22 yaşda ölən azərbaycanlı rəssama elegiya

22 yaşda ölən azərbaycanlı rəssama elegiya
30 iyul 2014
# 10:34

(22 yaşında faciəli şəkildə dünyasını dəyişən gənc rəssam Cavid Bayramlının xatirəsinə həsr olunur)

Sevgilər müxtəlif olur... Vətənə sevgi, anaya, ataya, yara və dosta... Bu sevgilərin də müxtəlif cür şirinliyi, acısı, ağrısı var.

Sevginin nə qədər vüsalı olsa da, yenə də hicranı qaçılmazdır. Sevgini problem yaşamaq üçün sevmirlər, onun vüsalına çatmaq üçün sevirlər. Bir sevginin ki, sonu hicran olacaq, onu vüsal kimi qəbul etmək də düzgün deyil. Sevən ürək olduğu üçün, onun hər bir əzabını çəkən də elə ürək özü olur. Sevgiyə qanun yoxdur, onun özünün bir qanunu var, həqiqi və ülvi sevgi. Digər hisslər isə müvəqqəti və ötəri hisslərdir. Mən isə dost, yaxud adi vətəndaş sevgisini işıqlandırmaq istəyirəm.

On ildən çox tanıdığım rəfiqəm zəng elədi. Salam-sağ oldan sonra: "Bir xahişim olacaq, əgər vaxtın varsa yaxın rəfiqəm sənə zəng eləsin, işi var"- dedi. Razılaşdım.

Ramazan bayramı idi. Tanımadığım nömrədən zəng gəldi... Xəttin o biri ucundan bir xanımın kövrək səsi eşidildi: "Salam. Bayramınız mübarək olsun... " Titrək, qırıq-qırıq sözləri ilə mənə fikrini çatdırmaq istəyirdi... Anladım nə demək istədiyini... Düzü bu əziz bayram günündə hər kəs öz yaxınlarının, doğmalarının qəbrini ziyarət edir, Quran oxutdurur... Bu qızın da qəlbində bir vətəndaş, bir qrup yoldaşına olan sədaqəti idi... Nəsə onu narahat edirdi, hər hansısa addım atmaqla ürəyini sakitləşdirmək istəyirdi.

Təbii ki, 4 il az müddət deyil, eyni otaqda, eyni auditoriyada oturmaq, zarafatlaşmaq, dalaşmaq, barışmaq, küsüşmək... Bəlkə, ürəklərində hələ açılmayan cavabsız sevgi hissləri gizlənirdi. Bəlkə onlar çəkdikləri rəsmlərdə düşüncələrində olan, xəyallar qurub qayğısız məhəbbət aləminə addım atmağa hazırlaşırdılar... Bəlkə də... Amma həyat çox vəfasızdır... Ölüm haqdır və qarşısı alınmazdır. Bütün bunlar mövcud olan Yaradanın ixtiyarındadır. Ömürlük həyat yoxdur, hər birimiz bir gün dünyamızı dəyişəcəyik. Yəni insanın əbədiyyəti olmur. Vaxtsız ölüm isə çox ağırdır. Yarımçıq ömrün həyatı da, arzuları da nakam qalır. Həyatı istənilən qədər yaşanmamış ömür çox sarsıdıcıdır. Onsuz da nə qədər əzablar yaşatsa da, yaşından asılı olmayaraq bu dünyadan doymaq olmur.

Cavid də hələ həyatdan nəinki, doymaq indi-indi həyatı anlamağa başlamışdı... Rəssamlıq Akademiyasının sonuncu kursunda oxuyurdu. Çəkdiyi rəsmlərdə taleyini kölgəyə salacaq qara rənglərdən daha çox istifadə edirdi. Görəsən bu təsadüf idi, yoxsa... Yoxsa həyatın onu amansızcasına qismət etdiyi bir faciənin işarəti idi. Nə bilmək olar? Cavid və Asiman ömürlərinin ən qaynar gənclik illərini yaşayırdılar. Arzuları böyük, xəyalları sonsuz idi. Amma görünür amansız ölüm bu iki gənci ölümlə sınağa çəkdi. Yanvarın 25-də Bakı şəhəri Nərimanov rayonunda zədələnmiş binanın uçması nəticəsində Cavid və Asiman maşının içində daş parçalarının altında qalaraq faciəli şəkildə həyata əlvida deyirlər.

Görünür bu onların alın yazısıymış. Nə etmək olar, insan öz ömür qədərini yaşamağa məhkumdur. Ölənlə ölmək olmur. Nə qismətdən, nə də əcəldən qaçmaq mümkün deyil.

Cavidin atası Ədalət Bayramlı neçə illər Türkiyədə çalışmış xüsusi əsərləri ilə tanınan rəssam idi. Cavid də atasının yolunu davam etdirirdi. Və qrup yoldaşlarının sözü olmasın beş il də yaşasaydı Cavidi bütün Azərbaycan tanıyacaqdı. Onun əsərləri sərgilərdə birinci yeri tuturdu. Hətta Xocalı soyqırımını əks etdirən əsəri də ölümündən sonra keçirilən sərgilərin birində birinci yerin qalibi kimi mükafatlandırılmışdır. Təəssüf ki, bu xoşbəxtliyi Cavid özü yaşamadı, görə bilmədi. Zamansız ölüm Cavidin arzularını ürəyində qoydu. Cavid Azərbaycanın adını təmsil edirdi və edəcəkdi də... Atası kimi...

Faciədən bir neçə gün keçmişdi. Qardaş Türkiyəmizin bir çox qəzet səhifələrində bu faciə təəssüflə işıqlandırılmışdır. Onu olduğu kimi də sizlərin də oxuması üçün bu yazıya əlavə edirəm...

Türkiyənin Kastamonu şəhərinin əsas qəzetləri sayılan “Nasrullah” və “Kastamonu”da Cavid və atası Ədalət Bayramoğlu haqqında məqalə çap edilmişdi. Bu barədə Kastamonu Şəhər Bələdiyyəsinin sədr müavini Mehmet Çağılcı bildirmişdi.

“Bu xəbər bizi çox üzdü. Cavidin həyatdan vaxtsız getməsi bizləri dərindən kədərləndirir. Üzüntü ilə bələdiyyəmiz adından ailəsinə baş sağlığı veririk.


Bayramlı ailəsi kastamonulular üçün çox əzizdir. Onun atası Ədalət Bayramoğlu Kastamonuya rəssamlıq sənətinin inkişafında özünəməxsus töhfələr verib. Hələ də Kastamonuda onun əl işləri durur. Amansız ölüm onun arzularını puç etdi.

Kastamonu insanı rəhmətlik Ədalət bəyi adına layiq, doğma vətəninə yola saldı. Bu gün onun adı hörmət və izzətlə xatırlanır. Bundan sonra xatırlanacaq. Ədalət Bayramoğlunun adına muzey fəaliyyət göstərir.

Bəli Cavidin də arzuları sonsuz idi. O da xalqımızı öz əsərləri ilə dünyada təmsil etmək, tanıtmaq arzularıyla yaşayırdı...

Bu gün Cavidin ad günüdür... Bu acının, qəhərin nə demək olduğunu onun gözlərinin yaşı qurumayan anası Cəmilə xanım bilir... Bir ana üçün biricik övladının nakam ömrü nə deməkdir?

Təskinliyimiz Cəmilə xanıma budur. Cavid evdən deyil, eldən getdi...

Amma Cavidin əsərləri onu hər zaman itirdiyi gəncliyi ilə birgə xatırlanacaq. Torpağın üzü soyuq olar deyiblər. Ömür hamıya verilən bir əmanətdir.

Cavidin yarım qalmış taleyinə acıyanlar özünüzü ələ alaraq səbirli və təmkinli olun ki, ötüb keçən qısa Cavid ömrünü tez-tez xatırlayıb və xatırladasınız....

Həyat nə qədər gözəl olsa da, yenə də əzab və əziyyətsiz yaşanmır. Amma nə etmək olar, taleyin hökmü qarşısında hər birimiz acizik.

Allah rəhmət eləsin!

Gülşən Behbud

# 2320 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #