Pələng dərisinə bürünmüş eşşək

Pələng dərisinə bürünmüş eşşək
15 iyul 2014
# 10:39

Avstriya yazarı, dramaturqu, esseçisi və kulturoloqu Elias Kanettinin (1905 - 1994) yaradıcılığı Azərbaycan oxucusuna çox az tanışdır. Onun yeganə romanı «Korlaşma» (Azərbaycan dilinə tərcümə olunub-red.) çap olunandan düz yarım əsr sonra, yəni 1981-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Kulis.Az E.Kanettinin “Pələng dərisinə bürünmüş eşşək”essesini təqdim edir.

"Camaşır yumaqla çörəkpulu qazanan bir adamın yetərincə ağır yüklər daşımağa qadir eşşəyi var imiş. Bu heyvanın qarnını doyurmaqdan ötrü camaşırçı ona gecələr pələng dərisi geyindirib, qonşularının əkdiyi taxıl zəmisinə aparırmış. Eşşək gen-bol taxıl yediyi vaxt onu pələng sanan kəndlilər qorxularından nəinki onu qovmağa, hətta yaxınına da getməyə cürət eləmirmişlər.

Günlərin bir günü zəminin qarovulçusu ona hiyləgər bir tələ qurur: boz rəngdə dəri bir gödəkcəni əyninə geyərək, zəmidə var-gəl eləyir və o ara yayını-oxunu əlində hazır vəziyyətdə tutur ki, üstünə hücum çəkəcəyi təqdirdə bu yırtıcı heyvanı öldürmək fürsətini də qaçırmasın.

Pələng dərisi geyinmiş erkək eşşək uzaqdan görünən heyvanı bir dişi eşşək zənn etdiyindən qəflətən içində cinsi ehtiras oyanır. Bunu qarşı tərəfə bildirmək üçün uca səslə bir-iki ağız anqırır.

Zəmidəki məxluqun adi eşşək olduğunu anqırtısından anlayan qarovulçu onu oxla vurub, öldürür".

Qılıq-qiyafət dəyişdirməyin yol açacağı nəticələrlə bağlı bir kitabdan alınacaq ibrəti bu «Pələng dərisinə bürünmüş eşşək» haqda qədim hind hekayəti beş-on qısa cümlə ilə çatdırmaq gücünə malikdir. Bu qədər az sözlə belə böyük mənanı ifadə eləməyi o vaxta qədər tarixdə heç kəs bacarmamışdı.

Bəri başdan onu da etiraf edək ki, bu nağıl cildi-qılığı necə dəyişdirməklə yox, bu işin tətbiqiylə birbaşa bağlıdır. Halbuki bu tip tətbiqlərin bəziləri əslində qılıq-qiyafəti necə dəyişdirməyin məğzindən sən deyən də fərqlənmir.

Nağıldakı camaşır ustası insanların ikinci dərisi sayılan geyimləri, yəni pal-paltarı yuyub-təmizləyən birisidir. Xeyli çalışqan olan bu adam ağır yükləri daşımaqdan ötrü özünə bir eşşək alıbdır. Heyvan öz sahibinin yuduğu camaşırları üzüyola şəkildə ora-bura daşımaqdadır. Hekayətdə həlledici rola malik o pələng dərisi də camaşırçının öz işiylə bağlı və hər halda müvəqqəti əlinin altda bulunan dərilərdən biri imiş.

Cani-dildən çalışan eşşək, aydın məsələdir ki, möhkəm acdığından doyunca yeməyə də ehtiyac duyurmuş. Heyvanı yaxşı yedirməyi uman sahibi onu pələng dərisinə bürüyəndən sonra qonşularının əkdiyi taxıl zəmisinə ötürürmüş. Zəmi sahibləri bu heyvanı pələng zənn etdiklərindən ona yaxın düşmürmüşlər və bu sayədə eşşək ürəyi istəyən qədər taxıl yeyə bilirmiş.

Hekayətdə ilk baxışda zərərsiz görünən bir canlı çox təhlükəli digər heyvanın dərisinə bürünərək qarşımıza çıxır. Ancaq eşşək özü onda baş verən bu zahiri dəyişikliyin fərqində deyildir, ona görə də ətrafındakılara aşıladığı dəhşət duyğusundan tamamilə bixəbərdir. Ona görə də keyfi istədiyi qədər və təşvişə qapılmadan qarnını doyurur.

Zəmi sahibləri isə yanına yanaşa bilmədikləri bu varlığın orada nə etdiyini heç cür anlamırlar. Onların bu qorxunc heyvan qarşısında duyduğu tərəddüd isə başa düşüləndir və bunun ardında dini sayğı da dayanmaqdadır.

Məhz bu yanaşma insanların zəmiyə girən pələngin əslində bir eşşək olduğunu anlamasına əngəl törətməkdədir: heç kimsə ona dəyib-dolaşmır və eşşək səsini çıxartmadığı müddətcə gen-bol qarnını doyurmağına davam edir.

Ancaq zəmi sahiblərindən fərqli biri olan qarovulçu məsələyə qarışır və o, ovçulara xas cürət, cəsarət hissinə sahibdir. Pələngi zərərsizləşdirməkdən ötrü o, əlindəki ox və yayla pusquya yatır.

Pələngi özünün nisbətən yaxınına çəkib gətirməkdən ötrü o da qılığını dəyişdirir və özünü onun şikarına bənzədir: boz rəngli kürkə - bəlkə də hansısa eşşəyin dərisinə - bürünür. Bu hiylədən məqsədi - "pələngin" onu bir eşşək zənn etməsidir. Bu cür davranmaqla qarovulçu zahirən özünü zərərsiz biri kimi göstərməyi umur, halbuki əslində təhlükəli və hiyləgər bir varlıqdır. Bəşər tarixindəki ilk ovçular da şikarlarına yetərincə yaxınlaşmaqdan ötrü bu üsuldan yararlanıblar.

Hekayətin əsas məğzi – yeyib-doyan eşşəyin özünü o zəmidə yalqız hiss etməsidir. Toxlaşan heyvanın könlündən keçir ki, kaş o uzaqdakı qaraltı dişi bir eşşək olaydı. Uca səslə anqırandan sonra o, bu "dişi" eşşəyə tərəf cumur. Anqırması onun pələng yox, məhz eşşək olduğunu isbatlayır və qarovulçu hər hansı qorxu-hürkü duymadan onu qətlə yetirir.

Burada qarovulçu özünü pələngdə iştah doğuracaq bir şikara bənzədir, lakin özü də istəmədən onda bir dişi eşşək təəssüratı yaradır.

Ona tərəf cuman eşşək isə arzusunda olduğu eşq əvəzinə, ölümə qovuşur.

https://www.facebook.com/azadyasharofficial

# 4252 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #