Qarabağlı Çe Qevara

Qarabağlı Çe Qevara
4 avqust 2014
# 13:48

Sevda SULTANOVA

Bu, dünyada geniş yayılmış tipik festival formatıdır: ləng templə, (yaxud əl kamerası ilə çəkiliş) az dialoqla, minimal musiqilə, bir neçə personajla, eksperimentə əl atmadan, kino dilinə əl gəzdirmədən, dokumental və ya poetik realizm manerasında, mümkün qədər minimal ifadə vasitələrindən istifadə edərək bir fərdin hekayətini danışmaq.

Bütün festivallarda onlarla belə film nümayiş olunur və mükafat qazanır. Məsələn, Kortni Hantın “Donmuş çay”, Lens Hammerin “Ballast” filmi kimi. Yaxud 2011-ci ildə Kannda “Qızıl Kamera” almış argentinalı Pablo Corcellinin “Akasiyalar” dramı kimi.

Rejissor Elçin Musaoğlunun “Nabat” dramı da festival formatına uyğun ekran əsəridir. O, bizə yeni kino dili təklif eləmir. Dünya kinosunda oturuşmuş, istifadə edilmiş fəndləri, simvolları səliqə ilə bir araya gətirərək, dramaturgiyada nizamla yerləşdirərək bir qadının təsirli əhvalatını danışır. Bu əhvalatda dünya kinosunun ustaları Tarkovskinin, Odzunun, Murnaunun hənirtisi duyulur.

...Müharibə dövrü. Təhlükəyə baxmayaraq sakinlər, xüsusən qocalar kəndi tərk eləmək istəmir. Aramsız bombardmandan sonra hamı kəndi tərk edir. Nabat adlı yaşlı qadından başqa.

Filmin haradasa ilk yarım saatı daha çox neorealist estetikada çəkilib. Kənd boşaldıqdan və Nabat yatağa məhkum olunmuş xəstə əri ilə tək qalandan sonra neorealizm tədricən poetik realizmə qarışır: əsas qəhrəmanın ölüm təhlükəsinə rəğmən əzmkarlığının, iradəsinin, inamının poetikləşdirilməsi, idealizəsi, gündəlik həyatın, məişət təsvirlərinin simvollarla ifadəsi, ərinin ölümünün poetik həlli, qadının sahibsiz evlərin çırağını yandırması və sair.

Rejissor soyuq rəng həlli ilə müharibə atmosferini yaradır, yalnız Nabatın yuxularında şəhid olmuş oğlu ilə bağlı təsvirlər müəyyən qədər isti rənglərə bürünür.

“Nabat” müharibə haqda, döyüşsüz, qansız-qadasız, ölümün olmadığı dramdır. Filmdə Qarabağın adı keçmir, vətənpərvərlik haqda pafoslu dialoqlar, davranışlar yoxdur. Tamaşaçı müharibəni hər kadrda hiss edir. Rejissor bizə müharibəni məişətin, təbiətin detallı təsvirlərində göstərir: məsələn, sahibsiz evlərdə, boş beşikdə, yarımçıq səhər yeməyində, döşəməyə dağılmış süddə, torpağa tökülmüş xurmalarda, zivədən qüssəylə yellənən uşaq geyimlərində, taysız ayaqqabıda. Və Nabatın gözlərində.

Məhz bu keyfiyyətlər “Nabat”ı millilikdən, Qarabağ müharibəsi çərçivəsindən çıxararaq bəşəri dəyərlərə yaxınlaşdırır.

....Mənim üçün dünya kinosunun ən təsirli səhnələrindən biri Jan Lyuk Qodarın “Dəlisov Pyero”da Pyero ilə Mariannanın avtomobildəki söhbətidir. Söhbət əsnasında radiodan Afrikada 115 partizanın həlak olması haqda xəbər səslənir. Mariannanın gülümsəyən gözlərinə kədər çökür: “Belə adsızlıq dəhşətdir. 115 partizan... Bu, heç bir reaksiya doğurmur. Onlardan hər biri şəxsiyyətdir. Bilmirik kimdir onlar. Ailələri vardımı? Bəs uşaqları? Nəyi çox seviblər: kinonu, ya teatrı? Heç nə məlum deyil. Sadəcə 115 nəfər ölüb”.

”Nabat” filmin ən maraqlı səhnələrindən biri, rejissorun bizə əhvalat boyu üzünü görmədiyimiz, səsini eşitmədiyimiz, bombardmandan sonra kəndi tərk edən sakinləri statistika statusundan çıxarıb fərdiləşdirməsidir. Nabat kəndin sahibsiz evlərinə baş çəkir, kamera hər evə tuşlandıqca biz əşyalar, onların yerləşdirilməsi vasitəsi ilə sakinlərin bioqrafiyasını öyrənirik. Məsələn, divardan dünya xəritəsi asılıb. Pəncərənin qarşısına qlobus qoyulub. Bu, yəqin ki, coğrafiya müəllimdir. Başqa evdə boş beşik gənc ailənin olduğuna işarədir. Merilin Monronun, Çe Qevaranın fotoları studiya sahibinin maraqlarını ifadə edir.

Amma bu səhnələrin bəzilərində təsvir informasiyası yetərincə dolğun deyil.

Çe Qevara geniş yayılmış simvol olsa da, rejissor onu yerində istifadə edir. Əvvəldə Nabat fotostudiyanın sahibinə, oğlunun şəklinin onda olduğunu deyir. Fotoqraf isə israrla inkar edir. Kamera fotoqrafçını və fotostudiyanı göstərmir. Yalnız qaranlıqdan gələn səs eşidilir və fotostudiyanın pəncərəsindən yarımçıq çayı atan əli görürük. Qadın içəridəki şəkillərdən birinə işarə edərək, oğlunun ona oxşadığını söyləyir. Təhkiyənin gedişatında Nabatın fotostudiyada Çe Qevaranın şəklini göstərdiyini anlayırıq. Və Çe Qevaranın rəsmini əri ilə öz fotosunun arasında asmaqla oğlunun məhz belə mübariz, qorxmaz olduğunu anladır.

Əgər Çe Gevaranın yerinə xalq qəhrəmanlarından məsələn, Koroğlunun rəsmi asılsaydı, bu, primitiv, effektsiz görünər, üstəlik, dünyaya çıxan bir film üçün minus olardı.

Aktyor oyununa gəlincə, “İranın Merlin Stripi” adlandırılan aktrisa Fatimə Motamed Arya kənd qadınının yerişini, hərəkətini, tərzini, ümumən obrazın plastikasını uğurlu tapıb. İran ləhcəsi ilə danışması onun istedadlı oyununun kölgəsində qalır.

Müəllif musiqidən ehtiyatla, minimal istifadə edib. Təsvir musiqiyə uduzmur.

Film boyu ulayan canavar sonlara yaxın peyda olur.

Qadın ana canavarın situasiyası ilə özünü eyniləşdirərək onu quyudan xilas edir.

Hərçənd, canavar obrazının bir neçə dəfə təkrar göstərilməsi artıq görünür və istər-istəməz adamda bozqurdçuluqla assosiasiya doğurur.

Düşmənin boş kəndə girməməsi, nizamlı əsgərlər və s. kimi şərtiliklər isə müəllif üçün sadəcə ifadə vasitəsidir.

Yazılarımdan birində qeyd eləmişdim ki, Azərbaycan kinematoqrafiyasında da indiyə kimi ekranlaşdırılan müharibə filmlərinə iki fərqli yanaşma mövcuddur. Xəttin bir tərəfində Yavər Rzayevin təbliğatdan, plakatçılıqdan uzaq “Sarı gəlin” dramı, digər tərəfində isə “Girov”dan tutmuş “Ağ atlı oğlan“a qədər ritorik intonasiyada çəkilən lokal filmlər dayanır.

Kinematoqrafiyanın bu axsayan, zəif tərəfində axır ki, müharibə fonunda insan faciəsini uğurla təsvir edən bir film yarandı.

# 3097 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #