Tanınmış jurnalistlərin ilk qonorar xatirələri

Tanınmış jurnalistlərin ilk qonorar xatirələri
22 iyul 2014
# 11:48

Bu gün 22 iyul Milli Mətbuat günüdür. Bayram günündə peşəkar jurnalistlərə iki sualla müraciət etdik: İlk yazınız nə zaman çap olunub və ilk qonorarınızı hara xərcləmisiz?

Qabil Abbasoğlu: ”İlk yazımı 1989-cu ilin payızında, hələ institutda oxuyarkən yazmışam. "Kommunist" qəzetində dəyərli qələm sahibi Rəhim Əliyevin xalq hərəkatının mahiyyəti, məqsədləri barədə bir analitik yazısı çıxmışdı. Oxudum və hiss elədim ki, məni qane eləməyən xeyli məqamlar var. Qərara aldım ki, cavab yazım. Yazdım, göndərdim, xeyli gözləməli oldum, amma çap elədilər, sağ olsunlar.


İlk qonorarı, təbii ki, həmin yazıdan almadım. "Yeni Müsavat" qəzetinin qeyri-leqal çıxan vaxtlarıydı, 1990-cı ilin əvvəlləri. Əməkdaşlıq edirdik Rauf bəylə. Yazının adını xatırlamıram, amma mövzusu yenə imperiyanın niyyətləri və hərəkatımızın məqsədləri barədəydi. İlk qonorarı həmin yazıya görə aldım. Dəqiq yadımdadı, Rauf bəy 25 sovet rublunu mənə verəndə gözlərim yaşarmışdı. Rayona gedəcəkdim, götürdüm, evə xeyli bazarlıq elədim, anama bir yaylıq almışdım o puldan.”

İbrahim Nəbioğlu: “İlk yazım Leninqradın adının dəyişdirilməsinin vacibliyi haqda idi. Şəhərin adından çox Leninin qaniçən və terrorist olduğundan yazmışdım... Sonra o yazı bir neçə türk qəzetində birinci səhifədən anonsla dərc olunmuşdu...

İlk qonorarıma o vaxtkı “Şəfəq” kinoteatrının yanındakı bir restoranda uşaqlıq dostlarıma qonaqlıq vermişdim”

Yusif Rzayev: “İlk yazım 1990-cı ildə "Ədalət" qəzetində çıxıb. Amma o yazının qonorarına nə aldığım yadıma gəlmir. Amma bir yazım çıxmışdı "Ədalət" qəzetində, Ömər Faiq Nemanzadənin yazılarından istifadə edib ondan "müsahibə" götürmüşdüm. Yazı Aqill Abbasın çox xoşuna gəlmişdi və qonorardan əlavə 200 rubl mükafat da yazmışdı.

O mükafatın puluna anama bir hədiyyə almışdım, o yadıma gəlir. Anam da o hədiyyəni saxlayıb mən evlənəndə bizim xanıməfəndiyə vermişdi deyəsən.”

Natiq Cavadlı: “İlk yazımı 1992-ci ildə Sumqayıtın “Haray” qəzetində yazmışam. Baş redaktor Yadigar Məmmədli idi. Fəlsəfə haqda yazmışdım.

İlk qonorarımı isə 1997- ci ildə “Uluinform” agentliyindən almışam. Deyəsən, “15 şirvan” idi. Evə çörək aldım”.

Anar Niftəliyev: “İlk yazımı xatırlayıram, amma adı dəqiq yadımda deyil - dillə bağlı idi, bəzi sözlərimizin milli-mifoloji təfəkkür qatından soraq verməsinə aid bir yazı. 1991-ci ilin yanvarında dərc olunmuşdu.


İlk qonorarımı dəqiq xatırlayıram. 1991-ci ildə AYB-nin "Oğuz eli" qəzetində çıxan yazıma görə almışdım. Demişdilər, düyü almaq lazımdır ilk qazanca, onda bərəkətli olur: mən isə ilk qonorarımı tələbə dostlarımla (birinci kursda oxuyurduq) qonaqlığa xərclədim”.

Səbuhi Məmmədli: “İlk yazım 1986-cı ildə 9-cu sinifdə oxuyanda “Bakı” qəzetində çıxıb. Sağ olsun Araz Qurbanov verdirib. Öz məktəbimiz barədə idi. Adı da beləydi: “Biləcəri məktəbliləri çempion oldular”. Sonra yenə Araz müəllimin yanına getdim. Biləcəriylə bağlı xəbərlər yazırdım. 3-4 yazım çıxdı. 14 ya 16 manat qonorar aldım. İki dənə “Nağıl” tortu aldım. Birini tək yedim, o birini də evə apardım”.

Zamin Hacı: “Mənim ilk qonorarım “Gənclik” jurnalından olub. 1991-ci ildə şeirlərimə görə 27 manatdan çox qonorar aldım. Yaxşı pul idi o vaxt - 27 sosiska almaq olurdu. Elə deyəsən sosiska alıb yedim. Tələbə adam nə ala bilərdi? Yadımda deyil, sonra nəyə xərclədim. Amma ilk qonorarın sevinci yadımdan çıxmır.”

Zahir Əzəmət: “İlk qonorarımı 13 yaşımda Lənkəranda nəşr olunan "Leninçi" qəzetindən almışam. Talış dilində sevgi şeri yazmışdım. O zaman rayon qəzetinin bir səhifəsi talış dilində nəşr olunurdu. 70 manat qonorar aldım. O vaxt üçün yüksək rəqəm sayıla biləcək məbləğ idi. Pulun böyük qismini kitab almağa xərcləmişdim. Qalanını da məktəb bufetində xərcləmişdim.”

Samirə Behbudqızı: “Peşəkar jurnalistikada ilk təcrübəm olaraq 1999-cu ildə "Rezonans" qəzetində dərc edilən Pərviz Məmmədrzayev, Qurban Məsimov, Elşən Rüstəmov, Pünhan Həsənli, Azər Şabanov (Azər Axşam) və digərləri ilə silsilə blits-müsahibələri hesab edirəm. 1998-ci ildə isə "Azərbaycan dünyası" dərgisində Fuad Əbdürrəhmanovun nəvəsi gənc yaşlarında dünyasını dəyişmiş heykəltəraş Elçin Əkbərovun həyat və yaradıcılıq tarixçəsinə aid araşdırmam çıxmışdı. İlk qonorarımı və ya qonorarlarımı şirniyyata, özümə və mənə əziz olan adamlara kiçik hədiyyələrə xərcləmişəm...”

Azadə Balayeva: “Bizim universitetə qəbul olunduğumuz illərdə jurnalistika fakültəsinin tələbəsi olmaq üçün öncədən dövri mətbuatda bir neçə yazının dərci şərt idi. Mən də 1988 –cı ildə, 8-ci sinifdə oxuyarkən Moskvaya getmişdim. Qayıdandan sonra SSRİ-nin paytaxtı haqda təəssüratlarımı yazdım. O da “Şəki fəhləsi” qəzetində çap olunmuşdu. Amma jurnalist təhsilimi bitirdikdən sonra qadınlar bayramı münasibətilə övladını atan analar haqqında olan ilk yazım 1998-ci ildə “525-ci qəzet”də dərc olunub.

Üç manat məbləğində ilk qonorarımı tələbə vaxtı, 1991-ci ildə Azərbaycan Radiosundan almışam. Tələbə yoldaşım, indi AzTV-də çalışan Ağanisə Sultanova ilə xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Zuğulbada keçirilən toplantısından radioreportaj hazırlamışdıq. Pul sarıdan elə bir korluğumuz olmasa da ilk əmək haqqım olan o üç manata görə xeyli sevinmişdim... Amma ona xüsusi olaraq nə isə almadım, başqa pulların içində xərclənib getdi”.

Ləman Ələşrəfqızı: “İlk qonorarıma nə aldığımı bilmirəm. Amma yadımdadır ki, “Olaylar”da yaxşı maaş alırdım. Lap kefin istəyən qədər. 300 dollara yaxın. Söhbət 1996-cı ildən gedir. Özümə o qədər pal-paltar alırdım ki, üç bacıma da çatırdı. Yəni onlar daha özlərinə heç nə almırdı.”

Anar Yusifoğlu: “İlk yazım 1993-cü ildə yazılıb. II kursda oxuyurdum. Gənclərin cəmiyyətdə yeri barədəydi. Biz-o vaxtkı gənclik-harda səhvlər edirik, problemlərimiz, cəmiyyətin və ali məktəbin təsiri və sair.

Nə qədər qonorar aldığım yadımda deyil. Dediyim kimi o vaxt tələbə idim. Tələbə pulu hara xərcləyərdi? “İyirmi səkkiz” tərəflərdə o vaxt yaxşı cız-bız verilən kafe vardı. Tələbə yoldaşlarımla yığışıb ora getdik. Evə gələndə cibimdə pul qalmamışdı.

Sevda Sultanova: “İlk yazım 11-ci sinifdə oxuyanda, 1992-ci ildə “Aydınlıq” qəzetində çap olunub. Siyasi yazı idi və buna görə məni az qala oxuduğum 238 saylı məktəbdən qovacaqdılar. Sonralar, o vaxt “Aydınlıq” qəzetində işləmiş Məmməd Nazimoğlu ilə görüşdüm. Oxuduğum sinfə qədər hər şey yadında idi. Mənə dedi ki, o vaxt sənə görə narahat olduq və məktəbə gizlicə adam yolladıq ki, görək səni incidirlərmi?

İlk qonorarımı birinci kursda oxuyanda “Millət” qəzetindən almışam. Qonorarımı Qafar Çaxmaqlı verdi. Mən də o pula özümə kəmər aldım”.

# 3326 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #