Dostlarından Adil Mirseyidə [b]UĞURLU YOL[/b]

Dostlarından Adil Mirseyidə [b]UĞURLU YOL[/b]
17 iyul 2014
# 16:34

Şair Adil Mirseyid bu gün səhər saatlarında vəfat edib. O, uzun müddət idi ki, xəstə yatırdı. Şairin qələm dostları onunla bağlı xatirələrini Kulis.Az-a danışdılar.

Seyran Səxavət: “Heyf... Çox Heyf... Adil Mirseyid kimi adam dünyasını dəyişibsə, bu böyük bir hadisədir. Bunu qabaqlayıb ondan böyük heç nə demək olmaz. Xəbəri indi eşitdim, elə bil bir milyon qarışqa bədənimə daraşdı. Tüklərim biz-biz oldu. Onunla mənim gözəl münasibətlərim var idi. Adil insan kimi də, şair kimi də, rəssam kimi də çox maraqlı bir adam idi. Azərbaycanda Adil Mirseyiddən yoxdu. Düzdü hər kəs özünə görə fərqlidir, amma söhbət o fərqdən getmir. Söhbət dünyaya haradan baxmaq fərqindən gedir, baxandan sonra hansı nəticəyə gəlmək fərqindən gedir. O nəticəni şüurlara beyinlərə yeritmək fərqindən gedir. Bu fərqləri istənilən qədər uzatmaq olar. Hətta Adilin yaşadığı qısa ömürdən də uzun olar.

Adilin ölümü məni çox yandırdı.

Adil səhər tezdən vəfat edib. Burada da fərq var. İnsan yola çıxanda səhər-səhər çıxır. Adil də milyonların getdiyi o yola səhər tezdən çıxıb. Mən ona bu yolda uğurlar arzulayıram. Getsin... Getsin... getsin... onsuz da getdi... getdi... getdi...”

Əlisəmid Kür (ölüm xəbərini bizdən öyrənən şair, çox təsirləndi və yalnız bunları söyləyə bildi-red.): “Azərbaycanın çox gözəl, modernist şairi idi. Heyf, ümid edirdik ki, sağalacaq, yaşayacaq, amma yaşamadı...”

Etimad Başkeçid: “Adil Mirseyid sözün əsl mənasında kübar əxlaqının, kübar mədəniyyətinin daşıyıcısı idi. İstər yazılarında, rəsmlərində, istərsə də həyatda. Neçə illər tanışlığımız müddətində onun nəyəsə səsini ucaltdığını, hirslənib özündən çıxdığını görmədim. Elə bil bu dünyanın adamı deyildi. Onun son müsahibələrini kövrəlmədən oxumaq olmur. Adilin çarəsiz vəziyyəti və bu şəkildə faciəvi ölümü (buna başqa ad vermək mümkün deyil) ürək parçalayır. Rəhmətlik Şaiq Vəli ilə bağlı da yazmışdım, biz sanki gözlənilən qətllərə şahidlik edirik. Hər necə olsa da, Adil Mirseyid Azərbaycan ədəbiyyatında iz buraxıb getdi. Yaxınları, dostları və ədəbiyyatsevərlər onu həmişə rəhmətlə yad edəcəklər.”

Aydın Talıbzadə: “Adil Mirseyid qəribə adamdı, Azərbaycan poeziyasında özünəməxsus Səttar Bəhlulzadə idi; rənglərlə düşünüb şeir yazırdı. Bir-birimizi tanımırdıq: bir dəfə yaxınlaşıb mənə dedi ki, səninlə Fudzi dağının zirvəsində görüşmüşük. Sonra Adilin bulud-adam olduğunu öyrəndim. Hər dəfə onunla rastlaşanda mənə elə gəlirdi ki, o, mənim yox, haradasa fransız impressionistlərinin müasiridir və impressionist rəssamlar kimi yaşayıb fikirləşir. Nə həyat Adil Mirseyidə qalib gələ bildi, nə ölüm... Çünki Adil Mirseyid özünə xəyanət eləmədi, sonacan impressionist dostlarının əqidəsinə və sənət qavrayışına sadiq qaldı... Çöhrəsindəki təbəssümü ilə dünyanın bütün ağrılarını, bütün əziyyətlərini çökdürdü...”

Səlim Babullaoğlu: “Adil Mirseyid mənim sevdiyim və öyrəndiyim, böyük hesab elədiyim şairlərdən biri idi. 1995-ci ildə tanış olmuşuq. Bəlkə 100 kilometrlərlə piyada yol qət eləmişik, tonlarla çörək yemişik, nə bilim meqabaytlarla söhbət etmişik. Adil Mirseyidlə bir kiçik həmkarı kimi ən çox ədəbiyyat, poeziya söhbəti edən adam yəqin ki, mən olmuşam, çünki söhbətimiz tuturdu. Mən həmişə onun hörmətini, yolunu təkcə şair kimi yox, elə yaşca kiçik bir adam kimi də saxlamağa çalışmışam. O qədər maraqlı günlər yaşanıb, o qədər çox şey olub ki... Amma bunları indi danışmaq istəmirəm. Son söhbətimizdən bəzi fraqmentləri xatırlayım. Rafiq Həşimovla Bakı Sağlamlıq Mərkəzinə Adil Mirseyidə baş çəkməyə getdik. Söz-sözü çəkdi, şairlikdən, poeziyadan və dindən danışdıq. Miloşdan çevirdiyim bir şeirdən danışdım Adil müəllimə, sonra da Qurandan “Şairlər” surəsini xatırladıq. Nəsə araya tibb bacısımı, ya kimsə, nəsə girdi, mən komodun üzərindən Adilin kitabını götürüb bir 5-6 səhifə oxudum. Susdum. Bir müddət sonra Adil müəllim dedi ki, nədi, vərəqləyə bildin? Gülümsünüb dedim ki, vərəqləmədim, bir xeyli oxudum. Və yazısından bir yeri səsləndirdim: “Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır”, - cümləni oxuyub əlavə eldim ki, bu fikri Miloşun “Ars poetika” şeiri haqqında yazanda sitat edəcəm. Pauza yarandı. Söhbət ürəyincə olanda adətən gözlərindən uşaqca xeyirxahlıq yağır, xoş təbəssüm yaranırdı üzündə:

-Nazim yadındadır?

- Hansı şeiri? – sual eləsəm də cavab gözləmədən başladım oxumağa. “Sonu yaxşılıqla bitən kitablar göndərin mənə...”

Niyə axı məhz bu şeiri niyə oxudum, söhbətimizə dəxli yoxdu. İndi fikirləşirəm, bu şeiri ona görə oxudum ki, Adilə yaxşı olsun, ağrıları azalsın, təskinlik tapsın, xeyrə, yaxşıya ümidi artsın.

- Yox, bu şeiri demirəm...- quyunun dibindən çıxan asta və xeyirxah səsi ilə oxumağa başladı, amma səsi o qədər zəif idi ki, hansı şeiri oxuduğunu anışdıra bimədim. Komodun üstündə yaxşı təsvir vardı. Kitablar və Adilin eynəyi. Rafiq də, mən də dedik ki, Adil çox yaxşısan, düzələcəksən, möhkəm ol.

O gün onu gördüyümüz ilk dəqiqədən və yanında olduğumuz bir saat ərzində xeyli dirçəlmişdi. Ümidlənmişdi. Dedi ki, əlbəttə, ruhum güclüdür. Sonra da dedi ki, elə ruhumun gücünə yaşayıram da bu neçə vaxtı.... Sonra infarkt keçirtdi.

Reanimasiyada yenə Rafiqlə baş çəkdik. Həkimlə içəri girməyə qoymasalar da şüşəli qapıdan ona əl elədim. O da təbəssümlə əl ellədi mənə. Sonra da Rafiqlə (o içəri keçmişdi) mənə çatacaq və ömrüm boyu xatırlayacağım bir ismarıc göndərdi. Bir də dünən gördüm Adil Mirseydi. Ağrıkəsicilər vurmuşdular. Yatırdı. Ramazan ayında vəfat etdi... Allah rəhmət eləsin! Yeri behişt olsun! Mən Nüşabə xanıma, Ayana və Ayaza başsağlığı verirəm. Allah səbr versin!”

Məti Osmanoğlu: “Adil Mirseyid yazıları ilə “zəmanə adamı” ola bilməyən bir insan taleyinin obrazını yaratdı və real insan ömrü yaşamaqdan imtina edərək özünə də o obrazın həyatını seçdi. Şeirlərindən birinin başlığı ilə desək, o özünü “uçurumun kənarından ulduzlara baxıb” yaşamağa məhkum etdi və həyatı çox ucuz tutdu.

Yadıma gəlir – 1990-cı illərin əvvəllərində dövlət televiziyasında Adil haqqında “Qapı” adlı bir videofilm hazırlamışdıq (həmin filmin redaktoru mən idim). Orada Adilin bir insan olaraq kimliyi yaratdığı poetik obrazlarla açılırdı. Sonluğu Adil özü təklif eləmişdi. Film ağır bir qapı önündə bitirdi. Adil qapını itələyir və kədərlə gülümsəyib tamaşaçıya deyirdi: “Bu qapı da üzümə bağlı çıxdı”... Adil həyatda bağlı qapının bəri üzündə qaldı... Allah rəhmət eləsin.”

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #