Leninin obrazını yaradan ilk rejissor

Leninin obrazını yaradan ilk rejissor
12 iyul 2014
# 07:15

Kulis. az “Baxılası 50 film” layihəsində dünya kinosuna əhəmiyyətli təsir eləmiş, rus rejissoru Sergey Eyzenşteynin “Potyomkin zirehli gəmisi” filmini təqdim edir.

Sergey Eyzenşteyn (1898-1949) Riqada şəhər arxitektorunun ailəsində doğulub.

Valideynləri onu sevsə də lazımi diqqəti göstərmirdilər. Sergey öz uşaqlığını “kədər zamanı” adlandırıb. Onun valideynləri tez-tez mübahisə edirdi. ”Anam atama oğru, anam isə ona gəzəyən qadın deyirdi”. Bu mübahisələr Sergeyin həyatında ağır xatirə kimi qalıb.

Sergey Riqada məktəbə gedir, at sürmək və royal dərsləri alır, ingilis, alman və fransız dilini öyrənir, komiks, karikatura çəkir.

1912-ci ildə onun valideynləri ayrılır, o, atası ilə qalır, anası isə yaşamaq üçün Peterburqa gedir. Atası onu arxitektor görmək istəyirdi və Sergey məktəbi bitirəndən sonra mühəndis təhsili alır.

Oktyabr inqilabından sonra Eyzenşteyn incəsənətlə, xüsusən teatr arxitekturası ilə ciddi maraqlanır.

1921-ci ildə Eyzenşteyn teatr rejissoru Vsevolod Meyerholdun emalatxanasına daxil olur. Onun ilk kino təcrübəsi “Qlumovun gündəliyi” filmi idi.

1925-ci ildə o, ilk tammetrajlı, səssiz təbliğat filmini -“Tətil”i çəkir. Süjetə görə ağır iş şərtlərindən cana doymuş fəhlələr tətil edir.

Çəkilişlər tamlıqla naturada aparılıb, kütləvi səhnələrdə isə tələbələr iştirak edib.

O, bu filmdə köhnə teatr ənənələrindən uzaqlaşır, kinoxronikaya önəm verir, baş qəhrəmanlardan, fabuladan imtina edir. Film montaj və rakurs baxımından novator sayılır. Film Parisdə “Gümüş medal” aldı.

Oktyabr inqilabından bəhs edən “Oktyabr” (1928) bədii filmində ilk dəfə Leninin obrazı göstərilir.

Sonra Eyzenşteyn çəkiliş qrupu ilə xaricə Qərb təcrübəsini öyrənmək üçün gedir. O, bu müddətdə Berlində, Amsterdamda, Londonda mühazirələr oxuyur, İsveçrədə isə Eduard Tisenin rejissoru olduğu, abortlarla bağlı “Qadının kədəri və sevinci” filmində məsləhətçi olur.

SSRİ-yə qayıdandan sonra Eyzenşteyn elmi və pedaqoji fəaliyyətlə məşğul olur.

Kənd təsərrüfatının kollektivləşməsi və Pavlik Morozovun hekayətinə əsaslanan “Bejin luq” (1935) filmi formalizm və mürəkkəb dilinə görə tənqidi qarşılandı.

Bu filmin montaj olunmamış hissəsi İkinci Dünya müharibəsi zamanı məhv olub.

Kinolentdən yalnız kəsiklər, qaralamalar, fotolar qalıb. Sonralar film fotofilm kimi bərpa olundu. Rejissor məqalələrindən birində bununla bağlı Eyzenşteyn olduğuna görə üzr istəyirdi.

“Aleksandr Nevski” (1938) tarixi filmi Eyzenşteynin ən yaxşı işlərindən, klassik sovet tarixi filmlərindən biri sayılır.

İdeyası Stalinə məxsus olan, rejissorun son iki seriyalı “İvan Qroznı” (1944) (üçüncü seriya bitməmiş qaldı) filmində mütləq hakimiyyətin fəsadlarından danışılır.

Çarli Çaplin film haqda deyir: “İvan Qrozni” tarixi film janrında yüksək uğurdur. Eyzenşteyn tarixi poetik şəkildə yozur, mənə görə bu, əla metoddur. Düşünəndə ki, hətta yaxın tarix belə hansı həddə kimi təhrif olunur, mən tamamilə tarixə skeptik yanaşıram. Mən deyərdim ki, sənət əsəri daha çox həqiqidir, nəinki tarixi traktatlar”.

“Kinematoqrafiya ilk növbədə montajdır deyən” Eyzenşteyn kino dilinin səlisliyinə xüsusi diqqət ayırır, montajı “süjetin gerçəkləşməsi üçün güclü kompozisiya vasitəsi” adlandırırdı.

Bu dəfə bütün dövrlərin ən yaxşı filmlərindən sayılan, “Tətil”, “Oktyabr” trilogiyasına aid olan “Potyomkin zirehli gəmisi” (1925 ) əsərini təqdim edir.

Süjet: Odessa reydində dayanan zirehli gəminin matrosları rəhbərlik onlara qurdlu ət yedirtdiyinə görə qiyam edir. Qiyamçıları güllələmək əmri verilir və əmrin yetirilməsi zamanı digər matroslar onları xilas edir. Onlar zabitləri dənizə atır. Qiyamı başlayanlardan biri matros Vakulençuk həlak olur. Odessa sakinləri Vakulençukun dəfn mərasiminə qatılır.

Hakimiyyətin əmri ilə dinc sakinlər məşhur Odessa pilləkənində güllələnir....

Ssenari real hadisələrə əsaslanır. 1905-ci ildə “Knyaz Potyomkin Tavriçeski” gəmisinin heyəti qiyam etmişdi.

Sovet dönəmində film senzuraya məruz qaldı. Bir neçə kadr çıxarıldı, Trotskinin sitatı Leninin sözləri ilə əvəz olundu.

Film Almaniyanın Xalq Maarifləndirmə və Təbliğat naziri Yozef Göbbelsin xoşuna gəlib: “Bu, əla filmdir. Kinematoqrafik baxımdan o, bənzərsizdir. Kimsə öz əqidəsinə əmin deyilsə, yəqin ki, bu filmdən sonra hətta bolşevik ola bilər. Bu, bir daha onu sübut edir ki, şedevrə hansısa tendensiya uğurla yerləşdirilə bilər. Hətta ən pis ideyalar belə bədii ifadə vasitələri ilə təbliğ oluna bilər”.

Eyzenşteyn bu film haqda deyirdi ki, o, dram kimi təsir edir, amma xronika kimi qurulub. Unikallığı forma və məzmunun vahidliyindədir, başqa cür desək, təkcə kadrlar real məzmunu ifadə eləmir, montaj da forma və məzmun rolunu oynayır. Burda təsvir illüstrasiya deyil, o, analiz edir, danışır, həm də müşahidəçidir. Müxtəlif kadrlar həm zahirən, həm daxilən orqanikləşir.

Rejissor filmi haqda yazır: “Təbiət, dekorasiya və çəkilən material montaj anında bir çox hallarda müəllif və rejissora yeni ideya verir. Sadəcə olaraq, təbiətə, dekorasiyaya “qulaq asmaq” lazımdır. Bu fövqəladə hal yeni sənət əsərinin yaranmasının təməlini qoyur. Məsələn, Odessa pilləkənində gülləboran səhnəsi əvvəlcədən ssenaridə nəzərdə tutulmamışdı. Hər şey ani baş verdi. İnsan axınının xaotik şəkildə pilləkəndən enməsi bu ideyanı formalaşdırdı.”

Başqa bir mənbədə isə yazılır ki, Odessa pilləkəni ideyası, Eyzenşteynin o, burda oturub albalı yeyəndə və dənələri pilləkənlərlə aşağı diyirlədəndə ağlına gəlmişdi.

Dünya kinosunda bu filmdən dəfələrlə sitat gətirilib. Xüsusən də, Odessa pilləkənləri ilə uşaq arabasının diyirlənməsi səhnəsi Vudi Allenin “Bananlar“ , Brayn de Palmanı “Toxunlmazlar”, Volfqanq Bekkerin “Qudbay Lenin” və s. filmlərdə istifadə edilib.

Filmə burdan baxa bilərsiz.

# 3357 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #