Rəqqasənin performansı

Rəqqasənin performansı
16 iyul 2014
# 09:44

Keçən il Təngaltıda (Quba) meşəyə girmək istəyəndə bir kişi qabağımızı kəsdi:

- Bura mənim sahəmdi.

Biz fikirləşməyə macal tapmamış on yaşlı qızım bir əlini belinə qoyub, o biri əlini kişinin gözünün qabağında oynatdı:

- Əmi, bura Allahın sahəsidi!

Hamımız təəccübləndik, bu çaşqınlıqdan istifadə edən qızım meşəyə girdi, biz də onun arxasınca.

Hər kəsə tanış mənzərədi, təbiətin qoynuna – meşəyə, dənizə girmək üçün kiminsə “sahəsi”ndən keçməli, hansısa stola, kafeyə pul ödəməlisən. Quma, torpağa ayaq basmaq pulladı, meşələr, dənizlər hasara alınıb.

İrili-xırdalı sahibkarlardan tutmuş yerli sakinlərə qədər hər kəs istirahəti adamın burnundan gətirməyə çalışır. İstirahət zonalarında yaşayanlar paytaxdan gələnlərə ov kimi baxır, sanki turistlərin hamısı ya axmaq, ya da milyarderdir. Yerlilər illik qazancını bir mövsümdə çıxarmaq istəyirlər.

Bir dəfə İsmayıllıda maşınla yoxuş yuxarı bir kəndə qalxırdıq. Sürücü qayıtdı ki, bəxtiniz gətirib, qar yağmayıb, yoxsa buranı çıxmaq mümkün olmayacaqdı. Qar yağanda yerli əhali axşamlar bu yoxuşa bir-iki vedrə su tökür ki, yol donsun. Səhər də maşınların birini on manatdan traktorla yuxarı çıxarırlar.

Bu yerdə müzakirəni sizin öhdənizə buraxıb, keçirəm mətləbə. Mən məşhur romanımızda deyilən kimi, səhra adamıyam, dərin meşələrdə, uca dağlarla əhatə olunmuş yerlərdə darıxıram. Mənimki dənizdi, səhradı, göz işlədikcə uzanan nəhayətsizlikdi... Bu səbəbdən Nabranı çox sevirəm, orda meşənin dərinliklərində boğulmuram, hiss edirəm ki, yaxında dəniz var.

Doxsanıncı illərin sonlarından bu yana hər dəfə gedəndə bu gözəl məkanın bir az da deformasiyaya uğradığını görürəm. Hər il bir az da çox! Təbiətlə adam arasında min cür mənasız əyləncə, səs-küy, rütubət qoxulu otaqlar dayanır. Dörd-beş nəfərlik ailənin qalması üçün normal otaqların bir gecəsi 100 manatdı. On gün dincəlmək istəsən, yalnız gecələməyə min manat ödəmək lazım gəlir. Üstünə kafelərdə verilən bahalı yeməklərin, marketdə ikiqat baha satılan ərzaqların qiymətini də gələndə əməlli-başlı məbləğ alınır. Bu qiymətə xaricdə, ən azı qonşu ölkələrin istirahət məkanlarında - Antalyada, Bodrumda, Batumidə əməlli-başlı dincəlmək olar. Özü də komfortla, əsəbiləşmədən, insana insan kimi yanaşan personal xidmətiylə.

Bütün bunları bilə-bilə, olacaqları gözə alaraq, keçən həftəsonunu Nabranda keçirməyi qərara aldıq. “Kasıbın olanından” deyib istirahət mərkəzlərinin birində iki gecəlik otaq kirayələdik. İkigünlük müxtəlif əyləncələr vəd edilirdi. Böyük uşaq diskoteka və Wi-Fi, ortancıl basketbol və badminton, kiçik “Maşa və ayı” cizgi filminin personalları, özüm də ayrıca duş otağı olmasına sevindim. Amma elə istirahət mərkəzinin qapısından içəri girən kimi xəyallarımız bir-bir suya düşməyə başladı. Tennisin stolu qırıq, badmintonun toru yerdə, basketbolun səbəti yox. İnternetə girmək mümkün deyil, otaqlarda antisanitariya, tor basmış pəncərə, rütubət iyi verən yorğan-döşək, xarab duş. Maşa ilə Ayı fotoqrafın yanında dolaşır, yəni anlayacağınız bu da bir pul tələsidi. Əyləncə adına istirahət mərkəzində yalnız yelləncəklər vardı, onlara da qışdan sonra kiçicik də olsa əl gəzdirilməmişdi, yağışdan, qardan rəngi getmiş, çürümüş taxtalardan ibarət bu yelləncəklərin, skamyaların miskin görkəmi vardı.

Axşam yeməyi zamanı işıqları yandırıb ətrafa parıltılı effekt verməyə çalışdılar. Diskoteka başladı. Gənclər ortaya girib özləriyçün tullanıb-düşürdülər. Onlara baxır və düşünürdüm, görəsən, doğrudanmı, bizimkilərə ancaq tamaşa lazımdı, şou onlara hər şeyi unutdurur?! Fikrimin bu yerində sanki mənim sualıma cavab olaraq ərəb musiqisi səsləndi. Yarıçılpaq bir rəqqasə səhnəyə çıxıb göbək atmağa başladı. Səhnədə bir az performans göstərəndən sonra aşağı – masaların yanına düşdü. Təbii ki, məqsədi pul yığmaqdı. Neçə masaya yaxınlaşsa da, rəqqasəyə pul verən olmadı, adamlar bir-biriylə sözləşibmiş kimi başlarını qaldırıb rəqqasəyə baxmadılar da! Avtobusda dilənən qaraçı uşaqlar qədər də ona fikir verən olmadı. Qadın qürur-filan göstərmədən yanında oynamadığı bir masa saxlamadı. Anladım ki, rəqqasə istəsə də gedə bilməz, bu onun “işi”di.

Amma camaata rəqqasədən də çox ürəyim ağrıdı, artıq heç kimin soyulmuş cibində “dilənçiyə” verəcək pul qalmamışdı.

# 2957 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #