaxili zorakılıq, qadının döyülməsi başlayırdı, bu statistikamızla biz istənilən banan respublikasını ötüb-keçirdik. Bu, mazoxizmin uzunmüddətli növüydü. Necə deyərlər, oğlan evi alana qədər, qız evi ölənə qədər.

Əmrah-Tatlısəs filmlərində qadın ikinci sort varlıq kimi nümayiş olunurdu, tək qalanda onu zorlayırdılar, qadın öz ayaqları üstdə qalanda fahişə olurdu, hətta bu düşüncələrin puç olduğunu anlamamış bir gənc yazar məqaləsində yazmışdı ki, qadın azadlığı demək, qadının fahişə olmaq azadlığı deməkdir. Qadınlar da güclü kişi qollarına ehtiyac duyurdular, dediyim “izləmə” əməliyyatı ilə kişinin səbri və dözümü ölçülürdü, bir neçə il sonra fəxri şəkildə kişiyə “sevgililik sertifikatı” verilirdi və ondan sonra qadın bütün azadlıqlarından kişinin xeyrinə imtina edirdi. Düşünün, psixologiyada oxuyan qızlar deyirdilər ki, ərim mənə desə, işləmə, işləmərəm. Bəs 4 il təhsil nəyə görəydi? Psixi xəstə olmaq üçündüsə bu 4 ilə ehtiyac yoxuydu, cövhərdə, ürəkdə gəzdirilən bir şey üçün 4 il təhsil almazlar. Sən zatən azad insan deyilsən ki... Nəsə, indi bizə çox fərqli görünür, amma o dövrdə bütün bunlar anlaşıqlı və son dərəcə normal idi.

Müşfiq qəsəbəsində yaşayan bir tələbə yoldaşım vardı, sevgilisi də “Həzi Aslanov” metrosunun yaxınlığında olurdu, biz ikinci növbədə oxuduğumuz üçün dərsimiz 2-yə işləmiş başlayırdı, o yoldaş isə 11-in yarısı evdən çıxıb “20 Yanvar” metrosuna gəlirdi, ordan da “Həzi Aslanov”a gedib qızı götürür, BDU-nun yerləşdiyi “Elmlər Akademiyası” metrosuna gedirdi, sonra qızı “Həzi Aslanov”a qoyub eyni marşrutla evə qayıdırdı. O, evə qayıdanda axşam saat 9 olurdu. Üstəlik, qızın dərsi qurtarırdısa, o da son dərsə girmirdi və qızı evə aparırdı. Qız da, özü də bu hadisədən son dərəcə məsud idi.

Cib telefonları yoxuydu. Kiməsə cib telefonun kəşfi texnologiyanın bir addım inkişafı kimi gələ bilər, amma bu insanı insan edən, onu fərdiləşdirən bir şeydir. O nömrə sənin nömrəndir, o telefon sənin telefonundur. Ev telefonundan fərqi də budur. Cib telefonuna zəng vurub başqasını soruşmazlar, ora zəng vuran sənin üçün zəng vurur. Cib telefonu olmadığı kimi sms də yoxuydu.

Biz kursları sürətlə keçdikcə cib telefonu da gəldi və bu sms işi elə cığırından çıxdı ki, “Yeni Müsavat” qəzetinin köşə yazarı Samir Sarı “Bizim gənclər tarix yazırdı, indiki gənclər mesaj” cümləsinə öz köşəsində verməyi tamamilə məqsədəuyğun saydı. Hərçənd gəncliyin bu hala düşməsində Samir Sarının mənsub olduğu 60-larda doğulmuş gəncliyin, günahı deməzdim, uğursuzluğu dayanırdı. Qarabağ savaşında 18 min 60-larda doğulan gənc qanını vətən torpağına tökmüş və müharibə, ANS-in təbirincə desək, döyüş məğlubiyyətlə başa çatmışdı.

Sonralar bu məğlubiyyət bizim yaddaşımızda solğun bir xatirə kimi qalsa da, şəxsiyyətin formalaşdığı illərdə natamamlıq kompleksi yaradacaq qədər güclüydü. Təkcə Qarabağ deyildi əlbəttə. Portuqaliyaya 7-0 uduzmağımızdan tutmuş başqa min cür ağrı-acı vardı gəncliyimizdə.

O zaman biz dünyanı çox nəhəng təsəvvür edirdik. Şairin dediyi kimi, bənzərlərimiz yox idi, ya da çox uzaqda idi. Facebook yox idi, özümüz kimi düşünənləri tapa bilmirdik, tənhalığa qapılırdıq. Əmrah-Tatlısəs müridlərindən qaçış mümkün deyildi. Yalnız sufilər kimi öz içinə səyahət edə bilərdin. Açığı, adam öz içində də bəzən yorulurdu. Çərləyirdin, amma başqa yolun yox idi. Nə yaxşı ki, kitablar vardı.

Mən 12 il bundan əvvəlki tələbəliyimdən danışıram. Hərçənd çox uzaq görünür. Başqa cür də ola bilməz. Çünki bu 12 ildə çox dəyişiklik oldu. İnternetin həyatımıza girməyi ilə həyat tərzimiz dəyişdi. Buna görə də özümü 70 yaşlı bir adam kimi hiss edirəm. Bu qədər böyük dəyişiklik 12 il üçün həddən ziyadə çoxdur.

80-lərin tarixi isə mütləq yazılacaqdı. İnternet o dünyanı darmadağın etsə belə, o tarix bir daha yaşanmayacaq olsa da, yazılacaqdı.

# 14175 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #